Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı
№
280 Bakı şəhəri,
17 avqust 2015-ci il
Azərbaycan Maliyyə-İqtisad Kollecinin, Bakı Texniki Kollecinin, Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin adlarının dəyişdirilməsi
və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli qərarı
ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki
qurumların Siyahısı”nda
dəyişikliklər edilməsi
haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Maliyyə-İqtisad Kolleci Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kolleci adlandırılsın.
2. Bakı Texniki Kolleci Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kolleci, Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci adlandırılsın.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 7, maddə 745, № 10, maddə 969, № 12, maddələr 1241, 1245; 2012, № 3, maddə 257, № 4, maddə 399, № 6, maddələr 633, 634, № 12, maddə 1346; 2013, № 6, maddə 775, № 9, maddə 1130; 2014,
№ 1, maddə 72, № 2, maddə 214, № 6, maddə 751, № 7, maddə 907, № 9, maddə 1120; 2015, № 3, maddə 336; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 24 iyun tarixli 238 nömrəli qərarı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın “Orta ixtisas təhsili müəssisələri” bölməsinin 1-ci, 9-cu və 19-cu hissələri aşağıdakı redaksiyada verilsin:
1. Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kolleci
9. Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kolleci
19.Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş naziri
Azərbaycan.- 2015.- 21 avqust.- S. 1.