Yeni Azərbaycan Partiyasının
Mərkəzi Seçki
Qərargahının Şəki-Zaqatala
bölgəsi üzrə
rayon şöbələrinin birgə müşavirəsi
keçirilib
Avqustun 18-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Seçki Qərargahının Şəki-Zaqatala bölgəsi üzrə rayon şöbələrinin qarşıdan gələn parlament seçkilərinə hazırlıq işləri ilə əlaqədar birgə müşavirəsi keçirilib.
YAP-dan AZƏRTAC-a bildiriblər ki, Qəbələ şəhərində keçirilən müşavirədə parlament seçkilərinə hazırlıq işləri barədə ümumi məsələlər müzakirə edilib. Müşavirədə ötən dövr ərzində görülmüş işlər haqqında məlumat verilib, qarşıda duran vəzifələrin icrası ilə bağlı görüləcək işlərdən bəhs edilib.
Müşavirədə çıxış edən Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi, Baş nazirin müavini Əli Əhmədov noyabrın 1-də ölkəmizdə Milli Məclisə keçiriləcək seçkilərə hazırlıq işlərinin yekunlaşmaq üzrə olduğunu diqqətə çatdırıb. Əli Əhmədovun sözlərinə görə, YAP-ın bütün yerli strukturları və fəalları hazırlıq prosesinə fəal cəlb olunub.
Qeyd edilib ki, artıq bütün rayon və şəhər təşkilatlarında YAP-ın Mərkəzi Seçki Qərargahının şöbələri yaradılıb. Burada partiyanın fəalları, seçki təcrübəsi olan insanlar fəaliyyət göstərirlər.
Əli Əhmədov vurğulayıb ki, YAP-ın parlament seçkilərində böyük uğur qazanması üçün obyektiv şərtlər mövcuddur. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatların, nəhəng quruculuq işlərinin uğurlu nəticələri, Azərbaycan vətəndaşının sosial durumunun, əhalinin rifahının gündən-günə yüksəlməsi, iqtisadiyyatın dinamik inkişafı, bölgələrin sosial-iqtisadi tərəqqisi, Azərbaycanın beynəlxalq müstəvidə imicinin artması və s. partiyamızın qələbəsini şərtləndirən əsas amillərdəndir.
Müşavirədə, həmçinin YAP-ın Zaqatala rayon təşkilatının sədri Habil Qurbanov və Şəki şəhər təşkilatının sədri Həsən Həsənov çıxış edərək seçki qərargahlarının iş prinsipi, görülmüş işlər, Mərkəzi Seçki Qərargahının tapşırıq və tövsiyələrinin icrası vəziyyəti haqqında ətraflı məlumat veriblər.
Tədbirdə Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov da çıxış edib.
Azərbaycan.- 2015.- 19 avqust.- S. 3.