YAP Mərkəzi Seçki Qərargahı Milli Məclisə seçkilərə hazırlıqla əlaqədar növbəti müşavirəni Lənkəranda keçirib

 

Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Seçki Qərargahı cənub bölgəsi üzrə şəhər rayon şöbələrinin qarşıdakı parlament seçkilərinə hazırlıq işləri ilə əlaqədar müşavirə keçirib.

AZƏRTAC xəbər verir ki, müşavirədə YAP Mərkəzi Seçki Qərargahının Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar rayon, Lənkəran şəhər şöbələrinin üzvləri iştirak ediblər.

Tədbirdə çıxış edən Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov Milli Məclisə keçiriləcək növbəti seçkilərlə bağlı qarşıda duran vəzifələrdən danışıb. YAP-ın Azərbaycanda keçirilən bütün seçkilərdə insanların rəğbətini qazanaraq inamlı qələbələr əldə etdiyini vurğulayan Ə. Əhmədov böyük resurslara malik iqtidar partiyasının qarşıdakı parlament seçkilərində uğur qazanacağına əminliyini ifadə edib.

Əli Əhmədov deyib: “Son 10 ildə Azərbaycanda iqtisadiyyat dörd dəfə artıb. Bu rəqəmin arxasında əməli işlər, güclü siyasət dayanır. Həyatımızın bütün sahələrində inkişaf baş verib, əhalinin həyat səviyyəsi yüksəlib. Regionlarda həyata keçirilən infrastruktur layihələri insanların rahatlığına xidmət edir. İnsanların həyatının keyfiyyətcə dəyişməsi onların gələcəyə olan ümidini daha da artırıb. Bütün bunlar partiyanın sədri, Prezident İlham Əliyevin apardığı doğru, düzgün məqsədyönlü siyasətinin səmərəli fəaliyyətinin nəticəsidir. Azərbaycanda ictimai-siyasi sabitlik daimi xarakter alıb. Bu əmin-amanlığın təminatçısı dövlətimizin başçısıdır”.

Azərbaycanda 6 milyon seçicinin olduğunu diqqətə çatdıran Ə.Əhmədov qarşıdakı parlament seçkilərində seçicilərlə işin əsas fəaliyyət istiqamətlərindən biri olduğunu, seçkiqabağı kampaniyada gənclərlə qadınlarla aparılan işin mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Qeyd olunub ki, partiyanın üzvləri bütün resurslardan istifadə etməklə prinsipial mövqe nümayiş etdirməli, mövcud problemlərin həllini birgə səylərlə təmin etməli, təbliğat təşviqat kampaniyasında verilən seçici tapşırıqlarını ciddi nəzarətə götürməli, seçkilərin azad, şəffaf demokratik keçirilməsinə töhfə verməlidirlər.

YAP-ın 700 min üzvü olduğunu vurğulayan Ə.Əhmədov deyib ki, partiyanın hər bir üzvünün səsvermədə iştirakına nail olmaq ümdə məsələlərdən biridir. Bütün bu vəzifələrin yerinə yetirilməsində partiyanın şəhər rayon təşkilatlarının üzərinə mühüm vəzifələr düşür.

Müşavirədə YAP Lənkəran şəhər təşkilatının sədri İlqar Dadaşovun, partiyanın Biləsuvar rayon təşkilatının sədri Kamil Mirzəyevin Milli Məclisə növbəti seçkilərlə bağlı görülən işlər barədə hesabatları dinlənilib

Daha sonra Əli Əhmədov seçkilərə hazırlıqla əlaqədar qarşıdakı dövrdə görüləcək işlərə dair tövsiyə tapşırıqlarını verib.

Müşavirədə Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli iştirak edib.

 

Azərbaycan.- 2015.- 22 avqust.- S. 3.