Din və
iqtisadi inkişaf: aralarında əlaqə varmı?
XX əsrin sonuncu onilliyində keçmiş sosialist düşərgəsinə daxil olan ölkələrdə aparılan islahatlar liberal iqtisadiyyat modelinin tez tətbiq edilməsinin mümkünlüyü haqqında təsəvvürlərin kökündən səhv olduğunu bütün çılpaqlığı ilə göstərdi. Buna görə də liberal iqtisadi modelin qurulması üçün inkişaf etmiş ölkələrin təcrübəsinin yenidən öyrənilməsinə zərurət yarandı. Həmin ölkələrin hansı səbəblər nəticəsində belə bir səviyyəyə gəlib çatması məsələsi öz aktuallığını, yəqin ki, yaxın perspektivdə hələ qoruyub saxlayacaq. Bu istiqamətdə çoxlu sayda tədqiqat işlərinin aparılmasına baxmayaraq, məsələ hələ də öz həllini tapmamışdır. İqtisadi inkişafın fundamental səbəbləri ilə əlaqədar düşünən beyinlər yekdil bir fikrə gələ bilmirlər. Çünki inkişafın səbəblərini axtarıb tapmaq geriliyin səbəblərini axtarıb tapmaqdan daha çətindir.
Məsələyə müxtəlif aspektdən yanaşmalar müxtəlif amilləri inkişafın səbəbləri kimi ortaya çıxarmışdır. Hətta dinin də iqtisadi inkişafın fundamental səbəbi kimi göstərilməsinin tərəfdarları az deyildir. Problem kifayət qədər qəlizdir və bu istiqamətdə tədqiqat aparan iqtisadçı alimlər istər-istəməz başqa elmlərin “ərazi suları”na daxil olmaq məcburiyyətində qalırlar. Bununla əlaqədar iqtisad elminin nəhəng simaları da maraqlı fikirlər söyləmişlər. Dahi şotland mütəfəkkiri Adam Smit iqtisadiyyatı və dini bir-birinə zidd iki məfhum hesab edərək qeyd edirdi ki, din əbədi olan aləm üçün, iqtisadiyyat isə indiki, yaşanan an üçün çalışmaq deməkdir. İqtisad elminin digər bir görkəmli nümayəndəsi Alfred Marşal “İqtisadiyyatın prinsipləri” əsərində yazır ki, dünya tarixinə yön verən və insanların gündəlik işlərini formalaşdıran iki əsas məfhum var - bunlar din və iqtisadiyyatdır. Elə bizim də məqsədimiz dinlə iqtisadi inkişaf arasındakı səbəb və nəticə asılılığının nə qədər fundamental xarakter daşımasına münasibət bildirməkdir.
Əvvəlcə bir məsələni qeyd etmək lazımdır ki, bütün dinlər dəyərlər haqqındakı təsəvvürlərinə görə mütləq həqiqətə iddia edirlər. Bu təsəvvürlərin iqtisadiyyatda da öz əksini tapdığını iddia edənlər çoxdur. Belə bir məsələnin tədqiqində alimlərin qarşısında duran əsas vəzifə “fəaliyyətə sövq edən praktiki impulsda gizlənən psixoloji və praqmatik dini əlaqələrin” aşkara çıxarılmasıdır. Dini iqtisadi inkişafın səbəbi kimi araşdırmaq üçün ilk növbədə dünyanın aparıcı dinlərinin iqtisadi məsələlərlə bağlı təməl prinsiplərinin insanların təsərrüfat həyatına necə təsir etdiyi, onları iqtisadi fəaliyyətə necə sövq etdiyi və onlarda iqtisadi fəaliyyətlə məşğul olmaq üçün hansı stimulları yaratması daha dərindən araşdırılmalıdır. Əksər iqtisadçılar dinin iqtisadi inkişafdakı rolunu araşdırarkən əsasən Maks Veberin dünya şöhrətli “Protestant etikası və kapitalizmin ruhu” adlı fundamental tədqiqat əsərinə istinad edirlər. M.Veber görürdü ki, həm katoliklərin, həm də protestantların yaşadığı Almaniyada protestantlar iqtisadi fəaliyyətdə daha çox uğurlara nail olmuşlar. Sahibkarların və yüksək ixtisaslı texniki mütəxəssislərin əsas hissəsi və onurğa sütunu protestantlar idi. Eyni zamanda, ABŞ, İngiltərə və Hollandiya kimi protestant ölkələr daha dinamik inkişaf edirdilər. Apardığı bu müşahidələrin təsiri ilə M.Veber başqa dinlərin də iqtisadi inkişafdakı rolunu araşdırmaqla tədqiqatını daha da genişləndirmişdir. O, dünyanın aparıcı dinlərini “dünya”ya münasibətinə görə üç ümumiləşmiş tipə bölür. Bu tiplərin hər birinin özünün sosial fəaliyyət istiqaməti, möminlərin təsərrüfat həyat tərzini müəyyən edən özünəməxsus xüsusiyyətləri vardır. Veberə görə, buddizmə və hinduizmə dünyadan aralanmaq, uzaqlaşmaq xasdır. Amma konfutsiçilik dünyaya uyğunlaşmaq dinidir. İudaizm, xristianlıq və islam kimi dinlərə isə dünyaya sahib olmaq xüsusiyyətləri xasdır.
İudaizmin kitabı Tövratda deyilir ki, “sağ əldə uzun ömür, sol əldə sərvət və mənlik olmalıdır. Sərvətə sahib olmaq, varlanmaq, pul qazanmaq vəd olunmuş torpaqlara qayıtmağın əsasıdır”. Buna görə də yəhudilər yaşadıqları ölkələrdə daşınmaz əmlaka sərmayə qoymur, əkinçilik və heyvandarlıqla məşğul olmur, ancaq sənətkarlıq və xırda ticarət sahələrində fəaliyyət göstərirdilər. Sərmayədar yox, məhz maliyyəçi yəhudilər Avropa dövlətlərinin qiymətli kağızlarını, müstəmləkəçi şirkətlərin səhmlərini almaqla Avropada birja sisteminin əsasını qoydular. İudaizmdə “əmək” dedikdə, qabiliyyət və istedad nəzərdə tutulur və bununla da varlığa rasional yanaşılır. Əməyə bu cür yanaşmanın nəticəsidir ki, yəhudilər iqtisadiyyatın hər bir sahəsində uğur qazanmışlar. İudaizmə görə, “Allaha olan əsl məhəbbət məhz fəaliyyətdə, iradənin enerjisində, güc və qabiliyyətin təcəssümündə öz əksini tapır”. İudaizmin mahiyyəti xəyalpərəstliyi, arzularla yaşamağı deyil, fəaliyyəti, hərəkəti, dinamikliyi ifadə edir. Bu dinə görə, insan fəaliyyətinin ilkin başlanğıcını, mənbəyini Allaha məhəbbət təşkil edir. Etik ideal aydın və dəqiq məramın fəaliyyətə istiqamətlənmiş dəyişməz iradə ilə əlaqələndirilməsindən ibarətdir. İnsanın əlində olan uca gözəgörünməz ilahi qüvvə tərəfindən əvvəlcədən müəyyən edilmiş, alnına yazılmış “həyat fəaliyyəti planı” bu dünyada varlığa rasional yanaşmanın mənbəyi kimi çıxış edir, şəxsi və ictimai məqsədlər arasında əlaqəni yaradır. Əməyə qəlbin əsas funksiyası kimi baxılır, sərvət əməyə görə mükafat hesab olunur. Şənbə gününün müqəddəsliyi, insana fiziki əmək üçün ayrılmış 6 günə əlavə kimi mənəvi həyata müraciət etmək üçün yaranan zərurətin təzahüründə öz əksini tapır. Bilik, təhsil isə ali, təmiz, saf bir həzzin, xoşbəxtliyin, səadətin və bütöv, tam düşüncə tərzinin mənbəyidir. Təhsil - sırf mənəvi, əxlaqi məşğuliyyətdir, alimlik isə sərvətdir. Bu prinsiplərə əsasən iudaizmi, sonralar isə protestantizmi yerdəki nemətlərə biganəlik olmadığına görə materializmə yaxın hesab edirlər. Ona asketizm, tərkidünyalıq yaddır. Alman alimi M.Ofenbaxer katolisizmin protestantizmlə müqayisəli xarakteristikası ilə əlaqədar bir fikri çox dəqiq müəyyən etmişdir: “Xalq müdrikliyi təsdiq edir: ya gərək yaxşı yeyəsən, ya da ki rahat, sakit yatasan. Bu mənada protestant yaxşı yeməyə meyillidir, katolik isə sakit, rahat yuxuya üstünlük verir. Burada heç bir analogiya aparmadan qeyd etmək olar ki, bu sxemdə iudaist də, protestant kimi, yaxşı yeməyə üstünlük verir”. Deməli, əsasında sonralar xristianlığın yarandığı iudaizmdə bir dini təlim kimi kapitalist istehsal üsulunun, iqtisadi münasibətlərin aktiv inkişafının əsasını təşkil edən istiqamət üçün dəyərlər kompleksi mövcuddur.
Protestant məzhəbinin baniləri olan M.Lüter və J.Kalvin deyirdilər ki, işləmək, pul qazanmaq Tanrı nəzərində müsbət əməldir, tənbəllik və israf böyük günahdır, dünyəvi işlər ruhani işlərdən ayrılmalıdır. Bu təlim təbliğ edir ki, qazan, yaxşı ye ki, yaxşı xristian olasan, sərvət əldə et ki, imkansızlara əl tutub fəzilət qazanasan. İnsan zənginlik səviyyəsinə görə Tanrıya yaxın sayılır. Qazanc və varlanmaq günah deyil, savabdır, insan rasional olmalıdır - hər işdə xeyrini düşünməlidir, elmlə, kəşflərlə məşğul olmaq şeytan əməli deyil, insan özü də yaxşı yaşamalı, digərlərini də yaşatmalıdır. Gündəlik işlər və peşələr insanlara Tanrı tərəfindən verilmiş tapşırıq və ibadətdir. Protestantizmin formalaşdırdığı bu tip düşüncə tərzi iqtisadi inkişafın əsası kimi böyük rol oynadı. Bu ideyaların təsiri altında insanlarda sahibkarlıq keyfiyyətləri inkişaf etməyə başladı və iqtisadi artım stimullaşdı. Sahibkarlara bu təlimdə həm də cəmiyyət qarşısında sosial məsuliyyət daşımaları təbliğ olunur. Bunların nəticəsidir ki, protestantlar katoliklərə görə daha çox gəlir əldə edir, daha yaxşı yaşayırdılar. Protestantlar əsasən texniki sahədə təhsil alır və işləyirdilərsə, katoliklər humanitar sahələri seçirdilər.
Xristian dininin katolik məzhəbində iqtisadiyyatla əlaqədar başqa mənzərə müşahidə olunur. Məsələn, İsa peyğəmbər deyirdi ki, var-dövlət axtarmayın, sabahı düşünməyin, hər günün öz qayğısı var. Varlılar Allahın yanına getməyəcəklər. Bibliyada deyilir: “Dəvənin iynə deşiyindən keçməsi varlı adamın Allah hüzurundan keçirilməsindən daha asandır”. Katolik təlimində bildirilir ki, işləmək varlanmaq üçün deyil, əbədi həyata qovuşana qədər yaşamaq üçün lazımdır. Qurtuluş o dünyadadır - az ye, az yat, çoxlu tövbə və ibadət et, artıq sərvət əldə etmək, sələm almaq böyük günahdır, heç bir təmənna ummadan borc ver. Bu prinsiplərin iqtisadi proseslərə təsiri ona gətirib çıxardı ki, insanlar arasında tərkidünyalıq geniş yayıldı, kasıb yaşamaq qurtuluşun rəhninə çevrildi, var-dövlət kilsəyə bağışlanıldı, ticarət zəiflədi. Burada qəribə bir paradoks meydana çıxır: varlı olmağı lənətləyən katolik kilsənin özü o dövrlərdə ən zəngin qurum idi. Sonra qeyd edilir ki, əgər hər şey Tanrıya məxsusdursa, onda nəyəsə sahib olmaq hüququ, xüsusi mülkiyyət mütləq ola bilməz. Mülkiyyətə insan tərəfindən müxtəlif resurs növlərini idarə etmək, onlar üzərində sərəncam vermək üçün bir vasitə kimi baxılır. Əmək bütün iqtisadi proseslərə məzmun verən fəaliyyət üçün edilən dua hesab olunur. Əmək insanın ruhlanması və təkmilləşməsi üçün bir vasitədir. Sərvət, sahibkarlıq fəaliyyəti imanla bir araya sığır və əgər o, etik normalarla bir araya sığırsa, onda o, həm mülkiyyət sahibinə, həm də ətrafdakılara xeyir verir. Nemət yaradaraq və xidmət göstərərək başqa insanların tələbatını ödəməklə sahibkar bazar münasibətlərinin bütün iştirakçıları üçün sərvət yaradır. Müasir dövrdə katoliklər dünya və iqtisadi məsələlərə baxışlarına görə ənənəvi katolisizmdən uzaqlaşaraq protestantizmin təbliğ etdiyi prinsipləri qəbul etmişlər.
İslam dininin iqtisadi konsepsiyasında həddən çox varlanmaq tənqid edilir, sədəqə və ehsan xeyirxahlığın zirvəsi kimi təbliğ olunur, mirasçıların və mülkiyyətçilərin hüquqları tanınır, ticarət dəstəklənir, sələmçilik qadağan olunur. İslamda deyilir ki, yeyin, için, ancaq israf etməyin. İslamda sələmçiliklə məşğul olmaq, rüşvət vermək və almaq, fırıldaq və yalan yolla qazanc əldə etmək, narkotik, spirtli içkilər, donuz əti və ondan hazırlanmış məhsullar, insan alveri, qumar, bazarı monopollaşdırmaq və qeyri-sağlam rəqabət aparmaq, oğurlanmış və ya zəbt olunmuş mülkiyyətin və ya qanunsuz yolla əldə olunan hər hansı bir şeyin alqı-satqısını təşkil etmək, alıcıları çaşdırmaq və qorxutmaq, süni şəkildə artırılmış qiymətlərlə məhsulları satmaq haram hesab olunur. Möminlərə faizsiz borcun verilməsi, qazancın bölgüsü prinsipi ilə müxtəlif layihələrin maliyyələşdirilməsi, müştəri malın keyfiyyətindən və qiymətindən narazı qaldıqda satıcının malı geri götürməsi (islama görə, müştəri üstünlüyə malikdir), kasıb müştərilər istisna olmaq şərti ilə, hamıya eyni qiymətlərlə malların satılması, bazarda dəyişikliklərlə ayaqlaşan çevik qiymət sisteminin olması, iqtisadi fəaliyyətin açıq şəkildə aparılması və şəffaflığın təmin olunması, malların keyfiyyət baxımından istehsalının və satışının təkmilləşdirilməsi halal fəaliyyət sayılır. Allah heç bir vicdanlı əməyi, fəaliyyəti cavabsız, mükafatsız qoymur. Varlılar yoxsulların xeyrinə olaraq vergi ödəməyə borcludurlar. Yardımsevərlik, iş əxlaqı, dürüstlük, qənaət, qonaqpərvərlik təqdir olunur. Xəsislik və israf qadağandır, dilənçilik utanc mənbəyi hesab olunur. İnsan çalışıb zəngin ola bilər, əxlaqsız yollarla var-dövlət qazanmaq qəti şəkildə pislənir. Əmlak bərabərsizliyi, sərvət və yoxsulluq Allah tərəfindən qoyulmuş, müəyyən edilmiş təbii vəziyyət, alın yazısı hesab olunur. Xüsusi mülkiyyət, cəmiyyətin rifahı naminə insan tərəfindən ondan maksimal səviyyədə istifadə olunan bir amil hesab edilir. Əmək xüsusi mülkiyyətin əldə olunması üçün yeganə vasitə kimi qəbul edilir. İşçinin mükafatlandırılması hüququ müqəddəs sayılır. Sərvətin ayrı-ayrı sosial qrupların əlində təmərküzləşməsi bəyənilmir. Ticarət vasitəsilə qazanılan mənfəət qanuni hesab edilir, işgüzarlıq, təşəbbüskarlıq, qətiyyət və fərasət göstərmək, tədbirli olmaq, soyuqqanlılıq, ehtiyatla hərəkət etmək, düşünərək addım atmaq, öz gücünə və qüvvəsinə arxalanmaq kimi məziyyətlər qiymətləndirilir.
Digər dinlərin səmavi kitablarından fərqli olaraq, Quran inamı iman yoluna yönəltmir, artıq ondan çıxış edir. O, həyata fəal müdaxilə, hərəkətə keçmək üçün bir rəhbər rolunu oynayır. Burada əmlak, ailə, hüquqi münasibətləri tənzimləyən göstərişlər, təlimlər və qaydalar da öz əksini tapır. İnsanın iradəsi və onun qisməti, öz əməllərinə və hərəkətlərinə görə məsuliyyəti, bu dünyada praktiki fəaliyyəti vasitəsilə axirət dünyasında əbədi həyat qazanmaq üçün Cənnət və Cəhənnəm arasında seçim etmək hüququ verilir. Qismətin əvvəlcədən verilməsi ideyası belə bir inamı möhkəmləndirir ki, insan öz rifahı üçün çalışmaqla Allahın iradəsini yerinə yetirmiş olur. M.Lapitski yazır ki, islam təkcə yol, istiqamət göstərməklə məhdudlaşmır, onun etikası abstrakt prinsiplər üzərində qurulmayıb, o, konkretdir və hətta praqmatikdir. Xristianlığın və müsəlmanlığın etikası sanki müxtəlif suallara cavab verir: birinci nəyə görə əxlaqlı olmaq lazımdır, ikinci hansı yolla buna çatmaq, nail olmaq mümkündür. İslam prinsipləri ilə bazar iqtisadiyyatının əsaslarını birləşdirməyin qeyri-mümkünlüyü “islam iqtisadiyyatı”nın, “islam bank sistemi”nin və ya “orta, aralıq iqtisadiyyat”ın formalaşmasını müəyyən edir. Şəriət qanunlarındakı formalizm hüquqi hiylələr və fiksiyalar sayəsində qanunu, sözün hərfi mənasında, pozmadan, yandan ötüb keçmək üçün imkan yaradır. Gəlir gətirən əmlakı kreditora istifadəyə verməklə qanunu yandan ötüb keçmək mümkündür. Kreditoru şərik kimi qeydiyyata alırlar və bu da ona borcverənin mənfəətinin bir hissəsini mənimsəmək hüququ verir. Deməli, müsəlman dini mentallığın iqtisadiyyata təsiri ziddiyyətli xarakter daşıyır. İslam dini iqtisadi fəaliyyətlə bağlı fikirlərinə görə sanki aralıq mövqe tutmağa, “qızıl orta” tapmağa çalışır. Lakin real həyatda buna nail olmaq çətindir. Fəaliyyət və ətraf dünyaya aktiv müdaxilə üçün proqram olmaqla sahibkarlıq fəaliyyətini qəbul etmək, düzgün yolla mülkiyyətə sahib olmağa müsbət münasibət və bu mülkiyyətdən ümumi rifah naminə istifadə etmək kimi prinsipləri müdafiə edən islam eyni zamanda şəxsi və ictimai həyatı tam reqlamentləşdirərək sosial prosesin subyekti kimi şəxsiyyətin rolunu aradan qaldırmaqla iqtisadi inkişafın, bir növ, buxovuna çevrilir.
Hinduizmə görə isə, insan borcunu və ritualları icra etməli, allahları ilə yaxın olmalı və əcdadlara hörmət etməlidir. Hinduizmdə intellektual iş, həqiqətin axtarışı, şəxsi ruhun - Atmanın ümumi ruhla - Brahmanla birləşməsi, Allaha (hər kəs müstəqil seçir) emosional məhəbbət, özünü onun mərhəmətinə buraxmaq kimi əsas prinsiplər təbliğ edilir. Bu prinsiplər iş və davranış əxlaqı, etibar, qənaət, köməksevərlik və s. kimi iqtisadi nəticələr doğurmuşdur.
Asiyanın digər nəhəng bir dini olan buddizmə görə isə, hər şey əzabdır, arzulara çatmamaqdır, doğulmaq, qocalmaq, xəstəliklər - ölüm və dəyişmələr əziyyətdir. Bu dinə görə, insan özgə malını ələ keçirməkdən çəkinməlidir, sərxoşluqdan və şərab içməkdən uzaq olmalıdır, çox yeməkdən imtina etməlidir, zinət əşyaları taxmamalı və bəzənməməlidir, yumşaq yataqlarda yatmamalıdır və s. Həmin prinsiplərin təsiri altında əzablardan qurtulmaq üçün düzgün davranış, həyat tərzi və çalışmaq, ləyaqətlə işləmək, qazanmaq və yaşamaq, pul (qızıl və gümüş) qəbul etməmək kimi iqtisadi düşüncə tərzini formalaşdırır. Bu cür düşüncə tərzi real həyatda öz əksini insan yaşayışı, su, qida, paltar, təhsil, müalicə, mədəni və s. istiqamətlərdə öz vəziyyətini yaxşılaşdırmalı, əməyini yüngülləşdirməli, icma qardaşlığı formasında yaşayaraq bir-birinə dəstək olmalıdır kimi prinsiplərdə tapdı.
Asiyada geniş yayılmış digər bir təlim konfutsiçilikdir. Konfutsiçilik, əslində, din deyil və onun banisi peyğəmbər olmamışdır. Konfutsi eramızdan əvvəl Çində yaşamış böyük filosof və mütəfəkkirdir. Konfutsiçiliyin mahiyyəti ondan ibarətdir ki, nəcib, vicdanlı adam ədaləti, cılız (nadan) adam isə xeyrini güdər: ləyaqətli insan görəndə ona bərabər olmağa çalış, ləyaqətsiz görəndə öz daxilinə nəzər sal. Sarsılmaz “qızıl orta” ən yaxşı məziyyət, ləyaqətdir. Bu prinsiplərə görə, insanlar bərabərdir, hər şeydə bərabər hüquqla iştirak etməlidirlər, ləyaqətli yaşamaq üçün işləmək, qazanmaq və buna şərait lazımdır, insanın xoşbəxtliyi zəhmətdədir, sərvətin, nemətlərin bölgüsündə ədalətli olmaq lazımdır. Bu cür düşüncə tərzi nəticəsində “yararlılıq insanın hansı zümrəyə aid olması ilə deyil, fərdi qabiliyyətləri və xalqa xidməti ilə ölçülür, nemətlərin bölgüsündə ədaləti təmin etmək üçün, yeri gəlsə, hətta əhali artımını azaltmaq olar, əmr edənin şəxsi davranışı düzdürsə, əmr verməsə də, hər iş düz gedəcək, davranışları düz deyilsə, əmr versə də, heç kim onları eşitməyəcək” kimi iqtisadi həyat tərzi formalaşdırır.
M.Veber yazır ki, buddizmin əsas fərqli xüsusiyyəti ondadır ki, bu din maddi nemətləri möminliyə, dindarlığa, düzlüyə, saflığa görə təbii mükafat kimi qəbul edir, ancaq onlardan sui-istifadə gələcək həyatda indiki firavanlığın itirilməsinə səbəb ola bilər. Eyni zamanda, tacirə və ya sahibkara da bir qədər mülayim mənfi münasibət müdafiə olunur. Bütün bunlar hinduizm və buddizm əsasında maddi nemətlər istehsalına yönəlmiş təsərrüfat sisteminin formalaşdırılmasının mümkünsüzlüyünə aparıb çıxarır. M.Veberin qənaətinə görə, konfutsiçilikdə rasionallıq o qədər güclüdür ki, onu “dini etika” adlandırmaq çox mübahisəlidir. Bununla belə, o, Qərbin praktiki rasionalizmindən kəskin surətdə fərqlənir. Əməyin yüksək rolunu və dəyərini qiymətləndirən Konfutsi işə vicdanlı münasibəti təbliğ edir. Onun sərvətə münasibəti çox tərbiyəvidir: “Dao-Yolun hökmran olduğu dövlətdə kasıb olmaq və əsilzadə olmamaq ayıbdır. Dao-Yolun hökmran olmadığı dövlətdə isə zəngin və əsilzadə olmaq ayıbdır”. “Əgər xalq bolluq içində yaşasa, heç ola bilərmi ki, hökmdar zənginlik içərisində yaşamasın? Əgər xalq kasıb yaşasa, onda hökmdar zənginlik içində yaşaya bilərmi?” Konfutsiçilikdə rəqabətə mənfi münasibətin mənbəyinə rast gəlinir. Protestantın da, konfutsiçinin də fəaliyyətinə sağlam düşüncə rəhbərlik edir. Lakin protestantın həyata soyuq ağılla baxması ona həyatda öz yolunu tapmaqda entuziazm verir. Konfutsiçinin bütün həyatı isə təntənəli rituallarla qandallanıbdır.
M.Veber bu məsələdə bir qədər də dərinə gedərək daha sanballı nəticələrə gəlir və dünyanın müxtəlif dinlərinin iqtisadi inkişafa təsirini müqayisə edir. O, əsərində yazır ki, xristianlığın şərhçiləri vaxtilə böyük əks-səda doğuran bir ideyanı hamıya bəyan etmişlər: “Allah insanların həyatını, taleyini heç də əvvəlcədən müəyyən etmir. Əksinə, o, insanlardan hərəkət, dinamika, dönməzlik, cəhdlər etməkdən yorulmamaq, bezməmək, bir yerdə işləyib, çalışıb yaratmağı gözləyir”. Bu tövsiyə yeni sosial etikanın, inam etikasının formalaşmasının əsasını təşkil etdi. Nəticədə XVI-XVIII əsrlərdə Avropada tamamilə yeni bir təsərrüfat etikası meydana çıxdı: “Elə işləmək lazımdır ki, əmək məsrəfləri, qoyulan xərclər sonda qaytarılsın. Qeyri-rentabelli, mənfəətsiz işləmək, əmək sərf etmək azad insanlara deyil, kölələrə xas olan xüsusiyyətdir”. Protestant sahibkarlara təvazökarlıq, asketizm xüsusiyyətləri xas idi və nümayişkaranə zənginlik, əlində olan hakimiyyətdən zövq, ləzzət almaq kimi hisslər onlara yad idi. Onlar əllərində olan sərvətə Allah qarşısında üzərlərinə götürdükləri öhdəlik və vəzifələri yüksək səviyyədə yerinə yetirdiklərinə görə verilən mükafat kimi baxırdılar. Allah qarşısındakı bu vəzifə borcunun və fəaliyyətin meyarı iqtisadi fəaliyyətdən əldə edilən mənfəət hesab olunurdu. Yəni mənfəət nə qədər çox olurdusa, Allah qarşısında vəzifə borcu da bir o qədər yüksək səviyyədə yerinə yetirilmiş hesab edilirdi. Əxlaqın bu yeni forması dünya təsərrüfat tarixinə ikinci nəfəs verdi. Məhz protestantlar arasında Martin Lüter və Jan Kalvin kimi yeni formasiyanın xadimləri, liderləri yetişməyə başladı. M.Veber təsərrüfat hesabı prinsipinin dünya tarixində ilk təmsilçilərini bu cür xarakterizə edirdi: “Bunlar etik keyfiyyətləri parlaq, aydın şəkildə ifadə olunmuş, sərt və çətin həyat məktəbi keçmiş, ehtiyatlı, eyni zamanda qətiyyətli, səbirli, təmkinli, öz hisslərini cilovlamağı bacaran və onları büruzə verməyən, cəsarətli, bacarıqlı, öz dəyişməz prinsipləri olan, tutduğu yoldan dönməyib axıradək gedən insanlar idilər”.
450-500 il bundan əvvəl xristian dininin etik normalarını dərindən təhlil edərək Qərb dünyasının gələcək iqtisadi inkişafının əsasını təşkil edən təsərrüfat hesabı (mənfəət) prinsipini elan edən həmin maarifpərvər insanlar həyatları bahasına çox böyük riskə gedərək Avropada əsrlərlə mövcud olmuş iqtisadi qaydaları köklü surətdə dəyişməyə nail oldular. Əbəs yerə deyil ki, həmin dövr Avropanın tarixində Renesans, İntibah dövrü adlandırılır. Bu gün dünyada iqtisadi inkişaf səviyyəsindən, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq bütün ölkələrin iqtisadiyyatı yalnız təsərrüfat hesabı və ya mənfəət qazanmaq prinsipi üzərində qurulmuşdur. Düzdür, təsərrüfat hesabı prinsipini bilmək üçün bu gün iqtisadçı olmağa ehtiyac yoxdur, bu, bəlkə də kifayət qədər primitiv səslənir. Lakin 500 il bundan əvvəl həmin prinsipin irəli sürülməsi iqtisadiyyatda olduqca böyük bir yenilik, innovasiya idi.
Təsərrüfat hesabı prinsipi iqtisadiyyata tətbiq edildikdən sonra Avropa dövlətləri çox sürətli, sıçrayışlı inkişafa nail oldular. İnsanlarda varlanmaq üçün çox böyük stimul yaradan mənfəət iqtisadiyyata, bazarlara, istehsala, idarəetməyə innovasiyaların axınına gətirib çıxardı. Nəticədə elmi-texniki tərəqqi stimullaşdı, elmi kəşflərin sayı kəskin surətdə artdı və elmi nailiyyətlər əsasında yaranan innovasiyaların istehsala tətbiqi sürətləndi, iqtisadi səmərəlilik yüksək səviyyəyə çatdı.
Bu yerdə bir məqamı xatırladaq. Məlumdur ki, xristian dininin yarandığı 1500 il ərzində Avropada elm sahəsində, demək olar ki, heç bir yenilik olmamışdır. Bəllidir ki, eramızdan əvvəlki Qədim Yunanıstanda riyaziyyat, hüquq, həndəsə, təbabət, fəlsəfə və s. elm sahələri kifayət qədər inkişaf etmişdi. Lakin xristian dini yarandıqdan sonra 1500 il ərzində Avropada elmdə və ictimai həyatın digər sahələrində uzunmüddətli durğunluq müşahidə olunmuşdu. Bu illər ərzində insanlar üzərində hakimiyyəti ələ alan kilsə, inkivizisiya dinə zidd olan hər hansı bir elmi həqiqəti yaxın buraxmamış və bu ideyaları irəli sürənləri çox ciddi şəkildə təqib etmişdi. C.Brunonun, N.Kopernikin və Q.Qalileyin kilsə tərəfindən başlarına açılan oyunlar hamıya məlumdur. Məhz protestant etikasının yuxarıda söylənilən inqilabi ideyaları reallaşdırıldıqdan sonra Avropada sürətli inkişaf erası başladı və artıq 500 ilə yaxındır ki, bu inkişaf davam etməkdədir. Məhz bu inkişaf nəticəsində Avropa dövlətləri son 500 ildə dünyada ağalıq etməyə başladılar və Yer kürəsinin hər yerində geniş müstəmləkələrə malik olan böyük imperiyalar qurmağı bacardılar. Kilsə və din cəmiyyətin nəzarəti altına keçdikdən və dövlətin idarə olunmasından kənarlaşdırıldıqdan sonra elmi kəşflər və ixtiraların sayında kəskin artım baş verdi. Bu elmi kəşflərin nəticələri əsasında təşkil olunan iqtisadiyyat və istehsalat Avropa xalqlarının həyatında kəskin dəyişikliklərə səbəb oldu. Bu dövrə qədər Avropa dövlətləri geridə qalmış üçüncü dünya ölkələri səviyyəsində yaşayırdılar. İqtisadi fəaliyyətdə təsərrüfat hesabı prinsipinin nəticəsi olan mənfəət kateqoriyasının elan olunmasından sonra xristian dünyasında baş verən kəskin inkişaf templəri ictimai həyatın bütün sahələrinə nüfuz etməklə Avropa xalqlarının bugünkü firavanlığına gətirib çıxardı.
Beləliklə, aparılan qısa təhlildən belə bir nəticəyə gəlmək olur ki, hətta Avropa dövlətlərinin təcrübəsinə əsaslanaraq demək olar ki, onların bugünkü inkişafının səbəbi heç də din olmamışdır. Bu mənada M.Veberlə razılaşmaq mümkün deyil. Əvvəla, xristian dininin 1500 illik tarixi göstərir ki, o, inkişafa ancaq mane olmuşdur. Yalnız son 500 illik tarix Avropa ölkələrinin inkişaf etdiyini göstərir. Əgər J.Kalvin, M.Lüter və bu kimi geniş miqyasa və sarsılmaz siyasi iradəyə malik dərin zəkalı liderlər olmasaydı, belə bir təsərrüfat etikası da yaranmazdı. Bundan əlavə, hər bir din və ya əxlaq, mənəviyyat kodeksi öz-özünə yaranmır, göydən düşmür. Bunların hamısı insan beyninin məhsullarıdır. Yalnız insan zəkası tarixin axarını dəyişə biləcək ideyalar yaratmağa və həyata keçirməyə qadirdir. Bunu isə tarixdə yalnız güclü liderlər bacarmışlar. Hətta dünyaya yeni din gətirən peyğəmbərlər də liderlik keyfiyyətlərinə malik şəxsiyyətlər olmuşlar. Əgər peyğəmbərlərdə liderlik və sarsılmaz siyasi iradə kimi keyfiyyətlər olmasaydı, onlar ətraflarına tərəfdaşlar, ardıcıllar toplaya bilməz və öz ideyalarını reallaşdırmağı bacarmazdılar. İnsanları isə maddi, şəxsi maraq hissləri idarə edir. “Fəaliyyətə sövq edən praktiki impulsda gizlənən psixoloji və praqmatik dini əlaqələr” dedikdə, biz məhz mənfəət kateqoriyasını nəzərdə tuturuq. İnsanları səmərəli iqtisadi fəaliyyətə sövq edən də həmişə din yox, məhz mənfəət olmuşdur.
Nazim
HÜSEYNOV,
iqtisad üzrə fəlsəfə doktoru
Azərbaycan.- 2015.- 23 avqust.- S. 3.