Yeni tədqiqatlar və uğurlu fəaliyyət

 

Ulu öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasında elmi-tədqiqat qurumlarının fəaliyyətinin gücləndirilməsi, mövcud elmi potensialdan istifadə olunmasının səmərəliliyinin artırılması, Naxçıvanın tarixi, arxeologiyası, etnoqrafiyası və təbii sərvətlərinin öyrənilməsi üçün əlverişli şəraitin yaradılması kimi uzaqgörən məsələləri əsas götürərək AMEA Naxçıvan Bölməsinin təsis edilməsi haqqında əməli addım atmışdır. Bu elmi müəssisə neçə illərdir ki, mühüm töhfələri ilə bölgədə elmin mərkəzinə çevrilərək onun inkişafına stimul verməkdədir. Ümummilli liderin qarşıya qoyduğu vəzifələrdən biri də bu diyarda aparılan tədqiqatların Naxçıvanın geostrateji maraqlarına uyğun öyrənilməsini təmin etmək idi. Böyük rəhbər AMEA Naxçıvan Bölməsinin yaradılması ilə bağlı Naxçıvan MR Ali Məclisində keçirilən müşavirədə demişdir: “Vaxtilə Sovet İttifaqı yarananda, müttəfiq respublikalar yarananda, onların arasında sərhədlər qoyulanda Azərbaycan torpaqlarının bir qismi Ermənistana verilibdir və bunun nəticəsində də Naxçıvan Muxtar Respublikası ərazicə Azərbaycanın əsas torpağından aralı düşübdür. Bunların hamısı Naxçıvanın çox ətraflı öyrənilməsini tələb edir”. Bu baxımdan Naxçıvanda elmə göstərilən qayğı bir tərəfdən elmi inkişaf etdirmək məqsədi daşıyırsa, digər tərəfdən beynəlxalq əhəmiyyətə və xüsusi geostrateji imicə malik olan muxtar respublikanın hərtərəfli öyrənilməsini, onun həm xalqın həyat səviyyəsinə fayda verən yeraltı və yerüstü sərvətlərinin təsdiqini, həm də milli mənafe və beynəlxalq tanıtma əhəmiyyəti kəsb edən tarixinin, ədəbiyyatının, mədəniyyətinin və digər sahələrinin araşdırılmasını zərurətə çevirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz çıxışlarında Naxçıvan Muxtar Respublikasının timsalında elmin bölgələrdəki inkişafına və strateji əhəmiyyətinə münasibət bildirərək deyib ki, “Ermənistanın apardığı təcavüzkarlıq siyasəti nəticəsində Azərbaycandan qismən təcrid olunmuş vəziyyətdə, blokada şəraitində yaşamaq məcburiyyətində qalan... Naxçıvanın tarixinin hələ tədqiq edilməyə ehtiyacı olan səhifələri açılmalı, bu diyarın tam dolğun, obyektiv tarixi xalqımıza, habelə dünya ictimaiyyətinə olduğu kimi çatdırılmalı, erməni siyasətçilərinin tarixi saxtalaşdırmaq cəhdlərinə tutarlı cavab verilməlidir”. Bu məqsədlə regionlarda yaradılan elmi müəssisələr müasir dövrümüzdə yeni tələblər və vəzifələr çərçivəsində Naxçıvan Muxtar Respublikası, habelə digər regionlarımızın tarixinin, mədəniyyətinin, ədəbiyyatının, təbii sərvətlərinin, flora və faunasının, yeraltı və yerüstü təbii ehtiyatlarının və s. öyrənilməsinə xidmət göstərir.

AMEA Naxçıvan Bölməsinin digər elm və təhsil müəssisələrinin alimləri ilə birgə fəal çalışmaları bu diyarda müxtəlif elm sahələrinin inkişafı üçün mühüm addım olmuş, nəinki ayrı-ayrı elm sahələrinin tərəqqisinə stimul yaratmış, həm də Naxçıvan məktəblərinin formalaşmasına da gətirib çıxarmışdır. Bütün bunlar da Naxçıvanda elmi mühitin ciddi inkişaf yolu keçdiyinin və sanballı nailiyyətlər əldə etdiyinin rəsmi şəkildə etirafıdır. Ümumiyyətlə, indiyə qədərki müddətdə bölmə artıq formalaşmış elmi potensialı və ümumən bu diyarın elm adamlarının fəallığı ilə Naxçıvanın tarixi, arxeologiyası, etnoqrafiyası, mədəniyyəti, ədəbiyyatı, dialekt və şivələri, təbii və bioloji ehtiyatları və s. sahələri dərin araşdırmalara cəlb etmişdir. Tarix elmi sahəsində alimlərimizin apardığı tədqiqatlar, çap etdirdikləri çoxsaylı elmi əsərlər Naxçıvan tarixçilik məktəbinin yaranmasını şərtləndirmişdir, həmçinin tarix elminin müxtəlif sahələrinin - arxeologiya, etnoqrafiya, müasir tarixin inkişafı üçün də stimul olmuşdur. Alimlərin ciddi tədqiqatlarının nəticəsidir ki, Naxçıvanın tarixi və arxeologiyası sahəsində daha sanballı nəticələr əldə edilmiş, bu yurdun yaşayış tarixini 500-300 min il, şəhər mədəniyyətini 5 min il bundan əvvələ hesablaya biləcək faktlar üzə çıxmış, ən qədim yaşayış məskənləri və əmək alətləri, məişət və sənətkarlıq əşyaları və s. aşkarlanaraq dünya elminə tanıdılmışdır. Xüsusilə qeyd etmək lazımdır ki, ulu öndərin böyük tarixi məkan hesab etdiyi və həmişə vurğuladığı, alimlərə tövsiyə edərək bildirdiyi Gəmiqaya abidəsində alimlərimizin apardığı araşdırmalar, habelə Naxçıvandakı Ovçular təpəsi, Oğlanqala, Kültəpə və başqa ərazilərdə aparılmış arxeoloji qazıntılar zamanı misli görünməmiş yeni elmi tapıntılarla Naxçıvanın tarixində yeni səhifələr açılmışdır. AMEA-nın həqiqi üzvü, tarix üzrə elmlər doktoru, professor İsmayıl Hacıyev, AMEA-nın müxbir üzvləri, tarix üzrə elmlər doktorları Vəli Baxşəliyev, Qadir Qədirzadə, professor Fəxrəddin Səfərli və başqaları Naxçıvanda tarix elminin inkişafına mühüm töhfələr vermişlər. “Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan”, “Qədim Şərur”, “Qədim Ordubad”, “Naxçıvan və naxçıvanlılar”, “Naxçıvanın arxeologiyası”, “Nuh peyğəmbər, dünya tufanı və Naxçıvan”, “Naxçıvanın epiqrafik abidələri” və digər çoxsaylı fundamental əsərlər həm Naxçıvan tarixinin ayrı-ayrı sahələrini öyrənmək baxımından sanballılıq nümayiş etdirir, həm də Naxçıvan tarixçilik məktəbinin səciyyəvi cəhətlərini özündə təcəssüm etdirir. Bütün bu araşdırmaların nəticəsi olaraq AMEA Naxçıvan Bölməsinin alimləri tərəfindən çap olunan tədqiqat əsərləri və monoqrafiyalar, habelə Ali Məclisin təşkilatçılığı və Ali Məclis sədrinin qayğısı ilə keçirilən “Uluslararası qaynaqlarda Naxçıvan”, “Nuh peyğəmbər, dünya tufanı və Naxçıvan”, “Naxçıvan: ulu yaşayış və şəhərsalma yeri kimi”, “Naxçıvan: ilkin şəhər və Duzdağ”, “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir” adlı beynəlxalq simpoziumlarını, habelə Nuh peyğəmbərin məzar yerinin tapılması və məzarüstü türbəsinin restavrasiya olunmasını bu sahədə əldə edilmiş ən böyük nailiyyətlərdən hesab etmək lazımdır. Ali Məclis Sədrinin sərəncamı ilə hazırlanan “Naxçıvan tarixi” çoxcildliyinin birinci və ikinci cildlərinin nəşr edilməsi və üçüncü cildinin çapa hazırlanmasını isə Naxçıvanda elm adamlarının konkret uğurlu hesabatı kimi qiymətləndirmək olar. Bundan başqa, naxçıvanlı alimlərin və digər ölkələrdən - Amerika Birləşmiş Ştatları, Fransa, Türkiyə, İran, Rusiya və b. ölkələrdən qatılan elm adamlarının apardığı ciddi tədqiqatların nəticəsi olaraq Naxçıvanda Duzdağ mədəniyyətinin aşkarlanmasını, dünyanın ən qədim duzçıxarma sənəti və mədəninin məhz bu diyarda - Naxçıvanda olması faktının təsdiqini tapmasını düzgün elmi tədqiqatların nailiyyəti kimi qeyd etmək olar. Naxçıvanda aparılan qazıntılar zamanı əldə olunan tarixi abidələrin qorunub saxlanması və təbliğ edilməsi istiqamətində AMEA Naxçıvan Bölməsində Arxeologiya və Etnoqrafiya Muzeyinin yaradılması da məhz yeni təcrübə və nailiyyət kimi qiymətləndirilə bilər.

Naxçıvanda ədəbi mühit, folklor və ədəbi irsin toplanması, öyrənilməsi və nəşri baxımından ədəbiyyatşünaslıq və folklorşünaslıq elmlərinin diqqəti cəlb edən inkişaf yolu xüsusi vurğulanmalıdır. Azərbaycan ədəbiyyatşünaslığı sahəsində müstəqillik illərində yaranan yeni məktəblərdən biri kimi Naxçıvan ədəbiyyatşünaslıq məktəbinin yaranmasını uğurlu inkişafın nəticəsi kimi qeyd etmək olar. Görkəmli elm adamı, AMEA-nın həqiqi üzvü İsa Həbibbəylinin bilavasitə rəhbərliyi altında Naxçıvanda çoxsaylı ədəbiyyatşünas alimlərin yetişdiyi və Naxçıvan ədəbiyyatşünaslıq məktəbini formalaşdıran ənənələrin davam etdirilməsini vurğulamaq lazımdır. Çoxsaylı tədqiqatlar sayəsində görkəmli publisist, alim, poliqlot, naşir, Azərbaycanın ilk professorlarından biri, ictimai xadim Məhəmməd ağa Şahtaxtlının həyatı və yaradıcılığı ilə bağlı əsaslı materialların əldə edilməsini, əsərlərinin nəşrini, böyük ustad Cəlil Məmmədquluzadənin həyatı və yaradıcılığı istiqamətində yeni tərcümeyi-hal və yaradıcılıq faktlarının tapılmasını, bədii əsərlərinin təkrar çapını, görkəmli pedaqoq-yazıçı Məhəmməd Tağı Sidqi, Eynəli bəy Sultanov, Məmməd Səid Ordubadi və digər şəxsiyyətlərlə bağlı maraqlı materialların aşkar edilməsini nailiyyət kimi qiymətləndirmək olar. Naxçıvan folklor mühiti ilə bağlı elmi tədqiqatların aparılması, “Naxçıvan folklor antologiyası” kitabının 3 cilddə nəşr edilməsi, Naxçıvan folklor mühitini tədqiq və təhlil edən digər çoxsaylı elmi əsərlərin yaranması da folklorşünaslıq sahəsində əldə edilən nailiyyətlər kimi diqqəti cəlb edir.

Naxçıvanda dilçilik, sənətşünaslıq və başqa sahələr də elmi mühitə öz töhfələrini verir. Qeyd etmək lazımdır ki, elm sahələri arasında daha çox diqqəti cəlb edən və özünəməxsus nailiyyətlərlə səciyyələnən ictimai-humanitar elmləri aparıcı mövqeyə malikdir. Dilçiliyin bir elm kimi inkişafını səciyyələndirən mühüm amillərdən biri bu sahədə AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyev, AMEA-nın müxbir üzvü Adil Bağırov, filologiya elmləri doktorları Akif İmanlı, Sədaqət Həsənova və başqa alimlərin dilçilik elmində tanınması, çoxsaylı dilçi kadrların formalaşması ilə bağlıdırsa, digər tərəfdən mövzu-problem məsələsi ilə əlaqədar əhatə dairəsi, habelə dilçilik elminin tərkibində onomalogiya elminin fərqlənməsi və ayrılması prosesini şərtləndirən xüsusi inkişaf meyilləri və s. məsələlərlə əlaqədardır. Naxçıvan Muxtar Respublikasının dialekt və şivələri yeni müstəvidə, yeni səviyyədə və tələblər çərçivəsində məhz bu dövrdə öyrənilmiş, yeni toplama işləri aparılmış, daha təkmil dialekt sözlüyü hazırlanmışdır. Elə Naxçıvanla bağlı yer və yurd adlarının da araşdırılması bu mənada diqqətəlayiqdir.

AMEA Naxçıvan Bölməsində aparılan elmi-tədqiqat mövzuları Naxçıvanla sıx bağlıdır. Bu elmi tədqiqat mövzularının praqmatikliyi, regionun istehsalat sahələri və iqtisadiyyatı ilə bağlanması da diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikasında Ali Məclis Sədrinin rəhbərliyi ilə həyata keçirilən iqtisadiyyatın və özəl sektorun inkişafı siyasəti elmə və elmi nəticələrə istinadən bir tərəfdən elmlə iqtisadiyyatın, daha doğrusu, elmlə istehsalatın əlaqələndirilməsinə yol açmış, digər tərəfdən düzgün hesablanmış iqtisadi inkişafın elmə dayanıqlığını təmin etmişdir. Bu baxımdan Naxçıvanın bioresursları ilə əlaqədar aparılan elmi tədqiqatları və nəticələri ən böyük töhfə hesab etmək olar. Taxılçılığın inkişafı bölgəmiz üçün nə qədər əhəmiyyətlidirsə, o sahədə aparılan tədqiqatlar da bir o qədər genişmiqyaslıdır. Bu məqsədlə AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunda taxıl sortları ilə bağlı aparılan tədqiqatlar və əldə edilən uğurlu nəticələr düzgün qurulmuş elmi istiqamətdən xəbər verir. Həmçinin biomüxtəlifliyin tədqiqi istiqamətində həyata keçirilən tədbirlər muxtar respublikada həyata keçirilən bir sıra dövlət proqramlarının, o cümlədən ərzaq ehtiyatı yaradılması, taxılçılığın, meyvəçilik və tərəvəzçiliyin inkişafı və başqa bu kimi proqramların reallaşdırılması işinə də öz töhfələrini verməkdədir.

Haqqında bəhs olunan bu elmi potensialın mövcudluğu hesabına Ali Məclis Sədrinin sərəncamları ilə Naxçıvanın tarixi, mədəni və digər abidələri qeydə alınmış, pasportlaşdırılmış, bunun elmi yekunu olaraq “Naxçıvan abidələri” adlı sanballı, tamamilə yeni, iki dildə (Azərbaycan və ingilis) ensiklopediya işıq üzü görmüşdür. Naxçıvan elm adamlarının qüvvəsi çərçivəsində iki cilddə “Naxçıvan ensiklopediyası”, “Naxçıvan abidələri ensiklopediyası”, “Naxçıvanın tarixi atlası”, “Naxçıvanın folklor antologiyası” (3 cilddə), “Azərbaycan xalçaları Naxçıvan qrupu”, “Naxçıvanın teatr salnaməsi”, Naxçıvanın flora və faunasına aid “Qırmızı kitab”lar, “Naxçıvanın arxeoloji abidələri”, “Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan”, “Qədim Şərur”, “Naxçıvan və naxçıvanlılar”, “Nuh peyğəmbər, dünya tufanı və Naxçıvan”, “Azərbaycan Respublikası şənlik-mərasim nəğmələri”, “Naxçıvan ağızları” (türk dilində), “Naxçıvan tarixi” çoxcildliyinin iki cildi və başqa qiymətli əsərlər işıq üzü görmüşdür.

Bu gün xeyli sayda faktlar sadalamaq olar ki, məhz dövlətimizin elmə göstərdiyi qayğısı nəticəsində alimlərimiz böyük uğurlara imza atmışlar. Bu uğurları nəzərə alan Azərbaycan dövləti və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev elm xadimlərinin uğurlarını yaddan çıxarmamış, onları bir sıra mükafatlarla təltif etmişdir.

Hazırda AMEA-nın Naxçıvan Bölməsində yeni avadanlıqlarla təchiz edilmiş laboratoriyalar yaradılmış, xüsusilə dünya kitabxanaları ilə bilavasitə keyfiyyətli əlaqəni təmin edən elektron kitabxana qurulmuşdur.

Ramiz QASIMOV,

AMEA Naxçıvan Bölməsinin böyük elmi işçisi,

filologiya üzrə fəlsəfə doktoru, dosent

 

Azərbaycan.- 2015.- 13 avqust.- S. 5.