Sənaye klasterlərinin tətbiqinə əlverişli şərait yaranmışdır

 

Milli iqtisadiyyatın sənaye sahələrinin inkişafının davamlı və kompleks təşkilində müxtəlif iqtisadi mexanizmlərindən istifadə edilməsi dünya təcrübəsində geniş tətbiq olunur. Belə səmərəli mexanizmlərdən biri də klasterlərdir. Klasterlər komplekslilik prinsipi əsasında iqtisadi mexanizmlər kimi eyni və ya oxşar sahədə fəaliyyət göstərən,  bir-biri ilə əlaqəli və tamamlayıcı proseslərin tsikl şəklində müəyyənləşdirilmiş bir ərazidə formalaşması, əmələ gəlməsi, infrastruktur şəbəkəsinin qurulması, texnoloji resurslardan, ümumi bazar prinsiplərindən, işçi qüvvəsindən və əmək ehtiyatlarından qarşılıqlı istifadənin təmin edilməsi, bütün tərəflərin maraqlarına cavab verən ticarət əlaqələrinin qurulması və s. amillər baxımından faydalı - əlaqəli fəaliyyət prinsiplərinə söykənən sahibkarlıq subyektlərindən ibarət sistemlərdir.

Klaster institututunun formalaşdırılması və inkişaf  etdirilməsi ilk növbədə ölkədə sənaye sahələrinin fəaliyyətinin gücləndirilməsi, bu sahələrdə yeni iş yerlərinin açılması, qeyri-neft sektorunda sənaye istehsalının genişləndirilməsi, bunlarla bağlı əlaqəli xidmət sahələrinin inkişafına stimul verilməsi, ümumilikdə sənaye sahələrində kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyətini dəstəkləməklə onların inkişafının sürətləndirilməsi, sənayenin infrastruktur bazasının modernləşdirilməsi, ölkə üzrə bütövlükdə, o cümlədən regionların sosial-iqtisadi inkişafı kontekstində kifayət qədər ciddi önəm təşkil edir.

Dünya ölkələrinin iqtisadi inkişaf proseslərinin təhlili göstərir ki, yüksək iqtisadi inkişafa, rəqabətqabiliyyətli milli iqtisadiyyat sektorlarına, çoxlu sayda ixracyönümlü məhsul istehsal edən müəssisələr şəbəkəsinə, davamlı iş yerlərinə malik olmaq üçün sənayenin kompleks inkişafı mühüm əhəmiyyət kəsb edir. Ümumiyyətlə, hazırda dünya iqtisadiyyatının ön cərgələrində gedən inkişaf etmiş ölkələrin hamısının bu səviyyəyə çatmasında sənayenin rolu əvəzedilməz olmuşdur. Məsələn, II Dünya müharibəsindən sonra Qərbi Avropanın yenidən qurulması və inkişaf etdirilməsi üçün ABŞ və Kanadanın yaxından iştirakı ilə hazırlanan “Marşall” planının reallaşdırılması nəticəsində XX əsrin 60-cı illərindən başlayaraq həmin ölkələrin milli iqtisadiyyatları dirçəlmiş, o dövr üçün kifayət qədər yüksək texnologiyalar əsasında sənaye sahələri yaradılmışdır.  Bu proseslərin nəticəsidir ki, iqtisadi cəhətdən inkişaf etmiş ölkələrin payı dünya üzrə ÜDM-in xüsusi çəkisində 54, dünya ixracında isə 70 faizdən çoxdur. İqtisadi cəhətdən inkişaf etmiş ABŞ, Kanada, Almaniya, Böyük Britaniya, İtaliya, Fransa və Yaponiya birlikdə bu gün dünya ÜDM-ində 47, dünya ixracında isə 51 faiz paya malikdir.

Son 20-30 ildə isə dünya iqtisadi proseslərində güclü sənaye potensialı formalaşdıran bir qrup inkişaf etməkdə olan ölkələr ön sıralara çıxırlar. Çin, Hindistan, Braziliya, Rusiya, Meksika, İndoneziya, Türkiyə və s. kimi ölkələrin müasir sənaye sahələrinin sürətli inkişafı və innovasiyalaşdırılması hesabına iqtisadi potensialı   durmadan yüksəlir.  Dünyada güclü iqtisadi potensial toplamaq tempinə görə lider olan Çin sənaye sahələrinin kompleks və sürətli inkişafı sayəsində dünya iqtisadiyyatında ABŞ-dan sonra 2-ci yerdə möhkəmlənməkdədir. Sənaye sahələrinin sürətli inkişafı, əsas etibarı ilə klasterləşdirilməsi hesabına belə bir proqnoz var ki, artıq 2025-ci ildən başlayaraq Çin dünya iqtisadiyyatında əsas söz sahibinə çevrilmək mərhələsinə qədəm qoyacaq. Bu prosesdə əsas diqqəti cəlb edən məqamlardan biri isə sənaye potensialının artırılmasında və yüksək rəqabətqabiliyyətli ixractəyinatlı məhsullarının istehsalının təşkilində sənaye klasterlərindən daha effektiv istifadəyə üstünlük verilməsidir.

Sənaye klasterləri əsas etibarı ilə XX əsrin 60-cı illərindən sonrakı - sənaye sahələrinin inkişafının elmi-texniki baxımdan sürətləndirilməsi zamanı formalaşmağa başlamışdır. ABŞ-da avtomobil sənayesinin texnoloji baxımından yüksəldilməsi və bu sahənin inkişaf proseslərinin intensivləşdirilməsi üçün Detroyt avtomobil klasterinin yaradılması avtomobil sənayesi sektorunun yeni inkişaf mərhələsinə qədəm qoymasına şərait yaratmışdır. Bu nəhəng kompleks sənaye klasterinə 3 iri və məşhur Amerika avtomobilqayırma sənaye sahəsi nəhəngləri - “General Motors”, “Ford” və “Craisler” daxil olmuşlar. Belə bir innovatik klasterləşdirmə sayəsində ölkənin avtomobil sənayesinin rəqabətqabiliyyəti kifayət qədər artmışdır. Digər inkişaf etmiş ölkədə - Fransada isə xüsusi innovasiya-sənaye klasterlərinin yaradılmasına maraq yüksəkdir. Bu ölkədə fəaliyyət göstərən “Sofiya Antipolis” və “Marsel” innovasiya klasterləri yüksək texnologiyaların işlənib hazırlanması və transferi üzrə irihəcmli layihələri indi də uğurla həyata keçirirlər. Bundan əlavə, Fransada sənaye klasterlərindən ölkənin depressiv şəhər və rayonlarının iqtisadi fəallığının artırılmasında, sosial-iqtisadi problemlərin həllində geniş istifadə edilir. İtaliya da özünün ixtisaslaşmış sənaye sahələrinin inkişafının sürətləndirilməsində klaster modellərindən, xüsusilə sənaye klasterlərindən səmərəli istifadəyə nail olmuşdur. Həmin ölkənin ixrac potensialında mühüm yer tutan  bir qrup ixractəyinatlı və yüksək keyfiyyət standartlarına malik sənaye məhsulları əsasən sənaye klasterlərində istehsal edilir. Bundan əlavə, İtaliyada Siciliya və Sardiniya kimi zəif inkişaf etmiş regionların iqtisadi fəallığının artırılması məqsədi ilə klaster yanaşmasından uğurlu istifadə diqqət çəkir. 1980-ci illərin əvvəllərində bu regionlarda ABŞ-ın “Silikon vadisi” texnoparkının təcrübəsindən istifadə etməklə elektron komponentlərin işlənməsi, hazırlanması və istehsalı üzrə klaster sistemi formalaşdırılmışdır. Kompleksdə 200-dən çox şirkət bu tip məhsulların istehsalı ilə məşğul olmuşdur. Dünyanın yüksək texnologiyalar baxımından güclü inkişaf etmiş ölkəsi olan Yaponiyada isə məişət texnikası, elektron komponentlər, o cümlədən mikrosxemlər, yaddaş çipləri və s. yüksək texnologiyalar əsaslı dəqiq cihazqayırma sənaye sahələrinin sürətli inkişafına klaster mexanizmi vasitəsilə əsaslı stimul verilmişdir. Hokkaydo adasında klaster sisteminin tətbiqi əsas etibarı ilə sənaye klasterlərinin, o cümlədən klasterin bir forması kimi texnopolislərin yaradılması hesabına geniş çeşiddə və iri həcmdə yüksək texnologiyalı məhsulların istehsalı təmin olunmuşdur. Almaniyada dünya üzrə fəaliyyət göstərən 7 iri yüksək texnologiyalı klasterlərdən 3-ü - Hamburq, Münhen və Drezden şəhərlərində fəaliyyət göstərir. Bu klasterlərdə yüksək texnologiyalarının və innovasiya sistemlərinin yaradılması reallaşdırılır. Münhen sənaye klasterlərinin əsas fəaliyyət istiqamətləri biotexnologiyalarla bağlıdır. Hamburqda isə daha çox telekommunikasiya və multimedia innovasiya məhsullarına üstünlük verilir. Böyük Britaniyada ABŞ və Yaponiyadan olan investorların iştirakı ilə Nyuport rayonunda iri elektron klasteri formalaşmışdır. 1990-cı illərin ortalarından fəaliyyət göstərən bu klaster sistemində avtomobil istehsalı, elektronlar, informasiya texnologiyalarının və telekommunikasiyaların işləməsi üzrə fəaliyyət sahələri daha prioritet hesab olunur. Kembricdə isə fəaliyyət göstərən innovasiya klasterində 1500-dən çox kompaniyada 40 minə yaxın insan işləyir.  Finlandiyada da sənaye klasterlərinin tətbiqi və fəaliyyəti üzrə səmərəli təcrübə var. Burada xüsusilə meşə sənayesində tətbiq edilən klaster modeli ölkənin sosial-iqtisadi inkişafında mühüm rol oynayır. Bundan əlavə, digər prioritet sahələr - energetika, telekommunikasiya və kimya kimi elm və yüksək texnologiyalar tutumlu sənaye sahələrinin kompleks inkişafında klaster mexanizmlərindən fəal istifadə olunur. Dünya üzrə kağız ixracının 20 faizi fin klasterlərində istehsal edilir.

Sənaye klasterlərinin yaradılmasının əsas mexanizmlərinin formalaşması prosesləri ardıcıllıq və qarşılıqlı fəaliyyət prinsipləri əsasında həyata keçirilir. Klasterlər çoxlu sayda müxtəlif struktura malik olmaqla bərabər, burada əsas iştirakçılar kimi məhsulların hazırlanması və son məhsul istehsalçıları, ixtisaslaşmış  xammal, həmçinin zəruri yarımfabrikatlar, avadanlıq, ehtiyat hissələri və digər vacib  komponentlər üzrə təchizatçılar, maliyyə təşkilatları və s. fəaliyyət göstərirlər. Bu proseslərin iştirakçıları sırasında kiçik və orta sahibkarlıq subyektləri, özəl və dövlət xidmət tədarükçüləri, təhsil və araşdırma mərkəzləri, sahibkarlıq qrupları və assosiasiyaları, iri sahibkarlıq subyektləri, maliyyə qurumları və banklar, qeyri-hökumət təşkilatları və dövlət statuslu qurumlar, strukturlar yer alırlar. Sənaye klasterlərinin əsas xüsusiyyətlərinə onların yerləşdiyi coğrafi ərazinin lokallığı, bu ərazidə resurslardan və texnologiyalardan istifadənin klaster iştirakçılarının hamısı tərəfindən ümumi oxşarlığı və ya eyniliyi, istehsal olunan məhsulların nomenklaturasının və bununla bağlı yarımfabrikatların yaxınlığı, klaster daxilində firmalar arasında sıx qarşılıqlı əlaqələrin olması aiddirlər. Bu klasterə daxil olan şirkətlər arasında rəqabət və kooperasiya əlaqələrinin qarşılıqlı vəhdəti daha çox nəzərəçarpan xüsusiyyətlərdən biri kimi çıxış edir. Belə ki, səmərəli kooperasiya əlaqələri hesabına ayrı-ayrı şirkətlərin uğurlu fəaliyyəti və nəhayət, ümumilikdə sənaye klasterinin məhsuldar nəticələrlə işləməsi mümkün olur.

Sənaye klasterlərinin yaradılması üçün mühüm amillər kimi coğrafi baxımdan ərazinin əlverişliliyi, təbii ehtiyatların bolluğu, elmi bazanın mövcudluğu, peşəkar kadrların və inkişaf etmiş infrastrukturun olması vacibdir. Bütün bunlarla bərabər, sənaye klasterlərinin davamlı və etibarlı, eyni zamanda məhsuldar işləməsi üçün dövlətin klaster siyasəti mükəmməl olmalı və işlək mexanizmlərlə təmin edilməlidir. Belə halda ilk növbədə dövlət tərəfindən məqsədli klaster strategiyası siyasəti işlənib hazırlanmalıdır və bu siyasətin əsasında klasterlərə, onların tətbiqi modellərinə konkret yanaşmalar öz əksini tapmalı, məqsəd və vəzifələri, prioritet fəaliyyət istiqamətləri müəyyənləşdirilməlidir. Bundan əlavə, klasterlərin yaradılması və fəaliyyəti ilə bağlı dövlət dəstəyi mexanizmləri mütərəqqi dünya təcrübəsinə əsaslanmalı və milli iqtisadiyyatın strateji iqtisadi inkişaf istiqamətlərinə adekvat formalaşdırılmalıdır.

Son illər Azərbaycanda sənaye potensialının yüksəldilməsi, milli iqtisadiyyatın diversifikasiyası və innovasiyalaşdırılması, qeyri-neft sektoru sahələrinin inkişafının sürətləndirilməsi məqsədi ilə ardıcıl və davamlılıq prinsipləri əsasında dünya təcrübəsinə və milli iqtisadi inkişaf ənənəsinə söykənən düşünülmüş dövlət iqtisadi siyasəti həyata keçirilir. Təsadüfi deyil ki, 2014-cü il ölkə Prezidenti İlham Əliyev tərəfindən “Sənaye ili” kimi elan edilmiş və həmin ildə ölkədə 230-dan çox müasir sənaye müəssisəsi yaradılmışdır. Sənaye parkları və yüksək texnologiyalar əsaslı texnoparklar şəbəkəsinin formalaşdırılması prosesləri intensivləşmiş, aqroparkların və sənaye məhəllələrinin yaradılmasına başlanılmışdır. Bütün bunlarla bərabər, ölkənin sənaye potensialının artırılmasını  daha da gücləndirmək məqsədi ilə sənaye klasterlərinin tətbiqinin reallaşdırılması üçün kifayət qədər əlverişli şərait yaranmışdır. Prezident İlham Əliyev qeyd etmişdir ki, Azərbaycanda sənaye klasterləri yaradılır, yaradılacaq, böyük, nəhəng sənaye obyektləri tikiləcəkdir. Prezidentin 26 dekabr 2014-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasında sənayenin inkişafına dair  2015-2020-ci illər üçün Dövlət Proqramı”nda da prioritet sənaye sahələri üzrə ərazi-istehsal klasterlərinin və sənaye klasterlərinin yaradılması, sənaye klasterlərinin təşviqi və inkişafı tədbirlərinin gücləndirilməsi nəzərdə tutulmuşdur. Bütün bunlar bir daha onu göstərir ki, ölkəmizdə sənaye klasterlərinin əlverişli və səmərəli tətbiqinə artıq real şərait yaranmışdır.

 

Şəfa ƏLİYEV,

iqtisad üzrə fəlsəfə doktoru

 

Azərbaycan.- 2015.- 9 avqust.- S. 4.