İsmayıllı xarici qonaqları
heyran edir
Vaxt ötdükcə ölkəmizin ilk Avropa Oyunları kimi möhtəşəm bir tədbiri necə yüksək səviyyədə təşkil etdiyinin daha çox fərqində oluruq. Azərbaycanın nəyə qadir olduğunu dost da gördü, düşmən də. Nağıllar dünyasını xatırladan əsrarəngiz Bakı gecələri, vətəndaşlarımızın istiqanlılığı, qonaqpərvərliyi ilk Avropa Oyunlarının iştirakçılarının, eləcə də qonaqların və turistlərin etiraflarına görə yaddaşlarından uzun illər silinməyəcək, şirin bir xatirə kimi qəlblərində tez-tez vərəqlənəcək.
Bu xatirələr təkcə paytaxt Bakı ilə deyil, füsunkar bölgələrimizlə də bağlıdır. Həmin günlər İsmayıllıda, Qəbələdə, Şəkidə, Qaxda, Zaqatalada rastlaşdığımız turistlər Oyunlardakı fasilələrdən istifadə edib. Bir günlüyə də olsa bu gözəl bölgələrə baş çəkməyi qərara almışdılar. Paytaxtımız kimi, bölgələrimizin də inkişafı, səliqə-sahmanı, hamar yolları, qədimliklə müasirliyin qovuşduğu tikililəri, abad küçələri, insanların qonaqlara göstərdiyi böyük hörmət və ehtiramı turistləri heyran edirdi.
Bu heyranlığı həmin günlər İsmayıllıda da gördük. Uca Yaradanın bu dağlar diyarına bəxş etdiyi gözəlliklər insan zəhməti ilə daha da cilalanıb. Dövlətin yüksək qayğısı sayəsində son illər İsmayıllı da gələn müsafirləri heyrətləndirən bir bölgəyə çevrilib. Həmin unudulmaz günlərdə İsmayıllıda rastlaşdığımız polşalı turist Pyotr Merta da bu gözəl şəhərə valeh olduğunu səmimiyyətlə dilə gətirdi: “İsmayıllı çox gözəl və maraqlı şəhərdir. Təbiəti, yaşıllığı göz oxşayır. Adətən, dağlar qoynunda yaşayan insanlar qədim geyimləri ilə seçilirlər. Ancaq burda fərqlidir-insanlar, xüsusi ilə gənclər çox müasirdir, mehriban və ünsiyyətcildirlər. Hiss olunur ki, inkişaf etmiş şəhərdir. Basqalı və Lahıcı da çox tərifləyirlər. Ora da gedəcəyik. Yaxşı ki, Avropa Oyunları sizin ölkənizdə keçirildi, gözəl paytaxtınızla, füsunkar İsmayıllı ilə tanışlıq imkanımız oldu. Gördüklərimizi uzun zaman unutmayacağıq. Xalqınıza uğurlar arzulayırıq”.
Bu səmimi sözləri digər turistlərdən də eşitmək mümkün idi. İsmayıllı həmin günlər ilk Avropa Oyunlarının yaratdığı möhtəşəm bayram sevincini yaşadı. Bu sevinc duyğuları Oyunların məşəlinin rayonda qarşılanmasından sonra atletlərimiz medalları sıralayanda daha da artdı.
Rayonun özündə isə müxtəlif tədbirlər keçirilirdi. Öncə həmin günlər rayonun iri qəsəbə və kəndlərində - Lahıcda, Qalınçaqda, İvanovkada turistlərin də böyük razılığına səbəb olan yeni bankomatların qoyulmasını qeyd etməliyik. Hansısa alış-veriş üçün elə kəndin içindəcə bankomatdan pul çəkə bilməyin məmnunluğunu təsəvvür etmək elə də çətin deyil.
Oyunlar ərəfəsində rayonun “Qaranohur” ərazisində Girdman çayı üzərindən keçən asma tor körpünün yenidən qurulub istifadəyə verilməsi də yerinə düşdü. Bu əsrarəngiz körpüdən keçməklə turistlər yaddaşlarına daha bir unudulmaz xatirə yazdılar.
Oyunlar dövründə rayonda gənclər və yaşlılar arasında şahmat, 10 komandanın qatıldığı futbol üzrə rayon birincilikləri keçirildi. 13 yaşlı qızlar arasında keçirilən futbol turnirini də qeyd etmək olar. Böyük qardaşları kimi, Hacıhətəmli qızları da birinciliyə yüksəldilər.
İsmayıllının inkişafı, abadlıq-quruculuq işlərinin geniş vüsət alması gənclərin idmana, təhsilə bağlılığına müsbət təsir edir. Gənclər bilirlər ki, tikinti-quruculuq da, abadlıq da, yaradılan şərait də, başqa sözlə, hər şey onlar üçün, onların gələcəyi üçündür. Bu baxımdan rayonda həyata keçirilən sosial infrastruktur layihələrinin böyük əhəmiyyəti var.
Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun səyyar qəbullarında verilən təkliflərə həssaslıqla yanaşılır, operativ və müvafiq tədbirlər görülür. Bu işlər sırasında Basqal qəsəbəsinə qaz çəkilişini qeyd edə bilərik. Növbədə Lahıc qəsəbəsi, Qaraqaya kəndidir. Kürd Eldarbəyli, Gideyli kəndlərində subartezian quyularının qazılması, yolların təmiri, yeni məktəb binasının tikintisi də nəzərdə tutulub. Bu məsələlərdən RİH başçısının həmin kəndlərdəki səyyar qəbulunda da danşılıb. Qəbuldan dərhal sonra Gideylidə elektrik xətlərinin dəyişdirilməsinə başlanılıb.
Lahıcın xalq sənətkarlarından olan misgər Nəzər Əliyevi ölkə hüdudlarından kənarda da yaxşı tanıyırlar. Bu sənətkar Fransada, İngiltərədə keçirilən sərgilərdə öz əsərləri ilə dəfələrlə uğurla iştirak edib. İsmayıllı şəhərində tikilməsi nəzərdə tutulan “Sənətkarlıq bazarı” barədə də Nəzər Əliyev danışdı: “İstifadəsiz qalmış boş bələdiyyə torpağı var idi. Rayon rəhbərliyinin təşəbbüsü ilə orada “Saat meydanı” və “Sənətkarlıq bazarı” tikiləcək. Yeni dizaynda, milli ornamentli hündür bir qüllədə qurulacaq saat şəhərin hər yerindən görünəcək. Sənətkarlıq mağazasında isə sənətkarlıq məhsulları satılacaq. İsmayıllı şəhərinə əlavə yaraşıq verəcək bu layihənin icrasından sonra gələn turistlərin açdığı qapılar artacaq. Bu digər tərəfdən rayonumuzun təbliği deməkdir”.
Bəli, İsmayıllı yenilənir, müasirləşir və eyni zamanda milli memarlıq xüsusiyyətlərinə sadiq qalır. Başlıcası isə həyata keçirilən layihələr bir-birini tamamlayır və quruculuq işləri insanların arzuları ilə üst-üstə düşür. Bir sözlə, İsmayıllı müasir dövrün tələblərinə uyğun inkişaf edir.
Telman NƏZƏRLİ,
Azərbaycan.- 2015.- 14 avqust.- S. 4.