DÜNYA İNFORMASİYA HEGEMONLUĞUNDAN XİLAS EDİLİR

 

BAŞ REDAKTORDAN

 

XX əsrdən başlayaraq Yer kürəsi “kiçil”məyə başlayıb!

Bu gün lap “balaca” olub!

Onu “kiçildən” amillərdən biri rabitə və informasiya-kommunikasiya texnologiyasının sürətli inkişafı, planetimizin müxtəlif nöqtələrində yerləşən insanların getdikcə daha tez bir-birlərinə əlaqə yarada bilməsi, yerdəyişmələrin sürətinin artmasıdır.

İnternetin meydana gəlməsi nəticəsində ən ucqar yerlərdə baş verən hadisələrdən belə az qala göz qırpımında bütün dünya xəbər tutur.

Hazırda dövlətlərin həyatında informasiyaların operativ əldə edilməsi və informasiya təhlükəsizliyinin qorunması məsələləri mühüm əhəmiyyət kəsb edir. Bu sahədə işlərini uğurla quranlar milli maraqlarını qorumaqla yanaşı, onları gözləyən təhdidlərin də qarşısını vaxtında ala bilirlər. Dünyada vahid informasiya məkanının mövcud olduğu hazırkı şəraitdə informasiya həm də dövlətlərarası münasibətlərin inkişafına, ölkələrin beynəlxalq nüfuzunun və imicinin formalaşmasına təsir göstərir. Bütün bunların nəzərə alınması və qarşılanması mühüm əhəmiyyət kəsb edir.

Dövlətlər arasında informasiya müharibəsinin getməsi də kimsəyə sirr deyildir. Müstəqil siyasət yürüdən, təbii sərvətlərindən, xüsusən də yanacaq-enerji resurslarından bildiyi kimi istifadə edən, habelə “iddialı” dövlətlərin diktəsi ilə hərəkət etməyənlər adətən, hədəfə çevrilir, onlara qarşı qaralama kampaniyası aparılır, daxili sabitliyin pozulması, qarşıdurma yaradılması üçün KİV-in və sosial şəbəkələrin resursları cəlb edilir.

Şübhəsiz, belə məqamda informasiya siyasi təzyiq vasitəsinə çevrilir. Üstəlik, o, müxtəlif beynəlxalq təşkilatların və qurumların qərəzli, ikili standartlara söykənən bəyanatları ilə müşayiət olunur. Təbii ki, belə qərəzli və məkrli mövqe olduqda informasiyanın obyektivliyindən söhbət gedə bilməz. Çünki məqsəd insanlara baş verən hadisələr barədə doğru xəbər vermək deyil, hansısa dövlət, siyasi lider, yaxud hadisə barədə yanlış fikir yaratmaq, necə deyərlər, faktları və hadisələri qara boyada təsvir etməkdir.

Təqribən yetmiş il müddətində dünya ikiqütblü şəkildə yaşadı. Bir tərəfdə kapitalizm, digər tərəfdə sosializm düşərgəsi mövcud idi. İki sistem arasında mübarizə, çəkişmə səngimədi, hətta ikinci dünya müharibəsində də bu qarşıdurmanın əlamətləri göründü. Sonradan “soyuq müharibə” dövrü başladı. Hər iki tərəf bir-birini militarizmdə, insan hüquqlarının pozulmasında, qeyri-demokratiklikdə, iqtisadi modelin yararsızlığında və s. ittiham edir, qazanılan uğurları pisləyərək uğursuzluqlara sevinirdi. Bu ideoloji qarşıdurma SSRİ-nin dağılması ilə nəticələndi.

Düşünmək olardı ki, bundan sonra Yer üzündə müharibə, toqquşma, qantökmə ehtimalları azaldı, hətta aradan qalxdı. Ancaq başqa ağrılı proses müşahidə olunmaqdadır.

İki qütbün toqquşması təhlükəsi öz yerini ölkədaxili çaxnaşmalara, vətəndaş müharibələrinə, kütləvi dağıntılara, sabitliyin uzun müddətə pozulmasına, rəngli inqilablara və onlardan törənən digər fəsadlara verib. Hər dəfə vəziyyətin gərginləşərək partlayışla nəticələnməsində şişirdilmiş, məkrli və məqsədyönlü şəkildə “tədavülə” buraxılmış informasiyalar da az rol oynamır.

Sosializm düşərgəsi sıradan çıxarıldıqdan sonra Qərbin bəzi sosioloq və filosofları belə bir fikir səsləndirməyə başladılar ki, “ziddiyyətsiz dünya” yaratmaq fikri yanlış olub. Çünki iki qütb arasındakı qarşıdurma və ziddiyyət, eyni zamanda inkişafa stimul yaradırdı. Yarışma və rəqabət inkişafın sürətinə müəyyən mənada müsbət təsir göstərirdi. Hətta bir ara Qərb dünyası SSRİ-nin süqutundan sonra dünya üzrə ümumi daxili məhsul istehsalının artım sürətinin aşağı düşdüyünü bildirdi.

Dünyaya yeni ziddiyyətin gərəkliyini söyləyənlər də tapıldı. Belə qlobal ziddiyyəti isə yalnız sivilizasiyalararası qarşıdurma əvəz edərdi. Bu “nəzəri fikir”lərin nə qədər həqiqətəuyğunluğunu söyləmək çətindir. Lakin Qərb dünyasının multikulturalizmdən imtinaya can atması, ikili standartların mövcudluğu, Avropada ksenofobiya, islamofobiya meyillərinin getdikcə güclənməsi və ciddi fəsadlar törətməsi hər gün müşahidə etdiyimiz (şübhəsiz, informasiya müstəvisində) hallardır. Təəssüf ki, Qərbin, o cümlədən dünyanın informasiya resurslarında bununla bağlı informasiya və süjetlər yönləndirilmiş, təhrif olunmuş və qeyri-obyektiv formada verilir. İslam - “terror daşıyıcısı” - müsəlman “terrorçu”, Şərq və ərəb dövlətləri isə “despotizmin, tiranlığın hökm sürdüyü məkan” kimi təsvir edilir. Hətta bəzən xalqların milli-mənəvi dəyərlərinə, adət-ənənələrinə barbarlıq əlaməti kimi baxılır. “Yalnız xristian dövlətləri insanları xoşbəxtliyə çatdırmağa, sivil yaşatmağa və daim inkişaf etdirməyə qadirdir” - ideyası bütün təbliğati, ideoloji və informasiya siyasətinin mərkəzində yer alıb.

Məsələni qəlizləşdirən digər məqam dünya informasiya məkanında bir qütblüyün hökmranlığıdır. Nədənsə demokratiya sahəsində fikir plüralizminin, alternativ mövqenin zəruriliyini tələb edənlər özlərinin ələ keçirdikləri informasiya məkanında bu tələblərə əməl etmirlər. Hətta bu müstəvidə o qədər “sərbəst və azad” davranırlar ki, bu sayaq informasiya “siyasəti” ilə dövlətlərin daxili işlərinə qarışdıqlarının fərqində belə deyillər! Bütün bunlar əlaqələndirilmiş, sistemli bir mərkəzdən idarə olunan informasiya resursları vasitəsilə həyata keçirilir.

Yəqin ki, hamının yadındadır ki, Bakıda keçirilən “Evrovision” mahnı müsabiqəsi zamanı ölkəmizə qarşı necə bir qarayaxma kampaniyası başlamışdı. Biz belə bir məkrli təbliğatla Bakıda keçirilən I Avropa Oyunları dövründə yenidən rastlaşdıq. Antitürk, islamofob dairələrin təsiri altında olan media resursları Azərbaycanda “insan haqlarının pozulduğundan”, “mətbuat və söz azadlığının məhdudlaşdırıldığından”, “hüquq müdafiəçilərinin günahsız həbs edildiyindən” ağızdolusu yazırdılar. Bəzi ölkələrin mətbu orqanları da onlarla ağız-ağıza vermişdi. Qarşı tərəfi də dinləmək, tənqid olunan tərəfə söz vermək barədəki demokratik prinsipə əməl etmək barədə düşünən yox idi!

Qardaş Türkiyə də daim oxşar vəziyyətlə üzləşir. Saxta “erməni soyqırımı” iddiaları, İŞİD və PKK terroru ilə mübarizədə çox hallarda həqiqətlə səslənməyən, ölkədə sabitliyin pozulmasına yönələn informasiyalar yayırlar. Digər türkdilli dövlətlərə qarşı da eyni münasibət sərgilənir.

Avqustun 18-də Qazaxıstanın paytaxtı Astana şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) informasiya və media məsələləri üzrə nazirlərinin keçirilən birinci görüşü bu qlobal məsələyə həsr olunmuşdu. Tədbirdə Azərbaycan nümayəndə heyətinə Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov başçılıq edirdi. Onun söylədiyi bu fikirlər: “Dini, dili, etnik mənsubiyyəti eyni olan türkdilli dövlətlərə qarşı aparılan oxşar, sistematik kampaniyalar belə düşünməyə əsas verir ki, bu fəaliyyətlər eyni mərkəzdən idarə olunur və vahid məqsədə - ölkələrimizin inkişafına, birlik və bərabərliyinə mane olmağa xidmət edir. Bu faktlar türkdilli dövlətlər arasında həmrəyliyin gücləndirilməsi ilə yanaşı, informasiya sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsinə, dünya ictimaiyyətində ölkələrimiz haqqında düzgün təsəvvürün yaranması üçün qlobal informasiya şəbəkəsinə obyektiv məlumatların ötürülməsinə böyük ehtiyac olduğunu əyani şəkildə təsdiq edir” - bütövlükdə görüşün məqsəd və məramını ifadə edirdi.

Bəli, dünya informasiya məkanında hegemonçuluğa son qoyulmalıdır!

Əgər söhbət demokratiyadan gedirsə, alternativ fikrə yer verilməli, qarşı tərəfə də öz mövqeyini bildirməyə imkan yaradılmalıdır.

Lakin informasiya məkanını nəzarətə götürənlər, ondan siyasi, korporativ maraqları üçün istifadə edənlər başqa yol tutublar. Göründüyü kimi, ikili standartlardan əl çəkmək niyyətində də deyillər! Hələlik ən real və səmərəli çıxış yolu Beynəlxalq Türk Xəbər Kanalının yaradılmasıdır. Cənab Əli Həsənov öz çıxışında bu sahədəki mövcud nümunələri yada saldı: “Bu sahədə əldə etdiyimiz müəyyən təcrübələr - Türkdilli Xəbər Agentlikləri Birliyinin (TKA) və daha çox türk xalqlarının milli-mədəni dəyərlərinin təbliği ilə məşğul olan TRT AVAZ kanalının uğurlu fəaliyyəti bizə belə düşünməyə əsas verir ki, Beynəlxalq Türk Xəbər Kanalının yaradılması türkdilli dövlətlərin informasiya siyasətində daha məhsuldar bir dövrün başlanğıcı olacaqdır”.

Şübhəsiz, belə bir informasiya kanalının yaradılması türkdilli dövlətlərə qarşı aparılan qarayaxma kampaniyalarının qarşısının alınmasında qüvvə və resursların birləşdirilməsinə kömək göstərər, ölkələrimizin qərəzli transmilli media şirkətlərindən asılılığına son qoyardı. Əslində, dünya informasiya məkanına indiyədək burada təmsil olunmayan dövlətlər tərəfində yeni informasiya kanalının daxil olması insanların müxtəlif mənbələrdən, eyni zamanda, obyektiv və qərəzsiz informasiya almasına da şərait yaradar.

Azərbaycan daha bir dünya miqyaslı problemlə bağlı təşəbbüslə çıxış etdi. İdeyanın gerçəkləşdirilməsi üçün beynəlxalq təcrübə əsas götürülməklə kanalın təsis edilməsinin siyasi, maliyyə və idarəetmə prinsipləri müəyyənləşdirilməli, habelə türkdilli dövlətlərin informasiya vasitələrinin qarşılıqlı əlaqəsinin və həmrəyliyinin təmin olunması, birgə media təsisatlarının yaradılması məsələləri tez bir zamanda həllini tapmalıdır. Azərbaycan bu məsələdə də müəyyən ağırlığı üzərinə götürməyə hazırdır. Məqsəd təkcə qarayaxma kampaniyalarına vaxtında cavab vermək, şərdən-böhtandan müdafiə olunmaq deyil! Həm də Şərq mədəniyyəti, islam dini və mədəniyyəti barədə əsl həqiqətləri dünyaya olduğu kimi çatdırmaqdır.

İkiqütblü dünyada yaşamaq, “soyuq” və “isti” müharibə aparmaq haradasa başadüşüləndir. Çünki hər bir dövlətin konkret ərazisi və sərhədləri vardır. Multikulturalizmin mövcud olduğu ölkələrdə irqi, milli, dini ayrıseçkiliyə yol verilməsi, insanların müxtəlif əlamətlərə görə bölünərək qarşıdurmaya getməsi yaxşı heç nə vəd etmir və həmin dövlətdə yaşayan hər bir vətəndaş üçün təhlükəlidir. Əbəs deməyiblər ki, zorakılıq zorakılıq doğurur. Dünyagörüşlərində nə qədər fərqlər olsa da, insanlar bir-birlərini başa düşməyə çalışmalıdırlar. Zor, təhdid, təsir, sıxışdırma cəhdləri sonda yaxşı heç nə vəd etmir!

Bütün bu deyilənlər baxımından Azərbaycanın təşəbbüsü və atdığı addımlar təkcə türkdilli dövlətlərin deyil, bütünlükdə dünyanın maraqlarına xidmət edir. İnanırıq ki, tezliklə bu ideya öz gerçəkliyini tapacaq, dünya informasiya məkanı bu sahəyə yeni nəfəs, obyektiv yanaşma və həqiqəti əks etdirən informasiyalar gətirən Beynəlxalq Türk Xəbər Kanalı ilə daha da zənginləşəcəkdir

 

Azərbaycan.- 2015.- 26 avqust.- S. 1.