Nüfuzlu Yaponiya qəzetlərində
birinci Avropa Oyunları barədə məqalələr dərc
edilib
Azərbaycanın Yaponiyadakı səfirliyinin təşəbbüsü ilə bu ölkənin nüfuzlu “The Japan Times” və “Nikkey” qəzetlərində iyunun 12-dən 28-dək Bakıda keçirilən ilk Avropa Oyunlarına həsr edilən məqalələr dərc olunub.
Məqalələrdə “Bakı 2015”in tarixdə ilk Avropa Oyunları olduğu vurğulanıb, əsl idman bayramına çevrilən bu yarışlar haqda statistik məlumatlar yer alıb. Oyunların möhtəşəm açılış mərasimi, səhnə ifaları, dəvət edilmiş yerli və xarici qonaqlar barədə məlumatlar verilən məqalələrdə bütün dünyanın sehrli bir şouya şahid olduğu oxucuların diqqətinə çatdırılıb. Müəlliflər qeyd ediblər ki, təşkilatçılar, iştirakçılar və könüllülərin qatıldığı bağlanış mərasimi öz möhtəşəmliyi ilə açılışdan heç də geri qalmayıb.
İlk Avropa Oyunlarında yüksək səviyyəli təşkilatçılığın, 12500 könüllünün uğurlu fəaliyyətinin Azərbaycan xalqının qonaqpərvərliyini, qədim adət-ənənələrini dünyaya çatdırdığı qeyd olunub. Böyük zəhmətin qarşılığında layiqli nəticə əldə edildiyini vurğulayan müəlliflər Azərbaycanın birinci xanımı, ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın təbrik və təşəkkür çıxışına xüsusi yer veriblər. Mehriban Əliyeva çıxışında bütün idmançıları ilk Avropa Oyunlarında iştirak münasibətilə təbrik edib və məsul şəxslərə, xüsusilə də Azərbaycan xalqına qonaqpərvərlik nümunəsi göstərdiyinə görə təşəkkürünü çatdırıb.
Məqalələrdə, həmçinin Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin də fikirlərinə yer ayrılıb. Onun bu tarixi uğur münasibətilə Azərbaycanı təbriki, təşkilatçılığın yüksək səviyyəsindən məmnunluğu diqqətə çatdırılıb. Patrik Hikkinin Mehriban Əliyevanın yarışların yüksək səviyyədə təşkilinə şəxsi töhfəsini xüsusi vurğuladığı qeyd edilib.
Məqalələrdə Azərbaycanın yaxın gələcəkdə ev sahibliyi edəcəyi beynəlxalq idman tədbirləri barədə məlumat da öz əksini tapıb. Qeyd olunub ki, “Bakı-2017” İslam Həmrəylik Oyunları, Beynəlxalq Şahmat Olimpiadası, Formula 1 və UEFA Avro-2020 yarışları Azərbaycanın və onun xoşniyyətli vətəndaşlarının dünyəvi dəyərlərə bağlılığının, tolerantlıq, multikulturalizm prinsiplərinə hörmətinin təzahürü olacaq.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
Azərbaycan.- 2015.- 15 avqust.- S.3.