Yeni ədəbiyyatın qurucularından biri

 

Altmış il ədəbiyyat aləmində şeirləri ilə milyonlarla oxucunun ürəyinə yol tapan xalq şairi Fikrət Qocanın bu il 80 yaşı tamam olur.

Fikrət Qocanın keçdiyi sənət yoluna yaxşı bələdəm, onun yaradıcılığı haqqında iki kitab yazmışam. Onun ilk şeirindən (“Bacı qızı” - 1956-cı il, “Kirpi” jurnalı) tutmuş mətbuatda dərc edilən oxumadığım şeiri, poeması, nəsr əsəri, publisistik məqalələri olmayıb. Ancaq bu yazıda Fikrət Qoca haqqında yazdığım kitablardan və o kitablara daxil edilməyən məqalələrdən bircə sətir də yoxdur. Sadə bir səbəbi var: Fikrət Qoca elə şairlərdəndir ki, hər dəfə onun yaradıcılığına müraciət edəndə qarşında təzə bir şair görürsən...

Fikrət Qoca ədəbiyyata elə bir dövrdə gəlmişdi ki, nəsrimizdə də, poeziyamızda da zamanın sərt küləkləri əsirdi. “Ellər atası” Stalinin süqutundan sonra Nikita Xruşşovun cirə ilə verdiyi demokratiyadan, söz azadlığından digər xalqların ədəbiyyatında olduğu kimi, Azərbaycan ədəbiyyatında da bir canlanma hiss olunurdu. Altmışıncı illəri XX əsrdə dünyanın oyanması, köhnə qaydalara, mənəvi buxovlara, müstəmləkəçilik rejiminə qarşı mübarizələr, müharibələr dövrü kimi də səciyyələndirmək olar. Və təbii ki, ədəbiyyatda, xüsusilə poeziyada standartlara, stereotiplərə, ədəbi normalara müxalif olan yeni bir ədəbiyyat yaranırdı və bu ədəbiyyatın qurucularından biri də Fikrət Qoca idi.

Ədəbiyyatda yeni meyillər, tendensiyalar, təbii ki, bədii əsərin mahiyyətini təşkil edən məzmun və formada özünü göstərməli idi. “Zamanın fırlandığı” bir dövrdə zamanın sürəti ilə ayaqlaşmaq tələb olunurdu. Fikrət Qoca şair dostu Əli Kərimin bir poetik nəslin adından söylədiyi “XX əsr! Dağ, Dağ boyda bir kəlmədir... Onun yamacına mən dirsəklənib düşündüm... Köhnə şeirlərimin darısqal hücrəsindən Başıma ulduz yağan qalaktikaya döndüm” misralarındakı etirafa ilkin səs verənlərdən oldu. Şeirlərinin məzmununda, formasında XX əsrin o təlatümlü, inqilabi çağırışlarının nidası duyuldu. Altmış-yetmişinci illəri bu mənada Fikrət Qoca yaradıcılığının ən qızğın və parlaq dövrü kimi səciyyələndirmək olar. Fikrin sürəti ilə zamanın sürətini, onların bir-birilə “rəqabətini” əks etdirən “Qatar”, “Vals”, hər cür mənəvi susqunluğa etiraz kimi qələmə alınmış “Cəsarət”, bütün zamanlarda cəmiyyəti içindən yeyib-dağıdan bir sosial bəlaya qarşı ittihamnamə kimi səslənən “Rüşvətxorlar”, milli-tarixi faciəmizi xatırladan “Dünyadan bir Araz axır”, Afrikada, Latın Amerikasında baş verən azadlıq mübarizələrindən söz açan “Vyetnam süitası”, “Viktor Xara”, “Ünvansız məktub”, “Amilkar Kabral” şeir və poemalarını F.Qoca məhz bu illərdə qələmə aldı. Ancaq Fikrət Qocanın o illərdəki poeziya uğurlarını təkcə bu əsərlərin təmsil etdiyini düşünmək yanlış olardı. Təbii ki, “siyasi lirika” kimi dəyərləndirdiyimiz o əsərlərə F.Qoca yaradıcılığının sonrakı dövrlərində də rast gəlirik. F.Qoca 90-cı illərdə də, yeni eramızın ilk onilliyində də dünyada, məmləkətimizdə baş verən ictimai-siyasi olaylara münasibətini gizlətmədi, xüsusilə azadlıq və müstəqillik ideyalarını ifadə edən şeirlər, poemalar yazdı. Amma onun poetik ruhu yalnız bir çevrə daxilində qapanıb qalmamışdır. Fikrət Qoca bizim mənəvi dünyamızın, milli duyğularımızın, yaşadığımız gerçəkliyin ən incə mətləblərinə, ən sərt həqiqətlərinə güzgü tutdu, bu güzgüdə göz yaşlarının axdığını da seyr etdik, qəlbin ən titrək, kövrək hisslərinin necə bəyan olunduğunu da gördük, əxlaqda, mənəviyyatda baş verən və insanları dəyərdən salan, heçə endirən boşluqlarla da üzləşdik. Bir bahar səhəri “Günəşə açılmış zərif dodaqlar kimi Külək əsəndə milyon-milyon lalələr” qıpqırmızı şəlalələrə dönəndə adam istəyir ürəyini çıxarıb günəşə sərsin. Amma budur, qonşuda bir qadın ağlayır. “Hıçqırıqlar arasından yağdı çöllərə söyüşü də, qarğışı da... Çöldə günəşli bir bahar, Mənim ürəyimdə, bir də qonşuda Payız. Soyuq bir yağış”. Təzaddır!

Fikrət Qoca həyatın təzadlarını, insanların içindəki mənəvi burulğanları neçə belə şeirində, poemalarında əks etdirib və biz bu əsərlərdə XX əsr Azərbaycan gerçəkliyinin mənzərələrini seyr edirik. Poeziyamızda igid sərkərdələrimizi, qəhrəman oğullarımızı tərif yağışlarına bürüdüyümüz, tariximizi yalnız “şanlı” deyə epitetlərə qərq etdiyimiz bir dövrdə Fikrət Qoca az qala aforizmə çevrilən belə bir şeir yazdı:

Biri qaçaq olub,

mərd olub,

biri qoçaq olub,

mərd olub.

Biri kasıb olub,

mərd olub.

Bəs namərdlər hardandı,

bax, bu mənə dərd olub.

Fikrət Qoca həm də gözəllik şairidir. Bu standart görünən ifadəyə müraciət etməyimin bir səbəbi də onun şeirlərində çağlayan həyat eşqidir, “gözəlliyi sev” duyğusudur. Həyatın gözəlliyi, ömrün şirinliyi haqda yüzlərlə şeir yazılıb. F.Qocanın da həyat və gözəlliklə bağlı poetik düşüncələri özünəməxsusluğu ilə seçilir.

Bəli, həyat gözəl, ömür şirindi,

Həyat da, ömür də kişilərindi.

Qayıqsız tufanlı dənizə düşsən,

Dalğalar ovcunda oynatsa səni,

Nəhəng bir dənizlə tənha döyüşsən,

Pıçılda həyatın gözəlliyini,

Pıçılda həyatın şirinliyini -

Deyim kişisən.

F.Qoca poeziyasında Azərbaycan kişisinin və Azərbaycan qadınının ümumiləşmiş obrazları ilə qarşılaşırıq. Amma onun poetik lüğətində nə kişilərə, nə də qadınlara söylənilən təriflər silsiləsi ilə rastlaşırıq. O, kişidən danışanda onun “standartlarını” bir kənara atır, o kişinin keçdiyi ömür yolunu, bu ömür yolundakı mübarizələri gözlərimiz qarşısında canlandırır. Bircə nümunə:

Şair ömrü

gecəli-gündüzlü olmur,

Əsl şairlər

ona görə

ikiüzlü olmur.

Öz inamına görə

Tənqidlərə,

təriflərə

Rəsul Rza dözdü.

Dedilər: Vəzni pozdu.

O bir şeir də yazdı.

Dedilər: Şeirinin bəzəyi azdı,

O bir şeir də yazdı.

Dedilər: Dayazdı.

O bir şeir də yazdı...

Yazdı, yazdı, yazdı.

Amma öz aramızdı,

O vaxt sözümüzə baxsaydı,

İndi Rəsul Rzamız olmazdı.

Bu şeirdə şairin öz ustadına məhəbbəti “dahi”, “möhtəşəm”, “ulu” sözləriylə ifadə olunmayıb, sadəcə, Rəsul Rzanın tərifsiz, sığalsız Mübariz obrazını görürük.

Rəsul Rzanı xatırladıq. O, altmışıncı illərdə gənc Fikrət Qocaya iki məqalə həsr edib. Bu məqalələrin hər biri istedadlı bir cavana ustadın açdığı qapılar idi. Fikrət Qoca Rəsul Rza poetik məktəbindən dərs alıb, o məktəbin ən sadiq, istedadlı müdavimlərindəndir desəm, yanılmaram. Rəsul Rza məktəbi isə təqlid, yamsılama, epiqonçu yetirən məktəb olmayıb, milli şeirimizə, poetik ənənələrimizə üz çevirmədən yeni, novator meyillərə səfərbər olmaq fənlərini öyrədən məktəb idi. Rəsul Rzadan həyatın, gerçəkliyin sərt həqiqətlərini, gözəlliyə, insana humanist mövqeyini mənimsəyən F.Qoca poeziyada öz fərdi üslubunu yaratdı. Onların hər ikisi Azərbaycan sərbəst şeirinin gözəl nümunələrini yaratmışlar, lakin F.Qocanın sərbəsti tamam fərqlidir.

Fikrət Qoca poeziyası haqqında çox yazılıb, amma içi mən qarışıq biz onun poetik kəşflərini, şeirlərindəki incəlikləri, poema janrına gətirdiyi yenilikləri lazımınca şərh etməmişik. Onun şeiri heç bir şairin indiyə kimi işlətmədiyi bədii təsvir vasitələri ilə zəngindir və təşbihlərini, metaforlarını, epitetlərini bir yerə yığsan, hamını heyrətə salan bir sərgi yaranar.

Ağaclar Ağlayırmı görəsən? “Çılpaq qolları tir-tir əsəndə ağaclar ağlayırmı, ürəyini boşaldırmı barı? Gecələri üzünə tutub ağlayır, ağaclar ağlamaqdan quruyur”.

Yenə bir Ağlamaq səsi. Bir kişinin könlü qırılıb, təbiət buna dözmür, yağışını yağdırır. “Dünyada məhəbbət əlindən ağlayanlar olunca Yağış yağacaq”.

Qız qalasının “şəninə” onlarla, yüzlərlə epitet, təşbihlər söylənilib. Fikrət Qoca isə belə deyir: “Qız qalası Ələddinin Abşeronda düşüb qalmış sehrli çırağı. Zamanın əliylə oğurlanan tariximin Düşüb qalmış varağı”.

Xəzərə baxırıq, bu gözəllikdən, bu mavi tamaşadan zövq alırıq və birdən Fikrət Qocanın bu misraları yada düşür:

Bərq vuran rəngləri dəyişir hər an,

Bilmirsən daş-qaşdır, ya adi sumu?

İstədim dənizdə alışıb yanan

Aydan alışdırım papirosumu.

Unutmadığımız, unuda bilməyəcəyimiz Şuşanı xatırlayırıq. “Vətən torpağının heykəli” - burada “Dumandan tökülüb qalır qayalar, Dumandan səpilir çölə çiçəklər”.

Fikrət Qoca həm də məhəbbət şairidir. Məhəbbətinin cavanlığını da yaşayıb, xəzan çağlarını da. Kitablardan gələn, yaşanılmayan, duyulmayan sevgi şeirləri yazmayıb, öz qəlbinin çırpıntılarını, sevincini, kədərini yazıb. Və Fikrət Qoca lirikasında İnsan məhəbbəti ən ali, müqəddəs bir duyğu kimi tərənnüm edilib:

Soyuq baxış görəndə

Gülər bir gözə baxsan,

Kiçik ürək görəndə

Dönüb dənizə baxsan,

Özünü tək sananda -

Gözəl bir qıza baxsan -

Xoşbəxt olmağa nə var!

 

Vaqif YUSİFLİ,

filologiya elmləri doktoru, professor

 

Azərbaycan.- 2015.- 25 avqust.- S. 6.