Amerikalı ekspert: Azərbaycan
bütün dünyada
mədəniyyətlərarası dialoqun qərargahıdır
Amerikanın ispandilli “Eurasia Hoy” xəbər portalında beynəlxalq münasibətlər sahəsində ekspert Piter Teyzin “Azərbaycan bütün dünyada mədəniyyətlərarası dialoqun qərargahıdır” sərlövhəli məqaləsi dərc olunub. Müəllif bu il mayın 18-19-da Bakıda Heydər Əliyev Mərkəzində keçirilmiş III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu barədə söhbət açır. P.Teyz Azərbaycan Prezidenti İlham Əliyevə istinadla yazır ki, bütün dünyada çoxsaylı münaqişələrin davam etdiyi bir vaxtda Azərbaycan “Regionda sabitlik adası” olaraq qalır. Azərbaycan sivilizasiyaların, mədəniyyətlərin və dinlərin qovuşuğunda, Avropa ilə Asiyanın sərhədində yerləşir. Bu coğrafi mövqe Azərbaycanda mədəni müxtəlifliyin formalaşmasında mühüm rol oynayır.
Ekspert öz məqaləsində daha sonra yüksək vəzifəli şəxslərin Azərbaycan haqqında çıxışlarına, o cümlədən BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nassir Əbdüləziz əl-Nasserin Azərbaycan hökuməti ilə tərəfdaşlığın inkişaf etməsindən məmnunluq bildirməsinə, UNESCO-nun Baş direktoru İrina Bokovanın Bakı prosesinin əhəmiyyəti barədə fikirlərinə istinad edir.
Xatırladaq ki, Bakı prosesi və mədəniyyətlərarası dialoq üzrə forum Azərbaycan Prezidenti İlham Əliyevin irəli sürdüyü, mədəniyyətlərarası dialoqu və qarşılıqlı anlaşmanı təşviq edən təşəbbüslərdir.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Azərbaycan.- 2015.- 26 avqust.- S. 2.