Cəmşid Naxçıvanskinin
120 illik yubileyi qeyd edilib
Azərbaycan Respublikası Prezidentinin Cəmşid Naxçıvanskinin 120 illik yubileyinin keçirilməsi haqqında 2015-ci il 2 aprel tarixli Sərəncamından irəli gələn vəzifələr ölkəmizdə uğurla həyata keçirilməkdədir.
Müdafiə Nazirliyinin Təhsil, Mədəniyyət və Turizm nazirliklərinin təklifləri nəzərə alınmaqla hazırladığı tədbirlər planına əsasən təşkil olunan yubiley tədbirlərində minlərlə hərbi qulluqçu və mülki şəxs iştirak edib.
AZƏRTAC xəbər verir ki, avqustun 10-da Azərbaycan Veteranlar Təşkilatının akt zalında keçirilən “O, qayıdacağına inanırdı” adlı tədbirə toplaşan müharibə, əmək, Silahlı Qüvvələr, hüquq mühafizə orqanları veteranları, hərbi qulluqçular, eləcə də ictimaiyyətin nümayəndələri əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Veteranlar Təşkilatı sədrinin birinci müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov çıxış edərək deyib ki, Azərbaycanın hərb tarixinin öyrənilməsi, təbliği, görkəmli hərbi xadimlərin yubileylərinin dövlət səviyyəsində qeyd olunması istiqamətində ulu öndərimiz Heydər Əliyevin ənənələri bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tam artilleriya generalı Əlağa Şıxlinskinin 150, Cəmşid Naxçıvanskinin 120 illik yubileylərinin keçirilməsi haqqında Prezident sərəncamlarını bütün xalqımız, Silahlı Qüvvələrin şəxsi heyəti kimi respublika veteranları da böyük rəğbətlə qarşılayıb. Həqiqətən də xalqın hərbi şöhrət tarixini bilmədən, görkəmli sərkərdələrini, qəhrəmanlarını tanımadan yeni qəhrəmanlar yetişdirmək olmaz. Ulu Öndərimizin dəfələrlə qeyd etdiyi kimi, atalarımızın, babalarımızın, əcdadlarımızın qəhrəmanlıq nümunələri bu gün də, gələcəkdə də müstəqil Azərbaycanı qoruyub saxlamaqda, onun müstəqilliyini əbədi etməkdə bizim üçün örnək olmalıdır.
Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbani Azərbaycanın müstəqilliyi uğrunda aparılan mübarizələrdə göstərdiyi sücaətlərlə milli hərb sənəti tarixinə dəyərli töhfələr vermiş, ölkədə yüksək ixtisaslı hərbi kadrların yetişməsində müstəsna xidmətləri olmuş və hər şeydən öncə komandirlik etdiyi süvari alayının şəxsi heyəti ilə birlikdə erməni daşnaklarına qarşı mübarizədə misilsiz igidliklər göstərmiş görkəmli sərkərdənin qısa, lakin mənalı və şərəfli ömür yolu barədə məruzə ilə çıxış edib.
Qeyd olunub ki, Xan Kəngərlilər nəslinin ailə ənənələrinə uyğun olaraq Cəmşid Cəfərqulu Xan oğlu da digər qardaşları kimi erkən yaşlarından öz taleyini hərbi peşəyə - Vətənə xidmət peşəsinə bağlayıb. O, bu peşəni seçərkən hara gedəcəyini, hansı maneələrə rast gələcəyini, hansı sınaqlardan çıxacağını çox yaxşı bilirdi. Onu da yaxşı bilirdi ki, həyatını bu peşəyə həsr edənlər, uzun səfərə çıxanlar, azadlıq, istiqlaliyyət mücahidləri öz ömürlərini xalqının, millətinin gələcəyinə qurban deyən insanlardır. Bu yolda isə bir addım da olsun geriyə yol yoxdur.
Cəmşid Naxçıvanski də Kəngərlilər nəslinin digər generalları kimi çar ordusunda öz istedad və bacarığı ilə bir daha təsdiq edib ki, azərbaycanlılar digər sahələrlə yanaşı, hərbi işdə də yüksək peşəkarlığa malikdirlər.
Çar hökuməti devrildikdən sonra Tiflisə qayıdan Cəmşid Naxçıvanski az sonra öz tatar-süvari alayı ilə birlikdə Azərbaycan hökumətinin tabeçiliyinə keçib və beləliklə, Silahlı Qüvvələrimizin yaradılmasında yaxından iştirak edib. O, Gəncədə, Göyçay ətrafında, Kürdəmirdə, eləcə də Bakıda daşnak–bolşeviklərə qarşı mübarizədə öz vətənpərvərlik borcunu layiqincə yerinə yetirib, Şuşada, Əsgəran qalasında əsl fədakarlıqlar göstərib. Sovet hakimiyyətinin ilk illərində Azərbaycanın gələcəyi daim onu düşündürüb və bu istiqamətdə xeyli işlər görüb. Arxivlərin sirri açılandan sonra məlum olub ki, Cəmşid Naxçıvanski məhz Azərbaycanın azadlığı uğrunda ilk mübarizlərdəndir. O, Azərbaycan Milli Mərkəzi adlanan Azərbaycan antisovet, millətçi təşkilatın fəal iştirakçısı olmaqla, Azərbaycanda sovet hökumətinin devrilməsi planının hazırlanmasında, Azərbaycanın Sovet İttifaqından ayrılmasında fəal iş aparıb, ölkədə hərbi üsyan planını şəxsən hazırlayıb.
Sonuncu dəfə həbs olunarkən o, həyat yoldaşı və körpə qızının qarşısında öz təmkinini belə pozmayıb və tezliklə qayıdacağını bildirib. 1938-ci il avqustun 26-da SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının 15 dəqiqə çəkən bağlı məhkəmə iclasında o, “Sovet hökumətinin qatı düşməni, müqəssir” kimi təqsirləndirilib və barəsində ölüm hökmü oxunub. Uzun illər keçdikdən sonra xalqımızın müdrik oğlu Heydər Əliyevin qətiyyəti sayəsində Cəmşid Naxçıvanski xalqın xatirəsində əbədi yaşamaq hüququ qazanıb. Hələ ötən əsrin 70-ci illərində mətin sərkərdənin adı əbədiləşdirilib, Bakıda yaşadığı binaya xatirə lövhəsi vurulub, küçələrdən birinə onun adı verilib, Naxçıvanda ev muzeyi yaradılıb, yubileyi dövlət səviyyəsində qeyd olunub və adını daşıyan indiki Cəmşid Naxçıvanski adına Hərbi Lisey yaradılıb.
Tədqiqatçı-jurnalist, yazıçı-publisist, ehtiyatda olan polkovnik-leytenant Şəmistan Nəzirli ömrünün yarıdan çoxunu Azərbaycan sərkərdələrinin irsinin araşdırılmasına, öyrənilməsinə və təbliğinə həsr etdiyini vurğulayaraq bildirib ki, Cəmşid Naxçıvanskinin 43 illik ömür yolu hələ də kifayət qədər araşdırılmayıb. Heydər Əliyev Fondunun dəstəyi ilə rus yazıçısı İvanovun ikicildliyinin oxucuların ixtiyarına verilməsi təqdirəlayiqdir. Ancaq Azərbaycan dilində həm elmi-tədqiqat əsərlərinə, həm də bədii əsərlərə, sənədli və bədii filmlərə çox ehtiyac var. Bu gün ən azı xüsusi təyinatlı təhsil müəssisələrində Cəmşid Naxçıvanski öyrənilməlidir. Onun həm Naxçıvanda, həm də Bakıda at belində, sərkərdə qiyafəsində abidəsinin ucaldılmasının vaxtı çoxdan çatıb.
Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun elmi işçisi Mahir Qəribov isə araşdırmalar zamanı Cəmşid Naxçıvanski haqqında əldə etdiyi yeni arxiv sənədləri və digər materiallar barədə məlumat verib, ssenarisi əsasında İctimai Televiziyada yeni sənədli filmin çəkilişlərinin başa çatdığını bildirib.
Digər çıxışçılar görkəmli hərbi xadimlərin adlarının əbədiləşdirilməsi və yubileylərinin dövlət səviyyəsində qeyd olunmasına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Mərasimdən sonra bir qrup iştirakçı Cəmşid Naxçıvanskinin 1927-1931-ci illərdə yaşadığı ünvana gedərək binaya vurulmuş xatirə lövhəsinin qarşısına çələng qoyub.
AZƏRTAC
Azərbaycan.- 2015.- 11 avqust.- S. 2.