Regionların
tərəqqisi ölkənin ümumi inkişafının əsas
göstəricilərindəndir
Dövlət ölkədə hərtərəfli inkişafı təmin etmək məqsədilə ardıcıl, uğurlu islahatlar həyata keçirir. Xüsusilə də aqrar sektorda reallaşan islahatlar ildən-ilə məhsul artımına geniş imkanlar yaradır. Lakin təkcə aqrar sektorda keçirilən islahatlar və bu sahəyə göstərilən maddi və texniki dəstək regionların ümumi inkişafı üçün yetərli deyil. Buna görə də bölgələrdə iqtisadi və sosial layihələri həyata keçirmək, regionların sosial-iqtisadi inkişafını təmin etmək üçün dövlət proqramları qəbul olundu.
Bu proqramlarda hər bir rayonda, hətta hər bir kənddə həyata keçiriləcək iqtisadi və sosial layihələr öz əksini tapıb. Bununla yanaşı, həmin proqramların icra müddəti də müəyyən edilib. Keçən dövr dövlət tərəfindən həyata keçirilən bu iqtisadi və sosial proqramların əhəmiyyəti ölkənin ümumi inkişafında özünü açıq şəkildə göstərdi.
Ümumiyyətlə, indiyədək regionların sosial-iqtisadi inkişafı ilə bağlı üç Dövlət Proqramı qəbul edilib. Əvvəllər qəbul olunmuş hər iki proqram uğurla icra edilib. Hazırda üçüncü proqram icra olunur. Prezident İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransda bu sənədlərin əhəmiyyətinə toxunaraq demişdir: “2004-cü ildə birinci proqramın qəbul edilməsi tarixi hadisə idi. Yadımdadır, 2003-cü ildə prezident seçkiləri ərəfəsində bəyan etmişdim ki, əgər xalq mənə etimad göstərsə, ilk növbədə regionların inkişafı ilə məşğul olacağam və proqram qəbul ediləcəkdir. Belə də oldu, 2004-cü ilin fevralında regionların sosial-iqtisadi inkişafı birinci Dövlət Proqramı qəbul olunmuşdur və 5 il ərzində uğurla icra edilmişdir. O vaxt bəyan etmişdim ki, 600 min iş yeri yaradılacaqdır. Ancaq ondan daha çox iş yerləri yaradılmışdır. Baxmayaraq ki, o vaxt bizim böyük maliyyə resurslarımız yox idi, valyuta ehtiyatlarımız çox məhdud idi, iqtisadiyyat çoxşaxəli deyildi və neftdən gələn gəlirlər hələ ki qabaqda idi. Buna baxmayaraq, düşünülmüş siyasət nəticəsində və xalqın böyük dəstəyi ilə biz birinci proqramı uğurla başa vurduq və ikinci proqram qəbul edildi. Əlbəttə ki, ikinci proqramı qəbul edərkən artıq Azərbaycan dəyişmişdi. 2009-cu ildə Azərbaycan artıq ayaqda möhkəm dayanmışdı. Artıq bizim gəlirlərimiz gəlməyə başlamışdı. Ona görə hələ 2009-cu ildə ikinci proqramın icrası ilə bağlı demişdim ki, mən heç bir problem görmürəm. O proqram da artıqlaması ilə icra edilmişdi”.
Dövlət başçısının çıxışından da göründüyü kimi, qəbul edilən proqramlar regionların inkişafında, ümumilikdə isə ölkənin sosial-iqtisadi baxımdan tərəqqisində mühüm rol oynayır. Üçüncü proqramın birinci ilinin nəticələri də bunu təsdiqləyir. İl ərzində 960 kilometr ölkə və yerli əhəmiyyətli avtomobil yolu, 30 yeni körpü və yol ötürücüləri tikilib, yaxud təmir olunub. Bu dövrdə kənd yollarının tikintisi davam edib, 960 min nəfər əhali yaşayan 597 yaşayış məntəqələrini birləşdirən 1300 kilometr uzunluğunda kənd yollarının çəkilməsi və yenidən qurulması işləri həyata keçirilib. Bunlardan əlavə, bölgələrdə 155 məktəb, 30 tibb müəssisəsi, 11 gənclər və idman, 43 mədəniyyət və digər sosial obyektlər tikilib və ya əsaslı təmir olunub. Ötən il sosial cəhətdən ən çox müdafiəyə ehtiyacı olan məcburi köçkünlərin ehtiyacları da diqqətdən yayınmayıb. Məcburi köçkünlər üçün 47 yeni yaşayış kompleksi salınıb, 4450 ailənin və ya 22 min məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb, əlil və şəhid ailələri üçün 5 yaşayış binası istifadəyə verilib.
Son dövrlər ölkənin paytaxtında və böyük şəhərlərində yaradılan texnoparklar milli iqtisadiyyatımızda uğurlu hadisəyə çevrilib. İndi dövlət onu digər formada, sənaye məhəllələri şəklində hər bir rayonda tətbiq etməyə qərar verib. Bu o deməkdir ki, müəyyən vaxt keçdikdən sonra hər bir rayonda böyük sənaye potensialı yaranacaq. Artıq pilot layihə kimi Neftçala rayonu seçilib. Yerli sahibkarlar bu layihəyə öz dəstəklərini verirlər. Deməli, yeni layihələrin regionlarda icrası üçün maliyyə və işgüzar potensial var. Regionlarda yaradılacaq yeni sənaye müəssisələri həm bölgənin inkişafında, həm də burada yaşayan əhalinin məşğulluğunun təminatında önəmli rol oynayacaq. Belə ki, son illər sənaye müəssisələrinin çox hissəsi regionlarda inşa olunub. Təkcə dövlətin 240 milyon manat maddi dəstəyi, başqa sözlə, güzəştli kredit sayəsində 19 rayonda 40 quşçuluq təsərrüfatı, 13 rayonda 20 heyvandarlıq və 8 rayonda südçülük kompleksləri, 6 rayonda ət kəsimi və emalı müəssisələri yaradılıb. Bunun nəticəsidir ki, son 3 il ərzində ət və ət məhsullarının idxalı əhəmiyyətli dərəcədə azalıb. Eyni zamanda, 20 rayonda 33 intensiv bağçılıq və üzümçülük təsərrüfatına, 9 rayonda 37 istixana kompleksinə və 11 rayonda 16 meyvə-tərəvəz emalı müəssisələrinə 171 milyon manat güzəştli kredit verilib. Bu isə həmin növ məhsullarla ölkənin daxili tələbatının ödənilməsi ilə bərabər, idxal imkanlarımızın artması deməkdir. Ümumiyyətlə, ötən il bölgələrdə 105 sənaye müəssisəsi yaradılıb və “Sənaye ili”ndə bütünlükdə ölkə üzrə qeyri-neft sənaye məhsullarının istehsalı 3 faiz artıb.
Qeyri-neft sektorunda sənayedən sonra ən böyük çəkiyə malik sahə kənd təsərrüfatıdır. Aqrar sektorun inkişafı regionların tərəqqisinə təkan verməklə yanaşı, əhalinin sosial rifahının yaxşılaşmasında, xüsusən də işsizliyin aradan qaldırılmasında mühüm rol oynayır. Onun digər əhəmiyyəti isə ölkənin ərzaq təhlükəsizliyinin təminatının qarantı olmasıdır. Son illər ərzaq təhlükəsizliyinin təmin edilməsi daha çox strateji əhəmiyyət daşımağa başlayıb. Səbəb də budur ki, indi ölkələr arasında baş verən siyasi qarşıdurmalar həm də iqtisadi təzyiq vasitəsinə çevrilib. Hər bir ölkə iqtisadi sahədə malik olduğu üstünlüklərdən istifadə edərək digər dövlətlərə siyasi təzyiq göstərir. Bu, əvvəllər ən çox enerji daşıyıcıları vasitəsilə edilərdi. İndi isə ərzaq satışından da siyasi alət kimi istifadə etməyə başlayıblar. Biz bunu Qərbin Rusiyaya tətbiq etdiyi iqtisadi sanksiyalardan aydın görürük. Belə imkandan Rusiya da öz növbəsində yararlanır. Məsələn, ötən il Rusiya ölkədən taxıl idxalına qadağa qoydu. Bütün bunlar onu göstərir ki, hər bir dövlət öz ərzaq təhlükəsizliyini təmin etməlidir. Bu, ciddi siyasi və hərbi qarşıdurma regionunda yaşayan ölkəmiz üçün də çox önəmlidir.
Elə bu səbəblərdən Azərbaycanda cari il “Kənd təsərrüfatı ili” elan olunub. Düzdür, əvvəllər də ölkədə kənd təsərrüfatının inkişafına dövlət daim qayğı göstərib, nəticədə aqrar sektorda xeyli uğurlar qazanılıb.
Statistik rəqəmlərdən görünür ki, ölkədə istehsal olunan taxıl tələbatın 60 faizini ödəyir. Bu problemi aradan qaldırmaq üçün 12 rayonda 30 min hektardan çox sahədə 19 iri fermer təsərrüfatının yaradılması üçün 47 milyon manat güzəştli kredit verilib. Belə təsərrüfatlarda məhsuldarlıq adətən yüksək olur. Məsələn, ötən dövr ərzində kiçik və orta fermer təsərrüfatlarında məhsuldarlıq 23 sentner olduğu halda, iri fermer təsərrüfatlarında bu rəqəm 50 sentnerə çatmışdır.
Aqrar sektora dövlətin göstərdiyi dəstək nəticəsiz qalmayıb. Bu sahədə məhsuldarlıq ildən-ilə dinamik şəkildə artmaqda davam edir. Cari ildə isə taxılçılıqda yeni rekord müəyyənləşib. Belə ki, mövsüm ərzində biçilməsi nəzərdə tutulan 915212 hektar payızlıq və yazlıq dənli və dənli paxlalıların (qarğıdalısız) məhsulunun vaxtında, mütəşəkkil və itkisiz yığılmasını təmin etmək üçün 2241 kombayn biçinə cəlb edilib və biçin kampaniyası uğurla başa çatdırılıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, cari ilin avqustun 3-nə olan sahələrin 99,2 faizi biçilib. Hər hektardan 30,5 sentner olmaqla 2766006 ton taxıl yığılıb. O cümlədən, 539715 hektar buğda sahəsinin 99,5 faizi biçilərək hər hektardan 31,3 sentner məhsul götürülüb. Göstərilən tarixə taxıl üzrə məhsuldarlıq ötən mövsümə nisbətən 33,8 faiz, o cümlədən buğda üzrə 30,4 faiz yüksəkdir. Qeyd edək ki, bu, taxılçılıqda rekord göstəricidir. Bundan əvvəl ən yüksək məhsuldarlıq 2008-ci ildə qeydə alınıb ki, bu da 27,9 sentner olub.
Göründüyü kimi, regionların sosial-iqtisadi inkişafı ölkənin ümumi tərəqqisində mühüm rol oynayır. Bölgələrin inkişafı ümumilikdə ölkənin qeyri-neft sektorunda məhsul istehsalının artmasına da imkan verir. Qeyri-neft sənayesi ilə aqrar sektorun paralel inkişafı bölgələrin sosial-iqtisadi tərəqqisinə, əhalinin işlə təminatına və rifah halının yaxşılaşmasına şərait yaradır. Yeri gəlmişkən onu da qeyd edək ki, bölgələrdə yaradılan yeni sənaye müəssisələrində məhsul istehsalı zamanı yerli xammaldan da istifadə olunur. Bu isə öz növbəsində digər sahələrin inkişafına təsir edir.
Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransda Prezident qeyri-neft sənayesinin ölkə üçün əhəmiyyətini qeyd edərək demişdir: “Qeyri-neft sektorunun inkişafı bizim üçün həmişə prioritet olub. Bunun nəticəsidir ki, bu gün ölkə iqtisadiyyatı dünyada çoxşaxəli iqtisadiyyat kimi tanınır. Keçən il qeyri-neft sektorumuz 7, 2013-cü ildə isə 9 faiz artmışdır. Bizim ümumu daxili məhsulumuzun tərkibində qeyri-neft sektoru üstünlük təşkil edir. Getdikcə bu rəqəm daha da artacaq və artmalıdır. Biz, əlbəttə ki, bu məqsədlərə çatmaq üçün lazımi tədbirləri görürük. Burada sahibkarlığın inkişafı, əlbəttə ki, öz müsbət rolunu oynayır. Çünki qeyri-neft sektorumuz sahibkarlığın inkişafı hesabına böyük dərəcədə tərəqqi edir”.
Rüstəm
KAMAL,
Azərbaycan.- 2015.- 14 avqust.- S. 1, 2.