Şəkinin turizm imkanları
genişlənir
Şəki şəhəri açıq səma altında nadir memarlıq incilərindən ibarət muzeyi xatırladır. Qədimdən sənətkarlıq, ticarət və mədəniyyət mərkəzlərindən biri olmuş bu şəhər Böyük Qafqaz sıra dağlarının cənub ətəklərində yerləşir. Deyilənə görə, şəhərin adı eramızdan əvvəl Azərbaycan ərazisinə gəlib burada əsrlər boyu yaşamış sakların adı ilə bağlıdır. Zəngin mədəniyyəti, füsunkar təbiəti, qonaqpərvərliyi və ləziz mətbəxi olan Şəki həm də qədimdən turizm mərkəzlərindən biri olmuşdur. Şəkidə olan qədim dövrlərə aid karvansaralar və yaşayış mülkləri bunun bariz nümunəsidir. Hazırda şəhər sakinlərinə və gələn qonaqlara müxtəlif mehmanxanalar, motellər, restoranlar, pansionatlar, safari, istirahət və turizm kompleksləri xidmət edir. Şəkidə həmçinin onlarla fərdi istirahət evləri xidmət göstərir. “Ailə istirahəti” turizm assosiasiyası turistlərə ən sərfəli qiymətlərlə dincəlmək, yerli əhali ilə ünsiyyətdə olmaq imkanı yaradır.
Şəki şəhərindən 20 kilometr cənubda, Daşüz kəndində yerləşən Atçılıq turizm mərkəzi qonaqların istirahət və əyləncəsi üçün gözəl bir məkandır. Burada xüsusi yetişdirilmiş cins atlara minmək, at çapmağı öyrənmək və at belində meşələrə, dağlara, mağaralara üz tutmaq turistlərə unudulmaz anlar yaşadır.
Bütün tarixi dövrlərdə Şəkinin iqtisadi həyatında ipəkçilik mühüm yer tutmuşdur. Ipəkçiliyin ən qədim və mühüm təsərrüfat sahəsi olduğunu bu ərazidə aparılan arxeoloji qazıntılar da sübut edir. Orta əsrlərdə Şəki ipəyi ən qiymətli xammal sayılırdı. İpək almaq üçün Şəkiyə Rusiya, Fransa, İtaliya, İran, Türkiyə, Çin, Hindistan, Suriya, Yunanıstan və başqa ölkələrdən tacirlər gəlirdi. İpəkçiliyin inkişafı, Böyük İpək Yolunun üzərində yerləşən Azərbaycanın bu qədim və gözəl şəhərini böyük karvan yolları ilə birləşdirmiş, yeni-yeni karvansaraların tikilməsinə, yolların və körpülərin salınmasına, bir sözlə, şəhər həyatının canlanmasına, ticarətin və sənətkarlığın inkişafına əsaslı şəkildə təsir göstərmişdir.
Bu günsə Şəkidə atçılıq, ovçuluq və dağ turizminin inkişafı yönümündə addımlar atılır. Yaxın gələcəkdə ekoturizm sahəsində də xidmətlərin təşkil olunacağı proqnozlaşdırılır. Bütün bunlar şübhəsiz ki, Şəkiyə gələn turistlərin sayının böyük sürətlə artmasına təsir edir. Son illər istər respublikamızın ayrı-ayrı bölgələrindən, istərsə də yaxın və uzaq xaricdən bu şəhərə gələn turistlərin sayına nəzər salsaq görərik ki, əgər 2004-cü ildə Şəkiyə cəmi 2800 turist gəlmişdisə, 2014-cü ildə onların sayı 31000 nəfərdən çox olmuşdur. Bu ilin 6 ayı ərzində isə 9,5 min turist Şəkinin qonağı olmuşdur ki, onlardan da 2,7 min nəfəri əcnəbi turistlər idi.
Şəkiyə gələn turist və qonaqların asudə vaxtlarının səmərəli və məzmunlu keçmələrini təmin etmək məqsədi ilə müxtəlif xalq, folklor kollektivləri və instrumental ansambllar fəaliyyət göstərir. Yeri gəlmişkən qeyd edək ki, Şəki vaxtaşırı olaraq beynəlxalq miqyaslı tədbirlərə, o cümlədən festivallara ev sahibliyi edir. Buna görə Şəki artıq festivallar şəhəri kimi də tanınır. Belə irimiqyaslı festivalların Şəkidə təşkil olunması bu bölgəyə turist axınının inkişafına müsbət təsir göstərir.
Bu ilin 1-5 iyulunda Şəkidə keçirilmiş VI Beynəlxalq “İpək Yolu” festivalında Türkiyədən, Polşadan, Yaponiyadan gələn musiqi kollektivləri ilə yanaşı, Azərbaycanda yaşayan azsaylı xalqların musiqi kollektivləri və Şəkinin “Zirvə” xalq instrumental ansamblı da iştirak etmişdir.
İyulun 20-də Şəki şəhərindəki Olimpiya İdman Kompleksində
II beynəlxalq Şirniyyat festivalı keçirilmişdir. Mədəniyyət və Turizm Nazirliyinin, Şəki Şəhər İcra Hakimiyyətinin və Azərbaycan Milli Kulinariya Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən festivalda 11 ölkədən - Türkiyə, Qazaxıstan, Qırğızıstan, Şimali Kipr Türk Cümhuriyyəti, Rumıniya, İndoneziya, Koreya, Fransa, Rusiya, Moldova və Serbiyadan, həmçinin respublikamızın 21 şəhər və rayonundan gəlmiş şirniyyatçılar iştirak etmişlər. İdman kompleksinin həyətində düzənlənən sərgilərdə qənnadıçıların əvvəlcədən hazırladıqları müxtəlif çeşiddə şirniyyat nümunələri nümayiş etdirilmişdir. Festivalın rəsmi açılış mərasimində Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək beynəlxalq şirniyyat festivalının Azərbaycanın qədim və gözəl şəhərlərindən biri olan Şəkidə keçirilməsinin heç də təsadüfi olmadığını vurğuladı: “Xalqımızın milli mətbəx mədəniyyətinin formalaşmasında Şəkinin xüsusi yeri var. Şəkinin məşhur şirniyyatçılarının əldə etdiyi zəngin təcrübə, vərdiş, bilik və bacarıqlar bu günümüzə qədər gəlib çatıb. Azərbaycanın ənənəvi şirniyyat sənətinin mərkəzləri arasında Şəki xüsusi yer tutur. Şəki şirniyyatı özünün ləziz dadı və geniş çeşidi ilə fərqlənir. Şəkinin şirniyyat ustalarının hazırladıqları məhsullar xarici bazarlara da geniş yol açıb, bu, şəhərin mətbəx mədəniyyətinin tanıdılmasında mühüm rol oynayıb. Bu gün Şəki özünün ipəyi, eyni zamanda, halvası, noğulu, mindalı və digər dadlı şirniyyatları ilə də tanınır”. Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov bildirdi ki, belə festivalların keçirilməsində əsas məqsəd xalqımızın qeyri-maddi mədəni irsinin qorunub saxlanmasına nail olmaqdır: “Bu festival təkcə Şəkinin deyil, ölkəmizin zəngin mətbəx mədəniyyətinin daha yaxından tanıdılmasında əhəmiyyətli rol oynayacaq”. Mərasimdə Fransanın Azərbaycandakı səfiri və digər iştirakçı ölkələrin təmsilçiləri də çıxış edərək belə festivalların xalqlar arasında dostluğu, sülhü və mədəni əməkdaşlığı təbliğ etdiyini xüsusi vurğuladılar.
Korkunov adına “Moskva şokolad məktəbi”nin rəhbəri Yelena Suçkovanın sədrlik etdiyi 23 nəfərdən ibarət münsiflər heyətinin rəyinə əsasən, respublikamızın təmsilçiləri arasında Gəncə şəhərinin şirniyyatçıları birinci yeri tutdular. Şəki və Zaqatala qənnadıçıları ikinci, Ağdaş, Göyçay, Oğuz rayonları və Naftalan şəhərinin təmsilçiləri isə üçüncü yerə layiq görüldülər. İştirakçı ölkələr arasında Rumıniya, Qazaxıstan və Fransa təmsilçiləri birinci yeri tutaraq festivalın qızıl medallarına və Azərbaycan Milli Kulinariya Mərkəzinin kubokuna sahib çıxdılar. İkinci yeri Serbiya və Rusiya təmsilçiləri, üçüncü yeri isə Moldova, Qırğızıstan və Şimali Kipr Türk Cümhuriyyətinin qənnadçıları tutdular. Şirniyyat sexləri arasında isə Şəkinin “Ələhməd şirniyyat evi” birinci yerə layiq görüldü. Azərbaycan Milli Kulinariya Mərkəzi tərəfindən Şəki şəhəri Azərbaycanın ənənəvi şirniyyat paytaxtı elan edildi və bununla bağlı diplom şəhər rəhbərliyinə təqdim olundu. Festivalda Şəkinin musiqi kollektivləri rəngarəng konsert proqramı ilə çıxış etdilər.
Hazırda yaşıl turizmin (kənd turizminin) coğrafiyası genişlənməkdədir. Şəkinin əsasən dağətəyi kənd yaşayış məntəqələrində turistləri qəbul etmək və onlara normal xidmət göstərmək üçün 40-a yaxın ev var. Yaxın perspektivdə isə ovçuluq turizminin infrastrukturunun yaradılması ilə bağlı təşkilati və əməli tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Bir sözlə, Şəki bütün gözəllikləri və qonaqpərvərliyi ilə müsafirlərin yolunu gözləyir.
Mirvari ZEYNALOVA,
Şəki Şəhər Mədəniyyət
və Turizm İdarəsinin rəisi
Azərbaycan.- 2015.- 13 avqust.- S. 3.