Ana Kürün sahilində

 

Mingəçevirdə yay aylarında havanın hərarəti digər bölgələrə nisbətən yüksək olur. Buna baxmayaraq, şəhərdəki çoxillik çinar, şam ağacları sanki çətirə çevrilib əhalini qızmar günəş şüalarından qoruyur.

Azərbaycanın ən böyük su anbarının yerləşdiyi bu şəhərdə son illərdə aparılan abadlıq-quruculuq işləri sakinlərin yay istirahətini normal qurmağa imkan verir. Kür çayının sahilində salınmış parkın gözəlliyi hər kəsi heyran edir. Kür çayında qayıqla gəzmək, balıq ovlamaq, yerli əhalinindənizadlandırdığı Mingəçevir su anbarındakı çimərlikdən istifadə etmək yayın cansıxıcı havasında məlhəm təsiri bağışlayır.

Ətraf bölgələrdən şəhərimizə istirahətə gələnlər az deyil. Mingəçevir çimərliyində sərinlənmək, sahil parkında digər yaşıllıq ərazilərində mənalı istirahət etmək üçün Göyçay, Ağdaş, Zərdab, Bərdə, Yevlax, Goranboydan gələnlər daha çox olur.

Sahil parkı insanları özünə daha çox cəlb edir. Səhər axşam saatlarında Kürün təmiz havasını qəbul etmək, sərinləmək, nadir ağacları, al-əlvan çiçəkləri seyr etmək hər kəsdə xoş ovqat yaradır. Uşaqdan böyüyə hər kəsin sevimli məkanı olan, yerli sakinlərin dili ilə desək, Kür qırağı ilin bütün fəsillərində gözəldir. Bir neçə il bundan öncə tamamilə yenidən qurulan, yüksək zövqlə abadlaşdırılan park axşamlar daha çox füsunkar görünür. Təqaüdçü Ağakişi  İsmayılov deyir ki, Kür çayının sahilində gəzmək, dincəlmək, son illərdə yaradılan meydançalarda idmanla məşğul olmaq insanların səhhətinə müsbət təsir edir. Müəllim Məfturə Sadıqova da şəhərin bürkülü havasından uzaqlaşmaq  üçün hər axşam nəvələri gəlinləri ilə Sahil parkına gəlir. Bir neçə saat təmiz, sərin havada gəzib dincəlirlər. Zəminə Dəmirova isə bildirdi ki, məzuniyyətini Mingəçevirdə keçirməyə üstünlük verir.

Yeniyetmə gənclər gəmi səyahətini xoşlayır, Kürün iki sahilini birləşdirəcək kanatın tezliklə istifadəyə veriləcəyini  parkın əsararəngiz gözəlliyini yuxarıdan seyr edəcəklərini səbirsizliklə gözləyirlər.

İnsanların asudə vaxtlarını səmərəli təşkil etmək, mənalı istirahətləri üçün əlverişli şərait yaratmaq Mingəçevir Şəhər İcra Hakimiyyətinin diqqət mərkəzindədir. Bu məqsədlə yeni parklar, xiyabanlar salınır, mövcud istirahət sahələri yüksək zövqlə yenidən qurulur. Uşaqlar üçün əyləncə sahələri, böyüklər üçün idman qurğuları, oyun meydançaları quraşdırılıb. Bir neçə ay öncə inşasına başlanan Füzuli parkında işlər sürətlə davam etdirilir. Yaşı qərinələrlə ölçülən şam, çınar ağacları ilə yanaşı, şəhərin müxtəlif ərazilərində yeni əkilən bəzək ağacları, kollar, rəngbərəng güllər yaşıllığı artırır, insanları özünə cəlb edir.

Bir sözlə, Kürün sərinliyində ləpələrin pıçıltısını dinləmək, nur şəhərinin füsunkar məkanlarında, gözəlliyi ilə göz oxşayan Heydər parkında, Sahil bulvarında, gül-çiçəkli bağlarda, yaraşıqlı seyrəngahlarda dincəlmək istəyirsinizsə, yolunuzu Mingəçevirdən salın.

 

İlahə İSMAYILOVA,

Mingəçevirqəzetinin əməkdaşı

 

Azərbaycan.- 2015.- 11 avqust.- S. 4.