Mərkəzi
Seçki Komissiyasında dairə seçki
komissiyalarının sədrləri üçün geniş
müşavirə keçirilib
Avqustun 21-də Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”na əsasən aşağı seçki komissiyalarının üzvlərinin maarifləndirilməsi məqsədilə bütün respublikanı əhatə edən irimiqyaslı layihənin birinci mərhələsi çərçivəsində MSK-nın inzibati binasında geniş müşavirə keçirib.
AZƏRTAC xəbər verir ki, müşavirədə MSK sədri Məzahir PƏNAHOV çıxış edərək Azərbaycanın Milli Məclisə seçkilər kimi mühüm hadisə ərəfəsində olduğunu vurğuladı. Qeyd etdi ki, Azərbaycan Prezidentinin müvafiq sərəncamlarına əsasən keçirilən tədbirlər aşağı seçki komissiyaları üzvlərinin maarifləndirilməsində, onların peşə hazırlığının daha da təkmilləşdirilməsində önəmli rola malikdir. Ölkəmizdə aparılan uğurlu siyasət nəticəsində dayanıqlı ictimai-siyasi sabitlik bərqərar olunub ki, bu da seçkilərin azad, ədalətli və şəffaf keçirilməsinə hərtərəfli şərait yaradır. Azərbaycanda seçki praktikası ildən-ilə daha da təkmilləşdirilib və beynəlxalq təcrübəyə əsaslanan mütərəqqi hüquqi baza formalaşdırılıb.
Sədr M.Pənahov qeyd edilənlərlə yanaşı, azad və ədalətli seçkilərin keçirilməsi üçün məhz dövlətimizin başçısının ciddi mövqeyinin, konkret siyasi iradəsinin, həmçinin seçki komissiyalarının iş şəraitinin yaxşılaşdırılması və maddi-texniki bazalarının gücləndirilməsinə xüsusi diqqət və qayğısının olduğunu bildirdi. Seçkilərin yüksək səviyyədə təşkil olunması və keçirilməsi üçün seçki komissiyalarına yaradılmış hərtərəfli şəraitə görə bir daha Prezident İlham Əliyevə Mərkəzi Seçki Komissiyası adından minnətdarlığını ifadə etdi. MSK sədri bu il Milli Məclisə keçiriləcək seçkilərlə bağlı görülmüş işlər və növbəti mərhələlərdə reallaşdırılacaq layihələri müşavirə iştirakçılarının diqqətinə çatdırdı və tövsiyələrini verdi.
MSK sədri dedi: "Azərbaycanda seçkiləri müşahidə etmək istəyən yerli və beynəlxalq müşahidəçilərə hər zaman bütün şərait yaradılır. Eyni zamanda, seçkilərin şəffaflığını təmin etmək üçün 1000-dək seçki məntəqəsində kameralar quraşdırılıb. İnternet vasitəsilə dünyanın istənilən nöqtəsindən bu məntəqələrdə səsvermə prosesini izləmək mümkündür. Digər tərəfdən, bütün dairə seçki komissiyaları müasir standartlarda inşa olunan binalarda fəaliyyət göstərir. Seçki məntəqələri də müasir tələblərə cavab verən binalarla təmin edilib”.
Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal NAĞDƏLİYEV dövlətimizin başçısının tapşırığına əsasən müşavirədə “Seçkilərin hazırlanması və keçirilməsi prosesində yerli icra orqanlarının vəzifələri və onların seçki komissiyaları ilə qarşılıqlı fəaliyyəti” mövzusunda məruzə ilə çıxış edib.
Prezident Administrasiyası rəhbərinin müavini deyib: “Sizinlə artıq ənənəvi hal alan belə müşavirələrdə neçənci dəfədir ki, iştirak edirik. Son seçkilər göstərdi ki, dairə və məntəqə seçki komissiyaları öz işlərini yüksək peşəkarlıqla qura biliblər. Şübhəsiz ki, bu, sizin təcrübənizin artdığını göstərir. Həmçinin bu, peşəkarlığın yüksək səviyyədə olmasına dəlalət edir. Bunun əldə olunmasında təbii ki, müşavirə və seminarların çox böyük əhəmiyyəti var”.
Seçkilərin müvəffəqiyyətlə keçməsini şərtləndirən amillərdən danışan Z.Nağdəliyev deyib ki, Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkəmizin, cəmiyyətimizin həyatının bütün sahələrində aparılan uğurlu islahatlar, qəbul olunan tarixi qərarlar Azərbaycanın keyfiyyətcə tamamilə yeni mərhələyə keçməsinə şərait yaradıb. Bu gün Azərbaycan dünya miqyasında layiqli yerini tutub. Ölkəmizdə artıq dünya və qitə miqyaslı tədbirlər müvəffəqiyyətlə keçirilir. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində insanların rifahı yaxşılaşıb. Vətəndaşlarımız bu şəraiti, uğurları itirmək istəmirlər. Azərbaycanın gələcəyi daha parlaq olacaq və insanlar bunun üçün səs verirlər. Bizim də məqsədimiz odur ki, seçkilərə hazırlıq, onun keçirilməsi və səsvermə proseslərində qanun pozuntusuna yol verilməsin. Azərbaycan Prezidentinin tələbi ondan ibarətdir ki, seçkilərdə şəffaflıq təmin olunsun. Bunun üçün həm seçki komissiyalarına, həm də seçicilərin öz iradələrini sərbəst şəkildə ifadə edərək səs vermələri üçün lazımi şərait yaradılıb. Seçkilərlə əlaqədar əlavə zəruri tədbirlər görüləcək.
Prezident Administrasiyasının rəsmisi qeyd edib ki, dövlətimizin başçısı İlham Əliyevin tapşırığına əsasən, seçkilərdə bütün siyasi partiyalara bərabər şərait yaradılmalıdır. Artıq 125 dairənin hər birində bunun üçün açıq və qapalı yerlər müəyyən olunub. Bu, təşviqat dövrünə yaxın vaxtda elan ediləcək. Təşviqat lövhələri ilə də bağlı monitorinqlər keçirilib. Sıradan çıxmış lövhələr bərpa ediləcək. Tarixi abidələrin üzərində təşviqat materiallarının yerləşdirilməsinin isə qarşısı alınıb.
Seçici siyahılarının dəqiqləşdirilməsi sahəsində böyük iş görüldüyünü vurğulayan Zeynal Nağdəliyev deyib: “Bizim seçici siyahıları bir sıra ölkələr üçün nümunə ola bilər. Hər bir vətəndaşın seçki hüququnun reallaşdırılması üçün şərait yaradılıb. Seçici siyahılarının dəqiqləşdirilməsi sahəsində iş hər gün davam etməli, bu siyahılar ideal olmalıdır. Seçici siyahılarının tərtib edilməsi zamanı yerli icra hakimiyyəti orqanları seçki komissiyaları ilə birgə böyük işlər həyata keçiriblər. Bu işlər bu gün də davam etdirilir. Bu işi dayandırmaq olmaz. Bu məsələdə dairə seçki komissiyalarına lazımi yardım göstəriləcək”.
Seçki məntəqələrində veb-kameraların quraşdırılmasından danışan Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini bildirib ki, bu kameralar seçkilərin şəffaf keçirilməsinə xidmət edir. Əvvəllər biz ilk addım olaraq məntəqələrdə 500 veb-kamera quraşdırmışdıq. Hazırda isə seçki məntəqələrində min veb-kamera quraşdırılıb. Veb-kameralarda müşahidə etdiyimiz nöqsanları növbəti seçkilərdə mütləq aradan qaldırmaq lazımdır. Həmçinin seçkilərlə əlaqədar ünvanların dəqiqləşdirilməsi üçün bina və evlərin üzərinə 15 mindən artıq nömrə vurulub.
Zeynal Nağdəliyev seçkilərin yüksək səviyyədə təşkili üçün dairə və məntəqə seçki komissiyalarına hər cür şəraitin yaradıldığını vurğulayıb. Ölkəmizdə keçirilən prezident, parlament və bələdiyyə seçkiləri dairə və məntəqə seçki komissiyalarının peşəkarlığının yüksək olduğunu göstərir.
Dairə seçki komissiyalarının sədrlərinin böyük təcrübəsi olduğunu deyən Prezident Administrasiyasının rəsmisi, bununla belə, onlara arxayınlaşmamağı tövsiyə edərək bildirib: “Parlament seçkiləri yüksək şəffaflıqla, demokratik şəraitdə keçirilməlidir və bunu təmin etmək lazımdır. Bunun üçün hamı imkanı daxilində çalışmalıdır ki, növbəti sınaqdan da üzüağ, alnıaçıq çıxaq. Seçkilərdə xırda məsələ yoxdur. Bu sahədə zərrə qədər nöqsan ölkəmizin imicinə mənfi təsir edə bilər. Biz fəaliyyətimizlə, yaxud fəaliyyətsizliyimizlə buna xələl gətirə bilmərik. Ona görə də hər birimiz bu seçkilərə yüksək məsuliyyət hissi ilə getməliyik. Onu yüksək peşəkarlıqla keçirməliyik. Dövlətimizin başçısı İlham Əliyevin bizim qarşımızda qoyduğu vəzifə də budur. Bu işdə sizin hər birinizə müvəffəqiyyətlər arzu edirəm”.
Milli Məclis sədrinin birinci müavini Ziyafət ƏSGƏROV müşavirədə “Seçki hüququnun konstitusion əsasları və onun həyata keçirilməsinin qanunvericilik mexanizmləri” mövzusunda çıxış edib.
Parlament sədrinin birinci müavini bildirib ki, seçki hüquqlarının həyata keçirilməsi Azərbaycan dövlətinin mahiyyətinə xas olan keyfiyyətdir. Azərbaycan demokratik, hüquqi dövlətdir və bu prinsiplər Konstitusiyada əksini tapıb. Seçki bu hüquqların reallaşdırılması baxımından çox mühüm əhəmiyyət kəsb edir. Əminliklə demək olar ki, indiyədək keçirilən seçkilər Azərbaycanın qoşulduğu bütün sənədlərin tələblərinə uyğundur.
Ziyafət Əsgərov qeyd edib ki, bütün seçki komissiyalarının üzvləri, o cümlədən dairə seçki komissiyaları sədrləri tərəfindən seçki hüququnun, norma və prinsiplərinin dərindən mənimsənilməsi vacibdir. Arxayınlaşmamalı, hər gün öyrənməli, Seçki Məcəlləsinin tələblərini tam mənimsəməliyik ki, seçkilərdə artıq söz-söhbətə yer qalmasın. Çalışmalıyıq ki, növbəti parlament seçkilərində də Azərbaycan nümunə göstərsin. Seçkilər yüksək səviyyədə, şəffaf və demokratik keçirilməlidir.
Daha sonra ədliyyə nazirinin müavini Azər Cəfərovun “Seçki prosesində ədliyyə orqanlarının rolu və fəaliyyət istiqamətləri”, daxili işlər nazirinin müavini Oruc Zalovun “Seçki prosesində Daxili İşlər Nazirliyi orqanlarının rolu və fəaliyyət istiqamətləri”, Bakı Apelyasiya Məhkəməsinin sədri İman Nağıyevin “Seçki hüquqlarının qorunması ilə bağlı apelyasiya şikayətləri və onlara baxılma təcrübəsi”, Baş Prokurorluğun idarə rəisi Nazim Abbasovun “Seçki hüquqlarının qorunmasında prokurorluq orqanlarının rolu” mövzularında çıxışları dinlənilib.
Müşavirədə, həmçinin Mərkəzi Seçki Komissiyası Katibliyinin müdiri Rövzət Qasımovun, katibliyin informasiya mərkəzinin müdiri Rüfət Gülməmmədovun, ümumi şöbənin müdiri Elşən Əsgərovun “Səsvermə prosesi başa çatdıqdan sonra DSK və MSK-ların üzərinə düşən əsas vəzifələr”, “Dövlət Avtomatlaşdırılmış İnformasiya Sisteminin yeni funksional imkanları və onlardan istifadə qaydaları”, “Dairə seçki komissiyaları və məntəqə seçki komissiyalarında kargüzarlığın təşkili” mövzularında çıxışları olub.
Beynəlxalq təşkilatların, xarici qurumların və kütləvi informasiya vasitələrinin nümayəndələrinin də iştirak etdikləri müşavirə dairə seçki komissiyaları sədrlərinin Bakı şəhərindəki dairə seçki komissiyalarında təcrübə mübadiləsi ilə davam etdirildi.
Xatırladaq ki, aşağı seçki komissiyalarının üzvlərinin Milli Məclisə seçkilərlə bağlı müxtəlif istiqamətlərdə maarifləndirilməsi məqsədi daşıyan genişmiqyaslı layihənin ikinci mərhələsi avqustun 24-dən 26-dək ölkə ərazisindəki bütün dairə seçki komissiyalarının katibləri, üzvləri və məntəqə seçki komissiyalarının sədrlərini əhatə etməklə, seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar formatında keçiriləcək. Bu mərhələdə regionlarda MSK təmsilçiləri, dairə seçki komissiyaları sədrləri, rayonların yerli icra hakimiyyəti, məhkəmə, prokurorluq və polis orqanlarının rəhbər şəxsləri aşağı seçki komissiyalarının üzvləri qarşısında çıxış edəcək və seçkilərlə bağlı müxtəlif mövzular ətrafında müzakirələr aparılacaq. Ümumilikdə 6 mindən çox seçki rəsmisini əhatə edən irimiqyaslı layihə aşağı seçki komissiyaları üzvlərinin seçki prosesi ilə bağlı hərtərəfli informasiya əldə etmələrinə imkan yaradacaq.
AZƏRTAC
Azərbaycan.- 2015.- 22 avqust.- S. 3.