Azərbaycan iqtisadiyyatında yeni mərhələ

 

Prezident İlham Əliyev: “Sahibkara mane olmaq dövlətə xəyanətə bərabərdir”. “Nefti unutmalıyıq”

 

Sahibkar milli təhlükəsizliyin mühüm elementinə çevrilir

 

Ötən həftə Prezident İlham Əliyev “Biz nefti unutmalıyıq”, “Bir neçə ildən sonra neft gəlirləri bizim üçün elə bir əhəmiyyət kəsb etməyəcək”, - deyə mühüm bir bəyanat verdi. Bundan bir qədər əvvəl isə “Sahibkara mane olmaq dövlətə xəyanətə bərabərdir” demişdi. Bu iki, bir-biri ilə sıx bağlı bəyanatlar ölkənin qədəm qoyduğu yeni mərhələnin iqtisadi-siyasi mahiyyətini, administrativ islahatların istiqamətini müəyyənləşdirir. Bu bəyanatla Prezident sahibkarı milli təhlükəsizliyin prioritet elementlərindən biri səviyyəsinə qaldırdı. Yəni milli təhlükəsizlik üçün “ərazi bütövlüyü”, “xarici təcavüzdən müdafiə”, “hərbi təhlükəsizlik” nədirsə, sahibkar və onun biznesi də o qədər əhəmiyyət kəsb edir. Hətta daha artıq əhəmiyyətə malikdir. Ona görə ki, daxil olduğumuz yeni mərhələdə “ərazi bütövlüyü”, “hərbi təhlükəsizlik”, “təhsil”, “daxili asayiş”, bütövlükdə dövlət strukturlarının fəaliyyəti və s. kimi milli təhlükəsizlik elementləri sahibkarın necə işləməsi, nə qədər qazanmasından birbaşa asılı olacaq. Sahibkar özünü yaxşı hiss edəcəksə, milli təhlükəsizlik də təmin olunacaq. Elə buna görədir ki, Prezident sahibkara mane olmağı dövlətə xəyanətə bərabər tutur. Axı, sahibkarlıq mühiti əlverişsiz olduqda kapital başqa ölkəyə yönəldilərək başqa dövlətin milli təhlükəsizliyinə xidmət edəcək. Prezident dəqiq ifadə etdi və bu ifadənin altında bütöv bir iqtisadi tənzimləmə sistemi haqda siyasi fəlsəfə durur. Prezidentin bəyanatından çıxan nəticə budur: sahibkar, investor Azərbaycanın neft yataqlarını əvəz edəcək insan və iqtisadi sərvətdir. Söhbətin yeni texnologiyalara meyilli, istehsala üstünlük verən, maliyyə-vergi, maliyyə-kredit intizamına əməl edən, sosial məsuliyyətini dərk edən sahibkardan getdiyi yəqin ki, heç kimdə şübhə doğurmur. Bu məqamlar da Prezidentin ayrı-ayrı çıxışlarında əks olunub: “Maliyyə intizamına əməl olunmalıdır. Vergilər vaxtında ödənməlidir. Biz sahibkardan başqa heç nə istəmirik”.

 Nikbinlik üçün əsaslar

 Prezidentin bu bəyanatı iki məqama söykənir: birinci, bu mövcud qlobal iqtisadi duruma, ikinci, ölkədə indiyə qədər aparılmış iqtisadi siyasətin nəticələrinə əsaslanır. Prezident qlobal iqtisadi və hərbi-siyasi böhran kontekstində Azərbaycan iqtisadiyyatının 6 faiz, qeyri-neft sektorunun isə 9 faiz artımı haqda faktları səsləndirməklə nefti unutmağın mümkünlüyünü də vurğuladı. Nəhayət, Prezidentin bu bəyanatı turizm müəssisəsinin açılışı zamanı səsləndirməsi və bundan sonra Cəlilabadda iri fermer təsərrüfatının açılışını etməsi cəmiyyətə pozitiv ismarıc göndərdi. Bu “neft olmasa da çörək olacaq” ismarıcıdır. Və təşvişə düşüb təlaşlanmağa əsas yoxdur, işləyənlər və bunu istəyənlər üçün nikbinliyə daha çox əsas var. Prezident bu nikbinlik üçün əsası bəyanatla bərabər, rəmzi açılışlarla praktikada da göstərdi. Amma bu nikbinlik üçün iqtisadi əsasın yaradılmasına xeyli əvvəl başlanılıb.

Təbii ki, bu, Prezidentin belə məzmunlu ilk bəyanatı deyil. Onun bir neçə il əvvəl “Biz elə yaşamalıyıq ki, sanki neftimiz yoxdur” - fikri unudulmayıb. Ancaq hələ 2004-cü ildə Prezidentliyə başladığı ilk dövrdə o, geniş infrastruktur quruculuğu və qeyri-neft sektorunun inkişafı haqda bəyanatlar vermiş və bütün istiqamətlər üzrə 5 illik, 10 illik və s. müddətli konkret proqramların işlənib hazırlanmasına start verilmişdi. Qeyri-neft sektorunun prioritet olacağı haqda isə Prezident ilk nitqində - 2003-cü il oktyabrın 31-də inaqurasiya zamanı çıxışında elan etmişdi. 2004-2008-ci illər regionların sosial-iqtisadi inkişafı proqramının qəbul olunması elə ölkəni neftdən sonrakı dövrə hazırlama siyasətinin başlanğıcı idi.

Daha sonra yeni aqrar siyasət - fermerlərə subsidiyalar verilməsi siyasəti tətbiq olunmağa başladı. Hədəfi isə ölkəni daha çox yerli istehsal hesabına ərzaqla təmin etmək, daha çox məşğulluq imkanları yaratmaq idi. 2011-ci ildən isə aqrar siyasətin daha bir yeni mərhələsi-iri fermer təsərrüfatlarının yaradılmasına başlandı. Bu, yeni, müasir aqrar sistemin əsasının qoyulması demək idi. Hədəf aqrar sahədə istehsalın intensivliyini artırmaq, əmək məhsuldarlığını yüksəltmək, müasir texnologiyaların tətbiqinə imkan yaratmaq, taxılçılıq və heyvandarlığı, eyni zamanda da kiçik emal müəssisələrini bir araya gətirməklə, belə demək mümkündürsə, bir aqrar klastr yaratmaqdır. Yəni hər biri güclü istehsal və emal elementlərini özündə birləşdirən 50 iri fermer təsərrüfatının yaradılması yeni aqrar sistemin özəyini təşkil etməli, ölkənin cənub rayonlarını ərzaq bazasına çevirməlidir. Artıq 20 belə iri təsərrüfat yaradılıb. Daha 30-u yaradılacaqdır. Nəticə müsbətdir: taxıl istehsalında ölkə üzrə məhsuldarlıq 30 sentnerdirsə, iri təsərrüfatlarda bu göstərici 50 sentnerdən yüksəkdir. Bu onu göstərir ki, bütün 50 iri təsərrüfat işləməyə başladıqda ölkə üzrə göstərici də 50 sentnerə yüksələ biləcək. Bu, ölkənin ərzaqla təminatında gözləntilər üçün zəmin yaradır.

Ancaq hər şey təkcə kənd təsərrüfatı məhsullarının istehsalı ilə bitmir. Odur ki, məntiqli şəkildə emal müəssisələrinin yaradılmasına başlandı. 2005-ci ildən başlayaraq və 2008-ci ildən xüsusi intensivliklə 32 süd emalı zavodu, 30-a yaxın şərab zavodu, 40-a yaxın meyvə-tərəvəz emalı müəssisəsi, 40-a qədər ət emalı zavodu, 120-ə yaxın soyuducu anbar, 53 taxıl anbarı, 10-a yaxın dəyirman yaradıldı. Bu sıraya müasir 22 heyvandarlıq kompleksini və onlarla quşçuluq müəssisəsini də əlavə etsək, nikbinliyə əsasın olduğunu deyə bilərik. Amma təbii ki, emal sənayesində hələ istehsalı artırmaq, keyfiyyəti yüksəltmək və maya dəyərini aşağı salmaq üçün zərurət və potensial var. Aqroparklar isə yeni aqrar siyasətin ən ciddi layihələrindən biridir. Artıq 3 aqroparkın yaradılması üzrə intensiv iş gedir. Xülasə, daha çox dərinliyə getmədən bütün bu sadalananlar belə deməyə əsas verir ki, neft gəlirləri nə qədər azalsa da, ölkədə ərzaqla bağlı problem olmayacaq. Ərzaq isə milli təhlükəsizliyin baza elementidir. Başqa sözlə, indiyə qədər aparılmış siyasət neft gəlirlərinin azalmasının əksinə olaraq qeyri-neft gəlirlərinin artmasını təmin edə bilib. Bir sözlə, bu gün aqrar sahədəki vəziyyət cəmiyyət üçün pozitiv gözləntini təmin edir. Təbii ki, bundan sonrakı dövrdə sürətin daha da artması nəzərə alınmaqla.

Bəs, sənayedə nikbinliyə əsas verən məqamlar varmı? Sumqayıt Texnoparkı, ATEF kimi müəssisələr artıq sənaye məhsulları ixrac edirlər. Yüngül sənaye müəssisələri də ən vacib sahələrdə daxili tələbatın bir hissəsini üzərinə götürməyə çalışır. Bunlardan əlavə, inşaat materialları istehsalı sənaye sahəsində irəliləmək üçün potensialı olan sahə kimi elan edilib. Ancaq sənaye sahəsində ən perspektivli istiqamət Sumqayıt Kimya Sənayesi və Yüksək Texnologiyalar parklarıdır. Birinci artıq milyonlarla dollar investisiya üçün ilkin anlaşmalar əldə edə bilib. İkinciyə də xarici maraq kifayət qədərdir. Prezidentin sənaye klastrlarının yaradılması və xammaldan son məhsula qədər bütün istehsal tsiklinin ölkə daxilində təşkil olunması haqda tapşırıqları sənayenin də mümkün qədər dərinləşdiriləcəyini göstərir. Respublikanın rayonlarında yaradılmasına başlanmış sənaye məhəllələri isə əlverişli investisiya mühiti formalaşdırır ki, bütün bunlar da sənaye sahəsində neftsiz iqtisadiyyat dövrü üçün nikbinlik doğuran əsaslardır.

 1,7 milyard manatın yaratdığı sosial-iqtisadi səmərə

 Azərbaycan iqtisadiyyatında məşğulluq və istehsala ən böyük təkan verən, kiçik və orta sahibkarlığı dirçəldən ən mühüm mexanizm güzəştli kreditlər mexanizmidir. Bu mexanizm vasitəsilə iqtisadiyyata istər kənd və şəhər, istərsə də kiçik, orta və iri sahibkarlıq, nəhayət, kənd təsərrüfatı və sənaye səviyyələrində verilmiş 1,7 milyard manat vəsait daha çox iqtisadi və sosial effekt yaradıb. Bu, nisbətən kiçik maliyyə vəsaitinin maksimum geniş sosial-iqtisadi səmərəsinə nümunə sayıla bilər. Bu mexanizm orta səviyyədə məşğulluğu təmin etməklə sosial sabitliyə şərait yaradan vasitələrdən birinə çevrilib. Nəzərə alsaq ki, hətta bundan sonra dövlət büdcəsində güzəştli kreditlər üçün əlavə vəsait ayrılmasa, Sahibkarlığa Kömək Milli Fondu geri qayıdan faizlər və vəsaitlər hesabına belə, hələ uzun illər Azərbaycan iqtisadiyyatının maliyyə-qan təminatının ciddi mənbələrindən biri olaraq qalacaq. Bu da nikbinlik üçün daha bir əsasdır. Bu administrativ müstəvidə ASAN modelinin iqtisadi müstəvidə güzəştli kredit və sahibkara dəstək formasında təzahürü sayıla bilər.

Neftsiz iqtisadiyyat dövründə Azərbaycanın beynəlxalq strateji iqtisadi əhəmiyyətini təmin edəcək və ölkə büdcəsinə ildə 100 milyonlarla vəsait gətirəcək layihələr Ələt limanı və Bakı-Tbilisi-Qars dəmir yoludur. Bu infrastrukturlar ildə milyardlarla ton yük qəbul edib daşımağa qadir olacaq. Həm də Azərbaycanın nəqliyyat qovşağı kimi aktuallığını artıracaq. Təkcə bu imkanın yaradılması nefti istər maliyyə-iqtisadi, istərsə də strateji geoiqtisadi aspektlərdən əvəz edən ciddi faktor ola bilər. Bu, coğrafi imkandan maksimum iqtisadi və strateji dividend götürmək nümunəsidir. Azərbaycanın qlobal nəqliyyat dəhlizinə çevrilməsi həm geoiqtisadi, həm siyasi, həm də maliyyə-iqtisadi baxımdan neftdən az əhəmiyyətli deyil. Bu reallıq isə artıq uzun illərdir ki yaradılmaqdadır.

İqtisadiyyatın bundan sonra onillərlə inkişafını təmin edəcək infrastruktur quruculuğu da artıq demək olar ki, başa çatmaq üzrədir. Bir qayda olaraq elektrik enerjisi təminatından əziyyət çəkmiş ölkədə tələbatdan 15-20 faiz artıq enerji istehsal etmək strategiyası gündəlikdədir və aparılan struktur islahatları bu hədəfin real olduğunu göstərir.

Beləliklə, Prezident İlham Əliyevin ötən həftə Qalaaltı istirahət mərkəzinin açılışı zamanı bəyan etdiyi “Nefti unutmalıyıq” fikrinin arxasında uzun illər görülmüş işlərin real nəticələri durur. Prezident məhz bu nəticələrə və qarşıda duran və real olan planlara söykənərək belə bəyanat vermişdir.

 Yeni çağırışlar və Prezidentin addımları

Bəs, neftsiz iqtisadiyyat dövrünə doğru yolda yeni çağırışlar və Prezident İlham Əliyevin son bir neçə ildə apardığı islahatlar hansılardır?

Birinci istiqamət dövlət idarəçiliyinin təkmilləşdirilməsi, dövlətin daha səmərəli fəaliyyət vəziyyətinə gətirilməsidir. Bu istiqamətdə ən nümunəvi model “ASAN xidmət” modelidir. Bu model dövlət xidmətinin effektliyini artırır, dövlətə müsbət münasibət formalaşdırır, insanların dövlətdən məmnunluğunu təmin edir ki, bu da hökumətlər üçün ən mühüm məqamdır.

İkinci istiqamət kimi islahatlar da yenə dövlət xidmətinin effektliyini artırmağı nəzərdə tutur və strukrtur islahatları kateqoriyasına aiddir. Torpaq və Xəritəçəkmə Komitəsinin ləğvi, “Azərişıq”ın yaradılması və s. belə islahatlar dövlətin effektliyini artırmağa yönəlib.

Üçüncü islahat istiqaməti birbaşa iqtisadiyyatın sağlamlaşdırılması, sahibkarlıq və bazar mühitinin əlverişli vəziyyətə gətirilməsi ilə bağlıdır. Buraya:

- maliyyə intizamının gücləndirilməsi;

- bank sektorunda islahatlar aparmaqla bankların gücləndirilməsi;

- ixracı stimullaşdırmaq üçün islahatlar;

- sahibkarın qorunması və onun milli təhlükəsizlik üçün ən yüksək yerə çıxarılması;

- bürokratik əngəllərin aradan qaldırılması

Bu islahatlar və onların davamlılığı neftsiz iqtisadiyyatı təhlükəsiz edir. Halbuki neft hələ də var. Qaz ehtiyatı isə 100 il kifayətdir. Sadəcə, biz “qazla qazsız”, “neftlə neftsiz” yaşamaq dövrünə daxil oluruq.

Prezident bu hədəfə tam çatmaq üçün bir neçə il müddət qoyub.

Beləliklə, yeni mərhələ üçün 3 mühüm səviyyədə konturlar ortadadır: idarəçilikdə “ASAN xidmət” modeli; sahibkarın maksimum qorunması; maliyyə, vergi, kredit intizamının maksimum təmin edilməsi.

Bu mərhələ həm də məntiqi olaraq inkişaf etmiş bazarlar və yeni texnologiyalara çıxışı bir nömrəli prioritetə də çevirir.

 

İbrahim MƏMMƏDOV,

tarix üzrə fəlsəfə doktoru, əməkdar journalist

 

Azərbaycan.- 2015.- 18 avqust.- S. 4.