2016-cı
ildə Gəncəyə
gələn turistlərə
daha bir tarixi abidəyə ekskursiya etmək imkanı yaranacaq
Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə öz müasir gözəlliyi ilə yanaşı, tarixi abidələri ilə də xarici turistlərin diqqətini cəlb edir. Belə abidələrdən biri də XVII əsrdə inşa edilən və memarı Şeyx Bəhaəddin İsfahani olan Şah Abbas karvansarayıdır.
Şəhər mərkəzində yerləşən karvansarayda artıq 4 ildir ki, ölkə başçısının diqqət və qayğısı sayəsində təmir-bərpa işləri həyata keçirilir.Abidədə əsas tikinti və bərkitmə işləri yekunlaşıb. Hazırda tikilinin içərisinin restavrasiyası aparılır.Tikinti-bərpa işlərində Şəkidə istehsal olunan bir milyon ədəd qırmızı kərpicdən istifadə olunub. İş icraçısı Şakir Əliyev deyib ki, təmir işlərində XVII əsrdə olduğu kimi əsasən əhəng və qum qarışığından istifadə olunur.Karvansarayın fasad hissəsində bərkitmə işləri başa çatdırıldıqdan sonra binanın təbii aşınmalardan qorunması üçün xüsusi şəffaf maye ilə izolyasiya olunub. Daxili divarlarda olan aşınmaya məruz qalmış kərpiçlər sökülərək yeniləri ilə əvəzlənib. Sovetlər dönəmində bir neçə dəfə yöndəmsiz təmirə məruz qalan karvansarayın tarixiliyini qorumaq məqsədilə burada əvvəllər inşa edilən əlavə tikililər də sökülüb.
İş icraçısı onu da qeyd etdi ki, tarixi abidənin restavrasiyası zamanı bir çox maraqlı məqamlara rast gəlinib. Belə ki, burada müasir döşəməaltı istilikxanalar da aşkar edilib ki, bu da Azərbaycan memarlarının zəngin biliyə malik olmalarını deməyə əsas verir. Bundan başqa karvansaraydan eyni nəslin yadigarları olan şəhər mərkəzindəki Çökək hamama və Şah Abbas məscidinə də yeraltı yol olub. Lakin müasir binaların tikintisi zamanı bu yolların əksəriyyəti sıradan çıxıb.
Öz unikal memarlıq üslubuna görə seçilən tarixi abidədə təmir-bərpa işləri başa çatdıqdan sonra tikilinin hotel kimi fəaliyyət göstəməsi nəzərdə tutulub. Bir sözlə gələn il Gəncəyə gələn xarici turistlər bu tarixi abidəyə ekskursiya etmək imkanı əldə edəcəklər.
Azərbaycan.- 2015.- 25 avqust.- S. 6.