Ağdamda yeni arxeoloji materiallar aşkarlanıb

 

Ağdam rayonunun cəbhə xəttində yerləşən Mirəşelli kəndi yaxınlığındakıPalıdlınekropolunda qazıntılar zamanı yeni arxeoloji materiallar aşkar edilib.

Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya Etnoqrafiya İnstitutunun Qarabağ arxeoloji ekspedisiyasının rəhbəri, professor Hidayət Cəfərov AZƏRTAC-a bildirib ki, aparılan tədqiqatlar zamanı nekropolda e.ə. XII-XI əsrlərə aid 5 torpaq qəbir açılıb. Qəbirlərdən üçü qədim dövrdə talan edilib, ikisi isə salamatdır. Ölülər başı qərb, ayaqları isə şərq istiqamətə olmaqla, sağ ya sol yanı üstə bükülü vəziyyətdə dəfn olunub. Skletlərin ətrafında 20-dək müxtəlif tip keramika nümunələri var. Saxsı qablardan birinin üzərində səkkizguşəli ulduzu xatırladan naxış diqqəti cəlb edir.

Qeyd edək ki, “Palıdlınekropolunda tədqiqatlar 2009-cu ildən başlanıb. Heç bir yerüstü əlamətə malik olmayan nekropolda indiyədək e.ə. XII-XI əsrlərə aid 32 torpaq qəbir açılıb. Qəbirlərdə ölülər sol ya sağ yanı üstə bükülü vəziyyətdə, başları şimal şimal-qərb, ayaqları şərq cənub-şərq istiqamətdə dəfn olunublar. Qəbirlərdə çoxlu miqdarda keramika nümunələri - saxsı qablar, küplər, sərnic, bardaq, cam, nehrə, həmçinin bəzək əşyaları (qolbaqlar, üzüklər, sırğalar, çoxlu miqdarda əqiq, şüşə tuncdan muncuqlar) aşkar edilib. Dulusçu sexlərində hazırlanan bu qabların üzərində çoxlu sayda həndəsi, nəbati sair naxışlar var.

Xocalı-Gədəbəy mədəniyyətinə aid tapıntılar nekropolda müxtəlif sosial təbəqədən olan insanların dəfn olunduğunu, qazıntı aparılan ərazidə son tunc ilk dəmir dövründə (e.ə. XII-XI əsrlər) davamlı yaşayış olduğunu, sənətkarlığın müxtəlif sahələrinin, dulusçuluğun yüksək inkişafını göstərir.

 

Azərbaycan.- 2015.- 16 avqust.- S. 5.