Azərbaycan
ərazi bütövlüyünü təmin etmək
üçün bütün potensialından istifadə edəcək
Prezident
İlham ƏLİYEV: “Ermənistan sadəcə olaraq
danışıqlar prosesini boykot edir və
çalışır ki, bu məsələni maksimum dərəcədə
uzatsın. Ancaq məsələ uzandıqca Ermənistan daha
da çox tənəzzülə uğrayır”
Ermənistanın dünya miqyasında təcavüzkar dövlət kimi tanınmasına nail olmaq və Azərbaycanın ərazi bütövlüyünü təmin etmək dövlət başçısı İlham Əliyevin xarici siyasətinin prioritet məqsədləri sırasında xüsusi vurğulana bilər. Aparılan uğurlu diplomatiya nəticəsində beynəlxalq təşkilatlar haqqın və ədalətin Azər-baycanın tərəfində olduğunu etiraf edirlər.
Dünyada sülhün və təhlükəsizliyin təminatçısı olan BMT Nizamnaməsinin 1-ci maddəsinin 1-ci bəndində təşkilatın əsas vəzifəsi kimi “beynəlxalq sülhü qorumaq və bu məqsədlə təcavüz hərəkətlərinə və ya sülhün pozulmasına yönəlmiş digər pozuntulara qarşı təsirli kollektiv tədbirlər həyata keçirmək” nəzərdə tutulur. Təcavüz aktının baş verməsi ilə təcavüzə məruz qalmış dövlət BMT Nizamnaməsinin 39-cu maddəsinə uyğun olaraq BMT-nin Təhlükəsizlik Şurası qarşısında təcavüzkar dövlətin məsuliyyəti məsələsini qoyur. Təcavüz anlayışının müddəalarının birində göstərilən faktın olması kifayət edir ki, Təhlükəsizlik Şurası təcavüzkara qarşı Nizamnamənin VI-VII fəsillərinə uyğun olaraq məcburiyyət tədbirləri görsün.
BMT Nizamnaməsinin 25-ci maddəsində göstərilir ki, təşkilatın Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarların yerinə yetirilməsi icbari xarakter daşıyır. Bu təşkilatın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnaməsində erməni hərbi birləşmələrinin qeyd-şərtsiz Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması məsələsi əksini tapıb.
Təəssüf ki, ABŞ, eləcə də digər Qərb ölkələri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində maraqlı görünmürlər. BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi 4 qətnamədə erməni hərbi birləşmələrinin qeyd-şərtsiz Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması məsələsi əksini tapıb. Amma buna baxmayaraq, təşkilat Azərbaycanla bağlı qətnamələri icra etmir. Bunun səbəblərindən biri də odur ki, təşkilatın beş daimi üzvü hərbi gücün tətbiqi ilə bağlı qərar qəbul edərkən tamamilə öz geosiyasi maraqlarından çıxış edir.
Ermənistanın təcavüzkar dövlət olmasına, işğalçılıq siyasəti yürütməsinə açıq-aşkar göz yumulur. Bu, bir yana, “demokratiya carçıları” Azərbaycandakı müsbət meyillərə kölgə salmağa çalışdıqları halda, təcavüzkar dövlətin daxilində cərəyan edən antidemokratik proseslərə, dövlətin antihumanist, insanlığa qarşı yönəlmiş zorakı addımlarına da hər hansı münasibət göstərmirlər. Azərbaycanın danışıqlar prosesində ədalətli, prinsipial və beynəlxalq hüquqa əsaslanan mövqe nümayiş etdirməsi həm təcavüzkar tərəfə, həm də ATƏT-in Minsk qrupuna həmsədrlik edən dövlətlərə yaxşı məlumdur. Lakin aşkar görünür ki, “demokratiya çətiri” altında özünün imperialist siyasətini yürüdən, geosiyasi və iqtisadi maraqları ətrafında reveranslar edən bəzi aparıcı dövlətlərin ikili oyunları beynəlxalq hüququ iflic duruma gətirib. Dağlıq Qarabağ münaqişəsinə ədalətsiz yanaşma da kifayət qədər üzdədir. Ermənistanın təcavüzkar dövlət olması, beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq işğalçılıq siyasəti yürütməsi təəssüf ki, etiraf olunmur. Halbuki BMT ilə yanaşı, ATƏT-in, AŞ PA-nın, İƏT-in sənədlərində də Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktı birmənalı qeyd olunub. Bütün bunlar hüquqi və siyasi baxımdan xeyirimizə olsa da, reallıqda heç nə dəyişmir.
2001-ci ilin məlum 11 sentyabr hadisələrindən sonra “əl-Qaidə” təşkilatını və Taliban rejmini Amerikaya hücumda təqsirləndirən rəsmi Vaşinqton 2001-ci il oktyabrın 7-də Əfqanıstanda müharibəyə başladı. BMT-dən heç bir icazə almadan, BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qərarını gözləmədən hərbi əməliyyatlar başlandı. Bundan əvvəl İraqla müharibəyə başlayan ABŞ yenə də BMT-nin mövqeyinə məhəl qoymamışdı. ABŞ terrorçularla mübarizə adı altında Əfqanıstanı uzun illərdir ki, hərbi və siyasi təsir altında saxlayır. Bu gün İraq və Suriyada “İslam dövləti” (İŞİD) adlı terrorçu qruplaşmaya qarşı aparılan əməliyyatlar da bu baxımdan qeyd oluna bilər. Təəssüflər olsun ki, hazırda terrora qarşı beynəlxalq hərbi əməliyyatların aparılmasına baxmayaraq, terroru dövlət səviyyəsində həyata keçirən Ermənistana münasibətdə “ikili standart”ların şahidi oluruq. Açıq-aşkar Ermənistan iri dövlətlər tərəfindən himayə olunur.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin cari ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib: “Bugünkü beynəlxalq vəziyyət bir daha onu göstərir ki, biz vaxtilə nə qədər düzgün addımlar atmışıq. Çünki biz görürük ki, beynəlxalq hüquq normaları işləmir. Kimin gücü varsa, o da haqlıdır və bu, reallıqdır. Bu, xoşagəlməyən reallıqdır, ancaq biz real dünyada yaşayırıq, biz virtual dünyada yaşamırıq. Ona görə hərbi güc gələcəkdə hər bir ölkənin maraqlarını ilk növbədə təmin edən amil olacaqdır. Çünki beynəlxalq hüquq normaları sadəcə olaraq belə çıxır ki, o qədər də böyük olmayan ölkələr üçün yazılıb. Beynəlxalq davranış qaydaları dəyişilir, kim necə istəyir beynəlxalq hüquq normalarını elə də yozur və nəticə etibarilə biz görürük ki, güc amili bir çox məsələləri həll edir. Biz də buna hazır olmalıyıq və hazırıq. Ona görə gələcəkdə də ordu quruculuğu, hərbi potensialın gücləndirilməsi bir nömrəli vəzifə olacaqdır. Nəzərə alsaq ki, biz müharibə şəraitində yaşayırıq, əlbəttə, bu, daha da ciddi diqqətə malik olmalıdır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində heç bir irəliləyiş yoxdur. Ermənistan sadəcə olaraq danışıqlar prosesini boykot edir və çalışır ki, bu məsələni maksimum dərəcədə uzatsın. Ancaq məsələ uzandıqca Ermənistan daha da çox tənəzzülə uğrayır”.
Ölkəmizin danışıqlar prosesindəki siyasi üstünlüyü və təşəbbüsü ələ alması, haqlı mövqeyini qətiyyətlə ortaya qoyması təcavüzkar Ermənistanı qətiyyən razı salmır. Aşkar görünür ki, tənzimləmə prosesində beynəlxalq hüquq normalarına istinad imkanları tamamilə daralan, ideoloji, siyasi, hüquqi və iqtisadi müstəvilərdə Azərbaycana uduzan təcavüzkar tərəfin bütün səyləri hazırda mövcud “status-kvo”nun qorunub saxlanılmasına, münaqişənin “baş vermiş fakt” əsasında həllinə hesablanmışdır.
Etiraf etmək lazımdır ki, təcavüzkarı destruktiv mövqedən çıxış etməyə şirnikləndirən başlıca səbəblərdən biri də məhz danışıqlarda vasitəçilik edən ATƏT-in Minsk qrupu həmsədrlərinin işğalçı dövlətə təsir göstərmək üçün zəruri təzyiq vasitələrindən istifadə etməməsidir. Ərazi və milli-etnik separatizm zəminində baş qaldıran münaqişələrin həlli ilə bağlı beynəlxalq hüquqda konkret normalar və sivil tənzimləmə presedentləri mövcud olsa da, nədənsə, həmsədrlər uzun müddətdən bəridir ki, “Ermənistan və Azərbaycanın siyasi razılığa gəlməsi” kimi gülünc mövqeyi önə çəkir, işğalçıya və işğala məruz qalan tərəfə eyni mövqedən yanaşırlar. Belə süni balans siyasəti isə son nəticədə beynəlxalq hüquq normalarının praktik təsir gücünə əsaslı şübhə yaradır. Dünya nizamını müəyyənləşdirən fövqəlgüclərin işğal faktına liberal yanaşması, dolayısı ilə təcavüzkarlığa göz yumması bu qənaəti gücləndirir ki, hazırda dünyada etnik-milli münaqişələrin həllində hüquqi deyil, məhz siyasi vasitə və maraqlar önə çəkilir. Buna görə də işğalçı tərəf indiyə qədər müəyyən bəhanələrlə danışıqlar prosesini uzatmağa, vaxt udmağa çalışır, bunu ən pis variantlar sırasında “ən optimal gediş” kimi dəyərləndirir. Xarici dəstək hesabına ağır vəziyyətdə yaşayan Ermənistan tərəfi hələ ki, hakimiyyətin ömrünü uzatmaq üçün bundan “yaxşı” variant görmür.
Azərbaycan danışıqlar prosesində ədalətli, prinsipial və beynəlxalq hüquqa əsaslanan mövqe nümayiş etdirir. Bu dəyişməz mövqeyi Prezident İlham Əliyev xarici ölkələrə səfərlərində, eləcə də ölkəmizə gələn nüfuzlu beynəlxalq təşkilatların və dövlətlərin rəhbərlərinin diqqətinə dəfələrlə çatdırır. Rəsmi Bakı istənilən beynəlxalq gərginlik və münaqişənin ayrı-ayrı dövlətlərin siyasi iddiaları, “ikili standartlar” əsasında deyil, məhz aparıcı beynəlxalq təşkilatların qərar və qətnamələri əsasında həllinin tərəfdarı kimi çıxış edir. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, sülh danışıqlarına sadiqdir. Ancaq işğalçı Ermənistan danışıqlar prosesində qeyri-konstruktiv mövqe nümayiş etdirir. Ölkə rəhbəri birmənalı şəkildə bildirib ki, sülh danışıqları nəticə verməzsə, digər vasitələrlə işğal edilmiş bütün torpaqlar azad olunacaqdır. Bu baxımdan da Azərbaycan ordu quruculuğu istiqamətində ardıcıl və sistemli tədbirlər həyata keçirir. Azərbaycan dövləti bu gün hərbi quruculuq prosesində müəyyən dövlətlərin və beynəlxalq təşkilatların mütərəqqi təcrübəsini mənimsəyir. Xüsusi vurğulamaq lazımdır ki, müdafiə məqsədilə ayrılan hərbi xərclərin ildən-ilə artması, eləcə də ölkədə hərbi təyinatlı məhsulların istehsalını həyata keçirən sənaye müəssisələrinin yaradılması da ordu quruculuğu baxımından vacib əhəmiyyətə malikdir. Azərbaycan müxtəlif xarici ölkələrdən müasir hərbi texnikalar alır, ordunun arsenalında olan bir sıra texnikaların modernləşdirilməsini həyata keçirir. Bu gün hər bir vətəndaş əmindir ki, Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında üzərinə düşən məsuliyyətli missiyanın öhdəsindən layiqincə gəlməyə, torpaqlarımızı düşmən işğalından azad etməyə tam qadirdir.
Azərbaycanın artan iqtisadi qüdrəti qarşısında işğalçı Ermənistan son dərəcə dərin iqtisadi böhran keçirir. Bölgədə gerçəkləşdirilən bütün qlobal layihələrdən kənarda qalan Ermənistan əhalisinin sosial durumu olduqca acınacaqlı vəziyyətdədir. Azərbaycan dövləti isə bütün sahələr üzrə davamlı inkişaf edərək dünyanın inkişaf etmiş ölkələri sırasına qoşulmaqdadır. Qüdrətli Azərbaycan qarşısında xaricdən gələn dilənçi pulunun ümidinə qalan Ermənistanın uzun müddət tab gətirəcəyi isə mümkünsüzdür.
Elnur
HACALIYEV,
Azərbaycan.- 2015.- 26 avqust.- S. 1.