Murovda
bir gün
Gəncədə son illərdə yaranan xoş ənənələrin içərisində əsgərlərlə keçirilən görüşlər xüsusi yer tutur. Bir qayda olaraq şəhər rəhbərliyinin, ziyalıların, yaradıcı insanların, jurnalistlərin iştirak etdiyi bu görüşlər hər kəsin ürəyində, zehnində dərin iz buraxır, ömrün hər zaman sevinclə xatırlanan bir anı kimi əziz və qiymətli olur.
Yayın istisi tüğyan edəndə hər kəs sərin yer gəzir. Səfərə çıxanlar üçün isə ən ideal mühit kondisionerli nəqliyyat növüdür. Səfərimiz vardı. Əsgərlərlə görüşəcəkdik. Avtobusun bürkü dolu salonuna daxil olanda hər kəs günəş düşməyən yer gəzdi.
Məqsədimiz aydın idi. Lakin konkret olaraq yolçuluğumuzun haraya qədər olacağı barədə məlumatlı deyildik. Hər kəs yerini tutdu və yola düşdük. Göygöl rayonunu yenicə keçmişdik ki, həmkarlarımızdan kimsə “Dağdakı qara baxın” - dedi. İstidən nəfəs çəkmək mümkün olmadığı bir vaxtda deyilən bu söz hamının nəzərlərini həmin istiqamətə yönəltdi. Doğrudan da dağın zirvəsində qar zolaqları görünürdü. Operatorlardan birinin “Kaş ki, orada olaydıq” sözü çoxlarına qeyri-real arzu kimi göründüyü üçün gülüş doğurdu.
Toğanaya çatanda Filarmoniyanın “Göygöl” musiqi kollektivinin də orada olduğunu gördük. Lakin yolumuz başa çatmamışdı. Maşınlara əyləşib yenidən yola düşdük.
Çox gözəl, mənzərəli yerlərdən keçirdik. Ancaq getdikcə yolun çətinləşdiyinin fərqində idik. Nigarançılıq təbiətin bu əsrarəngiz gözəlliyini doya-doya seyr etməyimizə mane olmasa da, yazacağımız yazının əhval-ruhiyyəsinə köklənməyə çalışırdıq. Qarşıda bizi Azərbaycan Ordusunun mərd, vətənpəvər, şücaətli əsgərləri ilə görüş gözləyirdi...
Bir qədər sonra yolları keçmək elə çətinləşdi ki, avtobusdan düşüb digər maşınlara əyləşdik. Daha yol yorucu olmuşdu. Sürücü ilə bərabər biz də diqqətimizi yola cəmləmişdik. Bu keçilməzliyi asanlaşdıran əsgər-sürücülərin məharətinə inansaq da, təlaşımız yox idi deyə bilmərəm.
Bayaq yol gələrkən uzaqdan qarlı zirvəsinə həsrətlə baxdığımız dağ indi lap yaxında görünürdü. Yoxuşu qalxdıq və qəflətən dalğalanan üçrəngli bayrağımızı görəndə... Bu sevinc heç nəyə bənzəmirdi! Bu sevgi elə bir müqəddəs hissə bələnmişdi ki, onu söyləmək yox, yaşamaqla dərk etmək olar. Əsgərimizin əlində dalğalanan bu bayraq çətinliklə dəf etdiyimiz yoldan sonra Tanrının əsgərin əli və vüqarlı duruşu ilə bizə bəxş etdiyi ən böyük hədiyyə idi! İrəlidə isə əsgərlər bizi gözləyirdilər. Tər-təmiz, səliqəli geyimli, qartal baxışlı bu gənclər bizim balalarımız, Azərbaycan Ordusunun əsgərləri idilər! Qətiyyətli və vüqarlı duruşları ilə elə bir tablo yaratmışdılar ki, adı da, məzmunu da özündən qaynaqlanırdı. “Dağ vüqarlı Vətən övladları - cəsur Azərbaycan əsgərləri”.
Onlar ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizdə həyata keçirilən dövlət quruculuğunun ən şərəfli və parlaq səhifələrindən biri sayılan və durmadan qüdrətlənən Azərbaycan Ordusunun əsgərləri idi.
Bu gün Azərbaycan Cənubi Qafqazda öz ordusunu daxili imkanları hesabına hərbi texnika və silah-sursatla təchiz etmək gücünə malik yeganə ölkədir. Prezident İlham Əliyevin dediyi kimi: “Azərbaycan Ordusu bu gün nəinki bölgədə, dünya miqyasında güclü ordular sırasındadır - həm hərbi potensialına, həm döyüş qabiliyyətinə, həm də təchizatına görə. Əminəm ki, Azərbaycan gücləndikcə ordumuz da güclənəcəkdir. Ordumuz istənilən vəzifəni həll etməyə hazırdır, buna qadirdir. Mən Ali Baş Komandan kimi bundan sonra da ordu quruculuğuna, ordunun inkişafına öz dəstəyimi verəcəyəm”.
Əlbəttə, əsgərlərimizdə olan böyük ruh yüksəkliyi və qələbəyə inam hissi bütün bu yüksəlişin bariz nümunəsidir.
Korpus komandirinin müavini Elşad Əbilov korpus komandiri, Milli Qəhrəman Rövşən Əkbərovun təbrikini şəxsi heyətə çatdırdı. Ədliyyə polkovniki Rauf Məmmədov, Gəncə şəhər hərbi prokurorunun müavini Tahir Quliyev əsgərlərə şərəfli işlərində uğurlar dilədilər. Gəncə şəhər İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Xəqani Əbdüləzimov şəhər rəhbərliyi adından şəxsi heyəti təbrik etdi və hərbi hissəyə televizor hədiyyə etdi. Daha sonra xidmətdə fərqlənən əsgər və zabitlərə hədiyyələr təqdim olundu.
Sonra incəsənət işçilərinin proqramı başladı. Musiqi sədası dağlarda əks-səda verirdi. Zabitlərdən biri əli ilə dağın bir tərəfini göstərib: “Düşmənlərimizin mövqeyidir” - dedi. Sual və nida qarışıq “necə?!” - sözünə gülümsəməklə cavab verdi və dedi: “Özümüz bu yeri seçmişik. Görsünlər ki, heç nədən qorxumuz yoxdur”.
“Novosti Qyandji” qəzetinin baş redaktoru İrina Kalaşnikova bayaq zabitin göstərdiyi istiqamətdə gördüyü qaraltıları mənə də nişan verdi. Ara-sıra görünən bu qaraltılar tez də qayanın arxasına keçirdilər. Düşmən susmağa məhkum idi. Aşağıda isə çal-çağır davam edirdi.
Bu əsgərlərin hər birinin başına sığal çəkmək keçdi ürəyimdən. Axı mən də bir hərbçi anasıyam. Anaların əvəzinə bu qəhrəman oğullara yayın istisində, qışın sərt soyuğunda təbiətinə görə “dəli” adlanan Murovda etdikləri misilsiz xidmətlərinə görə dönə-dönə təşəkkürümü bildirməyə can atırdım. Elə musiqiçilər də həmin ovqatda idilər və şövqlə çalırdılar. Meydan bizimki idi.
Həmişə hər şeyə daha tez diqqət yetirən bir jurnalist kimi tanıdığım Qalib Rəhimli əlində tutduğu durbini mənə uzatdı. Qarşıdakı zirvəni göstərdi, “oraya bax”, - dedi.
Allahım, sevincdən gözlərimdən yaş axdı. Lap zirvədə bir neçə əsgərimiz musiqi sədaları altında elə şıdırğı rəqs edirdilər ki...
Bəli, düşmən baxır, Azərbaycan əsgəri rəqsləri, şadyanalıqları ilə onlara meydan oxuyurdular. Bu, qüdrətli, qətiyyətli Ali Baş Komandanın rəhbərlik etdiyi bugünkü Azərbaycan Ordusunun əsgərləri idi.
Azərbaycanın xalq artisti Şahnaz Haşımovanın çıxışı əsgərlərin ruhunu bir qədər də artırdı. Xalq artisti onlar üçün, onların ürəklərindən keçənlər üçün elə məlahətlə oxuyurdu ki, alqışlar sərt qayalara dəyib yenidən özümüzə qayıdırdı. Musiqi nömrələri bir-birini əvəz edirdi. Müğənnilər Samir Məmmədov, Rövşən Məmmədov və Mehparə Cəfərova əsgərlərə əlvan musiqi çələngi bəxş etdilər. Gəncə Dövlət Dram Teatrının aktyoru, xalq artisti Məmmədəli Balayevin gur səsi dağlarda əks-səda verdi. Aktyorların ifasında səslənən və sürəkli alqışlarla müşayiət olunan Aydın Murovdağlının ulu öndər Heydər Əliyevə həsr etdiyi “Alın yazısı” poeması əsasında hazırlanan kompozisiya əsgərlərə böyük ruh yüksəkliyi bəxş etdi.
Saatların necə keçməsindən xəbərimiz belə olmadı. Onlarla bir süfrə arxasında əyləşib çörək kəsdik. Artıq geriyə dönmək vaxtı idi. Bayaqdan bizə çətin gələn yollar elə rahat görünürdü ki, sanki ən mükəmməl asfaltda irəliləyirdik. Arxaya çevrildik. Cərgəyə düzülən əsgərlər bir sipərə bənzəyirdilər. Başlarının üzərinə dalğalanan üçrəngli bayraq isə arzularımıza bələdçilik edirdi.
Prezident, Ali Baş Komandan İlham Əliyevin əsgərlərlə görüşündə söylədiyi sözlər burada gördüklərimizlə birləşib sevincimizi göylərə qaldırmışdı: “Deyə bilərəm ki, son bir il ərzində Azərbaycan Ordusu təmas xəttində tam üstünlüyü əldə edibdir. Keçən ilin yayında Ermənistan təmas xəttində təxribat törətməyə cəhd göstərmişdi. Ancaq bu təxribatın qarşısı layiqincə alındı, düşmən yerinə oturduldu. Bizdə olan məlumata görə, keçən ilin iyul-avqust aylarından bu günə qədər yüzdən çox işğalçı məhv edilib. Bəzi hallarda bizə irad tutulur ki, təmas xəttində gərginlik yaranır, Ermənistan tərəfində çoxsaylı itkilər var. Bizim isə buna cavabımız çox sadədir. Rədd olsunlar bizim torpaqlarımızdan! O zaman münaqişə öz həllini tapar, sülh yarana bilər. Ermənistan tərəfinə bunu bir neçə dəfə demişəm, bir daha demək istəyirəm, - əgər ölmək istəmirsinizsə, bizim torpaqlarımızdan rədd olun. Bizdə olan məlumata görə, düşmən indi təlaş içindədir, isterikaya qapılıb. Təmas xəttindəki məğlubiyyətindən sonra bizdən qisas almağa çalışıb, ancaq o cəhdlər də uğursuz olub. Nə qədər çox təxribat törədəcəklərsə, o qədər də çox itki verəcəklər. Bir daha demək istəyirəm ki, bu gün Azərbaycan Ordusu öz üstünlüyünü göstərir. Bizdə olan vətənpərvərlik ruhu, döyüş qabiliyyəti, texniki imkanlar əlbəttə ki, üstünlüyümüzü şərtləndirir. Azərbaycan Ordusunun arsenalında mövcud olan texnika, silah-sursat Dağlıq Qarabağda və Ermənistanda istənilən hədəfi yüksək dəqiqliklə məhv edə bilər”.
Heç kimin əlində qələm, kağız yox idi. Gördüklərimizi ürəyimizə və gözümüzə köçürürdük. Köçürürdük ki, öz oxucularımızla bölüşək. Bir də gördüklərimiz, hiss etdiklərimiz deyir ki, üçrəngli Azərbaycan bayrağının Şuşada, Xankəndidə dalğalanmasına lap az qalıb. Buna əmin ola bilərsiniz!
Rəfiqə
SADIQOVA
Azərbaycan.- 2015.- 11 avqust.- S. 5.