Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahı İsmayıllıda bölgə müşavirəsi keçirib

 

Avqustun 18-də Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının Şirvan bölgəsi üzrə rayon şöbələrinin qarşıdakı parlament seçkilərinə hazırlıq işləri ilə əlaqədar müşavirəsi keçirilib.

İsmayıllı şəhərində keçirilən müşavirədə YAP Mərkəzi Seçki Qərargahının İsmayıllı, Göyçay, Şamaxı, Ağsu, Qobustan, Ucar, Kürdəmir, Ağdaş Zərdab rayon şöbələrinin üzvləri iştirak ediblər.

YAP-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov çıxış edərək YAP-ın Milli Məclisə keçiriləcək növbəti seçkilərə ciddi hazırlaşdığını bildirib. Əli Əhmədov deyib: “Bütün seçkilərdə olduğu kimi bu dəfə partiyamız bütün gücünü, resurslarını səfərbər edib. YAP-ın yerli strukturları, partiyanın fəalları seçkilərə hazırlıq prosesinə cəlb olunub”.

Əli Əhmədov qeyd edib ki, son parlament seçkilərindən keçən müddət ərzində ölkəmizdə böyük inkişaf baş verib. Bu inkişafın hər bir sahəni əhatə etdiyini söyləyən YAP sədrinin müavini Azərbaycanın əzəmətli, möhtəşəm inkişafının əsasında ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət dayandığını vurğulayıb.

Diqqətə çatdırılıb ki, seçkilərdə inamlı qələbə qazanılmasının əsas şərtlərindən biri səmərəli seçki kampaniyasının təşkil olunmasıdır. Bundan əvvəlki seçkilərdə partiyanın həmin prinsipə sadiq qaldığını bildirən Əli Əhmədov YAP-ın böyük, güclü insani potensialının da seçkilərdə uğur qazanılmasında mühüm rol oynadığını deyib. Partiyanın yerli strukturlarında fəaliyyət göstərən seçki qərargahlarının üzvlərinin mütləq əksəriyyəti böyük seçki təcrübəsinə malik olan insanlardır. Hesab edirəm ki, qarşıdan gələn parlament seçkilərində siz öz üzərinizə düşən vəzifələri layiqincə yerinə yetirəcəksiniz. Təbii ki, partiyamızın bu resursundan, yəni insan potensialından hər zaman səmərəli istifadə etməyə çalışmışıq. Qələbələrimizin əldə olunmasında partiyamızın üzvlərinin fədakarlığı, əzmkarlığı mühüm rol oynayır”, - deyə Əli Əhmədov qeyd edib.

Müşavirədə, həmçinin bir sıra rayon təşkilat sədrlərinin hesabat xarakterli çıxışları dinlənilib müzakirələr aparılıb.

Sonda Əli Əhmədov qarşıdakı dövrdə görüləcək işlərlə bağlı tədbir iştirakçılarına tövsiyə tapşırıqlarını verib.

Müşavirədə Milli Məclisin deputatı Fəttah Heydərov iştirak edib.

 

Azərbaycan.- 2015.- 19 avqust.- S. 3.