Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

¹ 283                               Bakı şəhəri, 18 avqust 2015-ci il

 

“Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına yardımın verilməsi Qaydaları”nın və “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin güzəştlə satılması Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 15 fevral tarixli 32 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 3 aprel tarixli 1160 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2015-ci ilin Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın1.1-ci, 1.2-ci bəndlərinə və “Bitkiçiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2015-ci il 15 aprel tarixli 1175 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına yardımın verilməsi Qaydaları”nın və “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin güzəştlə satılması Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 15 fevral tarixli 32 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, N 2, maddə 192, N 11, maddə 1184; 2008, N 6, maddə 587; 2010, N 12, maddə 1124; 2012, N 8, maddə 811; 2013, N 7, maddə 882, N 12, maddə 1633; 2014, N 2, maddə 201, N 6, maddə 736, N 8, maddə 1004; 2015, N 1, maddə 60, N 5, maddə 675; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 iyun tarixli 223 nömrəli qərarı) aşağıdakı dəyişikliklər edilsin:

1.1. adında “yağlarına” sözündən sonra “, habelə buğda və çəltik səpininə” sözləri əlavə edilsin və”yardımın” sözü “yardımların” sözü ilə əvəz edilsin;

1.2. 2-ci hissə aşağıdakı redaksiyada verilsin:

“2. “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına satılan mineral gübrələrin qiymətinə 70 faiz həcmində güzəşt tətbiq edilməklə, onun məbləğinin yuxarı həddi hər hektar genetik modifikasiya olunmamış bitkilərin əkin sahəsinə və çoxillik əkmələrə görə 80 manat məbləğində müəyyən edilsin.”;

1.3. 3-cü hissə aşağıdakı redaksiyada verilsin:

“3. Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik səpininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi Qaydaları” təsdiq edilsin (1 nömrəli əlavə)”;

1.4. 5-ci hissə ləğv edilsin;

1.5. 6-cı hissə aşağıdakı redaksiyada verilsin:

“6. Kənd təsərrüfatı məhsullarının istehsalçılarına buğda və çəltik səpininə və istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına verilən yardımların, habelə hüquqi və fiziki şəxslər tərəfindən istehsalçılara satılan mineral gübrələrin qiymətinə tətbiq edilən güzəştin məbləğinin ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyası yaradılsın və tərkibi təsdiq edilsin (4 nömrəli əlavə).”;

1.6. aşağıdakı məzmunda 6-1-ci hissə əlavə edilsin:

“6-1. Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalçılarına genetik modifikasiya olunmamış bitkilərin əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarına, habelə buğda və çəltik səpininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi və istehsalçılara satılmış mineral gübrələrin qiymətinə tətbiq edilən güzəştin dövlət büdcəsinin vəsaiti hesabına satıcılara ödənilməsi qaydası bu qərarla təsdiq edilmiş Qaydaların tələbləri nəzərə alınmaqla, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.”;

1.7. 10-cu hissədən “, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti” sözləri çıxarılsın;

1.8. həmin qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - “Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına yardımın verilməsi Qaydaları” yeni redaksiyada təsdiq edilsin (əlavə olunur);

1.9. həmin qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin güzəştlə satılması Qaydaları” üzrə:

1.9.1. 1.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

“1.2. İstehsalçılara mineral gübrələrin güzəştlə satılması üçün əsas meyar onların mülkiyyətində, icarəsində və ya istifadəsində olan və gübrə veriləcək genetik modifikasiya olunmamış bitkilərin və çoxillik əkmələrin becərildiyi 1 (bir) hektar torpaq sahəsi götürülür. Satıcı tərəfindən istehsalçılara satılan mineral gübrələrin qiymətinə dövlət büdcəsinin vəsaiti hesabına 70 faiz həcmində güzəşt tətbiq olunur və bu güzəştin məbləğinin yuxarı həddi hər hektara görə 80 manat müəyyən edilir.”;

1.9.2. aşağıdakı məzmunda 1.4-1.6-cı bəndlər əlavə edilsin:

“1.4. Mineral gübrələrin satış qiymətinə bu qaydaların 1.2-ci bəndində nəzərdə tutulmuş güzəşt istehsalçıların mülkiyyətində, icarəsində və ya istifadəsində olan və mövcud qanunvericiliklə əkin məqsədi üçün istifadə olunan kənd təsərrüfatı təyinatlı torpaq sahələrində aparılan təkrar (aralıq) əkinlərə də şamil edilir.

1.5. Mineral gübrələrin istehsalçılara güzəştli qiymətlərlə satışının bu qaydalarla müəyyən edilmiş şərtlərə uyğun olaraq tənzimlənməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 15 fevral tarixli 32 nömrəli qərarı ilə yaradılmış Respublika Komissiyası və “Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik səpininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi Qaydaları”na əsasən yaradılmış kənd ərazi komissiyaları və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin rayon (şəhər) kənd təsərrüfatı idarələri (bundan sonra-rayon (şəhər) kənd təsərrüfatı idarəsi) tərəfindən həyata keçirilir.

1.6. Respublika Komissiyasının iclaslarının keçirilməsinin təşkili, rayon (şəhər) kənd təsərrüfatı idarələrindən və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətindən daxil olan materialların təhlili və icmal məlumatların hazırlanıb Respublika Komissiyasına təqdim edilməsi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyində yaradılan işçi qrupu tərəfindən təmin edilir.”;

1.9.3. 2.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“2.1. İstehsalçı mineral gübrələri güzəştli qiymətlərlə satıcıdan əldə etmək məqsədi ilə alınacaq mineral gübrələrin növünü və çəkisini göstərməklə, bu qaydaların 1 nömrəli əlavəsindəki formaya uyğun ərizə ilə satıcıya müraciət etməlidir.”;

1.9.4. 2.2-ci bənddə “ərizəyə əlavə edilmiş cədvələ uyğun yetişdirilməsi nəzərdə tutulan bitki növləri və ya mövcud əkinləri barədə zəruri məlumatları açıqlayaraq,” sözləri “bu qaydaların 2 nömrəli əlavəsinə uyğun tərtib olunmuş və yerli kənd ərazi komissiyası tərəfindən təsdiq edilmiş cədvəli” sözləri ilə əvəz edilsin;

1.9.5. 2.4-cü və 2.5-ci bəndlərdə ismin müvafiq hallarında “istifadəçi” sözü ismin müvafiq hallarında “istehsalçı” sözü ilə əvəz edilsin;

1.9.6. 2.6-cı bənddə “müvafiq rayon komissiyasına” sözləri “müvafiq rayon (şəhər) kənd təsərrüfatı idarəsinə” sözləri ilə, “Rayon komissiyası” sözləri “Rayon (şəhər) kənd təsərrüfatı idarəsi” sözləri ilə, “3 (üç)” sözləri “10 (on)” sözləri ilə əvəz edilsin və həmin bənddən “(Naxçıvan Muxtar Respublikası Komissiyasına)” sözləri çıxarılsın;

1.9.7. 2.7-ci bənd aşağıdakı redaksiyada verilsin:

“2.7. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti hər ayın nəticəsinə görə hər bir satıcının idxal etdiyi mineral gübrənin növünə, həcminə və idxal qiymətlərinə (invoys üzrə) dair məlumatları növbəti ayın əvvəlindən 5 (beş) iş günündən gec olmayaraq, Respublika Komissiyasına təqdim edir. Bu məlumatlara hər bir satıcıya dair (VÖEN-i, lisenziya nömrəsi, bank rekvizitləri, telefon və faks nömrələri və ya elektron poçt ünvanı, hüquqi şəxslər üçün - adı, hüquqi və faktiki ünvanı, fiziki şəxslər üçün - adı, atasının adı, soyadı, şəxsiyyət vəsiqəsinə dair məlumatlar (seriyası, nömrəsi, nə vaxt və kim tərəfindən verilmişdir, ünvanı), faktiki ünvanı) məlumatlar əlavə olunmalıdır.”;

1.9.8. 2.8-ci bənddə “satıcılar və rayon komissiyası” sözləri “rayon (şəhər) kənd təsərrüfatı idarəsi və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti” sözləri ilə, “5” rəqəmi “10 (on)” sözü ilə, “bütün sənədləri” sözləri “aidiyyəti məlumatları” sözləri ilə əvəz edilsin;

1.9.9. 2.10-cu bənd aşağıdakı redaksiyada verilsin:

“2.10. Naxçıvan Muxtar Respublikasında satılmış mineral gübrələrin dəyərinin 70 faizinin dövlət büdcəsinin vəsaiti hesabına satıcılara ödənilməsi bu qaydaların tələbləri nəzərə alınmaqla, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən qaydada həyata keçirilir.”;

1.9.10. 2.11-ci bənd ləğv edilsin;

1.9.11. Qaydalara 1 nömrəli əlavədə ərizə formasının “Təsdiq edirəm” hissəsi çıxarılsın;

1.9.12. Qaydaların 2 nömrəli əlavəsi ləğv edilsin, 1 nömrəli əlavədə ərizəyə əlavə edilmiş cədvəldə “Ərizəyə əlavə cədvəl” sözləri “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin güzəştlə satılması Qaydaları”na2 nömrəli əlavə” sözləri ilə əvəz edilsin və “Təsdiq edirəm” hissəsi aşağıdakı redaksiyada verilsin:

 

“TƏSDİQ EDİRƏM”

_________ kənd ərazi komissiyasının sədri,

_________ Rayon İcra Hakimiyyəti başçısının

_________ kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi

________________________________

(imza, möhür)

_________________________________

(soyadı, adı, atasının adı)

 

1.9.13. Qaydalara 3 nömrəli əlavədə “_________Rayon İcra Hakimiyyətinin başçısı, rayon komissiyasının sədri” sözləri “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin _____________ rayon (şəhər) kənd təsərrüfatı idarəsinin rəisi” sözləri ilə əvəz edilsin;

1.10. həmin qərarla təsdiq edilmiş 4 nömrəli əlavənin adı aşağıdakı redaksiyada verilsin:

“Kənd təsərrüfatı məhsullarının istehsalçılarına buğda və çəltik səpininə və istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına verilən yardımların, habelə hüquqi və fiziki şəxslər tərəfindən istehsalçılara satılan mineral gübrələrin qiymətinə tətbiq edilən güzəştin məbləğinin ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyasının tərkibi”.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu qərarın icrası ilə bağlı tələb olunan maliyyə vəsaitinin ayrılmasını müəyyən olunmuş qaydada təmin etsin.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan.- 2015.- 25 avqust.- S. 1.