Azərbaycan regionun logistika və nəqliyyat mərkəzinə
çevrilib
Transxəzər nəqliyyat marşrutu ölkəmizə
milyardlarla manat gəlir gətirəcək
Avqustun 3-də Azərbaycanın iqtisadi həyatında daha bir böyük hadisə baş verdi. Azərbaycan növbəti dəfə Şərqlə Qərbi birləşdirən ölkə olduğunu sübut etdi. Bakı Beynəlxalq Dəniz Ticarət Limanında Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu layihəsi çərçivəsində Çin-Qazaxıstan-Azərbaycan (Şixezi-Dostık-Aktau-Ələt) marşrutu üzrə hərəkət edən “Nomand ekspress” ilk sınaq konteyner qatarı Bakıya gəldi.
Xatırladaq ki, Çin, Qazaxıstan və Azərbaycan ərazilərindən keçərək Şixezi-Dostık-Aktau-Ələt-Keşlə marşrutu ilə hərəkət edən böyük layihənin ilk müjdəçi qatarı 4768 km, o cümlədən 4258 km dəmir yolu, 510 km dəniz məsafəsi qət edib. Sınaq konteyner qatarı Şixezi şəhərindən iyulun 28-də yola düşüb və 6 gündən sonra Ələtə çatıb.
Bu hadisə bir daha göstərdi ki, böyük infrastruktur layihələri icra edən Azərbaycan artıq əhəmiyyətli tranzit ölkəyə, eləcə də regionun logistika və nəqliyyat mərkəzinə çevrilib. Yaxın zamanlarda isə Avropanı Asiya ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi ilə Azərbaycan öz iqtisadi imkanlarını daha da genişləndirmiş olacaq.
Dövlət müstəqilliyinin ilk illərində yaranmış ağır sosial-iqtisadi vəziyyət, nəqliyyat-iqtisadi blokadanın davam etməsi, keçmiş təsərrüfat əlaqələrinin qırılması, Avropa və dünya bazarına çıxışın olmaması dövlət müstəqilliyimiz üçün ciddi təhlükə yaradırdı. Belə bir şəraitdə Avropa Komissiyasının müstəqillik əldə etmiş ölkələr üçün hazırladığı TRASEKA layihəsi Azərbaycan üçün çox əhəmiyyətli idi. Ümummilli lider Heydər Əliyevin bu layihəni qətiyyətlə dəstəkləməsi, dövlətçiliyimizin qorunması və onun iqtisadi və siyasi cəhətdən möhkəmləndirilməsi üçün geniş imkanlar açdı. Ulu öndər məqsədyönlü və kompleks tədbirlər həyata keçirməklə tarixi “İpək yolu”nun bərpası ideyasını əfsanədən reallığa çevirdi. Bu nəhəng layihənin gerçəkləşdirilməsi nəticəsində ölkəmizin geostrateji və geosiyasi əhəmiyyəti daha da artmış, Azərbaycan Şərqlə Qərb arasında strateji körpü rolunu oynayan əlverişli tranzit əhəmiyyətli ölkəyə, Cənubi Qafqazın lider dövlətinə çevrilmişdir. “İpək yolu” strategiyası dövlət müstəqilliyimizin bəhrəsi ümummilli liderin uzaq görən, uğurlu iqtisadi siyasətinin nəticəsidir.
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan Şərqlə Qərb arasında strateji körpü rolunu oynayan əlverişli tranzit əhəmiyyətli dövlətlərdən birinə çevrilmiş, regional və beynəlxalq nəqliyyat-iqtisadi əlaqələr genişlənmiş, infrastruktur sahələrinin beynəlxalq standartlara uyğun yenidən qurulması istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir.
Bu tarixi hadisə ilə bağlı fikir söyləyən siyasətçilər isə deyirlər ki, yeni layihə üzrə ilk sınaq qatarının uğurlu startı həm Azərbaycan, həm də region üçün mühüm əhəmiyyət kəsb edir.
Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədovla söhbət zamanı bildirdi ki, sözügedən nəqliyyat dəhlizi hələ qədim dövrlərdən fəaliyyət göstərib. Asiyadan Avropaya ən çox daşınan ipək məhsulu olduğu üçün bu dəhliz böyük “İpək yolu” adlandırılıb. Keçmiş sovet imperiyası dövründə bu dəhliz müəyyən səbəblər üzündən bağlanmışdır. Müstəqillik qazandıqdan sonra isə ulu öndər Heydər Əliyev təşəbbüs irəli sürərək tarixi “İpək yolu”nun bərpa olunmasının vacibliyini bildirdi: “Bu təşəbbüs isə əksər dövlətlər tərəfindən dəstəkləndi və yeni bir layihə hazırlandı. Bu gün isə Azərbaycan Asiya ilə Avropa arasında tranzit ölkəyə çevrilib. Hazırda Azərbaycanın quru, hava, su, dəmir yolu vasitəsilə müxtəlif istiqamətlər üzrə dünyaya çıxışı var. Bu da müxtəlif nəqliyyat vasitələri ilə beynəlxalq iqtisadi əlaqələrin qurulmasına, eləcə də idxal-ixrac əməliyyatlarının həyata keçirilməsinə geniş imkanlar yaradır. Beynəlxalq Transxəzər nəqliyyat marşrutu üzrə iri həcmdə yüklərin daşınmasına startın verilməsi isə yeni tarixi bir uğurdur”. Deputatın sözlərinə görə, bu nəqliyyat marşrutu bir neçə istiqamətdən Azərbaycan və Avropa dövlətləri üçün əhəmiyyətlidir. İlk növbədə bu, Şərqdən Avropaya gedən digər yollarla müqayisədə 550-600 kilometrlik qısa bir məsafə deməkdir. Yəni, bu, Şərqdən Avropaya yüklərin qısa və təhlükəsiz daşınmasında ən əlverişli marşrut olacaq. Belə ki, bir neçə milyon tonlarla məhsulun dövriyyəsinə imkan yaradacaq. Beynəlxalq Transxəzər nəqliyyat marşrutu layihəsi sahibkarlar üçün mühüm əhəmiyyət daşıyır. Yüklər alternativ marşrutlarla əvvəllər 25-40 gün müddətində Bəndər-Abbas və Poti limanları vasitəsilə daşınırdı. Yeni Transxəzər nəqliyyat marşrutu üzrə yüklərin daşınma müddəti Çindən Ələt limanına qədər təqribən 6 gün çəkir. Bu xəttin digər önəmi ondadır ki, o, istər Çindən, istərsə də Şərqdəki digər ölkələrdən yüklərin Avropaya dayanıqsız, tam təhlükəsiz və vaxtında çatdırılmasına kömək edəcək.
V.Əhmədov əlavə etdi ki, gələn ayda ikinci konteyner qatarının Çin-Qazaxıstan-Azərbaycan-Gürcüstan-Türkiyə marşrutu üzrə hərəkət etməsi planlaşdırılır. Bu istiqamətdə yüklərin daşınması Bakı-Tbilisi-Qars dəmir yolu xətti fəaliyyətə başlanandan sonra daha da genişlənəcək. İlkin sınaqda həmin qatar 41 platforma vaqondan ibarət olmaqla 20 tonluq (FEU) 82 konteyner gətirdi. 2020-ci ilədək konteynerlərin sayının 300 mini keçəcəyi gözlənilir. Bu isə çox yüksək inkişaf dinamikasıdır. Deputatın sözlərinə görə, 2020-ci ilə kimi Azərbaycan tranzit daşımalardan bir neçə yüz milyon dollar həcmində gəlir əldə edə bilər: “Transxəzər nəqliyyat marşrutu Azərbaycana milyardlarla gəlir gətirəcək bir layihədir və ölkəmizin dünyada mövcud olan iqtisadi əhəmiyyətini daha da artıracaq. Marşrutun işə düşməsi üzv ölkələrin ixracat və tranzit potensialının yüksəldilməsinə, Beynəlxalq Transxəzər nəqliyyat marşrutunun rəqabət gücünün artırılmasına təkan verəcək. Eyni zamanda bu marşrut Avropa ölkələrindən yük göndərənlər üçün də sərfəli olacaq. Əksər dövlətlər bu marşrutun daim təhlükəsiz formada fəaliyyəti üçün maraqlı olacaq və bu, Azərbaycana həm siyasi, həm də iqtisadi dividendlər gətirəcək”.
Rəşad BAXŞƏLİYEV,
Azərbaycan.- 2015.- 12 avqust.- S. 4.