Görkəmli
arxeoloq və etnoqraf
Azərbaycan arxeologiya elminin banilərindən biri, görkəmli alim İshaq Məmmədrza oğlu Cəfərzadə 1895-ci il avqust ayının 14-də Azərbaycanın qədim şəhərlərindən biri Gəncədə anadan olmuşdur. İlk təhsilini mədrəsədə almış, 1910-1916-cı illərdə 6 illik şəhər məktəbində oxumuşdur. 1924-1927-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunun Tarix fakültəsində təhsil almışdır. Bundan sonra Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olmuş və 1930-cu ildə həmin fakültəni bitirmişdir.
İ.M.Cəfərzadə tələbəlik illərindən qədim tarixə, maddi mədəniyyət abidələrinə böyük maraq göstərirdi. O, 1925-ci ildən “Azərbaycanı tədqiq edən və öyrənən cəmiyyətin” və “Azərbaycanın qədim abidələrini qoruyan komitə”nin üzvü olmuşdur. Həmin illərdə İ.Cəfərzadə Azərbaycan Dövlət Muzeyində elmi fəaliyyətə başlamış və bütün ömrünü Azərbaycan abidələrinin tədqiqinə həsr etmişdir.
İshaq Cəfərzadə 1925-1926-cı illərdə tanınmış alim akademik İ.Meşşaninovun və Azərbaycanın ilk milli arxeoloqlarından olan Davud bəy Şərifovun rəhbərliyi ilə fəaliyyət göstərən ekspedisiyaların tərkibində Qarabağda Xocalı, Naxçıvanda Qızılburun, Daşkəsəndə Çovdar, Qəbələdə Yaloylutəpə abidələrinin tədqiqatlarında iştirak etmişdir. E.ə. II-I minilliklərə aid bu abidələr müxtəlif tip qəbir abidələri olmaqla Azərbaycanın tunc, eyni zamanda antik dövr dəfn adətlərinin öyrənilməsi üçün mühüm əhəmiyyətə malik idi.
Elmi təcrübəsini artırmaq məqsədi ilə İ.Cəfərzadə 1929-cu ildə Qara dəniz sahilindəki qədim yunan şəhəri olan Olviyanın arxeoloji qazıntılarını həyata keçirən Rusiya ekspedisiyasının tərkibində iştirak etmişdir. Bundan başqa o, Odessa, Xersones və Kiyev muzeylərinin strukturu və təşkili təcrübələrini yaxından öyrənmiş və bu təcrübəni Azərbaycan Tarix Muzeyinin Arxeoloji fondunun təşkilində tətbiq etmişdir.
1933-cü ildən ömrünün sonuna qədər İ.Cəfərzadə Elmlər Akademiyasında çalışmış, 1938-1964-cü illərdə Tarix İnstitutunun Arxeologiya şöbəsinin rəhbəri olmuşdur. Bu isə o dövrdə respublikada aparılan arxeoloji tədqiqat işlərinə bilavasitə elmi-təşkilati rəhbərlik edilməsi demək idi.
İ.Cəfərzadə Azərbaycan arxeologiya, etnoqrafiya, tarix elmlərinin görkəmli nümayəndəsi olmuş, ölkəmizin qədim dövr tarixinin tədqiqində, milli arxeoloq kadrlarının yetişməsində misilsiz xidmətlər göstərmişdir. Onun elmi fəaliyyətinin coğrafi arealı respublikamızın demək olar ki, bütün bölgələrini əhatə etmişdir. Abşeron, Gəncə-Qazax, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran-Astara və s. bölgələrdə apardığı çöl-tədqiqat işləri zamanı çoxsaylı arxeoloji abidələr qeydə almış, qazıntı işləri aparmış və xalqımızın etnoqrafiyasına dair zəngin materiallar toplamışdır.
Adətən arxeoloqlar bölgələr və müəyyən növ abidələrin tədqiqatları üzrə ixtisaslaşırlar. Görkəmli alim elmi tədqiqatların geniş coğrafi arealı, tədqiq etdiyi abidələrin tarixi xronologiyası və həmin abidələrin müxtəlifliyi baxımından nəinki Azərbaycan arxeologiyasında, eyni zamanda dünya arxeologiya elmində çox az hallarda təsadüf edilən geniş, əhatəli fəaliyyətə malik tədqiqatçı olmuşdur. Onun araşdırdığı abidələrin coğrafiyası respublikamızın müxtəlif bölgələrini, xronologiyası isə daş dövründən orta əsrlərə qədərki bütün tarixi mərhələləri əhatə edir. Bunlar qədim insan düşərgələri, yaşayış yerləri, qalalar, müxtəlif tip qəbir abidələri, qayaüstü təsvirlər və s. növ abidələrdir.
XX əsrin 30-60-cı illərində Azərbaycanda arxeoloq kadrların, xüsusilə də milli kadrların kəskin çatışmazlığı özünü göstərirdi. Lakin İ.Cəfərzadənin bütün bölgələrdə ən müxtəlif dövrlərə aid arxeoloji abidələri tədqiq etməsini yalnız bu amillə əlaqələndirmək düzgün deyildir. Belə geniş əhatəli elmi fəaliyyət üçün ilk növbədə məhz İshaq Cəfərzadənin elmi bilikləri, bacarıqları və fitri istedadı imkan yaratmışdır. Görkəmli alim dövründən və növündən asılı olmayaraq apardığı bütün arxeoloji tədqiqatları yüksək elmi səviyyədə icra etmişdir. Onun həyata keçirdiyi arxeoloji qazıntı işlərinin nəticələrinə dair çap etdirdiyi əsərləri bu gün də Azərbaycan və bütövlükdə Qafqaz arxeologiya elminin nümayəndələri tərəfindən öyrənilir.
Alimin zəngin elmi irsinin bir sıra mühüm məqamlarına diqqət yetirdikdə onun Azərbaycanın qədim tarixinin öyrənilməsində əvəzedilməz xidmətlərinin şahidi oluruq. Orta əsrlər dövrü tarixinin tədqiqində səmərəli fəaliyyət göstərən alim 1934-cü ildən Mil düzündə Örənqala arxeoloji ekspedisiyasında iştirak etmişdir. Burada aparılan qazıntılar əsasında yazdığı əsərində İ.Cəfərzadənin irəli sürdüyü bir sıra müddəalar onilliklər sonra aparılan arxeoloji qazıntılar nəticəsində də öz təsdiqini tapmışdır.
Tədqiqatçının orta əsrlər tarixinin öyrənilməsindəki ən böyük fəaliyyəti isə Gəncə şəhərində 1938-1940-cı illərdə aparılan arxeoloji qazıntılar olmuşdur. Həmin dövrdə dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 800 illik yubileyinə hazırlıq işləri ilə əlaqədar olaraq şairin vətəni qədim Gəncə şəhərinin xarabalığında İ.Cəfərzadənin rəhbərliyi ilə arxeoloji ekspedisiya aparılmışdır. Bu qazıntılar nəticəsində İ.Cəfərzadə “Qədim Gəncənin tarixi-arxeoloji oçerki” adlı fundamental əsər yazmış və onu namizədlik dissertasiyası kimi müdafiə etmişdir. Bu kitabda müəllif Gəncə şəhərinin meydana çıxmasını və inkişaf mərhələlərini həm yazılı mənbələr, həm də arxeoloji qazıntılar əsasında geniş təhlil etmişdir. Sonrakı dövrlərdə də Gəncədə müəyyən arxeoloji tədqiqatların aparılmasına və nəşr işlərinin olmasına baxmayaraq alimin bu kitabı bu gün də Gəncə şəhərinin tarixi barədə əsas və ən sanballı elmi əsər hesab edilir. Gəncədə aparılan qazıntılar zamanı Nizami Gəncəvinin qəbrinin tədqiq edilməsi kimi şərəfli bir işi məhz İ.Cəfərzadə yerinə yetirmişdir.
Görkəmli alim Bakı buxtasında Xəzərin suları altında qalmış məşhur “Bayıl qəsri”, “Bayıl daşları”, “Səbayıl” və s. kimi adlarla tanınmış orta əsr abidəsini arxeoloji qazıntılarla tədqiq etmişdir. İyirminci illərin sonlarından başlayaraq dəniz suyunun səviyyəsinin aşağı düşməsi nəticəsində bu qədim memarlıq kompleksinin qalıqları aşkara çıxmış və bununla əlaqədar həmin sahədə 1938 və 1946-cı illərdə İ.Cəfərzadə tərəfindən arxeoloji tədqiqatlar aparılmışdır. O, burada möhtəşəm memarlıq kompleksinə məxsus, üzərində XIII əsrə aid epiqrafik yazıları olan 250-dən çox daş aşkara çıxarmışdır. Bütün bu tapıntılar Bakı şəhərinin tarixi-arxeoloji baxımdan araşdırılması üçün mühüm əhəmiyyətə malikdir.
Daşkəsən və Gədəbəy rayonları ərazisindəki e. ə. II minilliyin sonu - I minilliyin əvvəlinə aid, Azərbaycanın maddi mədəniyyət, eyni zamanda erkən siyasi tarixinin öyrənilməsində mühüm əhəmiyyətə malik qalaların tədqiqində İ.Cəfərzadənin böyük əməyi olmuşdur. O, bu bölgədə onlarla qalalar, həmin qalalarla həmdövr kurqan, daş qutu tipli qəbir abidələri qeydə almış və bütün bu abidələrin kompleks halda araşdırılmasının zəruriliyini xüsusilə əsaslandırmışdır.
Görkəmli alimin Azərbaycan və bütövlükdə Qafqaz arxeologiya elmində ən mühüm nailiyyətlərindən biri e.ə. II minilliyin sonu I minilliyin əvvəllərinə aid Muğan arxeoloji mədəniyyətinin kəşf edilməsi olmuşdur. Belə ki, 1941-ci ildə Cəlilabad rayonundakı Uzuntəpə adlanan yerdə aşkara çıxarılmış qeyd edilən dövrə aid maddi mədəniyyət nümunələri - saxsı qablar, tuncdan və dəmirdən hazırlanmış silahlar, müxtəlif materiallardan düzəldilmiş bəzək əşyaları və s. tapıntılar alim tərəfindən araşdırılmış və bu tapıntıların nəticəsi olaraq İ.Cəfərzadə 1946-cı ildə nəşr etdirdiyi məqalədə Muğan mədəniyyətinin mövcudluğunu kəşf etmişdir.
Böyük alimin Azərbaycan arxeologiya elmindəki ən böyük xidməti isə Qobustan abidələrinin kəşf edilməsi və bununla bağlı tədqiqatlarıdır. Onun tərəfindən aşkar edilmiş daş dövrünün sonlarından başlayaraq orta əsrlərə qədərki bütün tarixi mərhələlərə aid zəngin qayaüstü təsvirlərin, eyni zamanda qədim düşərgələrin və yaşayış yerlərinin, kurqanların mövcud olduğu Qobustan arxeoloji kompleksi nəinki Azərbaycan və Qafqaz, eyni zamanda ümumdünya maddi mədəniyyət və incəsənət tarixinə mühüm töhfədir. Qobustan abidələri 1939-cu ildə aşkara çıxarılsa da II Dünya müharibəsinin başlanması ilə əlaqədar burada geniş tədqiqatların aparılması mümkün olmamışdır. 1947-ci ildən başlayaraq İ.Cəfərzadənin rəhbərliyi ilə Qobustanda 20 ildən artıq müddətdə ardıcıl sistemli arxeoloji tədqiqatlar aparılmışdır. Görkəmli alim Qobustanda 730 daş üzərində 5300-dən artıq müxtəlif məzmunlu qayaüstü təsvirlər qeydə almışdır. Araşdırmalar nəticəsində buradakı qədim düşərgələr, yaşayış yerləri və qəbir abidələri ilə qayaüstü təsvirlərin tarixi mədəni vəhdəti müəyyən edilmişdir. Bütün bunların nəticəsi olaraq 1973-cü ildə İ.Cəfərzadənin “Qobustan” adlı fundamental albom-kitabı rus dilində nəşr olunmuşdur. Uzun illər keçməsinə və Qobustan abidələri üzrə yeni-yeni kitabların, elmi məqalələrin nəşrinə baxmayaraq İ.Cəfərzadənin “Qobustan” kitabı bu gün də Qobustan barədə ən sanballı və etibarlı elmi mənbə olaraq öz aktuallığını saxlamaqdadır. Təsadüfi deyil ki, 1999-cu ildə “Dədə Qorqud” dastanlarının 1300 illiyinin qeyd edilməsi ilə bağlı tədbirlər çərçivəsində İshaq Cəfərzadənin “Qobustan” kitabı Azərbaycan və rus dillərində yenidən nəşr edilmişdir. Alimin apardığı tədqiqatlar nəticəsində Azərbaycanın qədim dövr tarixinin öyrənilməsində müstəsna əhəmiyyətə malik Qobustan abidələri bütün dünyada məşhurlaşmışdır. 2007-ci ildə isə Qobustan abidələri kompleksi Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın fədakar əməyi nəticəsində UNESCO-nun ümumdünya mədəni irs siyahısına daxil edilmişdir.
1960-cı ildə görkəmli arxeoloqun rəhbərliyi ilə Daşkəsəndə Xaçbulaq yaylağında Kür-Araz mədəniyyətinə aid bir kurqan abidəsi tədqiq edilmişdir. Həmin dövrə qədər Azərbaycanda və Cənubi Qafqazda Kür-Araz mədəniyyətinə aid qazıntılar aparılmış və bu mədəniyyətin xüsusilə də yaşayış yerləri barədə ətraflı elmi informasiyalar əldə edilmişdir. Lakin erkən əkinçi, maldar tayfalara məxsus bu mədəniyyətin abidələri əsasən aran və dağətəyi zonalarda öyrənilmişdir. İ.Cəfərzadənin Xaçbulaq yaylağında - dağlıq ərazidə bu kurqanı qazması ilə Kür-Araz mədəniyyəti əhalisinin yüksək dağlıq bölgələrdə məskunlaşmasının, dağlıq və aran bölgələrimizin hələ beş min il əvvəl mədəni-iqtisadi vəhdət təşkil etməsinin tarixinin öyrənilməsinin demək olar ki, əsası qoyulmuşdur. Sonrakı illərin araşdırmaları alimin bu istiqamətdəki ilk addımının davamı olaraq daha da genişlənmişdir.
Milli arxeoloq kadrların yetişməsində, onların arxeologiya elminin sirlərinə yiyələnməsində İ.Cəfərzadənin böyük xidmətləri var. Elmi fəaliyyətinin nailiyyətləri nəzərə alınaraq İshaq Cəfərzadə “Qırmızı Əmək Bayrağı” ordeni, “Əməkdə fərqlənməyə görə”, “1941-1945-ci illər Böyük Vətən müharibəsində şanlı əməyə görə”, “Qafqazın müdafiəsinə görə” medalları, Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanı ilə təltif edilmiş, ona əməkdar elm xadimi fəxri adı verilmişdir.
Nəcəf
MÜSEYİBLİ,
AMEA
Arxeologiya və Etnoqrafiya
İnstitutunun
elmi işlər üzrə direktor müavini
Azərbaycan.- 2015.- 14 avqust.- S. 5.