Elm mərkəzi ilə turizmin birləşdiyi məkan

 

Şamaxı Astrofizika Rəsədxanasına gələnlər istirahət etməklə yanaşı, səma cisimləri ilə də tanış olurlar

 

Tarixdə rəsədxanalar haqqında çox yazılıb. Rəsədxanalar qədim mədəniyyət abidələri, müasir elm mərkəzləri kimi hər zaman diqqət mərkəzində olub. Hələ miladdan əvvəl - elmin inkişaf etmədiyi zamanlarda insanlar təbiətlə daha çox təmas qurmağa, onun sirləri ilə tanış olmağa və xüsusilə səma cisimlərini öyrənməyə can atıblar. Ən azından onlar kainatın dərinliklərinə baş vurmaqla çıxış yolunu təbiətlə mübarizədə yox, onun sirlərini öyrənməkdə görüblər. Əlbəttə, belə bir istək astronomiya və təbiəti öyrənən digər elm sahələrinin daha tez təşəkkül tapmasına təkan verib.

Beləliklə, bu zərurətdən kosmosda ulduzları, Günəşi və digər səma cisimlərini müşahidə etmək üçün xüsusi elmi qurumlar - rəsədxanalar yaradıldı və onlar alimlərin, münəccimlərin ən çox müraciət etdiyi ünvanlara çevrildi. Qeyri-rəsmi mənbələrə görə, dünyada rəsədxanaların yaradılması miladdan çox-çox əvvəllərə gedib çıxır. İlk rəsədxanalar sadə daş tikililərdən ibarət olub. Onlardan müşahidə yalnız açıq havada gözlə baxmaqla aparılırdı. Müəyyən dövrlərdən sonra səmanı müşahidə etməyə meyil edənlər münəccimlik edər və bunun üçün evlərin damlarında qüllələr ucaldar, əlavə otaqlar tikərdilər. Lakin zaman dəyişdikcə münəccimlər də dəyişdilər. Təxminən XVII əsrdə teleskopun ixtirası ilə bu sahə xeyli təkmilləşdi və bu gün adları, kəşfləri ilə bizə məlum olan astronomiya ilə məşğul olan alimlər formalaşmağa başladılar. Beləcə, müasir rəsədxanalar yaradıldı, elmi-texniki tərəqqi paralelliyində təkmilləşdirildi, yaradıldığı ilk vaxtlardan bir neçə minillik keçsə də, onlar sıradan çıxmadı, qədim elm ocaqlarından müasir tədqiqat mərkəzlərinə çevrildi.

 Rəsədxanada elmin inkişafı üçün bütün imkanlar yaradılıb

 Elmin inkişafında xüsusi rol oynayan, elmi-texniki imkanları və coğrafi mövqeyinin unikallığı ilə tanınan Şamaxı Astrofizika Rəsədxanası (ŞAR) bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Rəsadxana Böyük Qafqaz dağının şimal-şərqində Bakıdan 150 kilometr məsafədə, Şamaxı rayonu ərazisindəki Pirqulu dağında yerləşir. Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası 1959-cu ildə yaradılıb və 1960-cı ildən fəaliyyətə başlayıb. Azərbaycanın tanınmış alimləri Həsən Əliyevin və Yusif Məmmədəliyevin təşəbbüsü ilə qurulan bu rəsədxana dəniz səviyyəsindən 1500 metr hündürlükdə yerləşməklə dünyanın bir sıra rəsədxanalarını qabaqlayır. Azərbaycanda astronomiyanın inkişafında və kosmik elmi bilgilərin tədrisində mühüm rol oynayır. Onu da qeyd edək ki, adətən aydın müşahidə aparmaq mümkün olsun deyə, rəsədxanalar şəhərlərdən kənarlarda, açıq səmalarda hündür yerlərdə tikilir. Bu parametrlər ŞAR üçün də əvvəlcədən nəzərə alınıb.

Rəsədxana ilə yaxından tanış olmaq, onun fəaliyyət istiqamətləri və elmin inkişafındakı rolunu daha ətraflı öyrənmək üçün Şamaxıya - bu elm mərkəzinin yerləşdiyi Pirqulu dağına yollandıq. Burada bizi Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov qarşıladı. Gəlişimizin məqsədini bilib, çox razı qaldı. Birlikdə kompleksin ərazisini gəzdik və o, bu müddətdə rəsədxana haqqında geniş məlumat verdi.

Namiq Cəlilov bildirdi ki, Prezident İlham Əliyevin 2008-ci ilin sentyabrında və 2009-cu ilin iyulunda imzaladığı sərəncamlarla Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının həyatında yeni mərhələ başladı. O vaxtdan rəsədxananın maddi-texniki bazası möhkəmləndi, əsaslı təmir və yenidənqurma işləri aparıldı, yeni binalar və qurğular işə salındı. Yenidənqurma nəticəsində əraziyə Qırxbulaq mənbəyindən 6,5 kilometr uzunluğunda yeni su xətti, Çuxuryurd-rəsədxana əsas qaz kəməri çəkildi, elektrik xətləri tamamilə yeniləndi. İnzibati binada əməkdaşların fəaliyyəti üçün hər cür şərait yaradıldı.

Öyrəndik ki, rəsədxananın hazırda 152 əməkdaşı var. Onların 55-i elmi işçi, o cümlədən 4 nəfəri fizika-riyaziyyat elmlər doktoru (onlardan 2-i AMEA-nın müxbir üzvüdür), 23-ü elmlər namizədi, 8 nəfəri isə mühəndisdir. Kompleksin Yusif Məmmədəliyev adına yaşayış qəsəbəsi də yenidən qurulub, sovet dövründən qalan köhnə binalar 72 mənzildən ibarət beşmərtəbəli iki yaşayış binası ilə əvəz olunub. Kompleksə poçt, tibb məntəqəsi, uşaq bağçası kimi sosial təyinatlı obyektlər də daxildir.

Rəsədxananın elmi fəaliyyətinə gəldikdə isə, qurum AMEA tərəfindən təsdiq olunan elmi proqram əsasında fəaliyyət göstərir və bu proqram dünya elminin ən qabaqcıl istiqamətləri ilə uzlaşdırılıb. Əsasən üç elmi istiqamət: ulduz fizikası, Günəş sistemi cisimlərinin tədqiqi və günəş fizikası üzrə fəaliyyət göstərilir. Burada qalaktikaların, ulduzların, planetar dumanlıqların, Günəşin, planetlərin, kometaların və s. müşahidəsi və araşdırılması aparılır. N.Cəlilovun dediyinə görə, müşahidə aparmaq üçün aydın gecələrin sayı il ərzində 150-180 arasında dəyişir, bəzən daha da çox olur. Gecələrin ən azı 40 faizi astrofizika müşahidələri üçün keyfiyyətlidir. Astronomiya müşahidələri üçün ən yaxşı aylar isə dekabr, yanvar, iyul və avqust aylarıdır ki, bu aylarda aydın günlərin sayı maksimumdur. Günəş müşahidələri üçün ən yaxşı vaxt 2-3 saat ərzində Günəş xəyalının keyfiyyətinin daha yaxşı olduğu dövr, yəni günün sübh çağı hesab olunur.

Son illərin elmi nəticələrinə görə, Günəşin nüvə reaksiyasından şüalanan istilik, fırlanma və maqnit sahəsinin qarşılıqlı təsirləri irimiqyaslı burulğanlar əmələ gətirir. Bu burulğanlar nüvə reaksiyasının sürətini və Günəşin səthində onun optik xüsusiyyətlərini periodik olaraq dəyişdirə bilir. Beləliklə Günəşin şualandırdığı enerji dəyişir ki, bu da Yerin iqlimində qlobal dəyişkənliklərə gətirir. İfrat nəhəng və maqnit ulduzların spektral və fotometrik üsullarla fiziki xüsusiyyətləri öyrənilir, dəyişkən proseslər tədqiq olunur. Cavan, yenicə doğulmuş ulduzların təkamülü prosesinin tədqiqindən alınmış nəticələr isə ümumi təkamül nəzəriyyəsini yoxlamağa imkan verir. Əldə olunan nəticələr və rəsədxananın elmi potensialı beynəlxalq əlaqələrə də öz təsirini göstərib. Hazırda ŞAR Rusiya, Ukrayna, Gürcüstan, Türkiyə, Hollandiya, Fransa, ABŞ, Almaniya, Bolqarıstan, Çexiya və İsrailin astronomiya, həmçinin digər elmi müəssisə və təşkilatları ilə əməkdaşlıq edir.

 Turistləri bura cəlb edən istirahət obyektləri ilə elmi mərkəzin bir arada olmasıdır

 Rəsədxanadakı ümumi şəraitlə tanışlıq zamanı paytaxtdan, ayrı-ayrı bölgələrdən, eləcə də xarici ölkələrdən gələn turistlərlə rastlaşdıq. İsti aylarda buralar daha çox qonaq-qaralı olur. Kimi zövqlü istirahət üçün bu məkana üstünlük verir, kimisi də buradakı elmi mərkəzlə yaxından tanış olmaq, teleskoplarla səma cisimlərini müşahidə etmək üçün. Qonaqlarla söhbət edərkən də bunun şahidi olduq: Bakı şəhər sakini İsmayıl Quliyev hər il ailə üzvləri ilə məhz buranı seçməsinin başlıca səbəbini istirahətlə elmi mərkəzin bir ünvanda cəmləşməsi ilə izah edir. Deyir ki, övladları və ailəsi bura gəldiklərinə görə astronomiya bilikləri də kifayət qədər zənginləşib: “Bunun müsbət nəticəsini artıq övladlarımın bu sahə üzrə fəallığında hiss edirəm. Onlar aşağı siniflərdə oxusalar da, səma cisimləri haqqında kifayət qədər bilgiyə malikdirlər”. Türkiyəli turist Sezer Akgül isə Bakıya hər gəlişində Şamaxı rəsədxanasına baş çəkmədən geri dönmədiyini dedi və elmi potensialına görə buranı dünyanın ən qabaqcıl universitetləri ilə müqayisə etdi...

Qeyd edək ki, AMEA-nın təşkilatçılığı ilə müxtəlif vaxtlarda tələbələrin, gənclərin, ziyalıların və media təmsilçilərinin iştirakı ilə rəsədxanada seminarlar, yay məktəbləri təşkil olunur. Ötən ayın 10-da “Azərbaycan Milli Elmlər Akademiyasının sosial siyasət və təbliğat kampaniyası-2015” layihəsi çərçivəsində jurnalistlər üçün keçirilən iki günlük yay məktəbi də belə tədbirlərdəndir. Sözsüz ki, bu tipli görüşlərin təşkili elmin kütləvi təbliği işində səmərəliliyin artırılmasına çox müsbət təsir göstərir.

...Artıq günün ikinci yarısıdır, günəş aram-aram uca dağların arxasına çəkilir. Ayrı-ayrı kotteclərdə əylənib istirahət edən insanlar rəsədxananın yerləşdiyi inzibati binanın önünə toplaşırlar. Bir qədərdən sonra məlum olur ki, bu insanlar teleskopla səmaya baxmaq və burada çalışan mütəxxəssislərin, alimlərin rəsədxana haqqında fikirlərini dinləmək üçün bir yerə yığışıblar. Onlar aydın səma altında müasir teleskoplarla göy cisimlərinə baxmaq, yeni məlumatlar əldə etmək üçün növbələrini səbirsizliklə gözləyirlər. Digər bir maraqlı məqam da odur ki, onların arasında azyaşlılar da kifayət qədərdir. Sözsüz, bu, böyüklərlə yanaşı, uşaqların da astronomiyaya sonsuz marağından xəbər verirdi. Burada çalışan alimlər isə yorulmadan hər kəsin suallarını cavablandırır, onları kainatın, kosmosun sirləri ilə yaxından tanış etməyə həvəslə səy göstərirdilər.

Rəsədxanada kifayət qədər müasir elmi-texniki avadanlıqlar, cihazlar var. Ən əsası da burada quraşdırılan teleskoplar vasitəsi ilə səma cisimlərini seyr etmək, onları yaxından öyrənməkdir. Teleskoplar da ölçüsünə və təyinatına görə fərqlənir. Məsələn, Almaniyanın “Karl Seyss Yena” şirkətinin istehsalı olan 2-m teleskopu burada 1966-cı ildə quraşdırılıb. 2 metrlik güzgüsü olan bu teleskop 3 müxtəlif optik sistemi özündə birləşdirir. Əsasən spektral müşahidələr üçün nəzərdə tutulub. “Zeiss-600” teleskopu isə ulduz və qalaktikaların fotometrik tədqiqatları üçün istifadə olunur. Bu siyahını bir qədər davam etdirmək olar, lakin əsas odur ki, rəsədxanada müxtəlif təyinatlar üzrə belə qurğular var və yenilərinin də gətirilməsi nəzərdə tutulub.

Rəsədxananın inzibati binası elmi araşdırmalar üçün nəzərdə tutulan, eyni zamanda səma cisimlərini müşahidə etmək üçün ayrılan teleskoplar quraşdırılmış xüsusi otaqlardan, akt zalından və zəngin muzeydən ibarətdir. Teleskopla ulduzlar aləminə baş vurduqdan sonra gəzintimizi muzeydə davam etdirmək qərarına gəldik. Müzeyə daxil olar-olmaz bir anlıq özünü ayrı bir dünyada hiss etdirsən, sanki burada olan hər şey səni göylərə aparır. İstər-istəməz heyrətini gizlədə bilmirsən. Burada müxtəlif dövrlərdə həyata keçirilən elmi tədqiqatların nəticələrinin əks olunması ilə bərabər, qiymətli eksponatlar bir-birini əvəz edir. Bunların içərisində isə ən çox diqqətimizi çəkən 127 kiloqramlıq meteorit oldu. Öyrəndik ki, 1959-cu il noyabrın 27-də Yardımlı rayonu ərazisinə düşən bu meteoritin tərkibi 92 faiz dəmirdən ibarətdir və bura gələnlərin ən çox marağına səbəb olan nümunələrdən biridir.

* * *

Bəli, əsrarəngiz iqlimə və təbii sərvətlərə malik olan ölkəmizin hər bir bölgəsi özünəməxsus turizm potensialına və son dərəcə zəngin tarixi abidələrə malikdir. Şamaxı Astrofizika Rəsədxanası bu baxımdan Azərbaycanın elmi-mədəni abidəsi olmaqla bərabər, həm də elmin inkişafına verdiyi töhfələrə görə xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda bura əlverişli turizm məkanı kimi də məşhurlaşıb. Onu daha da məşhur edən isə istirahət mərkəzi ilə elmi-təqiqat mərkəzinin bir arada cəmləşməsidir.

 

Elnur HADIYEV,

 

Azərbaycan.- 2015.- 16 avqust.- S. 4.