Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən siyasət beynəlxalq qurumlar tərəfindən təqdir edilir

 

Bu gün ölkədə həyata keçirilən siyasətin başlıca məqsədi modernləşmə mərhələsini də sürətlə başa vuraraq Azərbaycanı inkişaf etmiş ölkələr səviyyəsinə yüksəltmək, demokratik idealların cəmiyyətdə möhkəmlənməsinə nail olmaq, yeni düşüncəli vətəndaş yetişdirməkdir. Yeni dövrün milli ideallarına çevrilən bu məqsədlərin reallığa adekvatlığı isə qətiyyən şübhə doğurmur. Ən azı bu baxımdan ki, Azərbaycan özünün çoxminillik dövlətçilik tarixində heç zaman indiki kimi güclü, qüdrətli, özünəinamlı olmamışdır.

İnsan hüquq və azadlıqlarının yüksək inkişaf mərhələsinə çatmış qabaqcıl dövlətlərin təcrübəsi göstərir ki, cəmiyyətin təkamül sistemini, habelə dövlət idarəçilik mexanizmlərinin səmərəli fəaliyyətini tənzimləyən qanunların dövrün tələblərinə uyğun müasirləşdirilməsi davamlı və zəruri səciyyə daşıyır. Bu istiqamətdə həyata keçirilən mütərəqqi islahatların praktik nəticələr verməsi isə daha çox tətbiq olunan yeniliklərin zamanla nə dərəcədə səsləşməsi, cəmiyyətin inkişaf tempinə uyğunluğu ilə şərtlənir. Hər bir islahatın uğuru həm də onun aktuallığından, miqyasından, ən başlıcası, vətəndaşların hüquq və azadlıqlarını özündə yüksək səviyyədə əks etdirməsindən asılıdır.

Son illər ölkədə məhkəmə-hüquq və ədliyyə sisteminin inkişafı üzrə aparılan islahatlar çərçivəsində ədalət mühakiməsinin səmərəli həyata keçirilməsində, vətəndaşların pozulmuş hüquqlarının bərpasında mühüm əhəmiyyət kəsb edən məhkəmə qərarlarının icrası işinin yaxşılaşdırılması ardıcıl xarakter daşıyır, bu sahədə mövcud çatışmazlıqların, nöqsanların aradan qaldırılması üzrə təsirli tədbirlər görülür. Ötən 12 ildə hüquqa və ədalətə söykənən sivil cəmiyyət quruculuğu prosesi uğurla davam etdirilərək korrupsiyaya qarşı mübarizə tədbirlərinin miqyası daha da genişlənmişdir. Korrupsiyaya qarşı mübarizədə ardıcıl və praktiki tədbirlər həyata keçirilir. Regionun aparıcı dövlətinə çevrilmiş Azərbaycanın iqtisadiyyatı ildən-ilə sürətlə inkişaf edir. Məhz Azərbaycanın güclü iqtisadi inkişafından qaynaqlanan amillərlə əlaqədar korrupsiyaya qarşı mübarizə üsullarının da təkmilləşdirilməsi zərurəti yaranmışdır.

Azərbaycan Respublikası korrupsiyaya qarşı mübarizə sahəsində bütün beynəlxalq təşəbbüslərə qoşulmuş, o cümlədən Avropa Şurasının “Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında” və “Korrupsiya ilə əlaqədar mülki məsuliyyət haqqında”, Birləşmiş Millətlər Təşkilatının “Korrupsiyaya qarşı” konvensiyalarını imzalamaqla ölkəmizdə milli dövlətçilik ənənələrinə və müvafiq dünya standartlarının tələblərinə cavab verən qanunvericilik bazası formalaşdırılmışdır.

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi korrupsiyaya qarşı mübarizə sahəsində BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı Mübarizə Aparan Ofisi (UNODC), Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupu (GRECO), Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyası (IAACA), Beynəlxalq Prokurorlar Assosiasiyası və digər beynəlxalq təşkilatlar, xarici ölkələrin hüquq-mühafizə orqanları və korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış qurumları ilə əməkdaşlıq edir. Avropa İttifaqının (Aİ) Şərq Əməkdaşlıq və Qonşuluq Siyasəti kontekstində həyata keçirilən və Avropa standartlarına uyğun şəkildə təşkilati quruluş prosesinə dəstək vermək məqsədi daşıyan Tvinninq Proqramı çərçivəsində Aİ ekspertləri ilə birgə hazırlanmış və Litva Respublikasının Xüsusi İstintaq Xidməti ilə birgə həyata keçirilən “Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə dəstək” layihəsi 2011-ci ildə uğurla başa çatdırılmışdır.

Cəmiyyətin demokratikləşməsi millətin intellektual potensialının həyata keçirilməsinə, yeni sivilizasiyaya yaxınlaşmağa meydan açır. Ancaq demokratikləşmənin özü də milli ideyaya bağlı olmasa, sosiumun milli özəlliyi nəzərə alınmasa, uğursuzluğa məhkumdur. Milli ideyanın millətin inkişafına, dövlətin tərəqqisinə tam dolğun xidmət etməsi üçün o, cəmiyyəti innovasiyalı modernləşməyə istiqamətləndirməlidir. Ümumilikdə isə Prezident İlham Əliyevin 2011-ci il 27 dekabr tarixli “Azərbaycan Respublikasında İnsan Hüquqları sahəsində Milli Fəaliyyət Proqramı”, 23 may 2011-ci il tarixli “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” fərmanı demokratik və açıq cəmiyyətin qurulması baxımından yeni imkanlar açmışdır.

Prezident İlham Əliyev ölkəmizdə korrupsiyaya qarşı mübarizə tədbirlərinin daha sistemli, genişmiqyaslı və səmərəli həyata keçirilməsinin təmin edilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiə edilməsi, əhalinin sosial rifahının yüksəldilməsinə yönəlmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” 2012-ci il 5 sentyabr tarixli sərəncamı ilə təsdiq etmişdir. Əsas məqsədi korrupsiyaya qarşı mübarizəni vahid strategiya çərçivəsində qurmaq və bu sahədə görülən tədbirləri daha səmərəli surətdə davam etdirməkdən ibarət olan Milli Fəliyyət Planı dövlət idarəçiliyində şəffaflığın artırılması, ərizə və şikayətlərə baxılması işinin, qanunvericilik bazasının, institusional mexanizmlərin, korrupsiyaya qarşı mübarizə üzrə ixtisaslaşmış qurumların fəaliyyətinin təkmilləşdirilməsi, dövlət müəssisələrində korporativ idarəetmə prinsiplərinin tətbiqinin genişləndirilməsi, beynəlxalq əməkdaşlığın, vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın inkişaf etdirilməsinə yönəldilmişdir.

Ölkə başçısı İlham Əliyevin 2012-ci il 5 sentyabr tarixli sərəncamı ilə, eyni zamanda, əsas istiqamətləri dövlət idarəçiliyində hesabatlılığın təmin edilməsi, ictimaiyyətin iştirakının genişləndirilməsi, yeni texnologiyaların tətbiqinin dəstəklənməsi olan Açıq Hökumətin təşviq edilməsinə dair Milli Fəaliyyət Planı da təsdiq edilmişdir. Bu Milli Fəaliyyət Planının qəbul edilməsi Azərbaycanın beynəlxalq səviyyədə başlanılan Açıq Hökumət Tərəfdaşlığına qoşulan ilk dövlətlərdən biri kimi bu prinsiplərə sadiqliyini bir daha nümayiş etdirir. Açıq Hökumət Tərəfdaşlığının prinsiplərinə müvafiq olaraq dövlət orqanları tərəfindən fəaliyyətləri barədə ictimaiyyətə geniş məlumatlar verilməsi, qərarların qəbulu prosesində vətəndaş cəmiyyətinin rolunun artırılması, elektron xidmətlərin genişləndirilməsi, əhaliyə təqdim olunan xidmətlərin keyfiyyətinin artırılması kimi mühüm elementləri özündə əks etdirən bu Milli Fəaliyyət Planı ilk növbədə idarəçilikdə şəffaflığı təmin edən bütün komponentləri özündə birləşdirməklə yanaşı, korrupsiyaya qarşı mübarizə işinə mühüm töhfə verməyə başlamışdır. Təsadüfi deyil ki, ən müxtəlif vaxtlarda dünyanın nüfuzlu araşdırma mərkəzləri, beynəlxalq vətəndaş cəmiyyəti institutları və qeyri-hökumət təşkilatları Azərbaycanın korrupsiyaya qarşı mübarizə sahəsində əldə etdiyi uğurlar barəsində yüksək fikirlər səsləndirmişlər.

Azərbaycanda korrupsiyaya qarşı aparılan mübarizə tədbirləri nüfuzlu beynəlxalq qurumlar tərəfindən də diqqətlə izlənilir və vaxtaşırı bununla bağlı hesabatlar təqdim edilir. 2013-cü il sentyabrın 23-25-də Paris şəhərində OECD təşkilatının (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planı çərçivəsində Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində 2010-2013-cü illərdə həyata keçirilmiş tədbirləri dəyərləndirən hesabatı qəbul edilmişdir. Hesabatda Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən siyasət ümumən təqdirəlayiq hesab edilmiş və bu sahədə əldə edilmiş nailiyyətlər vurgulanmışdır. Dəyərləndirmə Azərbaycanda antikorrupsiya siyasəti, antikorrupsiya qanunvericiliyi və korrupsiyanın qarşısının alınması istiqamətləri üzrə həyata keçirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli sərəncamı ilə təsdiq etdiyi Açıq Hökumətin təşviq edilməsinə dair və Korrupsiyaya qarşı mübarizə üzrə milli fəaliyyət planları, ölkə rəhbərliyinin təşəbbüsü ilə yaradılan və artıq uğurla vətəndaşlara xidmət göstərən “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti və elektron xidmətlərin əhatəsinin genişlənməsi ilə bağlı imzalanan fərman və sərəncamlar müsbət məqamlar kimi qeyd olunur. Azərbaycanda korrupsiyaya qarşı mübarizə ilə bağlı qanunvericiliyin bütün beynəlxalq tələblərə cavab verməsi xüsusilə vurğulanır və bu sahədə təşkilat tərəfindən əvvəl müəyyən edilmiş bütün tövsiyələrin tam icra edildiyi bildirilir.

Qeyd edək ki, “Transparency İnternational” təşkilatının açıqladığı “2013-cü il Qlobal Korrupsiya Barometri” hesabatı da Azərbaycanda Korrupsiyaya qarşı mübarizə sahəsində ciddi irəliləyişlərin olmasını təsdiq etmişdir. Belə ki, hesabata əsasən demək olar ki, ölkəmizdə bütün sahələrdə korrupsiyanın səviyyəsi azalmışdır. Azərbaycanda respondentlərin 73 faizi hesab edir ki, ölkədə korrupsiyanın səviyyəsi artmayıb. 68 faiz respondent isə hesab edir ki, Azərbaycanda dövlət tərəfindən həyata keçirilən korrupsiyaya qarşı mübarizə tədbirləri səmərəlidir. Bu isə hesabatda qeyd edilən dünya ölkələri üzrə müəyyən edilmiş 22 faiz orta göstəricisindən 3 dəfə artıqdır. OECD-nin Baş Qərargahında keçirilən iclasda OECD-nin rəhbər heyəti ilə yanaşı, OECD üzv ölkələrinin və ATƏT, Avropa Şurası, Dünya Bankı və digər nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri də iştirak etmişlər.

“Transparency İnternational” təşkilatının beynəlxalq hesabatı olan “Azərbaycanın Milli Şəffaflıq Sisteminin Qiymətləndirməsi-2014” hesabatı da bu baxımdan diqqəti cəlb edir. Hesabatın beynəlxalq təqdimatı 3 iyul 2014-cü il tarixində Brüssel şəhərində baş tutmuşdu. Hesabatda qeyd edilir ki, son zamanlar korrupsiyanın cinayət əməli kimi təsbit edilməsi, dövlət qulluğuna qəbulda nailiyyətlər, hüquq-mühafizə orqanlarında islahatlar, “ASAN xidmət” mərkəzlərinin və elektron xidmətlərin yaradılması ilə Azərbaycan hökuməti korrupsiyaya qarşı mübarizə, eləcə də qabaqlayıcı tədbirlər görmək istiqamətində uğurlar əldə edə bilib.

Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi strateji kursun mükəmməl konseptual əsaslarla davam etdirilməsi nəticəsində ötən dövrlərdə olduğu kimi, 2015-ci ilin birinci rübü ərzində də bütün sahələrdə mühüm nailiyyətlər qazanılmaqla irimiqyaslı uğurlara imza atılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin böyük siyasi iradə, əzm və qətiyyəti hesabına davamlı iqtisadi tərəqqi, xalqın rifahının yüksəldilməsi, müasir dünyada mövcud olan siyasi-iqtisadi vəziyyət, qlobal maraqlar sistemi nəzərə alınmaqla ölkəmizin davamlı inkişafı, korrupsiya və rüşvətxorluğa qarşı kəsərli mübarizə tədbirləri inamla həyata keçirilib. Ötən dövr ərzində dövlət başçısının siyasi fəaliyyətinin prioritet istiqamətlərindən olan korrupsiyaya qarşı mübarizə tədbirləri daha intensiv xarakter almış, mütərəqqi institusional tədbirlər həyata keçirilmişdir.

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin adı dəyişdirilərək Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi adlanmış və statusu artırılmaqla səlahiyyətləri daha da genişləndirilmişdir. Prezident İlham Əliyevin 24 iyul 2014-cü il tarixli fərmanı ilə “Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əsasnaməsinin və prokurorluq işçilərinin ümumi say tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 28 oktyabr tarixli 138 nömrəli fərmanında dəyişikliklər edilərək baş idarə əməkdaşlarının ştat vahidi 100-dən 140-a çatdırılıb. 9 yanvar 2015-ci il tarixdə Azərbaycan Respublikasının baş prokuroru tərəfindən baş İdarənin yeni strukturu, idarə və şöbələri təsdiq edilmiş və əməkdaşlar yeni strukura uyğun vəzifələrə təyin olunmuşlar.

Cari ildə korrupsiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlığın önəmini və qarşılıqlı təcrübənin paylaşılmasının əhəmiyyətini nəzərə almaqla bu sahədə ixtisaslaşmış beynəlxalq təşkilatlarla əlaqələrin qurulmasına və daha da inkişaf etdirilməsinə daim böyük önəm verilib. Avropa Yenidənqurma və İnkişaf Bankı ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində mühüm uğurlar əldə edildiyini, Azərbaycan hökumətinin korrupsiyaya qarşı yönəlmiş addımlarını və Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyətini yüksək qiymətləndirmiş, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsini uğurlu model kimi dəyərləndirərək bu qurumun digər ölkələr üçün nümunə olduğunu, Azərbaycan brendi olan “ASAN xidmət” mərkəzlərinin fəaliyyətini isə ən uğurlu qabaqlayıcı tədbir kimi qiymətləndirib.

Korrupsiyaya qarşı mübarizə Prezident İlham Əliyevin fəaliyyətinin prioritet istiqamətlərindən birini təşkil etməklə bu sahədə ardıcıl və praktiki tədbirlər həyata keçirilir. Azərbaycan cəmiyyəti korrupsiya, rüşvətxorluq və digər neqativ hallarla mübarizənin gücləndirildiyini, artıq ortada ciddi nəticələr olduğunu görür, bunu təqdir edir.

 

Elnur HACALIYEV,

 

Azərbaycan.- 2015.- 14 avqust.- S. 2.