Seçkilərin
hazırlanıb keçirilməsində və seçki
subyektlərinin fəaliyyətinin təkmilləşdirilməsində
maarifləndirmə tədbirlərinin rolu
İctimai-siyasi, sosial-iqtisadi və mədəni həyatın bütün sferalarında beynəlxalq miqyaslı uğurlar əldə edən Azərbaycan Resbublikası seçkilər sahəsində də mühüm nailiyyətlər qazanmaqdadır. Ölkəmiz müstəqillik əldə etdikdən sonra seçki sistemi təkmilləşdirilmiş, mükəmməl hüquqi baza yaradılmış, seçkilər sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlıq daha da genişlənmiş, seçkilərin hazırlanıb keçirilməsi sahəsində xeyli müsbət təcrübə əldə olunmuşdur. Eyni zamanda Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarının səmərəli təmin olunması və qorunması mexanizmləri təkmilləşdirilmiş, bu sahədə inkişaf etmiş Avropa dövlətləri və nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq xeyli dərinləşmişdir.
Sirr deyil ki, müasir dünyada vətəndaşın çox mühüm konstitusion hüquqlarından biri kimi məhz seçki hüququ qəbul edilir. Azərbaycan Respublikası Konstitusiyasının 56-cı maddəsində təsbit olunmuş həmin normaya əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ var. Həmin hüquqlar bilavasitə seçki subyektlərinin özləri tərəfindən (seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki komissiyaları və s.) qanunvericiliyin verdiyi imkanlar çərçivəsində reallaşdırılır.
İnsan və vətəndaşın hüquq və azadlıqlarının yüksək səviyyədə təmin olunması və onun daha sivil həyata keçirilməsi vasitələrindən olan seçkilərin demokratik, azad, ədalətli, şəffaf və beynəlxalq standartlara uyğun keçirilməsi bir sıra amillərlə, o cümlədən də ictimai-siyasi sabitliyin, seçkilər sahəsində fəaliyyət göstərən peşəkar kadr potensialının mövcud olması, maddi-texniki təchizatın yüksək səviyyəsi, eyni zamanda mükəmməl qanunvericilik bazasının və icra mexanizmlərinin yaradılması ilə bağlıdır. Bu baxımdan qısa zaman kəsiyində respublikamızda sanballı nəticələrə imza atılmış, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində bir sıra təqdirəlayiq dövlət proqramları hazırlanıb həyata keçirilmişdir.
Seçki hüquqlarının həyata keçirilməsi mexanizmi, realizə vasitə və üsulları bir sıra amillərlə, o cümlədən çoxsaylı seçki subyektlərinin hazırlıq səviyyəsi ilə bağlıdır. Beş milyondan artıq daimi seçici, xarakterindən asılı olaraq hər seçki dövründə xeyli sayda namizəd, onların təmsilçiləri, müşahidəçi, KİV nümayəndəsi seçki prosesinə qoşulur. Bu baxımdan çoxsaylı seçki subyektləri üçün təşkil olunan maarifləndirmə tədbirlərinin əhəmiyyəti danılmazdır.
Ölkədə seçkilərin (referendumun) hazırlanıb keçirilməsi səlahiyyətlərini həyata keçirən dövlət orqanı kimi Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının çoxşaxəli fəaliyyətində maarifləndirmə işinin təşkili mühüm yer tutur. Seçki qanunvericiliyinə əsasən Mərkəzi Seçki Komissiyası seçkilərin (referendumların) hazırlanması və keçirilməsi, seçki (referendum) sisteminin inkişafı, seçicilərin hüquqi biliklərinin artırılması, seçki komissiyaları üzvlərinin təlimatlandırılması ilə əlaqədar treninqlər keçirir və axırıncıların peşə hazırlığı ilə əlaqədar proqramların həyata keçirilməsini təmin edir.
Ümumiyyətlə, qeyd etmək lazımdır ki, maarifləndirmə tədbirlərinin hazırlanması və keçirilməsi Mərkəzi Seçki Komissiyasının fəaliyyətinin ayrılmaz tərkib hissəsini təşkil edir. Belə xarakterli tədbirlər daimi və konkret seçkilər dövrü üçün nəzərdə tutulmaqla qruplaşdırıla bilər.
Daimi xarakterli fəaliyyət istiqaməti olan seçici siyahıları ilə iş özünəməxsus maarifləndirmə imkanlarına malikdir. Seçici siyahıları çox mühüm seçki sənədi olmaqla ilboyu fasiləsiz olaraq işlənilir, yenilənir və seçki komissiyaları tərəfindən ictimailəşdirilir. MSK-nın Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemininin texniki və proqram təminatı imkanları xeyli genişləndiyindən bütün sahələrdə, o cümlədən seçici siyahılarının keyfiyyətinin daha da yaxşılaşdırılmasında mühüm irəliləyişlər var.
MSK-nın qaynar xətti də faydalı ünsiyyət vasitəsidir. Mərkəzi Seçki Komissiyasında fəaliyyət göstərən 115 nömrəli elektron qaynar xətt daim seçicilərin istifadəsindədir. Mütəmadi olaraq vətəndaşlar bu xəttə müraciət edirlər. Araşdırmalar göstərir ki, daxil olan müraciətlərin əksəriyyəti seçici siyahıları, səsvermə prosedurları, seçki məntəqələrinin yerləşdiyi ünvan və s. kimi mövzularla bağlıdır. Daxil olmuş müraciətlər dərhal cavablandırılır və operativ şəkildə müvafiq addımlar atılır.
Yüksək texnologiyalar və innovasiyalar dövrünün insanları olaraq ölkə vətəndaşlarının bu sahədəki mövcud bilik və vərdişləri durmadan artır. Bu mənada Mərkəzi Seçki Komissiyası qanunvericiliyin verdiyi imkanlar hüdudunda internet vasitəsi ilə də seçicilərin və digər seçki subyektlərinin maarifləndirilməsi işini durmadan təkmilləşdirir.
Müasir texnologiyaların verdiyi imkanlardan bəhrələnməklə seçki subyektləri Mərkəzi Seçki Komissiyasının qəbul etdiyi bütün qərarlarla, sənədlərlə və keçirdiyi tədbirlərlə yaxından tanış olur, həmçinin seçkilərdə iştirak edən subyektlərlə bağlı məlumatlar əldə edə bilirlər. Mərkəzi Seçki Komissiyasının internet səhifəsində (www.msk.gov.az, www.cec.gov.az, www.infocenter.gov.az) seçkilərlə bağlı bütün məlumatlar mütəmadi olaraq yerləşdirilir.
Mərkəzi Seçki Komissiyasının həyata keçirdiyi mühüm əhəmiyyətli layihələrdən biri də aşağı seçki komissiyaları üzvlərinin maarifləndirilməsidir. Çünki, seçki komissiyalarının sisteminə daxil olan pillələrdə otuz bir mindən artıq komissiya üzvü fəaliyyət göstərir ki, seçkilərin beynəlxalq standartlara uyğun hazırlanıb keçirilməsi bilavasitə onların da peşəkarlıq səviyyəsindən, bilik və bacarıqlarından asılıdır.
Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2006-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı” və onun davamlılığının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”ndan irəli gələn vəzifələrin icrası ilə bağlı Mərkəzi Seçki Komissiyası tərəfindən aşağı seçki komissiyaları üzvlərinin peşə hazırlığının artırılması, seçkilər sahəsində onların bilik, bacarıq və işgüzar vərdişlərinin təkmilləşdirilməsi məqsədilə mütəmadi olaraq seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar, habelə digər seçki subyektlərinin maarifləndirilməsi üçün bu qəbildən olan çoxsaylı tədbirlər həyata keçirilmişdir.
Seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar iki mərhələdən ibarət olmaqla öncə dairə seçki komissiyalarının sədrləri, sonra isə ölkə üzrə dairə seçki komissiyası üzvləri və məntəqə seçki komissiyası sədrləri üçün təşkil edilir. Həmin tədbirlərə qanunverici, icra və məhkəmə hakimiyyətlərinin, həmçinin digər müxtəlif dövlət orqanlarının məsul şəxsləri cəlb olunurlar. Məlumat üçün qeyd edək ki, qarşıdan gələn beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə bağlı dairə və məntəqə seçki komissiyalarının üzvləri üçün müvafiq olaraq müşavirə, təcrübə mübadiləsi və seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçiriləcəkdir.
Artıq ənənə halını almış layihələrdən biri də aşağı seçki komissiyaları üçün əyani vəsaitlərdən istifadə olunmaqla həyata keçirilən treninq layihələridir. 2002-ci ildən əsası qoyulmuş bu layihə əvvəllər kiçik trenerlər qrupu vasitəsilə həyata keçirilirdi. 2008-ci ildən isə MSK tərəfindən Avropa Şurası Venesiya Komissiyası ilə birgə hər seçki dairəsi üçün 2 yerli trener hazırlanmağa başlanıldı. Hazırda bu trenerlər dairə və məntəqə seçki komissiyası üzvlərinin maarifləndirilməsində mühüm rol oynayır. Azərbaycan Respublikası Prezidentinin sonuncu seçkiləri və bələdiyyələrə ötən il keçirilmiş seçkilərlə əlaqədar aşağı seçki komissiyalarının maarifləndirilməsi məqsədilə 2 mərhələli treninq layihəsi hazırlanmışdır. Birinci mərhələ çərçivəsində Bakıda Mərkəzi Seçki Komissiyasının treninq qrupu tərəfindən “Trenerlər üçün treninqlər” keçirilmişdir. Bu treninqlər zamanı ölkənin bütün seçki dairələrini təmsil edən 250 yerli trener seçkilərdə səsvermə prosesi, müstəsna hallar, səslərin sayılması, protokolların doldurulması da daxil olmaqla seçki günü prosedurları barədə məlumatlandırılmış, praktiki məşğələlər zamanı seçki günü ortaya çıxa biləcək hallar və s. kimi aktual məsələlər müzakirə olunmuşdur. Layihənin dairə və məntəqə seçki komissiyaları üzvlərinin cəlb olunduğu ikinci mərhələsində MSK treninq qrupu aşağı seçki komissiyaları üzvlərinin treninqi üçün lazımi məlumatları əks etdirən xüsusi yardımçı slaydlar hazırlayaraq seçki dairələri üzrə treninq qruplarına təqdim etmişdir. Treninqin ikinci mərhələsi 30-36 nəfərlik kiçik qruplar üçün əyani vəsaitlərdən istifadə edilməklə keçirilmişdir. Treninq çərçivəsində aşağı seçki komissiyası üzvləri seçki prosesinin ən mühüm mərhələlərindən olan səsvermə prosesi ilə bağlı ətraflı məlumatlandırılmışlar. Bütünlükdə bu treninqlərdə 31000-dən artıq komissiya üzvü iştirak etmişdir. Qarşıdan gələn parlament seçkilərində də həmin layihənin uğurla həyata keçirilməsi üçün lazımi tədbirlər görüləcəkdir.
Dairə seçki komissiyalarının məsləhətçi-operatorları üçün praktiki treninqlər keçirilməsi də maarifləndirmə tədbirlərinin tərkib hissəsidir. MSK-nın inzibati binasında təşkil olunacaq treninqlərdə dairə seçki komissiyalarının kompüter mütəxəssislərinə seçki günü məlumatlarını MSK-ya ötürmək üçün istifadə edəcəkləri “Seçkilər” Dövlət Avtomatlaşdırılmış İnformasiya Sisteminin yeni şəbəkə variantı barədə praktiki məlumat verilməsi, əyani formada istifadə qaydalarının öyrədilməsi nəzərdə tutulur. Treninqlər nəticəsində operatorlar praktiki iş təcrübəsi qazanacaqlar ki, bu da seçki günü şəbəkədən daha rahat istifadəni təmin edir.
Ümumilikdə maarifləndirmə proqramları çərçivəsində iştirakçılara seçkilərə hazırlıq, həyata keçirilmiş layihələr, seçki hüququnun həyata keçirilməsi və vətəndaşların seçki hüququnun təmin olunması, seçki qanunvericiliyi və normativ-hüquqi sənədlər, yerli və beynəlxalq müşahidənin əsasları və digər məsələlər ətraflı müzakirə edilir, ortaya çıxan suallar əhatəli şəkildə cavablandırılır. Onu da qeyd edək ki, bu proses bir çox hallarda digər təşkilat və qurumların təmsilçiləri - yerli icra hakimiyyəti başçıları, polis orqanları və penitensiar xidmət əməkdaşları, gənclər təşkilatları ilə birlikdə həyata keçirilir. Həmçinin maarifləndirmə tədbirlərinə beynəlxalq təşkilatların nümayəndələrinin qoşulması təcrübəsi genişlənməkdədir. Qarşıdan gələn parlament seçkilərində də beynəlxalq əməkdaşlığın səmərəli təşkili istiqamətində zəruri addımlar atılacaqdır. Artıq belə tədbirlərdən birinə - Mərkəzi Seçki Komissiyası və Avropa İttifaqının təşkilatçılığı ilə dairə seçki komissiyası sədrləri üçün regional seminarlara 2015-ci il avqustun 14-də Bakı şəhərində start verilmişdir.
Tədbirdə beynəlxalq ekspertlər və MSK üzvləri tərəfindən parlament seçkilərində namizədliyin qeydiyyatı üzrə qanunun tələbləri, həmçinin namizədliyin irəli sürülməsi və qeydə alınması prosedurları ilə bağlı təqdimatlar aparılıb, əyani vəsaitlərdən istifadə edilməklə keçirilən treninqlərdə mövzularla bağlı ətraflı məlumat verilib, müzakirələr edilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Genişmiqyaslı maarifləndirmə layihələrindən biri kimi həyata keçirilən tədbirin bu mərhələsi dairə seçki komissiyaları üzvlərinin məlumatının artırılması və namizədlərin qeydiyyatı proseduru ilə onların bilik, bacarıq və işgüzar vərdişlərinin daha da təkmilləşdirilməsinə hədəflənib. Layihə çərçivəsində həmçinin, namizədlərin qeydiyyatı proseduru ilə bağlı hazırlanmış video klip namizədlər də daxil olmaqla, daha geniş auditoriyanın maarifləndirilməsi üçün nəzərdə tutulub.
Avqustun 14-dən başlayan treninqlər Bakı, Şirvan, Gəncə və Şəki şəhərlərində keçirilməklə avqustun 19-dək davam edəcək və treninqlərdə ölkə üzrə 125 seçki dairəsinin dairə seçki komissiyalarının hər birindən iki təmsilçi olmaqla, ümumilikdə 250 aşağı seçki komissiyası rəsmisi iştirak edəcək.
MSK-nın Avropa İttifaqı ilə birlikdə seçki hüquqlarının pozulması ilə əlaqədar müraciət və şikayətlərə baxılmasına həsr edilən eyni xarakterli tədbirin də yaxın günlərdə keçirilməsi nəzərdə tutulur.
Ümumiyyətlə, MSK-nın maarifləndirmə məqsədi daşıyan tədbirlərinin hüdudları ildən-ilə genişlənir. Əgər 27 may 2003-cü ildən - Seçki Məcəlləsi qüvvəyə mindikdən sonra maarifləndirmə tədbirləri əsasən aşağı seçki komissiyası üzvləri və seçicilər arasında aparılırdısa, sonradan bu xarakterli tədbirlər polis əməkdaşları, seçici qadınlar, ilk dəfə səs verəcək gənclərlə də təşkil olundu və səmərəli nəticələr verdi. MSK rəhbərliyi qarşıdakı seçkilərdə də bu xarakterli tədbirlərin əhatə dairəsini daha da genişləndirməyi məqsədəmüvafiq hesab edir.
Normativ xarakterli aktların hazırlanması və yayılması sahəsində həyata keçirilən tədbirlər də seçki subyektlərinin hüquqi biliklərinin artırılmasında mühüm rol oynayır. Qərarlar, təlimatlar və izahlar formasında qəbul edilən həmin aktlar bilavasitə seçki qanunvericiliyinin təkmilləşdirilməsi, seçki subyektlərinin hüquqi biliklərinin artırılması, bir sözlə, hüquq maarifçiliyi məqsədlərinə xidmət edir. Mərkəzi Seçki Komissiyası ölkədə keçirilən hər bir seçki (referendum) üçün “Təlimat, Qayda və İzahlar” topluları hazırlayaraq onun çap olunması və aşağı seçki komissiyası üzvləri arasında paylanması işini uğurla təşkil edir. Ənənəyə sadiq qalaraq əvvəlki seçkilərdə olduğu kimi, Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər üçün də beş toplu çap olunaraq aşağı seçki komissiyalarına və digər seçki subyektlərinə paylanmışdır. Bundan başqa, hər seçki zamanı seçkilərin hazırlanması və keçirilməsi üzrə “Əsas hərəkətlərin və tədbirlərin Təqvim Planı”, “Səsvermə günü üçün Yaddaş kitabçası”, “Müşahidəçilər üçün Yaddaş kitabçası”, “Namizədlər üçün Yaddaş kitabçası”, “Polis üçün Yaddaş kitabçası” və sairə vəsaitlər çap olunaraq seçki subyektlərinin istifadəsinə verilir.
2015-ci il iyulun 9-da və avqustun 13-də Mərkəzi Seçki Komissiyası tərəfindən siyasi partiyaların maliyyə hesabatlarının tərtib edilməsi, qəbul olunması, nəzərdən keçirilməsi və ictimailəşdirilməsinə həsr olunmuş iki seminar keçirilib ki, bu da siyasi partiyalarla bağlı qanunvericiliyin təkmilləşdirilməsi tələblərindən irəli gəlib. MSK Katibliyinin Nəzarət-Təftiş Xidmətinin, siyasi partiyaların maliyyə hesabatları ilə iş və siyasi partiyaların sənədləri ilə iş sektorlarının əməkdaşları üçün təşkil olunmuş birinci seminarda siyasi partiyaların illik maliyyə hesabatlarına dair tələblər, onların tərtib edilməsi, səlahiyyətli orqana göndərilməsi, nəzərdən keçirilməsi və ictimailəşdirilməsi, siyasi partiyaların illik hesabatlarının tərtib edilməsində müstəqil auditorların rolu, onların hüquq və vəzifələri, auditor rəyinə və hesabatına dair tələblər, hesabatın əsasını təşkil edən maliyyə sənədləri və onların xüsusiyyətləri, eləcə də maliyyə hesabatlarına dair qanunvericiliyin tələblərinin pozulmasına görə məsuliyyət mövzularında çıxışlar dinlənilib. Seminarda, həmçinin, siyasi partiyaların maliyyə hesabatları ilə bağlı müxtəlif mövzularda müzakirələr aparılıb, meydana çıxan suallar cavablandırılıb. İkinci seminarda isə rəsmi dövlət qeydiyyatından keçmiş siyasi partiyaların təmsilçilərinin iştirakı ilə qeyd edilən məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır. Hər iki tədbirdə aidiyyəti dövlət qurumlarının - Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, Ədliyyə Nazirliyinin və Azərbaycan Respublikası Auditorlar Palatasının nümayəndələri də iştirak və çıxışlar etmişlər.
Seçki prosesinin ən çoxsaylı nümayəndələri olan seçicilərin maarifləndirilməsi tədbirləri içərisində səsvermənin yeri və vaxtı barədə bildirişlərin hazırlanması və onların vətəndaşlara qanunvericiliklə müəyyən olunmuş qaydada və müddətdə çatdırılması da mühüm əhəmiyyət kəsb edir. Artıq qarşıdan gələn parlament seçkilərində istifadə ediləcək bildiriş forması tərəfimizdən hazırlanıb ki, orada seçicilərin səsvermə günü bütün davranış qaydaları, hüquq və vəzifələri öz əksini tapmışdır.
Seçkilərlə bağlı seçicilərin və digər seçki subyektlərinin maarifləndirilməsi məqsədilə Mərkəzi Seçki Komissiyasının üzvləri və əməkdaşları seçkilər dövrü İctimai Televiziya və Radio Yayımları Şirkətində hər həftə seçki hüququnun və seçki prosesinin müxtəlif problemlərinə həsr olunmuş mövzularla çıxış edirlər. Eyni zamanda, MSK üzvlərinin və Katiblik əməkdaşlarının mətbuat səhifələrindəki məqalələri və müsahibələri də vətəndaşlarıın seçki fəallığına stimul verən tədbirlərdəndir.
Xüsusilə vurğulamaq lazımdır ki, seçki komissiyaları kütləvi informasiya vasitələri ilə yaxından əməkdaşlıq edir, onlara seçkiləri işıqlandırmaları üçün hər cür şərait yaradır, öz peşə borclarını layiqincə yerinə yetirmələrinə lazımi kömək göstərirlər. Ötən ildən başlayaraq bu əməkdaşlıq daha da dərinləşmiş və bir çox birgə tədbirlər də keçirilmişdir. KİV nümayəndələri mütəmadi qaydada MSK-nın tədbirlərinə dəvət olunur və lazımi məlumatları dərhal və birbaşa əldə edirlər. Ölkə ictimaiyyətinin seçkilərin hazırlanması və keçirilməsilə bağlı məlumatlandırılması məqsədilə MSK tərəfindən müxtəlif xarakterli mətbuat konfransları, brifinqlər keçirilir, respublikada fəaliyyət göstərən elektron informasiya vasitələrinə məlumatlar çatdırılır, mətbuat bülletenləri və məqalələr dərc olunur. Qarşıdan gələn parlament seçkilərində də MSK Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVİDF) ilə birgə “Jurnalistlərin seçki prosesində fəaliyyətinin əsasları” mövzusunda birgə konfrans keçirməyi nəzərdə tutur.
Seçki təcrübəsi göstərir ki, seçkilər zamanı bəzən bu və ya digər səbəblərdən vətəndaşların seçki hüquqlarının pozulması halları olur. Bu isə pozulmuş seçki hüquqlarının bərpa olunması zərurətini yaradır. Məhz bu zərurətlə bağlı Mərkəzi Seçki Komissiyası 2008-ci ildən başlayaraq Avropa Şurası Venesiya Komissiyasının ekspertləri ilə birgə şikayət və müraciətlərə baxılması ilə əlaqədar dairə seçki komissiyalarının ekspert qruplarının üzvləri üçün seminar-treninqlər keçirir. Seçki qanunvericiliyinə görə, şikayətlər ilkin olaraq dairə seçki komissiyalarında yaradılan 3 nəfərdən ibarət ekspert qrupunun üzvləri tərəfindən araşdırılır. Bu şəxslər üçün seminar-treninqlərin keçirilməsi həm nəzəri, həm də praktiki cəhətdən çox faydalıdır. Cəsarətlə demək olar ki, ötən müddət ərzində həmin ekspertlərin topladığı müsbət təcrübə bu gün aydın şəkildə hiss olunmaqdadır.
Çox müsbət haldır ki, respublikada 2008-ci ildən başlayaraq tətbiq olunan və internet vasitəsilə səsvermə prosesini canlı izləmək imkanı verən veb-kameralardan istifadə təcrübəsi və coğrafiyası da ildən-ilə artmaqdadır. 2013-cü il Azərbaycan Respublikasının Prezidenti seçkilərində və 2014-cü il bələdiyyələrə seçkilərdə şəffaflığın yüksək səviyyədə təmin olunması üçün bütün digər vasitələrlə yanaşı, respublikadakı seçki məntəqələrində əvvəlki seçkilərdə quraşdırılmış veb-kameraların sayı 2 dəfə artırılaraq 500-dən 1000-ə (təxminən 20 faizə) çatdırılmışdır. Veb-kameralar quraşdırılmış seçki məntəqələrinin siyahısı təsdiq olunaraq dərc edilmiş və rəsmi internet səhifəsində yerləşdirilmişdir. Seçki günü bu veb-kameralar vasitəsilə internet istifadəçiləri istər ölkə daxilindən, istərsə də xaricdən MSK-nın internet səhifəsinə daxil olaraq səsvermə prosesini, səslərin sayılması və nəticələrin müəyyənləşdirilməsini arasıkəsilmədən canlı müşahidə etmək imkanına malik olmuşlar. Bu müsbət tendensiyanın davamlı olması və ölkə coğrafiyasını bütünlüklə əhatə etməsi əsas hədəflərdəndir.
Ümumiyyətlə, seçki komissiyaları tərəfindən seçki subyektlərinin maarifləndirilməsi məqsədilə həyata keçirilən bütün tədbirlər nəticə etibarı ilə seçki praktikasının və seçki subyektlərinin hazırlıq səviyyəsinin təkmilləşdirilməsinə, seçkilərin beynəlxalq standartlara uyğun keçirilməsinə dəyərli töhfədir.
Natiq
MƏMMƏDOV,
Azərbaycan
Respublikası Mərkəzi
Seçki Komissiyası sədrinin
müavini
Azərbaycan.- 2015.- 18
avqust.- S. 5.