Şöhrətin ünvanı
Akademik Z.Əliyevanın adını daşıyan
məktəb-lisey uğur
estafetini davam etdirir
Bərdə rayonundakı akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü məktəb-lisey uğur estafetini inamla davam etdirir. Ali məktəblərə builki qəbulda 700 bal toplayan abituriyentlərdən biri bu məktəbin məzunu Arzu Ədalət qızı Həsənlidir. Arzu Bakı Ali Neft Məktəbində oxumağı qərara alıb. Arzu sevincini bizimlə belə bölüşdü:
- İlk növbədə müəllimlərimin zəhmətini yüksək qiymətləndirirəm. Onlar da mənim uğuruma çox sevindilər. Anam Gülşənin də zəhməti az olmayıb. O, hər əziyyətə qatlaşırdı ki, korluq hiss etməyim. Həmişə düşünürdüm ki, onun əməyini doğrultmamağa heç cür haqqım yoxdur. Onu sevindirməyin, dünyanın xoşbəxti etməyin yalnız bir yolunu bilirdim. Bu, təhsildə qazanacağım uğur idi. Beləcə, onun da çəkdiyi zəhmət hədər getmədi. 700 bal topladığımı eşidəndə sevindiyindən ağladı. O səhnəni sözlə təsəvvür edə bilmirəm. Axı arzuma çatmış, anamı sevindirə bilmişdim. “Allah həmişə sənə yar olsun” - sözləri elə bil üstümdən ayların, illərin narahatlığını yuxusuz gecələrin ağrı-acısını götürdü.
Arzunun təhsil aldığı məktəb də bu il öz uğur salnaməsinə fərəh doğuran səhifələr yazıb. 2014-2015-ci tədris ilində məktəbi bitirən 98 nəfər məzundan 83-ü ali təhsil ocaqlarına qəbul olunmaq üçün imtahan vermiş, onların 12 nəfəri 500-dən, 12 nəfəri isə 600-dən yuxarı bal toplamışdır.
Akademik Zərifə Əliyevanın adını daşıyan məktəb çox gəncdir. Cəmi 11 yaşı var. Buna baxmayaraq iki dəfə “İlin ən yaxşı məktəbi” müsabiqəsinin qalibi olmuşdur. Məktəbin direktoru Vidadi Süleymanov söhbət zamanı dedi ki, qazandığımız uğurlar dövlətin təhsilin inkişafına göstərdiyi qayğının nəticəsidir. Hazırda ali məktəblərdə oxuyan məktəbimizin 5 nəfər yetirməsi Prezident təqaüdçüsüdür.
L.QULİYEV,
Azərbaycan.- 2015.- 11 avqust.- S. 5.