Teymur MƏMMƏDOV: “Prezidentin yarışları izləməsi
gücümüzə güc
qatdı”
I Avropa Oyunlarına qatılan idmançılarımızdan, o cümlədən boksçularımızdan doğma divarlar arasında böyük uğurlar gözləyirdik. Onlar da etimadı doğruldub parlaq qələbələri ilə bizə qürurlu anlar bəxş etdilər.
Boksçularımız 15 mümkün medaldan 11-nə sahib oldular. Bu medalların 6-sı qızıl, 1-i gümüş və 4-ü bürünc olmaqla bütün rəqiblərini qabaqladılar. Ümumi medal sayına görə birinci yerdə qərarlaşan Rusiya komandası boks yarışlarında Azərbaycandan geridə qalaraq 2-ci yeri tutdu.
Avropa Oyunlarının milli komandamıza ilk qızıl medalını 81 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz Teymur Məmmədov qazandırdı. T.Məmmədov final döyüşündə italiyalı rəqibi Valentino Manfredonia ilə qarşılaşdı və 3:0 hesabı ilə qalib gələrək I Avropa Oyunlarının çempionu oldu. Xatırladaq ki, buna qədər görüşdüyü bütün rəqiblərinə heç bir şans verməyən idmançı yarımfinalda da çox güclü və peşəkar rusiyalı boksçu Pavel Silyagini həmin hesabla məğlub etmişdi.
Teymur bu qələbəsinədək müxtəlif turnirlərdə, Avropa və dünya çempionatlarında çıxış etmişdir. Moskvada dünyaya göz açsa da, 2006-cı ildən valideynləri ilə birlikdə Bakıda yaşayır. Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən Respublika Olimpiya İdman Liseyində oxuyub. Bu il isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib.
Niyə məhz boksla məşğul olduğunu soruşduqda bu idman növünün onların ailəsində ənənəvi olduğunu dedi: “Artıq boks bizim ailədə irsi idman kimi kök atıb. Atam da, babam da boksla məşğul olublar. Buna baxmayaraq, o zaman populyarlıq indikindən az idi, hər adam risk edib boksla məşğul ola bilmirdi. Ancaq bununla bərabər böyüklərim həvəskar boksu çox seviblər”.
Ucaboy gənc idmançının ölkədaxili uğurlarını nəzərə almasaq, beynəlxalq arenada əsas qələbələri 2011-ci ildən başlayıb. Həmin il Ankara şəhərində keçirilən Avropa çempionatında birinci yeri tutub, Bakıda təşkil olunan dünya çempionatında 2-ci yerə sahib olub. Bir il sonra London Yay Olimpiya Oyunlarında 91 kq çəki dərəcəsində bürünc medal qazanıb. 2013-cü ildə keçirilən dünya çempionatında 3-cü, Avropa çempionatında 2-ci yerə çıxıb. Xatırladaq ki, boksçumuz Avropa Oyunlarında 81 kq çəki dərəcəsində mübarizə aparsa da, yuxarıda qeyd etdiyimiz turnirlərdə 91 kq çəki dərəcəsində yarışıb.
T.Məmmədov ən böyük qələbəsini Bakıda keçirilən I Avropa Oyunlarında qazandığını deyir: “Zədəm olsa da, məqsədim qızıl medal qazanmaq idi və buna da nail oldum. Çox şadam ki, vətəndə istəyimə çatdım və növbəti dəfə azərkeşlərimi sevindirib onlara xoş anlar bəxş edə bildim. Boks çətin idman növüdür və adətən bu yarışlarda güclü idmançılar mübarizə aparırlar. Avropa Oyunlarına qatılan idmançılar güclü idi. Bunu əvvəlcədən bildiyimə görə çox ciddi hazırlaşmışdım.
Görüşlərə gəlincə isə, deyə bilərəm ki, boksda mənim üçün də çox vaxt ilk döyüş çətin olur. Çünki diqqət sənə köklənir və psixoloji cəhətdən döyüş ağır keçir. Qalib gələndən sonra isə ruh yüksəkliyi yaranır və irəliləyirsən. Eynilə bu yarışmada da belə oldu - birinci döyüşdə qalib gələndən sonra daha əzmlə, daha inamla mübarizə aparmağa başladım və qələbəmə inandım. Bir çox yarışlarda cənab Prezidentin iştirak etməsi bizi daha da ruhlandırdı, gücümüzə güc qatdı, qələbəmizə əlavə stimul verdi.
Bəli, Bakıda ilk dəfə reallığa çevrilən Avropa Oyunları Azərbaycanın qüdrətini bir daha dünyaya nümayiş etdirməklə bərabər, ölkədə idmanın inkişafını və idmançılarımızın nəyə qadir olduğunu bir daha sübut etdi. Yarışlar başa çatandan sonra Prezident İlham Əliyevin Oyunlarda fərqlənənləri orden və medallarla mükafatlandırması bizə əlavə sevinc bəxş etdi, bizi gələcək qələbələrə ruhlandırdı”.
Həmin mərasimdə Teymur Məmmədov “Şöhrət” ordeni ilə təltif olundu. Teymur bununla birlikdə eyni zamanda üç qələbə sevincini yaşadığını deyir: “Final döyüşündə qalib gəldikdən sonra çox sevindim ki, bütün ümidləri doğrultdum. Sonra bu sevincimə yeni xoşbəxtlik əlavə olundu - medalı boynumdan Prezident İlham Əliyev asıb təbrik etdi. Üçüncüsü isə ölkə rəhbərinin sərəncamı ilə ordenlə təltif olunmağım oldu. Bundan gözəl nə ola bilər?! Özümə bundan artıq nə arzulaya bilərdim?! Qələbələrimiz kimi, sevincimiz və mükafatımız da qeyri-adi oldu”.
Teymur qazandığı uğurlara görə bu sahədə yaradılan şəraitin də əsas amil olduğunu vurğuladı: “İdmançılar üçün ən müasir avadanlıqlarla təchiz olunmuş idman kompleksləri və yeni qurğular inşa olunub. Tam rahat, təhlükəsiz və sağlam bir mühitdə istənilən səviyyədə idmançı yetişdirmək olar. O da xoşdur ki, eyni şərait təkcə paytaxtda yox, bütün regionlarımızda yaradılıb. Bunun bəhrəsini də görürük. Biz yoldaşlıq turnirlərində, digər yarışlarda rayonlarımızda yetişən çox güçlü idmançılarla qarşılaşırıq. Bunun üçün də sevinməyə dəyər”.
Elnur HADIYEV,
Azərbaycan.- 2015.- 9 avqust.- S. 3.