Azərbaycanın Baş naziri Monqolustan Ədliyyə Nazirliyinin Sərhəd Mühafizə
Baş İdarəsinin
rəisi ilə görüşüb
Avqustun 13-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə ölkəmizdə səfərdə olan Monqolustan Ədliyyə Nazirliyinin Sərhəd Mühafizə Baş İdarəsinin (SMBİ) rəisi general-mayor Şarxuu Lxaçinjav ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan ilə Monqolustan arasında əlaqələrin dirçəldilməsinin müasir dövrdə əhəmiyyət kəsb etdiyini vurğulayan tərəflər, həmçinin Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ilə Monqolustan Ədliyyə Nazirliyinin Sərhəd Mühafizə Baş İdarəsi arasında əlaqələrin də inkişafının zəruriliyini vurğulayıblar.
Söhbət zamanı sərhəd təhlükəsizliyi üzrə əməkdaşlığın perspektivinə toxunularaq sərhəd nəzarəti və mühafizəsi, buraxılış məntəqələrinin fəaliyyəti, dövlət sərhədindəki əməliyyat şəraiti, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və s. məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Xüsusən ölkəmizin Dövlət Sərhəd Xidmətinin müasir təlim-tədris sistemindəki qabaqcıl təcrübəsi nəzərə alınmaqla, monqolustanlı gənclərin də bu tədris bazasında peşə hazırlığı keçməsinin faydalı olacağı bildirilib.
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunları Komandanı, general-polkovnik Elçin Quliyev görüşdə iştirak edib.
AZƏRTAC
Azərbaycan.- 2015.- 14 avqust.- S. 2.