Pərviz BAĞIROV: “Qələbəyə
köklənəndə zədə
də gözə görünmür”
Boks populyar idman növlərindən sayılır. Beş min il bundan əvvəl Misir və Babilistanda yumruq döyüşü əsasında inkişaf edib. Müasir boksa bənzəyən yumruq döyüşləri Qədim Yunanıstanda da keçirilib.
Ölkəmizdə də bu qədim idman növündə öz gücünü sınayanlar az deyil. Öz möhtəşəmliyi ilə dünyaya səs salan I Avropa Oyunlarında boksçularımızın yüksək göstəricilərlə rinqi tərk etmələri isə olduqca qürurvericidir.
Azərbaycanın idman tarixinə adını qızıl medalla yazdıranlardan biri “Bakı-2015” I Avropa Oyunlarında döyüşləri zəfərlə başa vuran Pərviz Bağırovdur. Onun budəfəki qələbəsinə gətirən yollar sərt döyüş meydanlarından keçib.
“Döyüş çətin keçdi. Çünki mən rəqibi tanımırdım. Yarımfinala çıxışda da onu görməmişdim. Allaha şükür ki, çətin də olsa, qalib gəldim və finalda himnimizi səsləndirəcəyəm”.
Bu sözləri Pərviz Bağırov I Avropa Oyunlarının boks yarışlarında finala vəsiqə qazanarkən demişdi. O, yarımfinaldakı görüşündən danışarkən bildirmişdi ki, finaldakı rəqibini tanıyır: “Avropa çempionudur və təcrübəli idmançıdır. Ancaq inanıram ki, ona qalib gələcəyəm. Çünki mən ondan sürətli və taktikalıyam”.
Cəsur boksçumuz zədəsinin ciddi olduğunu da gizlətməmişdi: “Zədəm ciddidr. Ancaq nə qədər ciddi olsa da, rinqə çıxıb vuruşmalıyıq”.
Təbii ki, final döyüşü də Pərviz üçün asan keçmədi. Bu həyəcanı isə bəlkə də onun doğmalarından daha çox məşqçisi və azarkeşləri yaşadılar. Pərvizin məşqçisi Vüqar Ələkbərov söhbət zamanı artıq belə həyəcanlara öyrəşdiklərini söylədi və əlavə etdi ki, idmançılarımızın budəfəki qalibiyyət bayraqları daha yüksəklərdə dalğalandı. Bu, belə də olmalı idi. Axı onlar rinqə vətəndə çıxmışdılar: “I Avropa Oyunlarında komandamız 11 medal qazandı ki, onların 6-sı qızıl, 1-i gümüş, 4-ü bürüncdür. Ən sevindirici hal odur ki, millimiz bütün rəqiblərini qabaqladı. Rusiya seçməsi boks yarışlarını 2-ci yerdə başa vurdu. Şimal qonşumuz 4 qızıl, 2 gümüş və 4 bürünc mükafata sahib oldu. İrlandiya boksçuları isə 4 medalla 3-cü yeri tutdular.
Pərviz Avropa Oyunlarına çox ciddi, məsuliyyətlə hazırlaşdıqlarından, yaxşı nəticələr göstərdikləri üçün məşqçilərinin əllərindən gələni etdiklərindən razılığını gizlətmədi. Ona bəslənən ümidləri doğruldaraq qızıl medal qazandığı üçün özünü çox xoşbəxt hesab edir. Final görüşü barədə belə demişdi: “Rəqibim rusiyalı Avropa çempionu Aleksandr Besputin idi. Rusiyadan heç vaxt zəif idmançı görməmişəm. Besputin haqqında çox eşitmişdim. Başqa sözlə, rinqdə ilk dəfə idi ki, onunla üz-üzə gəlirdik. Əsas qalib gəlmək idi ki, onu da bacardım”.
Məşqlərə ciddi hazırlığın bəhrəsini bu dəfə də görən Pərviz deyir ki, Avropa Oyunlarında qızıl medal almaq məsuliyyətini daha da artırıb. Ona görə də qarşıdan gələn dünya çempionatına çox ciddi hazırlaşır. Oktyabr ayında olacaq dünya çempionatında çıxış edib Braziliyada keçiriləcək 2016-cı il Yay Olimpiya Oyunlarına vəsiqə qazanmağı və Oyunlarda uğurla çıxış etməyi qarşısına məqsəd qoyub.
Qazandığı nailiyyətdən sonra rəqibləri Pərviz Bağırovla daha çox maraqlanırlar. Deyir ki, idmançılar öz çəki dərəcəsində çıxış edən rəqiblərini tanıyırlar və başlayırlar ona uyğun hazırlaşmağa: “Əvvəl mən də rəqiblərimə uyğun hazırlaşırdım. İndi onlar mənə uyğun hazırlaşacaqlar. İkiqat məşq edəcəyəm”.
P.Bağırov Ermənistanda qazandığı bürüncdən sonra indiki qızıl medalı karyerasında güclü nailiyyət hesab edir. Çünki o, İrəvanda böyük təzyiq altında qazandığı bürünc medalla üçrəngli bayrağımızı dalğalandırıb.
Pərviz Bağırovu qarşıda hələ çox döyüşlər, azarkeşləri isə ondan qələbələr gözləyir.
Məhəmməd NƏRİMANOĞLU,
Azərbaycan.- 2015.- 9 avqust.- S. 3.