İdrak yoluna işıq saçan poeziya

 

Bu gün hər bir türkün ürəkdən sevdiyi şairlərdən biri də Bəxtiyar Vahabzadədir. Desək də, deməsək də, tarix özü bu həqiqəti təsdiq edib. Sovet ədəbiyyatının klassiklərindən sayılsa da, ruhən müasir bir yazıçı olan, dilimizin, mədəniyyətimizin qorunmasında böyük xidmət göstərən Mirzə İbrahimov yazırdı: “Bəxtiyar Vahabzadə şeirimizin Füzuli, Vaqif, Sabir, Səməd Vurğun, Aşıq Ələsgər, Şəhriyar bulağından su içmişdir. O, sözü elə gözəl oynadır, elə parlaq təzadlar yaradır, fikri gözlənilmədən elə döndərir, elə dərinləşdirir və fəlsəfi ümumiləşdirmələr səviyyəsinə elə qaldırır ki, oxuyanda valeh olursan, hədsiz sevinc və mənəvi, estetik ləzzət duyursan”.

Tanrının XX əsrdə türk dünyasına bəxş etdiyi böyük yazıçı Çingiz Aytmatov isə B.Vahabzadəni belə qiymətləndirirdi: “Tarix çoxdan ötüb keçib. Nə haqlılar qalıb, nə haqsızlar. Adama elə gələ bilər ki, keçmiş “fəna mülkünə” qərq olubsa, əzab çəkməyə dəyməz. Lakin Bəxtiyar tarixi bu günün gözüylə mühakimə edir, bizi inandırır ki, bunun bilavasitə ona və müasirlərinə dəxli var. O, bizi inandırır ki, indiki adamların, indiki zamanın taleyi keçmişdən asılıdır”.

Rusiyanın böyük şairi Yevgeni Yevtuşenko demişdir: “Bəxtiyarı dinləyəndə, dili bilməsən də, onun şeirləri adama şirin-soy gəlir. Hətta sətri tərcüməni oxuyanda dilin gözəlliyi arxasında gizlənmiş dərin qəm və kədəri hiss edirsən. Elə bil ki, Azərbaycan narıdır: şirəsini içirsən şirindir, qabıqlı yesən acıdır”.

Hələ B.Vahabzadə haqqında yazılan namizədlik və doktorluq dissertasiyalarını, neçə-neçə monoqrafiyanı və sayı-hesabını sağlığında heç özünün də bilmədiyi yüzlərlə məqaləni demirik. Onların əksəriyyəti məhəbbətdən, Bəxtiyara sevgidən doğub.

Bəxtiyar Vahabzadə poeziyası onun şəxsiyyətindən ayrılmazdır. Əslində, hər hansı bir şeir şairdən kiçik bir zərrədir. Şair havadan poeziya yarada bilməz. Poeziya onun ruhi, iç aləminin bəlirtiləridir. Şairin dünyası isə öz dünyasi ilə yaşadığı dünyanın harmoniyasından, yaxud ziddiyyətindən yaranır. Harmoniya yarananda şair yaşadığı dünyanın gözəlliklərindən hədsiz zövq alır. Amma bəzən elə ifrata varır ki, ətrafında top atılsa da, diksinmir, yaxud o dərəcə ifrata varır ki, həyatda olmayan gözəlliyə də bir gözəllik donu bəxş edir, despotu adil padşaha çevirir və s. Öz dünyası ilə yaşadığı dünya arasında bu cür süni harmoniya yaradan şairlərin çoxu ilhamına xəyanət edən şairlərdir. Şair ilk şeirindən son şeirinəcən təkcə gözəllikləri vəsf etməməlidir, həm də yaşadığı dünya ilə müxalifətdə olmalıdır. Sevincin içində sevinc bolluğunu görməyə nə var, dərdi gör, qəmi sez, kədəri ara. Gözəlliyin içində gözəlliyin çalarlarını duymağa nə var, bu gözəlliyin faciəsini gör.

Bəxtiyar Vahabzadə Mirzə Ələkbər Sabirdən sonra dövranla, dünya ilə ən amansız müxalifətdə olan şairlərimizdən biridir. Dahi Sabirin “Hophopnamə”si göz yaşları içində qəhqəhə idi, üz tutduğu xalqa “özünü dərk et” harayını, fəryadını çatdırırdı. Bəxtiyarın “Bəxtiyarnamə”si isə nə göz yaşlarıdır, nə də qəhqəhə. Müdrik bir şair-filosofun bəzən çılğın, bəzən də qəzəb, hiddət, üsyan dolu çağırışlarıdır. “Ey xalqım, özünü dərk et və düşün əsrlərboyu səni izləyən və qəhr edən bu bəlalardan özün çıxış yolu ara, tarixdən ibrət al!”

Törədi Koroğlu dəlilərindən

Savadlı, bilikli “ağıllılar” hey.

Bu ağıl hünərə deyil, bəs nədən

Kölə ehtiyata səcdə qılır hey?

Dayaq olmalıykən öz elinə sən,

Elin kürəyində bir bıçaq oldun.

Sən igid olmalı, ər olmalıykən,

Özgənin əlində oyuncaq oldun.

Əllinci illərin sonları. Sovet imperiyasının hələ heç sarsılmadığı, daha güc topladığı o illərdə Bəxtiyar Vahabzadə “Gülustan” poemasını yazdı. Bircə elə bu fakt kifayətdir deyək ki, o taylı-bu taylı yatmış millətin içində huşyar insanlar da vardı, biri də Bəxtiyar Vahabzadə idi:

Kağıza həvəslə o da qol atdı,

Dodağı altından gülümsəyərək.

Bir qələm əsrlik hicran yaratdı,

Bir xalqı yarıya böldü qılınc tək.

Öz sivri ucuyla bu lələk qələm,

Dəldi sinəsini Azərbaycanın.

Başını qaldırdı,

Ancaq dəmbədəm

Kəsdilər səsini Azərbaycanın.

Xalqın, millətin sevimli şairinə ilk mənəvi zərbə də elə bu poemadan sonra dəydi. Amma Bəxtiyar sarsılmadı, bəziləri kimi etirafda bulunmadı.

Biz millət şairi, xalq şairi ifadələrini tez-tez işlədirik. Bəzən buna layiq olmayanların və haqqı çatmayanların adlarının qarşısında bu ifadələri işlətməkdən çəkinmirik. Bəxtiyar Vahabzadənin həm şəxsiyyəti, həm də yaradıcılığı onu millətin, xalqın böyük şairi anlamına gətirir. Onun üçün dünya Azərbaycandan başlayırdı, Azərbaycanla da bitirdi. Bu xalqın dəli-divanəsiydi .

Bəxtiyar Vahabzadə poeziyamızda milli birliyin, vahid azərbaycançılığın lideri idi. Bu fikri söyləməklə onun poeziya tarixində xidmətlərini şişirtmək fikrində deyilik. Ancaq həqiqət budur ki, milli birlik, Azərbaycanı vahid görmək ideyası sovet dönəmində Bəxtiyar Vahabzadə poeziyasından başlayır. Onun bu xalqın fikri-mənəvi intibahına səsləyən harayına qoşulanda istər-istəməz fikirləşirsən: yalnız öz xalqını sevən bir şair, onun tarixi keçmişiylə qürrələnən, həm də faciələrini görən bir insan böyük ərklə onu qınaya bilər, həm də ona qarşı hər hansı haqsızlığa dözümsüzlük göstərər.

Bəxtiyar poeziyasında həmişə Zamanın ahəngi, ritmi, hətta addım səsləri aydınca duyulmuşdur. Zaman onun poeziyasında həm konkret mənada - dəqiq ayı, ili, əsri ilə məlum çərçivədə, həm də bütün keçmişləri, indiyə və gələcəyə sığışdırılan bir dairədədir. Zamanın ayrı-ayrı bölümlərini ifadə edən yazılarında Bəxtiyar Vahabzadə “Gülüstan”, “416”, “Şəhidlər”, “Yollar-oğullar” poemalarını qələmə alıb. Yəni konkret tarixi hadisələri konkret Zaman bölümündə əks etdirib. ... Amma unutmaq olmaz ki, burada konkretliyin özündə də bir şərtilik var. “Gülüstan” bir xalqın tarixi faciəsinin ibrət dərsidir, bir zamanın başqa bir zamanda ehyası, sonrakı zamanın da əbədi ağrısıdır. “Şəhidlər” də həmçinin.

Amma elə şeirlər, poemalar var ki, orada Zaman dəyişməz və bütövdür, konkret bir ayla, əsrlə məhdudlaşmır. Məsələn, “İnsan və zaman” silsiləsindən olan bir sıra şeirlər, “Latın dili”, “Gəl, ana təbiət”, “Muğam”, “Mənə nə var?”, “Özümdən narazıyam”, “Həyat, sən nə şirinsən”, “Ana dili” və s. bu qəbildən olan poetik nümunələr

Fırlandıqca bu dünya, yox da dönüb var olur,

Quruyan çeşmələrdən sular yenə car olur.

Bu dünyanın xeyri də, şəri də təkrar olur,

Niyə təkrar olmasın? Axı, dünya fırlanır.

Min-min illər bu dünya beləcə fırlansa da,

Bir yuvanın bülbülü min budağa qonsa da,

Aylar, illər, fəsillər bir-birini dansa da,

Dəyişməzdir əqidəm, çox da dünya fırlanır.

B.Vahabzadənin bu fikir axtarışlarını onun bir çox şeirlərində, poemalarında və pyeslərində izləyə bilərik. B.Vahabzadə müasir Azərbaycan poeziyasında bir tendensiya xarakteri daşıyan fəlsəfi lirikanın gözəl nümunələrini yaratmışdır. Vaxt, Zaman, Ölüm-Olum, Gözəllik, Təbiət və Urbanizasiya, Xeyir və Şər... bütün bu anlayışlar Bəxtiyar poeziyasında öz fəlsəfi-poetik həllini tapırdı. Əzəldən bu böyük şairin daxilində narahat və ağıllı bir filosof yaşayırdı. O, heç bir vaxt ateist olmadı, dinimizi inkar etmədi:

Allah! Bilirik, cism deyil, bəs nədir Allah!

Ən yüksək olan haqda, həqiqətdədir Allah.

Dondunsa təkamül və gözəllik qabağında,

Dərk et, bu təəccübdə, bu heyrətdədir Allah.

Gerçək də budur: Gizlidir hər zərrədə vəhdət.

Bir zərrə ikən küllə qovuşmaq ulu niyyət.

Gördüklərimiz zahiridir, bətnə nüfuz et!

Batindəki, cövhərdəki fitrətdədir Allah.

...Bir neçə ildir Bəxtiyarsız yaşayırıq. Onun səsini eşitmirik, təzə şeirlərini oxumuruq. Ancaq Bəxtiyar Vahabzadə elə bir ədəbi irs qoyub ki, əsrlərə yetər. Nədir bu əbədiyaşarlığın sirri?

Birincisi - XX əsr və XXI əsrin ilk illərinin Azərbaycan ədəbiyyatını B.Vahabzadənin yaradıcılığı olmadan təsəvvür etmək mümkün deyil. Azərbaycan xalqının mənəvi dünyasını, mübarizələr tarixini, intellektual aləmini, keçmişindən bu gününə uzanan yolu - bu yolun şərəfli, şanlı səhifələrini, həmçinin faciəli, dramatik mənzərəsini biz digər böyük sənətkarlarımızın yaradıcılığı ilə bir sırada Bəxtiyar poeziyasında da izləyə bilərik.

O, Azərbaycan sözünün canlı əfsanələrindən idi. Sözlə insanı heyrətləndirməyin ustası idi:

“Heyrət, ey büt!” dedi dünyaya qələm

Aləmi bir seyrim yüz heyrətimdir.

Mən heyran olmasam yaza bilmərəm

Mənim nəğmələrim-öz heyrətimdir.

Həmişə qorxmuşam biganəlikdən,

Yaşa heyran-heyran, öl heyran-heyran!

Məni soyuq-soyuq dindirincə sən,

“Can” deyib canımı al, heyran-heyran!

Bəxtiyar Vahabzadə poeziyası klassik və müasir Azərbaycan poeziyası arasında bir körpü idi. Onlarca misal göstərmək olar ki, B.Vahabzadə klassik poeziyadan yaradıcı şəkildə necə təsirlənirdi. Xüsusilə Füzuli poeziyası onun üçün bir məktəb idi. O, dünya poeziyasına dərindən bələd idi, amma Azərbaycan poeziyası onun üçün sevimli və doğma idi, milli şeir ənənələrinə xor baxanlara qarşı mübarizəni elə şeirlə aparırdı. Burada onun Azərbaycan klassik və müasir ədəbiyyatının bir sıra problemlərinə, həmçinin sevdiyi sənətkarların yaradıcılığına həsr etdiyi onlarca məqaləni xatırlayırsan. B.Vahabzadə füzulişünas deyildi, lakin onun Füzuli poeziyası və ölməz “Leyli və Məcnun” poeması haqqında yazdığı məqalə füzulişünaslığın incilərindən sayıla bilər. O, C.Məmmədquluzadə yaradıcılığının tədqiqatçısı deyildi, amma Mirzə Cəlil sənəti barədə yazdığı məqalə heç bir tədqiqat əsərindən geri qalmır. Müasirlərindən kimin haqqında yazmadı ki? Səməd Vurğunun ömür yolu və yaradıcılığı haqqında ilk monoqrafiyanın müəllifi də o oldu. Yeri gəlmişkən, B.Vahabzadə S.Vurğun ədəbi məktəbinin ən istedadlı nümayəndəsi idi, S.Vurğunun ölməz poeziyasından çox şey əxz elədi, lakin sənətdə, poeziyada öz yolunu tapdı və ondan sonra ədəbiyyata gələn bir çox şairlərimiz üçün də Bəxtiyarın poeziyası örnək oldu. O, S.Rüstəmi də, R.Rzanı da, M.Arazı da, N.Həsənzadəni də, Ə.Kərimi də sevirdi və onların yaradıcılığına ürəkdən gələn məqalələr həsr edirdi. Cavan şairlərin yazdıqlarına da biganə deyildi.

İkincisi - Bəxtiyar poeziyası o taylı-bu taylı hər bir azərbaycanlı üçün Vətən dərsi idi. Onun şeirlərini, poemalarını oxuyub Vətəni sevdik, onun torpağını, daşını sevdik. Xalqımızın tarixini vərəqlədik, fiziki Azərbaycanın parçalandığını görsək də, mənəvi Azərbaycanımızı bütöv gördük. Onun poeziyası bütövlükdə tarixi keçmişimizə və XX əsr Azərbaycanına tutulan saf, ləkəsiz, təmiz bir güzgüdür deyirik. Poeziyamızda cəsarətin necə boy atdığını, müstəbidləri necə titrətdiyini hiss etdik. Qanlı Yanvar faciəsindən bir neçə gün sonra Bəxtiyar Vahabzadənin rus generalının üzünə tüpürdüyünü dedilər, amma o öz şeirlərində çox-çox əvvəl imperiyanın üzünə tüpürmüşdü.

Bəxtiyar şeiri düşüncə, idrak yoluna işıq saçır. Bu işıqdan hələ neçə nəsil faydalanacaqdır.

 

Vaqif YUSİFLİ,

filologiya elmləri doktoru

 

Azərbaycan.- 2015.- 16 avqust.- S. 5.