Astanada
Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasının informasiya və media məsələləri
üzrə nazirlərinin ilk görüşü olub
Növbəti
görüşün 2016-cı ildə Azərbaycanda
keçirilməsi qərara alınıb
Avqustun 18-də Qazaxıstanın paytaxtı Astanada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) informasiya və media məsələləri üzrə nazirlərinin birinci görüşü keçirilib.
Tədbirdə ölkəmizi Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun başçılığı ilə nümayəndə heyəti təmsil edib. Nümayəndə heyətinə Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) baş direktoru Aslan Aslanov, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Cəmil Quliyev daxildirlər.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənovun sədrliyi ilə keçirilən tədbirdə Türkiyə Radio və Televiziya Korporasiyasının (TRT) baş direktoru Şenol Göka, Qazaxıstanın investisiya və inkişaf naziri Aset İsekeşev, Qırğızıstanın mədəniyyət, informasiya və turizm naziri Altınbek Maksudov iştirak ediblər.
Görüşdə Beynəlxalq Türk Xəbər Kanalının yaradılmasına dair əlaqələndirmə qrupunun hesabatı dinlənilib, bu kanalın yaradılması ilə bağlı konsepsiya sənədi, informasiya və media üzrə birgə Əməkdaşlıq Protokolu, TDƏŞ-in milli televiziya kanalları arasında Əməkdaşlıq Protokolu, Türk Şurasının Xəbər Agentlikləri arasında əməkdaşlığa dair Anlaşma Memorandumu və üzv ölkələr arasında media sahəsində əməkdaşlığın digər aspektləri, həmçinin növbəti görüşün yerinin və vaxtının müəyyənləşdirilməsi məsələləri müzakirə olunub.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli HƏSƏNOV deyib:
- İlk növbədə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının bugünkü iclasının iştirakçılarını səmimiyyətlə salamlayırıq. Eyni zamanda, bu toplantının yüksək səviyyədə təşkil olunmasına görə Qazaxıstan tərəfinə təşəkkür edirik. Əminik ki, iclasda aparılan müzakirələr və qəbul olunan qərarlar ölkələrimiz arasında informasiya sahəsində əməkdaşlığın inkişafına, media qurumlarının əlaqələrinin güclənməsinə, informasiya mübadiləsinin çevik və səmərəli təşkilinə müsbət təsir göstərəcək.
Türk dünyasının inteqrasiya prosesində özünəməxsus yeri olan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası uğurlu birlik modeli kimi artıq özünü təsdiq edib. Bu təşkilat həm də ölkələrimizi narahat edən mürəkkəb qlobal və regional geosiyasi prosesləri, mövcud problemləri müzakirə etmək, çıxış yolları axtarmaq və adekvat addımlar atmaq üçün olduqca vacib platformadır.
Müasir dövrdə beynəlxalq aləmdə və regionumuzda sabitliyə zərbə vuran bəzi mənfi proseslərin həm də Türk dünyasında asayişə, sülh və əmin-amanlığa təhlükə yaratması bizi narahat etməyə bilməz. Qardaş Türkiyənin qarşı-qarşıya qaldığı İŞİD və PKK terroru, hərbi-təcavüzkar ölkə olan Ermənistanın Azərbaycanın tarixi torpaqlarını işğal etməsi, hələ də öz həllini tapmamış Dağlıq Qarabağ münaqişəsi, digər bu kimi geosiyasi problemlər türk dünyasında davamlı sülhün və təhlükəsizliyin təmin olunması naminə səylərimizin vahid məqsəd uğrunda səfərbər edilməsini zərurətə çevirən vacib amillərdəndir.
Hazırda antitürk, islamofob dairələrin təsirində olan bəzi beynəlxalq media resursları birmənalı şəkildə qərəzli mövqe nümayiş etdirir, müəyyən siyasi qrupların göstərişləri ilə hərəkət edirlər. Xüsusən 2015-ci ildə Bakıda keçirilən I Avropa Oyunları ərəfəsində və yarışlar dövründə bu cür beynəlxalq media vasitələrində ölkəmizə qarşı ardıcıl şəkildə qərəzli materialların yayımlanması müasir dövrdə informasiyadan daha çox siyasi təzyiq vasitəsi kimi istifadə olunduğunu bir daha sübut edib.
Regionda əməkdaşlığın, sülhün və əmin-amanlığın tərəfdarı olan Azərbaycanın qısa müddətdə sosial-iqtisadi və siyasi sahədə əldə etdiyi böyük uğurlar təəssüflə qeyd etməliyəm ki, dünyanın bir sıra aparıcı media resurslarının səhifələrinə çətinliklə yol tapır. Bundan başqa, bir müstəqil dövlət olaraq qazandığımız uğurların miqyası genişləndikcə, bəzən müəyyən mətbuat orqanlarında bizə qarşı qərəzli, saxta ittihamlara əsaslanan hücumlar təşkil edilir.
Oxşar problemləri olan digər türkdilli ölkələrin də eyni münasibətlə qarşılaşdığını dıqqətə çatdıran Azərbaycan Prezidentinin köməkçisi vurğulayıb:
- Özünün iqtisadi-siyasi tərəqqisi ilə dünyanın bir çox aparıcı ölkəsini geridə qoyan Türkiyəyə qarşı dünya mediasında zaman-zaman aparılan çirkin kampaniya bunun bariz sübutudur. Bu gün qondarma və saxta soyqırımı iddiaları ilə Türkiyənin üzərinə hücuma keçən beynəlxalq media qurumları 1992-ci ildə Azərbaycanda ermənilər tərəfindən xüsusi amansızlıqla törədilmiş Xocalı soyqırımı mövzusunda susur. Alternativ media resurslarının az olması isə bizim əks-tezislərlə çıxış etmək imkanımızı məhdudlaşdırır. Eyni mənzərəni türk dünyasının tərkib hissəsi olan Qazaxıstan, Qırğızıstan və digər qardaş ölkələrlə bağlı müəyyən hadisələrin dünya ictimaiyyətinə təqdim edilmə formasında da müşahidə edirik.
Bu ilin sonlarında Türkiyə “G-20” liderlərinin onuncu sammitinə, 2017-ci ildə Azərbaycan İslam Həmrəylik Oyunlarına, Qazaxıstan isə “Kazakhstan Expo” kimi dünya miqyaslı tədbirlərə ev sahibliyi edəcək. Ənənəvi olaraq bəzi Qərb təşkilatları və media qurumları tərəfindən ölkələrimizə qarşı etimadsızlıq mühitinin yaradılması cəhdlərinin yeni mərhələsinə start veriləcəyini gözləmək olar. Dili, dini, etnik mənsubiyyəti eyni olan türkdilli dövlətlərə qarşı aparılan oxşar, sistematik kampaniyalar belə düşünməyə əsas verir ki, bu fəaliyyətlər eyni mərkəzdən idarə olunur və vahid məqsədə - ölkələrimizin inkişafına, birlik və bərabərliyinə mane olmağa xidmət edir. Bu faktlar türkdilli dövlətlər arasında həmrəyliyin gücləndirilməsi ilə yanaşı, informasiya sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsinə, dünya ictimaiyyətində ölkələrimiz haqqında düzgün təsəvvürün yaranması üçün qlobal informasiya şəbəkəsinə obyektiv məlumatların ötürülməsinə böyük ehtiyac olduğunu əyani şəkildə təsdiq edir.
Nəzərə alınmalıdır ki, vahid informasiya məkanının mövcud olduğu müasir dövrdə informasiya dövlətlərarası münasibətlərin inkişafında mühüm amilə çevrilib, həmçinin ictimai fikrin formalaşması və ifadə olunmasını təmin edən təsirli vasitə kimi medianın əhəmiyyəti daha da yüksəlib. Buna görə də real şəraitə uyğun informasiya siyasətinin formalaşdırılması, qlobal şəbəkədə prioritetlərin müəyyənləşdirilməsi, cəmiyyətin informasiya təhlükəsizliyinin təmin edilməsi hər bir dövlətin, o cümlədən türkdilli dövlətlərin həyatında vacib rol oynayır.
Bütün bunlara görə, hesab edirik ki, türkdilli dövlətlərin informasiya vasitələrində qarşılıqlı əlaqənin və həmrəyliyin təmin olunması, bu məqsədlə media qurumlarının fəaliyyətinin əlaqələndirilməsi, birgə media təsisatlarının yaradılması, ölkələrimizin maraqları naminə dünyanın aparıcı KİV-ləri ilə qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi və digər bu kimi tədbirlər hazırda da öz aktuallığını saxlamaqdadır. Bu baxımdan bu gün imzalanması nəzərdə tutulan türkdilli dövlətlərin milli televiziya kanalları arasında əməkdaşlıq protokolu və informasiya agentlikləri arasında Anlaşma Memorandumu mühüm əhəmiyyət kəsb edir.
Qlobal informasiya məkanına sərbəst çıxışın təmin edilməsinin və birgə fəaliyyətin təşkilinin əhəmiyyətindən danışan Əli Həsənov deyib:
- Ölkələrimizə qarşı aparılan qarayaxma kampaniyalarının qarşısının alınmasında qüvvələrimizin birləşdirilməsi və türkdilli dövlətlərin qərəzli transmilli media şirkətlərindən asılılığına son qoyulması məqsədilə alternativ informasiya mənbəyinin - Beynəlxalq Türk Xəbər Kanalının yaradılması təşəbbüsü ölkələrimiz üçün tarixi əhəmiyyətə malik vacib məsələlərdən biri olmaqla yanaşı, türk dünyasının mərkəzləşmiş xəbər siyasətinin də formalaşmasına önəmli töhfə verə bilər.
Bu sahədə əldə etdiyimiz müəyyən təcrübələr - Türkdilli Xəbər Agentlikləri Birliyinin (TKA) və daha çox türk xalqlarının milli-mədəni dəyərlərinin təbliği ilə məşğul olan TRT AVAZ kanalının uğurlu fəaliyyəti bizə belə düşünməyə əsas verir ki, Beynəlxalq Türk Xəbər Kanalının yaradılması türkdilli dövlətlərin informasiya siyasətində daha məhsuldar bir dövrün başlanğıcı olacaqdır.
Dünya miqyasında tanınmış xəbər kanallarının təcrübəsindən istifadə etməklə yaradılacaq bu televiziya kanalı üzv ölkələrə aid siyasi, iqtisadi, sosial, mədəni, idman və digər xəbərlərin qərəzsiz və təhrif olunmamış formada beynəlxalq ictimaiyyətə təqdim edilməsində faydalı rol oynaya bilər. Eyni zamanda, xarici aləmdə cərəyan edən hadisələr beynəlxalq xəbər kanalları tərəfindən hər hansı bir ideoloji süzgəcdən keçmədən Türk Xəbər Kanalı vasitəsilə vətəndaşlarımıza çatdırılar. Nəzərə almalıyıq ki, belə bir kanal nümunəsi MDB ölkələrində də mövcuddur. Daha konkret desək, mən MDB ölkələrini əhatə edən “MİR” televiziyasını nəzərdə tuturam. Eyni zamanda, Türkiyənin də iştirak etdiyi layihələrdən biri olan “Euronews” kanalını göstərə bilərəm. Düşünürəm ki, bütün bu təcrübələrdən səmərəli istifadə olunması bizim işimizi asanlaşdıracaq. Qeyd etmək istəyirəm ki, bu kanal ölkələrin daxili işlərinə hörmətlə yanaşacaq, xüsusən bizim qonşularımızın, o cümlədən Rusiyanın, İranın, MDB-nin digər üzv ölkələrinin həyatında baş verən hadisələri obyektiv və konstruktiv şəkildə təqdim edəcək, öz fəaliyyəti ilə region ölkələri arasındakı əməkdaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə çalışacaqdır.
“Beynəlxalq televiziya kanalının yaradılması özünü zərurət kimi göstərsə də, bu kanalın təsis edilməsinin siyasi, maliyyə və idarəetmə kimi çətinlikləri tərəfimizdən dəqiqliklə müəyyən edilməli, onun fəaliyyət mexanizmi və iş prinsipləri beynəlxalq təcrübələr əsas götürülməklə işlənib hazırlanmalıdır”, - deyən Azərbaycan Prezidentinin köməkçisi bildirib:
- Fikrimizcə, kanalın təsisçisi qismində üzv dövlətlərin müvafiq televiziyalarının çıxış etməsi gələcəkdə kanalın fəaliyyətinin üzv dövlətlərin mövqeyi ilə əlaqələndirilməsi cəhdlərinin qarşısının alınması üçün məqsədəuyğun addım olardı. Bu mexanizm, eyni zamanda, müstəqil xəbər kanalı imicinin formalaşmasına və kanalın fəaliyyət çərçivəsinin daha da genişlənməsinə şərait yarada bilər. Kanalın qurulması prosesində təsisçilərin bərabər səhm hüququnun qorunması və gələcəkdə yeni üzv və tərəfdaşların onun idarə heyətində təmsil olunmasına imkan vermək üçün açıq səhmdar cəmiyyəti prinsiplərinin gözlənilməsi də vacib şərtlərdəndir.
Ölkəmizin türkdilli dövlətlər arasında əməkdaşlığın inkişaf etdirilməsindəki rolundan danışan Əli Həsənov deyib:
- Azərbaycan Respublikası türkdilli dövlətlər arasında qarşılıqlı əlaqələrin və əməkdaşlığın inkişaf etdirilməsi işinə daim öz töhfəsini verib və bundan sonra da qarşısında duran tərəfdaşlıq öhdəliklərini tam icra etmək əzmindədir. Hesab edirik ki, Türk Şurasının informasiya nazirlərinin və mediaya məsul rəhbər şəxslərinin toplantısı ildə bir dəfə keçirilmək şərti ilə mütəmadi xarakter almalı, türkdilli dövlətlərin informasiya siyasəti xüsusi çevikliklə müasir dövrün tələblərinə uyğunlaşdırılmalı və daim diqqətdə saxlanılmalıdır. Örnək olaraq İslam Əməkdaşlıq təşkilatının mətbuat-informasiya nazirlərinin müntəzəm şəkildə təşkil olunan sammitlərini göstərmək olar. Bu təşkilatın adını çəkmişkən, qeyd etməyi borc bilirəm ki, biz türkdilli dövlətlərin təmsilçiləri kimi, İslam Əməkdaşlıq Təşkilatının mətbuat-informasiya nazirləri formatı çərçivəsində fəaliyyətin əlaqələndirilməsini həyata keçirə bilərik. Bu baxımdan Astana toplantısının işini yüksək qiymətləndirir, bu gün təməli qoyulan layihələrə gələcəkdə digər türkdilli ölkələrin də qatılacağını güman edir və onların türk dünyasının birliyində mühüm rol oynayacağına inanıram.
Azərbaycan nümayəndə heyətinin rəhbəri çıxışının sonunda vurğulayıb:
- Bugünkü toplantıya ev sahibliyi edən Qazaxıstan tərəfinə, şəxsən cənab Aset İsekeşevə yüksək təşkilatçılığa və qonaqpərvərliyə görə bir daha təşəkkür edirəm. Diqqətinizə çatdırmaq istəyirəm ki, razılıq olacağı təqdirdə, Azərbaycan Respublikası Türk Şurasının informasiya nazirlərinin və mediaya məsul rəhbər şəxslərinin növbəti toplantısına ev sahibliyi etməyə hazırdır.
Görüşdə Qazaxıstanın investisiya və inkişaf naziri Aset İsekeşev, Türkiyənin TRT Korporasiyasının baş direktoru Şenol Göka, Qırğızıstanın mədəniyyət, informasiya və turizm naziri Altınbek Maksudov çıxış edərək birgə türk kanalının yaradılması, milli informasiya xəbər agentlikləri arasında sıx əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində atılan addımların əhəmiyyətindən danışdılar. Qeyd olundu ki, TDƏŞ ölkələrinin nümayəndələrindən ibarət əlaqələndirmə qrupları əməkdaşlığa dair sənədlərin layihələrini işləyib hazırlayıblar. Bu sənədlər hər dörd ölkənin rəhbərləri tərəfindən dəstəklənir. Diqqətə çatdırılıb ki, TDƏŞ-in media strukturlarının rəhbərlərinin növbəti görüşündə əməkdaşlığın inkişafı məsələlərinin müzakirəsi davam etdiriləcək.
* * *
Sonra sənədlərin imzalanması mərasimi oldu.
Əvvəlcə İnformasiya və Media üzrə Birgə Əməkdaşlıq Protokolu imzalandı. Sənədi Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Qazaxıstanın investisiya və inkişaf naziri Aset İsekeşev, Türkiyənin TRT Korporasiyasının baş direktoru Şenol Göka, Qırğızıstanın mədəniyyət, informasiya və turizm naziri Altınbek Maksudov və TDƏŞ-in baş katibi Ramil Həsənov imzaladılar. Protokola əsasən, ortaq Beynəlxalq Türk Xəbər Kanalının yaradılması nəzərdə tutulub.
Tədbirdə, həmçinin TDƏŞ ölkələri milli televiziya kanalları (İTV - Azərbaycan, KAZTRK və KHABAR - Qazaxıstan, KTRK - Qırğızıstan, TRT - Türkiyə) arasında Əməkdaşlıq Protokolu imzalandı. Sənədi Azərbaycan tərəfdən İTV-nin baş direktoru Cəmil Quliyev imzaladı.
Daha sonra TDƏŞ ölkələri milli xəbər agentlikləri (AZƏRTAC - Azərbaycan, KAZİNFORM və KAZCONTENT - Qazaxıstan, KABAR - Qırğızıstan, Anadolu Agentliyi - Türkiyə) arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalandı. Sənədi Azərbaycan tərəfdən AZƏRTAC-ın baş direktoru Aslan Aslanov imzaladı.
Görüşdə TDƏŞ ölkələri informasiya və media məsələləri üzrə nazirlərinin ikinci görüşünün 2016-cı ildə Azərbaycanda keçirilməsi barədə yekdilliklə qərar qəbul olundu.
* * *
Sonda nümayəndə heyətlərinin rəhbərləri mətbuat konfransı keçirdilər.
Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənov görüşün yekunlarına dair açıqlamasında bildirdi ki, tədbirdə imzalanan sənədlər və müzakirə olunan təşəbbüslər Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən dəstəklənir. Birgə televiziya kanalının yaradılması məsələsinə münasibət bildirən Ə.Həsənov dedi: “Bilirsiniz ki, müasir dünyada bəzi beynəlxalq transmilli informasiya qurumları xəbər yayımını monopoliyaya götürərək istədikləri kimi həyata keçirir, öz maraqlarını reallaşdırırlar. TDƏŞ ölkələri rəhbərləri və informasiya qurumları belə qənaətə gəliblər ki, bu ölkələr arasında informasiya sahəsində əməkdaşlığı inkişaf etdirməyin tam zamanı çatıb”.
Qazaxıstanın investisiya və inkişaf naziri Aset İsekeşev, Türkiyənin TRT Korporasiyasının baş direktoru Şenol Göka, Qırğızıstanın mədəniyyət, informasiya və turizm naziri Altınbek Maksudov və TDƏŞ-in baş katibi Ramil Həsənov Türk Şurası ölkələri informasiya və media məsələləri üzrə nazirlərinin ilk görüşünün yüksək səviyyədə keçdiyini və gələcək əməkdaşlığın inkişafına yeni təkan verəcəyini vurğuladılar.
İlahə
ƏHMƏDOVA,
Fəridə
ABDULLAYEVA,
AZƏRTAC-ın
xüsusi müxbirləri
Astana
Azərbaycan.- 2015.- 19 avqust.- S. 1.