Barmaqlıqlar arxasındakı həyat
“İnsanlar həbsxana barədə birmənalı düşünmürlər, qoy görsünlər ki, elə deyil, buradakılar da insandır və hansı işləri bacarırlar...” - deyən Bəhram Məmmədov hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 15 saylı cəzaçəkmə müəssisəsində məhkumluq həyatı yaşayır. O, burada rəssamlığın sirlərini mənimsəyib, artıq peşəkar rəssam kimi elə cəzaçəkmə müəssisəsinin özündə fəaliyyət göstərir. Onunla görüşümüz heç də təsadüf olmadı. Qəzetimizin “Məhkum əməyi” rubrikası altında bir neçə cəzaçəkmə müəssisəsində olub məhkumların əmək qabiliyyəti ilə tanış olduq. Onların müxtəlif əl işlərindən ibarət kolleksiyalarından reportajlar hazırladıq. Bu zaman cəzaçəkmə müəssisəsində rəssamlıq edən Bəhram Məmmədovun əl işləri də diqqətimizi çəkdi.
Dünyaya pəncərə açan məhkum fırçası
Müəssisədə özünün balaca emalatxanası da var. Lakin o, öz təxəyyülü ilə bu balaca otağı zənginləşdirməyi bacarıb. Divarlar başdan-ayağa rəsmlərlə əhatə olunub. Emalatxanaya daxil olanda da əlində fırça ilə nəsə çəkirdi. Rəssamlığı da elə həbsdə olarkən öyrənib. Dediyinə görə, əvvəllər - azadlıqda olanda bu sənətlə məşğul olmaq heç ağlına da gəlməyib:
- Azadlıqda qətiyyən bu işlə məşğul olmamışam. Sənəti müəssisədə öyrənmişəm. 2009-cu ildə Vüqar adında bir məhkum vardı, onun yanında sənətin sirlərinə yiyələndim. İlk dəfə ustanın otağına girəndə oradakı rəsmlərin qoxusu məni özünə çəkdi, nədənsə sənətə həvəsim yarandı. Fikirləşdim ki, necə olursa-olsun, mən də bu işi bacaracam. Beləcə, rəssamın yanında öyrənməyə başladım və işləyə-işləyə təkmilləşdim. 2009-cu ildən etibarən özüm fərdi şəkildə rəssamlığa başladım. Tam bir ildən sonra böyük bir sərgidə çıxış etdim. Düşünürəm ki, bunun özü həm də Allah vergisidir. Çünki istəsən də, bu sənəti bir ilə öyrənə bilməzsən...
Bir neçə dəfə rəsm sərgilərində çıxış edən B.Məmmədov sonuncu dəfə 2013-cü il yanvarın 15-də “Avropa” hotelində özünün fərdi sərgisini keçirib. Dediyinə görə, həmin sərgi anşlaqla qarşılanıb. Təbii ki, bu sərgilərin təşkilində Ədliyyə Nazirliyinin və müəssisə rəhbərliyinin böyük rolu və dəstəyi olub. Eyni zamanda, Penitensiar xidmətin və Azərbaycan Rəssamlar İttifaqının birgə təşəbbüsü ilə məhbusun məhkumluq dövründə işlədiyi rəsm əsərlərinin bu şəkildə təqdimatını dövlət tərəfindən məhkumlara göstərilən diqqətin bariz nümunəsi hesab etmək olar.
Taleyin acı sürprizləri ilə üzləşmiş B.Məmmədovun rəsm əsərlərində təbiət gözəllikləri, Azərbaycan qadınının xarakteri və mənəvi dünyası özünəməxsus ustalıqla təsvir olunub:
- 100-ə yaxın əl işim olub. Əsərlərimin çoxu məndə deyil, amma 80-ə yaxınını elektron formatda saxlamışam. Rəsmlərimin hər biri öz təxəyyülümün məhsuludur. Fikrimə nə gəldi, beynimdə nə canlandı onu da çəkirəm. Xüsusən də məni narahat edən məqamları canlandırıram. Əsər işləyərkən içimdə hiss etdiyim narahatlıqları üzə çıxarmağa çalışıram.
“Sənəti öyrənməsəydim,
burada yaşaya bilməzdim”
Divardan asılan rəsmlərə baxdıqda hiss edirsən ki, Bəhram kişi yaratdığı portretlərdə personajların daxili-psixoloji aləmini, analıq hiss və həyəcanlarını, gözlərinə qonmuş qüssə və kədərin səciyyəvi cizgilərini məharətlə əks etdirə bilib. Onun ana və qucağındakı körpə rəsmi deyilənləri tam mənası ilə təcəssüm etdirir. B.Məmmədovun təqdim olunan əsərlərinin mahiyyətini, istifadə olunan rəngləri təhlil etsək, bunların intizar, həsrət, təəssüf və peşmançılıq hissləri yaşayan müəllif tərəfindən yaradıldığı barədə nəticəyə gəlmək elə də çətin olmaz. Bu gün səmimi peşmançılıq hissləri keçirən məhkumun çəkdiyi rəsmlər bir daha təsdiq edir ki, öz doğmasına qarşı törətdiyi cinayət onu daim düşündürür, mənəvi əzab verir və bunun nəticəsidir ki, ərsəyə gətirdiyi əsərlərin heç birində nikbinlik ruhu hiss olunmur.
- Əsərlərimdə o qədər də nikbinlik yoxdur. Yəqin ki, bu da məhkum olduğuma görədir. Məhkumluq həyatının ümumi işə psixoloji və mənəvi təsirləri böyükdür. Düşünürəm ki, mən bu sənəti öyrənməsəydim, indi burada yaşaya bilməzdim. İstəyirəm ki, buradan çıxanda azadlıqda bu işin möhürünü qoymuş olum, həyatda mənə məxsus bir şeylər olsun. Yəqin ki, azadlıqda olsam, daha təkmil işlər ortaya qoyaram. Bununla belə, Ədliyyə Nazirliyinin və Penitensiar xidmətin rəhbərliyinə minnətdarlığımı bildirirəm. Çünki belə bir mühitdə bu işləri təşkil etmək, məhkuma şərait yaratmaq elə-belə iş deyil. Düşünürəm ki, mənim işimin təbliğ edilməsinin digər məhkumlara da xeyri olacaq. Həm də insanlar həbsxana barədə birmənalı düşünmürlər, qoy görsünlər ki, elə deyil, buradakılar da insandır və hansı işləri bacarırlar...
B.Məmmədovun Xocalı soyqırımı haqqında bir tablosu var. O bu tabloda hamilə qadının qarnını yarıb uşağı çıxararaq əlində tutan erməninin vəhşiliyini göstərmək istəyib. Lakin həmin əsəri hələ də tamamlaya bilməyib: “Çünki belə bir hadisəni çəkmək asan iş deyil, hisslərim imkan vermədi çəkim, gücüm çatmadı, mənə çox pis təsir etdi, bacarmadım...” - deyə bildirdi.
Rəssam həbsxanadakı balaca emalatxanasında özünəməxsus bir aura da yaradıb. Küncdə kiçik bir maqnitofon qoyub və alçaq səslə fonda daim klassik musiqi səslənir:
- Musiqiyə qulaq asmasam, çəkə bilmərəm, hər hansı bir tablonu çəkəndə fonda ona uyğun musiqi qoyuram. Çaykovskinin “Dörd fəsil” simfoniyası var. O musiqinin sədaları altında təbiət mənzərəsi çəkəndən sonra baxdım ki, həmin tabloda fəsillərin dördü də əks olunub. Çox maraqlı alınmışdı. Deməli, musiqinin əsərə təsiri böyükdür. Ona görə də hər dəfə yeni bir rəsm çəkməyə başlayanda fonda mütləq ona uyğun musiqi səsləndirirəm”.
Məhkum-sənətkar son olaraq dedi ki, insan istəsə, hər şeyi edə bilər. Ona görə də bu sənəti seçməklə heç kimə, heç nəyə ehtiyac olmadan yaşadığını göstərmək istəyib.…
Bəli, məhkumlara münasibətində humanizm prinsiplərinin düzgün tətbiqi və məhkumların tərbiyə işinin məqsədyönlü təşkili B.Məmmədovun və yüzlərlə digər məhbusun azad həyata yeni düşüncələrlə qovuşmasına zəmin yaradır. Məhkumluq həyatı yaşayan insanların əməyinin məhsulu olan hər hansı bir yaradıcılıq nümunələri anların mənəviyyatını, daxili peşmançılıq hisslərini, arzularını, vətənə, anaya, övladlarına, sevgilisinə olan sədaqətini və rəğbətini əks etdirən fikir və düşüncələrini ifadə etməyə şərait yaradır. Bəhram Məmmədovun timsalında bir daha buna şahidlik etdik.
Elgün MƏNSİMOV,
Azərbaycan.- 2015.- 19 avqust.- S. 5.