Uğur
simvolu
I Avropa Oyunları başlandığı möhtəşəmliklə də başa çatdı. Onillər sonra da bəşəriyyətin idman tarixində “Bakı-2015” kimi xatırlanacaq bu idman hadisəsinin əhəmiyyəti çox böyükdür.
I Avropa Oyunları Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü daxili və xarici siyasətin uğurları sayəsində tarixinin ən qüdrətli mərhələsinə qədəm qoymuş Azərbaycanın qazandığı nailiyyətlərin təntənəsi oldu. Bu, həm də uğurlarımızın, qələbələrimizin bütün bəşəriyyət tərəfindən etirafına çevrildi. Azərbaycandakı sülh və tolerantlıq mühitini bir daha sərgilədi. Ölkəmizin bütün dünyaya sülh və əmin-amanlıq gətirmək, daha sabit, gərginliklərdən, qanlı qarşıdurmalardan azad bir dünya qurmaq arzusunu və bəşəriyyətin tərəqqipərvər qüvvələri ilə birgə bu niyyəti gerçəkləşdirmək əzmini göstərdi.
Bütün bunlarla yanaşı, I Avropa Oyunları həm də Azərbaycanı bir idman dövləti kimi dünyaya tanıtdı, ölkəmizin idman sahəsində qazandığı nailiyyətləri nümayiş etdirdi. Bu qlobal tədbirlər silsiləsinin təməli məhz Azərbaycanda qoyuldu. “Bakı-2015” gələcəkdə başqa ölkələrdə keçiriləcək bu Oyunların ənənələrini, norma və standartlarını müəyyənləşdirdi. Həm də elə bir səviyyədə müəyyənləşdirdi ki, Azərbaycan ənənələri illər sonra da bu Oyunların təşkilatçı ölkələrinin can atdığı ən yüksək meyar olacaqdır.
I Avropa Oyunlarının sevincini, fərəhini, qürurunu Azərbaycan idmançılarının uğurları daha da zənginləşdirdi. Atletlərimiz müxtəlif idman növləri üzrə qazandıqları medal sayına görə “Bakı-2015”in ikincisi oldular. Bu da idmançılarımızın şəxsində ümumən Azərbaycan xalqının qalibiyyət əzmini, zəfər qüdrətini, vətən sevgisini növbəti dəfə sübuta yetirdi.
I Avropa Oyunlarının ən mühüm məqamlarından biri isə bu beynəlxalq tədbirdə milli-mənəvi dəyərlərimizin, mədəniyyət incilərimizin təbliği, başqa sözlə, Azərbaycanın bu beynəlxalq tədbirdən mədəniyyət diplomatiyasının uğurlu bir vasitəsi kimi faydalanması idi. Oyunları izləmək üçün ölkəmizə gəlmiş əcnəbi qonaqlarımızın tariximiz, milli mədəniyyətimiz, ölkəmizin füsunkar təbiəti ilə tanışlığı öz yerində, ümumən bu tədbirin təşkilinin özündə Azərbaycanın mədəni sərvətlərinin təbliği, nümayişi aparıcı bir istiqamət kimi nəzərə çarpdırıldı. Xüsusilə
I Avropa Oyunlarının açılış və bağlanış mərasimlərində bu istiqamət aydın şəkildə öz əksini tapdı.
Qloballaşan dünyamızda xalqların milli-mənəvi dəyərlərinə sahib çıxmalarının, onları bütün gözəllikləri, əlvanlıqları ilə dünyaya təqdim etmələrinin əhəmiyyəti barədə geniş söhbət açmağa, fikrimizcə, gərək yoxdur. Çünki hər şey göz qabağında idi. Bu gün biz elə bir zamanda yaşayırıq ki, indi malik olduqlarını sadəcə nəsillərdən-nəsillərə ötürməklə, onlarla qürurlanmaqla iş bitmir. Həyata keçirilən məqsədyönlü fəaliyyətlə gərək bütün bunları ümumbəşəri dəyərlər mühitində təqdim etməyi də bacarasan. Dünyanın diqqətini bu qədər zəngin bir mədəniyyət yaratmış xalqın milli-mənəvi dəyərlərinə cəlb edəsən, bəşəriyyətin bu dəyərlərdən öyrənməli olduğunu diqqətə çatdırasan. Eyni zamanda, bu dəyərlərə həm də sahib çıxasan. Onların mənimsənilməsi, özgəninkiləşdirilməsi meyillərinin qarşısını alasan. Azərbaycan dövləti uzun illərdən bəri bu istiqamətdə iş aparır. Xüsusilə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva bu sahədə tarixi bir missiya yerinə yetirməkdədir. I Avropa Oyunlarında Azərbaycanın milli-mənəvi irsinin təbliği də elə Mehriban xanım Əliyevanın bu nəcib missiyasının davamı idi.
Bakı Olimpiya Stadionuna toplaşmış 68 min tamaşaçının, eləcə də dünyada yüz milyonlarla televiziya izləyicisinin böyük heyranlıqla seyr etdiyi açılış və bağlanış mərasimlərinin unudulmaz anları hər zaman xəyalımızdadır. Bu möhtəşəm mərasim ilk növbədə təbiətin dörd ünsürünü, xalqımızın mifik dünyagörüşündə özünəməxsus yer tutan - su, od, torpaq və havanı simvollaşdırmaqla diqqəti cəlb edirdi. Bu, dünyanın ümumi obrazı idi. Təbiətdə olduğu kimi, burada da hər şey vahid bir harmoniyaya tabe olmuşdu. Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti, yüksək peşəkarlıqla işlənmiş, milli ornamentlərlə bəzədilmiş, ruhu oxşayan səhnə tərtibatları böyük rəğbət doğururdu. Müasirliklə qədimliyin, milliliklə qlobal inkişaf meyillərinin vəhdətini yaradan ecazkar musiqi nümunələri xalqımızın yaratdığı mədəniyyətin zənginliyini sərgiləməklə yanaşı, Azərbaycanın bəşəriyyətə təlqin etdiyi ali dəyərlərin də ifadəçisi kimi səslənirdi.
Açılış mərasiminin başlanğıcında görkəmli xanəndə Alim Qasımovun ifa etdiyi muğam avazını, ritmik nağara sədalarını və 24 rəqəmindən geriyə sayımı tamamlayan epizodlar Azərbaycanın cəmi 24 illik dövlət müstəqilliyi boyu qazandığı nailiyyətlərin tərənnümü sayıla bilərdi. Minədək rəqqasın səhnədə Azərbaycanın dünyaca məşhur xalılarındakı həndəsi fiqurların, dekorativ naxışların və nəhayət, dövlət bayrağımızın təsvirini yaratması öz tarixi keçmişinə, milli-mənəvi incilərinə böyük dəyər verən, getdikcə inkişaf edib güclənən müstəqil Azərbaycan dövlətinin qüdrətini, dünyadakı nüfuzlu mövqeyini təcəssüm etdirirdi.
İlk Avropa Oyunlarının açılış mərasimində Azərbaycan xalqının tarix boyu yetirdiyi ən böyük mütəfəkkirlərdən olan Nizami Gəncəvinin yaradıcılıq motivlərinə geniş yer verilməsi də təsadüfi deyildi. Tamaşaçıları bir anlıq böyük şairin xəyal dünyasına aparan bu miniatürlər öz əsərləri ilə insanlara ünvanlanmış çağırışlarını - sevgi, sülh, ədalət, halal zəhmət, insanlar arasında sosial bərabərlik ideallarını bu gün məhz belə dəyərlərə ehtiyacı olan dünyaya yetirirdi.
Nizami mövzusu başqa bir məqamı ilə də diqqəti cəlb edirdi. Yaşadığı dövrün tarixi reallıqlarından irəli gələrək öz əsərlərini başqa dildə yazmış Nizami Gəncəvinin guya Azərbaycan şairi olmaması barədə uzun illərdən bəri müxtəlif ünvanlardan əsassız iddiaların irəli sürülməsi yenilik deyil. Bu dühaya sahib çıxmaq, onu özününküləşdirmək çoxlarının arzusudur. I Avropa Oyunlarının möhtəşəm açılış mərasimində Nizami yaradıcılığı motivlərindən uğurla istifadə etməklə Azərbaycan dövləti həm də bütün Avropa auditoriyasında bu əsassız iddialara tutarlı bir cavab vermiş oldu.
Açılış mərasimində stadionun mərkəzinə doğru uçan, xalqımızın folklor yaddaşında bolluğun, oyanışın, sevginin, uğurun rəmzi kimi xatırlanan nəhəng nar da, Mənsum İbrahimovun ifasında səslənən “Qarabağ şikəstəsi” muğamı da, Aaron Koplendin “Adi adam üçün şeypur” əsərinin nağaraçıların ifası ilə sintezi də, dünya şöhrətli müğənni Ledi Qaqanın piano arxasında əyləşərək ifa etdiyi “Imagine” (“Xəyal et”) mahnısı da tarixi ənənələr və qloballaşan dünyamızın mütərəqqi meyilləri vəhdətində öz sivil gələcəyini qurmaq istəyən, bütün dünyanı müharibələrdən, işğallardan, mədəniyyətlər arasındakı qarşıdurmalardan çəkinməyə, sülhə, dialoqa, tolerantlığa çağıran müstəqil Azərbaycan dövlətini simvollaşdırırdı.
Açılış nitqlərindən sonra muğam avazı üstündə eşidilən səs də Azərbaycanın səsi idi və bu səs görkəmli sənətkarımız Alim Qasımovun üzərində əyləşib oxuduğu uçan xalça timsalında minillər əvvəlin nağıl dünyasından bugünə və bugündən gələcəyə doğru irəliləyən milli ruhumuzun, milli kimliyimizin səsi kimi eşidilirdi.
Alim oxuduqca çat-çat olmuş torpaq üzərində dolaşan ağ libaslı qadın obrazı, əlindəki ruzi-bərəkəti simvolizə edən səməni də mərasimə özünəməxsusluq qatmışdı. Xatırladaq ki, Novruz bayramı Azərbaycanın bir sıra mədəniyyət inciləri kimi, UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Bu baxımdan açılış mərasimində Novruzun əsas rəmzlərindən olan səməninin öz əksini tapması təsadüfi deyildi.
Qadın irəlilədikcə səhnədə otların göyərməsi, birdən-birə yerdən çıxan suyun Xəzər dənizinin xəritədəki şəklini alması, daha sonra səhnənin ortasında nəhəng qayalıqların ucalması və onların üzərində xüsusi işıq effektlərinin köməyi ilə dünyanın ən qədim yaşayış məskənlərindən olan Qobustan qayaüstü təsvirlərinin əksi isə mərasimin kulminasiyası sayıla bilərdi.
Azərbaycanın tarixi keçmişinin, zəngin təbiətinin, coğrafi önəminin rəmzlərin dili ilə təqdim olunduğu belə möhtəşəm anlarda, bütün dünyanın bu təkrarsız epizodlara diqqət kəsildiyi məqamda stadiona çökmüş sükutu xalq mahnımız “Sarı gəlin”in həzin sədalarının pozması bədnam qonşularımızın bu mövzuda uzun illərdən bəri davam edən hay-küyünə də nöqtə qoymuş oldu. Daha sonra eşidilən möhtəşəm “Yallı” sədaları bu musiqinin əzəmətli ahəngi ətrafında bir araya gəlib rəqs edən iştirakçıların timsalında dünyanın xoşbəxt gələcəyi üçün birləşməyə qabil bütün mütərəqqi qüvvələrin birliyinin, mədəniyyətlər arasında vəhdətin, xeyirin şərə qarşı gücünün təntənəsinə çevrildi.
I Avropa Oyunlarının bağlanış mərasimi isə daha çox ənənə və müasirliyin vəhdəti, Şərq və Qərb, milliliklə qlobal meyillərin sintezi üzərində qurulmuşdu ki, bu da təsadüfi deyildi. Azərbaycan bununla artıq çoxdan Avropanın bir hissəsi olduğunu, Avropanın mütərəqqi dəyərlərinə, inkişafına, dinamizminə, müasir texnologiyalarına açıqlığını, eyni zamanda özünün malik olduğu mənəvi sərvətlərlə bu dəyərlərin sırasını daha da zənginləşdirmək gücünü ortaya qoyurdu. Şərq və Qərb sivilizasiyalarının tarix boyu formalaşdırmış olduqları mütərəqqi dəyərlər - xalqımızın mifik təfəkküründə özünəməxsus yer tutan Simurq quşunun obrazında birləşmişdi. Bu obraz Azərbaycandakı “Atəşgah” məbədində yandırılmış alovun ziyasında dünyanın gələcəyi üçün zülmətdən işığa doğru aydın bir yol göstərirdi. Bəşəriyyətə təlqin edirdi ki, əgər dünyanın hər bir sakini bu alovun zərrəciklərini qəlbində daşıyıb başqaları ilə də paylaşa bilsə, Yer üzündə sülh, sevgi, şəfqət, yaxşılıq, xeyirxahlıq, mərhəmət hissi Simurq quşu kimi əbədi olar.
Beləliklə, Azərbaycan tarixin daha bir ilkinə imza atdı. I Avropa Oyunları Azərbaycanın milli dövlətçilik salnaməsinin şərəfli bir səhifəsi kimi tarixə qovuşdu və bütün cəhətləri ilə yanaşı, bu möhtəşəm tədbir mədəniyyət diplomatiyası tarixində də yeni bir səhifə açdı.
İradə
ƏLİYEVA,
Azərbaycan.- 2015.- 11 avqust.- S. 3.