Azərbaycan
Ordusu istənilən an
torpaqlarımızı işğaldan azad etməyə qadirdir
Nizami ordu Azərbaycan dövlətinin mövcudluğunun əsas təminatlarından birinə çevrilməklə ona dünya miqyasında maraq və mənafeyini, milli təhlükəsizliyini lazımi səviyyədə qorumaq, müstəqil siyasət yeritmək imkanı yaradır. Ulu öndərin ordu quruculuğu siyasətini yeni dövrün tələbləri səviyyəsində inamla davam etdirən Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev son 12 ildə bu istiqamətdə bütün zəruri tədbirlərin həyata keçirilməsini təmin etmişdir. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, sülh danışıqlarına sadiqdir. Ancaq işğalçı Ermənistan danışıqlar prosesində qeyri-konstruktiv mövqe nümayiş etdirməklə zaman-zaman təmas xəttində təxribatçı hərəkətlərə yol verib.
Azərbaycanın işğal olunmuş ərazilərində erməni qüvvələri tərəfindən xüsusi hərbi təlimlərin keçirilməsi, hərbi vertolyotların havaya qaldırılması, bununla da təmas xətti yaxınlığında yaşayan əhalinin hədə-qorxu altında saxlanılmasına cəhd göstərilməsi Ermənistanın təcavüzkar niyyətindən əl çəkmədiyini sübuta yetirir.
Xatırladaq ki, ötən ilin noyabrında Ermənistan silahlı qüvvələrinə məxsus helikopterin təmas xəttində təxribat xarakterli hərəkətinin qarşısı qoşunlarımız tərəfindən dərhal alınmış və düşmən hədəfi məhv edilmişdi. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bir daha bəyan etmişdi ki, işğal olunmuş Dağlıq Qarabağ üzərində həyata keçirilən bütün razılaşdırılmamış aviauçuşlar beynəlxalq qanunlar və Beynəlxalq Mülki Aviasiya Təşkilatının qərarlarına əsasən ölkəmizin hava sərhədlərinin pozulması kimi qiymətləndiriləcək və belə hal baş verdikdə ən müasir vasitələrə malik Azərbaycan Hərbi Hava Qüvvələri həmin hava hədəflərini dərhal məhv edəcəkdir.
Ötən ilin avqustundan indiyədək düşmənə vurulan zərbələrdən sonra Ermənistanın hərbi-siyasi rəhbərliyi hələ də özünə gələ bilməyib, indi də qorxu və vahimə içindədir. Beynəlxalq qurumlar tərəfindən münaqişəyə dair qəbul edilmiş bir çox qərarlar da haqq və ədalətin tərəfimizdə olduğunu sübut edir.
Dövlət başçısının tapşırığına əsasən, Müdafiə Nazirliyinin rəhbərliyi, komanda heyəti tez-tez cəbhə xəttində şəxsi heyətlə görüşlər keçirir. Əsas məqsəd əsgər və zabitlərin ümumi vəziyyəti, hərbi hissələrin döyüş hazırlığının səviyyəsi ilə maraqlanmaq, müvafiq tapşırıq və tövsiyələri çatdırmaqdır. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun vaxtaşırı cəbhəboyu rayonlarda yerləşən birlik, birləşmə və hərbi hissələrdə döyüş hazırlığını yoxlaması da bu istiqamətdə görülən ardıcıl işlərə misal ola bilər. General-polkovnik Z.Həsənov ərazinin çətin relyefi və xüsusiyyətləri nəzərə alınmaqla şəxsi heyətin döyüş hazırlığına diqqətin daha da artırılması, döyüş növbətçiliyinin aparılmasında sayıqlığın gücləndirilməsi, verilən döyüş tapşırıqlarının istənilən anda, dəqiq və vaxtında yerinə yetirilməsi, o cümlədən müharibə zamanı bölmələrin döyüş hazırlığı vəziyyətinə gətirilməsi ilə əlaqədar komandir və rəis heyətinə müvafiq tapşırıqlar verir.
Nazir cəbhədə müdafiə xəttinin dayanıqlığını, qoşunların atəş imkanlarını, ərazidə mühəndis-istehkam qurğularının vəziyyətini, postlar və mövqelərdəki şəxsi heyətin maddi-texniki təminatının təşkilini, mənəvi-psixoloji durumunu, döyüş texnikası, silah-sursat və digər vasitələrin tam hazırlığını yoxlayır.
Azərbaycanın qüdrətli Silahlı Qüvvələrə malik olmasını işğalçı tərəf, eləcə də dünya ictimaiyyəti keçirilən möhtəşəm hərbi paradlarda görərək bir daha əmin olub. Hələ 2008-ci ilin iyun ayında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 90-cı ildönümü münasibətilə Bakının Azadlıq meydanındakı hərbi parad ölkəmizin müzəffər silahlı birləşmələrə malik olduğunu bir daha nümayiş etdirdi. Silahlı Qüvvələrin bütün qoşun növlərinin, hərbi birlik və birləşmələrin, hərbi tədris müəssisələrinin, həmçinin qanunvericilikdə nəzərdə tutulan başqa silahlı birləşmələrin şəxsi heyətinin, modernləşdirilmiş hərbi texnikanın, döyüş helikopterlərinin, təyyarələrin, gəmilərin və qayıqların iştirak etdiyi hərbi parad hər bir azərbaycanlıda qürur hissi doğurdu. Çünki bu, Azərbaycan Silahlı Qüvvələrinin qüdrətindən, onun yenilməzliyindən, ölkəmizin ərazi bütövlüyünün bərpası üçün istənilən an zəfər yürüşünə hazır olmasından xəbər verən möhtəşəm tədbir idi.
Yüksək döyüş ruhuna malik Azərbaycan Ordusunun və Silahlı Qüvvələrin digər növlərinin peşəkarlığını nümayiş etdirən daha bir möhtəşəm təlim isə 2010-cu il iyunun 24-də baş tutdu. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 92-ci ildönümü münasibətilə Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının birləşmə və hissələrinin irimiqyaslı birgə əməliyyat-taktiki təlimini yenə də Ali Baş Komandan, Prezident İlham Əliyev şəxsən izlədi. Eyni zamanda Silahlı Qüvvələrin möhkəmləndirilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verdi. 2011-ci il iyunun 26-da Azadlıq meydanında Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümü münasibətilə keçirilən möhtəşəm paradda Bakı səmasında nümunəvi uçuşlar edən Azərbaycan “şahinləri” də hər bir azərbaycanlıda böyük qürur və sevinc hissləri doğurmuşdu. Prezident İlham Əliyev 2012-ci ildə cəbhə bölgəsinə səfər etmiş və bir sıra hərbi hissələrdə yeni qərargah binalarının açılışında iştirak etmişdir.
2014-cü il 26 iyun tarixində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 96-cı ildönümü münasibətilə Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları və Dövlət Sərhəd Xidmətinin birləşmə və hissələrinin irimiqyaslı birgə əməliyyat-taktiki təlimlərinin keçirilməsi ordumuzun möhtəşəmliyini bir daha göstərdi. Ümumilikdə təlimlərə 4 min nəfərədək şəxsi heyət, 80 tank, 100-dək zirehli döyüş maşını, 80-ə qədər artilleriya sistemi, 10 döyüş təyyarəsi, 20-dək döyüş və nəqliyyat-döyüş helikopteri cəlb edilmişdi. İrimiqyaslı birgə əməliyyat-taktiki təlimlərində qarşıya qoyulan bütün məqsədlərə nail olundu, təlimə cəlb edilən bütün şəxsi heyət yüksək döyüş hazırlığı nümayiş etdirdi.
Müdafiə məqsədilə ayrılan hərbi xərclərin ildən-ilə artması, eləcə də ölkədə hərbi təyinatlı məhsulların istehsalını həyata keçirən sənaye müəssisələrinin yaradılması da ordu quruculuğu baxımından vacib əhəmiyyətə malikdir. Azərbaycan müxtəlif xarici ölkələrdən müasir hərbi texnikalar alır, ordunun arsenalında olan bir sıra texnikaların modernləşdirilməsini həyata keçirir. Əvvəllər xaricdən alınan bəzi hərbi texnika və döyüş sursatları artıq Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan müəssisələrdə istehsal olunur. Azərbaycanın yerli istehsal hesabına ordusunun müxtəlif hərbi ləvazimatlara və döyüş sursatlarına olan ehtiyacını ödəməsi ölkəmizin Ermənistan qarşısında üstünlüyünü daha da artırır. Hərbi təyinatlı məhsullar istehsal edən hərbi sənayenin qurulması prosesi elə böyük zaman kəsiyini əhatə etməsə də, burada istehsal edilən məmulatlar həm çeşidinə, həm də keyfiyyətinə görə müasir standartlara cavab verir.
Son illər hərbi və təhlükəsizlik məsələlərinə büdcədən ayrılan vəsaitin artırılması həqiqətən də ulu öndər Heydər Əliyevin bununla bağlı tövsiyələrinə ciddi əməl olunmasından xəbər verir. Dövlət rəhbəri İlham Əliyev orduda islahatların davam etdirilməsini, daha müasir metodlara üstünlük verilməsini, Silahlı Qüvvələrin gücləndirilməsini, döyüş hazırlığının müasir tələblərə cavab verə biləcək səviyyəyə çatdırılmasını prioritet vəzifə kimi müəyyənləşdirib. Orduya diqqət və qayğının ən bariz təcəssümü özünü büdcə xərclərinin dinamik artımında da göstərir. Son 10 il ərzində hərbi xərclərimiz 20 dəfədən çox artıb və Silahlı Qüvvələrə ayrılmış xərclər Ermənistanın bütün dövlət büdcəsindən təxminən 2 dəfə çoxdur.
Hərbi məqsədlər üçün büdcədən ayrılan vəsaitin nəzərəçarpacaq dərəcədə artırılması Azərbaycan hakimiyyətinin ordunun möhkəmləndirilməsinə olan diqqətinin və ölkəmizin təhlükəsizliyi, xarici təhdidlərin aradan qaldırılması kimi məsələlərdə nümayiş etdirdiyi həssaslığın təzahürüdür. Hərbi xərclərin artması ordu quruculuğu prosesini daha da sürətləndirmişdir və bunu Azərbaycan Ordusunun bütün qoşun birləşmələrinin timsalında görmək mümkündür. İldən-ilə dövlət büdcəsindən orduya ayrılan vəsaitin artımı, hərbi qulluqçuların - generalların, baş və kiçik zabitlərin, gizirlərin, miçmanların, çavuşların, əsgərlərin, matrosların, müddətdən artıq hərbi qulluqçuların sosial təminatının gücləndirilməsi, mənzil şəraitlərinin daha da yaxşılaşdırılması, ordunun maddi-texniki bazasının modernləşdirilməsi ölkənin müdafiə sisteminin gücləndirilməsi deməkdir.
Azərbaycan cəmiyyətində daim gündəmdə qalan məsələlərdən biri də Dağlıq Qarabağ münaqişəsinin hərb yolu ilə həlli perspektividir. Torpaqlarımızın müharibə yolu ilə işğaldan azad edilməsi perspektivi Azərbaycana hərbi qələbə vəd edir. Çünki ordu quruculuğu münaqişənin həlli prosesində dönüş yaratmaq imkanına malik ən vacib amillərdən biridir ki, Azərbaycan bu sahədə də kifayət qədər böyük uğurlar qazanmışdır. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində heç bir irəliləyiş yoxdur. Ermənistan sadəcə olaraq danışıqlar prosesini boykot edir və çalışır ki, bu məsələni maksimum dərəcədə uzatsın. Ancaq məsələ uzandıqca Ermənistan daha da çox tənəzzülə uğrayır. Qeyd etdiyim kimi, ölkə dərin siyasi, mənəvi, psixoloji və maliyyə böhranı içindədir. Ölkənin inkişafı üçün heç bir resurs yoxdur. İqtisadiyyat çöküb, sənaye ölüb, insanlar ölkəni tərk edir, yəni insan resursları da yoxdur. Belə getsə, gələcəkdə Ermənistan kimi ölkə bəlkə də dünya xəritəsində heç olmayacaq da. Əgər belə olarsa, bunun günahkarı ancaq bugünkü kriminal diktatura rejimidir.
Biz isə güclənirik, öz tədbirlərimizi görürük, iqtisadi, siyasi, hərbi güc toplayırıq. Əlbəttə ki, Ermənistan və Azərbaycan müqayisəedilməz səviyyədədir. Sadəcə olaraq, xarici maliyyə, hərbi və siyasi dəstək hesabına Ermənistan hələ ki bizim torpaqlarımızı işğal altında saxlayır. Mən bu auditoriyada bir dəfə demişəm ki, bizim torpaqlarımızı işğal edən təkcə Ermənistan deyil. Bizim torpaqlarımızı işğal edən Ermənistanın havadarları, ermənipərəst, islamofob siyasətçilər, antiazərbaycan qüvvələrdir. Ermənistan bizim torpaqlarımızı işğal edə bilərmi? Bir həftə ərzində orada daş üstündə daş qalmaz. Bu da reallıqdır və yenə də deyirəm, biz real dünyada yaşayırıq, öz tədbirlərimizi görürük və gün gələcək, Azərbaycan öz ərazi bütövlüyünü təmin edəcək. Hələ ki biz bu istiqamətdə bütün hazırlıq işlərini görürük”.
Bu gün hər bir vətəndaş əmindir ki, Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında üzərinə düşən məsuliyyətli missiyanın öhdəsindən layiqincə gəlməyə, torpaqlarımızı istənilən an düşmən işğalından azad etməyə tam qadirdir.
Elnur
HACALIYEV,
Azərbaycan.- 2015.- 22 avqust.- S. 1.