Azərbaycanın Almaniyadakı səfirliyi bəyanat yayıb
Azərbaycan Respublikasının AFR-dəki səfirliyi Leyla Yunus və Arif Yunus barədə çıxarılmış məhkəmə hökmünün Almaniyadakı bəzi dairələr tərəfindən siyasiləşdirməsi cəhdlərini pisləyən bəyanat yayıb.
Bəyanatda vurğulanır ki, hüquqi dövlətdə törədilmiş cinayətin müvafiq cəzası olmalıdır. Hər bir demokratik ölkədə olduğu kimi, insan hüquqları müdafiəçisi olmaq və ya hər hansı bir digər status Azərbaycan Respublikası Qanunu qarşısında məsuliyyətdən azad etmir.
Bəyanatda bildirilir ki, Leyla Yunus və Arif Yunusun azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi prosesi Azərbaycan Respublikasının birinci instansiya məhkəməsi tərəfindən açıq və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə baş verib. Məhkəmə prosesi xarici diplomatlar və beynəlxalq təşkilatların nümayəndələri tərəfindən sərbəst şəkildə müşahidə olunub. Buna baxmayaraq, Almaniyadakı bəzi dairələr müstəqil məhkəmənin qərarına hörmətsizlik edərək, onu əsassız olaraq siyasiləşdirməyə cəhd göstəriblər.
Bəyanatda həmçinin qeyd olunur ki, ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra demokratik-hüquqi dövlət quruculuğu uğurla həyata keçirilir. Ölkənin müstəqil məhkəmə orqanlarının işinə siyasi bəyanatlarla təzyiq göstərilməsi qəbuledilməzdir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Azərbaycan.- 2015.- 19 avqust.- S. 4.