YAP Mərkəzi Seçki Qərargahı parlament seçkilərinə hazırlıqla
əlaqədar Yevlaxda
regional müşavirə keçirib
Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Seçki Qərargahı qarşıdakı parlament seçkilərinə hazırlıq işləri ilə əlaqədar Yevlax şəhərində regional müşavirə keçirib.
AZƏRTAC xəbər verir ki, YAP Mərkəzi Seçki Qərargahının Yevlax, Mingəçevir şəhər, Ağdam, Ağcabədi, Tərtər, Bərdə, Goranboy, Laçın və Xocalı rayon şöbələri üzvlərinin iştirakı ilə keçirilən müşavirədə çıxış edən Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov Milli Məclisə növbəti seçkilərlə bağlı qarşıda duran vəzifələrdən danışıb. Bildirilib ki, YAP əvvəlki seçkilərdə olduğu kimi, növbəti parlament seçkilərinə də ciddi hazırlaşıb. Seçki kampaniyasının uğurla, yüksək səviyyədə keçirilməsi üçün partiya özünün malik olduğu bütün resursları səfərbər edib. Artıq rayon və şəhər təşkilatlarında YAP Mərkəzi Seçki Qərargahının şöbələri yaradılıb. Partiyanın bütün yerli strukturları, fəalları seçkilərə hazırlıq prosesinə cəlb olunub.
YAP-ın iqtidar partiyası kimi fəaliyyəti dövründə ölkəmizdə həyatın bütün sahələrində böyük inkişaf baş verdiyini deyən Ə.Əhmədov bütün bunları əsaslı ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və son 12 ildə Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin uğuru adlandırıb. Qeyd edib ki, bu illərdə əhalinin həyat səviyyəsi yaxşılaşıb, əmək haqları və müavinətlər artırılıb. Regionlarda həyata keçirilən layihələr nəticəsində kənd və qəsəbələrin, şəhərlərin siması tamamilə dəyişib. Görülən bütün bu işlər təkcə gözəllik üçün deyil, eyni zamanda insanların həyat şəraitinin yaxşılaşdırılması üçün edilir. Bütün bu dəyişikliklər insanların ovqatını da yeniləşdirir, onların dövlətinə, ölkəsinə, hakimiyyətə daha dərin tellərlə bağlılığını təmin etmiş olur. Əhalinin ovqatına təkcə sosial-iqtisadi inkişaf deyil, eyni zamanda, ictimai-siyasi sabitlik, əmin-amanlıq da müsbət təsirini göstərir. İnsanların həyatının keyfiyyətcə dəyişməsi onların gələcəyə olan ümidini daha da artırıb. Azərbaycan vətəndaşları inanırlar ki, növbəti illərdə Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmiz daha da inkişaf edəcək.
YAP sədrinin müavini seçki kampaniyasının səmərəli təşkilində seçicilərlə işin əsas fəaliyyət istiqamətlərindən biri olduğunu, seçkiqabağı kampaniyada gənclərlə və qadınlarla aparılan işin mühüm əhəmiyyət kəsb etdiyini bildirib. YAP-ın 700 min üzvü olduğunu vurğulayan Ə.Əhmədov deyib ki, partiyanın hər bir üzvünün seçkidə fəal iştirakı təmin olunmalıdır.
YAP-ın əvvəlki seçkilərdə olduğu kimi, qarşıdan gələn parlament seçkilərində də inamlı qələbə qazanacağına əminliyini bildirən Əli Əhmədov görüləcək işlərlə bağlı tədbir iştirakçılarına tövsiyə və tapşırıqlarını verib.
Müşavirədə YAP Yevlax rayon təşkilatının sədri, Milli Məclisin deputatı İlham Məmmədovun və partiyanın Tərtər rayon təşkilatının sədri Ramiz Şabanovun hesabat xarakterli çıxışları dinlənilib.
YAP icra katibinin müavini Mübariz Qurbanlı və Milli Məclisin aqrar siyasət daimi komitəsinin sədri Eldar İbrahimov müşavirədə iştirak ediblər.
Azərbaycan.- 2015.- 23 avqust.- S. 2.