Naxçıvanda İran İslam Respublikasının
Qərbi Azərbaycan Vilayətinin sərgisi açılıb
Avqustun 14-də Naxçıvan şəhərində İran İslam Respublikasının Qərbi Azərbaycan Vilayətinin birinci “İstehsal və ixracat imkanları” sərgisi açılıb.
Bu münasibətlə keçirilən tədbirdə əvvəlcə “Qurani-Kərim”dən ayələr oxunub.
Tədbirdə İran İslam Respublikasının Naxçıvandakı Baş konsulu Mənsur Ayrom çıxış edərək deyib ki, bu gün Qərbi Azərbaycan Vilayəti ilə Naxçıvan Muxtar Respublikası arasındakı əlaqələr uğurla inkişaf etdirilir. Həyata keçirilən qarşılıqlı səfərlər əməkdaşlıq üçün yeni imkanlar açıb, iqtisadi-ticarət əlaqələri genişləndirilib. Naxçıvan şəhərində təşkil olunan bugünkü sərgi də əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
İran İslam Respublikasının Qərbi Azərbaycan Vilayəti ostandarının birinci müavini Əlirza Radfər sərginin yüksək səviyyədə təşkilinə görə minnətdarlıq edib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin İran İslam Respublikasının Qərbi Azərbaycan Vilayətinə səfərini xatırladan Əlirza Radfər deyib ki, bu səfər zamanı imzalanmış memorandum nəticəsində bu gün əlaqələr sürətlə inkişaf edir. O, qarşılıqlı olaraq belə sərgilərin keçirilməsinin əməkdaşlığın inkişafına əvəzsiz töhfələr verdiyini diqqətə çatdırıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov sərgi iştirakçılarını Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri adından salamlayaraq deyib: 1993-cü ildə ümummilli lider Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olarkən, o vaxt da İran İslam Respublikasının Qərbi Azərbaycan Vilayətinin ostandarı olan Qurbanəli Səadətin dəvəti ilə Qərbi Azərbaycan Vilayətinə səfər etmişdi. Səfər zamanı qarşılıqlı əlaqələrin inkişafını özündə əks etdirən memorandum imzalanmışdır. Bu memorandumla Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın Qərbi Azərbaycan Vilayəti arasında əlaqələrin əsası qoyulmuşdur. Bu gün Azərbaycan-İran əlaqələri ölkə prezidentlərinin səyləri nəticəsində sürətlə inkişaf etdirilir.
Qeyd olunub ki, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın yaxın vilayətləri arasındakı əlaqələr Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və İran İslam Respublikasının yaxın vilayətlərinin rəhbərlərinin qarşılıqlı səfərləri ilə yüksək səviyyəyə çatdırılıb. Ali Məclis Sədrinin İran İslam Respublikasının Qərbi və Şərqi Azərbaycan vilayətlərinə səfərləri çərçivəsində iqtisadi, mədəni, təhsil və idman sahələrində əməkdaşlığın inkişafını özündə əks etdirən memorandumların imzalanması əlaqələrin möhkəmlənməsinə əsaslı zəmin yaradıb. Bugünkü sərgi də Naxçıvan Muxtar Respublikasının iş adamlarının İran İslam Respublikasının Urmiya şəhərində keçirdikləri sərginin davamıdır.
Sonra açılış lenti kəsilib və sərgiyə baxış olub.
Məlumat verilib ki, İran İslam Respublikasının Qərbi Azərbaycan Vilayətinin 20 şirkətinin iştirak etdiyi sərgi avqustun 18-dək davam edəcək. Sərgidə sənaye və kənd təsərrüfatı, əl işləri, xalçalar və rəsm əsərləri olmaqla, 36 növdə məhsul nümayiş olunur.
Həmin gün Qərbi Azərbaycan Vilayəti ostandarının birinci müavini Əlirza Radfər və qonaqlar Naxçıvan Biznes Mərkəzində muxtar respublikanın istehsal müəssisələrinin məhsullarına baxıb, “Ləzzət biskvit və şokolad fabriki” Məhdud Məsuliyyətli Cəmiyyətində, “Gəmiqaya Mebel Fabriki” Məhdud Məsuliyyətli Cəmiyyətində və “Naxçıvan bağları” istixana kompleksində istehsalat prosesi ilə tanış olublar.
AZƏRTAC
Azərbaycan.- 2015.- 16 avqust.- S. 2.