Xeyirxah və nəcib ənənələrin carçısı

 

Tarixin axarını dəyişən böyük simaların ideya və prinsipləri, idarəçilik ənənələri adətən zaman və məkanın fövqündə olur. Bu mənada Azərbaycan xalqının XX əsrdə yetişdirdiyi ən böyük şəxsiyyət, ümummilli lider Heydər Əliyev dühasına layiq olduğu qiyməti vermək, onun Vətən və xalq naminə göstərdiyi misilsiz xidmətləri obyektiv dəyərləndirmək böyük məsuliyyət tələb edir. Yüksək ehtiramla qələmə alınan xoş xatirələr, siyasi, elmi, politoloji fikir və mülahizələr belə ümummilli liderin insan, vətəndaş və lider kimi böyüklüyünün miqyası barədə dolğun təsəvvür yaratmaqda acizdir.

Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi şanlı epoxa xalqın azadlıq, müstəqillik arzularının gerçəkləşməsinə real hüquqi, siyasi və iqtisadi əsasların yaradılması, bu möhkəm baza üzərində qazanılmış dövlət müstəqilliyinin möhkəmləndirilməsi, xalqın öz hüquqlarına sahib çıxması, milli-mənəvi yüksəlişə nail olması, fərdin özünü vətəndaş kimi dərk etməsi kimi iftixar doğuran tarixi prosesi əhatələyir. Ulu öndər ictimai fikri hər zaman dövrün keyfiyyətcə yeni və pozitiv dəyişikliklərinə hazır olmaq, yaranmış tarixi şəraitə uyğun strateji qərarlar qəbul etməklə yanaşı, fəaliyyətində daim milli maraq və mənafeləri önə çəkmiş, uzaq hədəflərə hesablanmış inkişaf strategiyası həyata keçirmişdir.

Tarixdən yaxşı məlumdur ki, hər bir xalq özünün taleyində müstəsna rol oynamış fenomen şəxsiyyətlərin zəngin ömür yolunu, mükəmməl dövlətçilik və siyasi irsini, təcrübəsini öyrənərək gələcək nəsillərə çatdırmaq istiqamətində ardıcıl addımlar atır. Sağlığında Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi naminə həyata keçirdiyi möhtəşəm tədbirlərlə canlı əfsanəyə çevrilmiş ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik irsinin öyrənilməsi, onun ölməz ideyalarının geniş təbliğ olunaraq praktik həyatda tətbiqi və gələcək nəsillərə çatdırılması xüsusi aktuallıq kəsb edir. Azərbaycan xalqı taleyində misilsiz rol oynamış ulu öndərin xatirəsini daim əziz tutmuş, onun əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atmışdır.

Azərbaycan Prezidenti İlham Əliyev ulu öndərin əsasını qoyduğu strateji siyasi kursu son 12 ildə bütün sahələrdə inamla davam etdirməklə yanaşı, Heydər Əliyev ideyalarının cəmiyyətdə praktik surətdə gerçəkləşməsinə və möhkəmlənməsinə çalışmışdır. Prezident İlham Əliyevin 2004-cü il 10 mart tarixli “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi haqqında” fərmanı ilə hələ 70-80-cı illərdə inşasına əzmlə nail olduğu bir sıra möhtəşəm tikililərə ulu öndərin adı verilmiş, habelə ictimai əsaslarla Heydər Əliyev Fondunun yaradılması dəstəklənmişdir.

2004-cü ildən analoqu olmayan əlahiddə statuslu ictimai qurum kimi fəaliyyət göstərən Heydər Əliyev Fondu nəcib, xeyirxah və humanist insani dəyərlərə tapınaraq ümummilli liderin zəngin dövlətçilik irsinin dünyada tanıdılması və təbliği istiqamətində ardıcıl iş aparır. Fondun başlıca məqsədi ümummilli liderin zəngin dövlətçilik irsinin öyrənilməsinə və təbliğinə xidmət edən irimiqyaslı proqramları himayə etmək, xalqın rifahının yüksəldilməsinə yönəlmiş faydalı təşəbbüsləri dəstəkləmək, elm, təhsil, mədəniyyət, incəsənət, səhiyyə və idmanın inkişafını təmin edən layihələrə yardımçı olmaq, milli-mənəvi, humanist, insanpərvər dəyərlərə sadiq gənclərin yetişdirilməsinə çalışmaq, Azərbaycanı dünyada tanıtmaq və ölkə həqiqətlərini təbliğ etmək kimi strateji vəzifələrdən ibarətdir. Fondun fəaliyyəti, eyni zamanda insan və vətəndaş hüquq-azadlıqlarının yüksək səviyyədə təminatına, bəşəriyyətin xilasına yönələn mütərəqqi idealların cəmiyyətdə möhkəm əsaslarla intişar tapmasına, fərqli sivilizasiyaların dialoquna, keçmişlə gələcək arasında möhkəm körpü salınmasına, insanlara xeyirxahlıq, insanpərərlik, nəciblik, humanizm kimi müqəddəs dəyərlərin aşılanmasına yönəlmişdir.

Ötən 11 ildə Azərbaycan vətəndaşlarının, sözün əsl mənasında, ümid, pənah ünvanına çevrilmiş Fond ümummilli lider Heydər Əliyevin müdrikliyə əsaslanan həyat və fəaliyyətini, zəngin dövlətçilik irsini öyrənən ideoloji-humanitar mərkəz kimi üzərinə götürdüyü çətin vəzifənin öhdəsindən layiqincə gəlmişdir. Xalqın rifahına yönəlmiş humanitar layihələrin təşəbbüsçüsü və fəal icraçısı kimi məşhurlaşan Fond, eyni zamanda cəmiyyətin tərəqqi və yüksəlişinə xidmət edən faydalı təklifləri dəstəkləməklə elm, təhsil, mədəniyyət, incəsənət, səhiyyə və idmanın inkişafı ilə bağlı bir sıra mühüm layihələrə yardımçı olmuş, milli-mənəvi dəyərlərin, mədəni irsin sadiq keşikçisinə, alovlu təbliğatçısına çevrilmişdir.

Fondun əsas fəaliyyət istiqamətlərindən biri də cəmiyyətdə xeyriyyəçilik institutunun inkişafıdır. Müasir dövrdə iqtisadi inkişaf səviyyəsindən asılı olmayaraq, hər bir dövlətdə sosial müdafiəyə, köməyə, xeyirxahlığa ehtiyacı olan köməksiz insanlar olur. Bazar iqtisadiyyatının sərt reallıqları ilə uzlaşmamasına rəğmən, əksər dövlətlər həssas sosial təbəqələrin ehtiyaclarına, problemlərinə biganə yanaşmır, onları himayəsinə götürürlər. Azərbaycan dövlətinin bu istiqamətdəki fəaliyyəti isə xüsusilə diqqəti çəkir - respublikamızın dövlət büdcəsində sosialyönümlü xərclər, eləcə də insan inkişafına xidmət edən, iqtisadi səmərə məqsədi güdməyən əsaslı dövlət kapital qoyuluşları xüsusi çəkiyə malikdir. Dövlət başçısı İlham Əliyev ölkədə yoxsulluğun yaxın illərdə aradan qaldırılmasını, insanları qayğılandıran bütün sosial problemlərin həllini hökumət qarşısında mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmişdir. Bununla belə, mövcud problemlərin həllini bilavasitə hökumətin üzərinə qoymaq, orta təbəqəni, qeyri-hökumət təşkilatlarını, vətəndaş cəmiyyəti institutlarını məsuliyyətdən tamamilə kənarlaşdırmaq da düzgün yanaşma olmayıb, sovet dövrünün qeyri-adekvat, yanlış düşüncə tərzindən irəli gəlir. Bu mənada, Heydər Əliyev Fondunun dövlətin fəaliyyətinə hərtərəfli dəstəyə əsaslanan nəcib, xeyirxah fəaliyyəti digər qurumlar üçün nümunə, örnək sayıla bilər. Fondun fəaliyyəti Azərbaycan üçün müəyyən mənada yeni olan xeyriyyəçilik institutunun inkişafına, cəmiyyətdə filontropiya meyilli təbəqənin formalaşmasına xidmət edir.

Azərbaycan cəmiyyətində praqmatikləşmə, eləcə də konyunktur maraqlara əsaslanan mənfəətçilik meyillərinin müəyyən dərəcədə artması cəmiyyətdə nəcib və saf dəyərlərə kölgə salmaqla bərabər, bəzən xeyriyyəçilik institutunun inkişafına da mane olur. Şübhəsiz, cəmiyyətdə iqtisadi cəhətdən zəngin insanların, iş adamlarının sayının çoxalması son dərəcə sevindiricidir. Fəqət, məhz bu cür insanların cəmiyyət qarşısında sosial öhdəliklərini unutmasına, yalnız varlanmaq amalı ilə bütün nəcib təşəbbüslərdən kənarda qalmasına heç bir halda haqq qazandırmaq olmaz. Azərbaycanın birinci xanımı bu həssas məqama özünəməxsus yanaşma tərzi ilə xüsusi diqqət ayırır və cəmiyyətdə xeyriyyəçiliyin gerçək rolunun aydın dərkinə ehtiyac olduğunu bildirir. Onun qənaətincə, müasir anlamda xeyriyyəçilik daha geniş məna daşıyaraq cəmiyyətin rifahı naminə təmənnasız könüllü fəaliyyəti əhatə edir. “Xeyriyyəçilik - insanların hər hansı direktivlər və göstərişlər əsasında deyil, öz qəlbinin və vicdanının səsi ilə öz vəsaitlərini, qüvvələrini, vaxtını və enerjisini sərf edərək gördüyü xeyirxah işlərdir. Mənə belə gəlir ki, xeyriyyəçilik fəlsəfəsinin əsası, ilk növbədə insanların yaxşılıq etməyə çalışması, başqasının dərdinə şərik olmaq, onun halına yanmaq, ehtiyacı olanlara kömək əli uzatmaq istəyi kimi insani keyfiyyətlərin və qabiliyyətlərin fundamental xarakterinin qəbul edilməsidir. Mənəviyyatın ali qanunlarına görə, xeyriyyəçilik fəaliyyətinin əsas motivi şəxsən özün üçün hər hansı dividendlər və ya səmərə gözləmək deyil, məhz insanlara sevgi və təmənnasız olaraq xeyirxah işlər görmək arzusundan ibarət olmalıdır” - deyə Heydər Əliyev Fondunun prezidenti bildirir.

Ümumiyyətlə, Heydər Əliyev Fondunun prezidentinin təşəbbüsü ilə həyata keçirilən çoxşaxəli layihələri birləşdirən ümumi ortaq xətt milli genefondun qorunması, saf dəyər və duyğuların ictimai şüurda intişar tapmasıdır. Azərbaycanın birinci xanımı haqlı olaraq informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi müasir dövrdə insani və mənəvi-əxlaqi dəyərlərin yad təsirlərdən qorunmasına daha çox ehtiyac olduğunu bildirir.

Şübhəsiz, hər bir xalqın gələcəyi sayılan gənclərin intellektual inkişafını təmin etmədən onların milli-mənəvi dəyərlərə bağlı şəxsiyyət kimi yetişməsinə nail olmaq qeyri-mümkündür. Bəşəriyyətin xilasına yönəlmiş ideallar məhz elm və təhsilin yüksək inkişaf etdiyi ölkələrdə özünə möhkəm dayaqlar tapa bilir. İqtisadi tərəqqi, demokratikləşmə və insan hüquqlarının etibarlı təminatı baxımından özünün yüksək inkişaf mərhələsinə çatmış dövlətlərin bu nailiyyətləri məhz elmə, təhsilə yüksək diqqət və qayğı nəticəsində əldə edilməsi danılmaz gerçəklikdir. Heydər Əliyev Fondunun 11 ildə həyata keçirdiyi layihələrin sırasında elm və təhsilin, müasir informasiya texnologiyalarının mühüm yer tutması məhz bu reallığa söykənir. Fondun təhsilin inkişafı, bu sahədə həllini gözləyən bir sıra problemlərin mərhələlərlə aradan qaldırılması istiqamətindəki fəaliyyəti Azərbaycanda maarifçiliyə ictimai təsisat səviyyəsində yüksək qayğı nümunəsi olmaqla yanaşı, cəmiyyətin ümumi potensialının da bu istiqamətdə səfərbər olunmasına yönəlmişdir.

Azərbaycanın birinci xanımının cəmiyyətin maariflənməsinə və milli-mənəvi intibaha xidmət edən təhsil layihələrinin ümdə məqsədi həm də bölgələrdə yeni məktəblərin inşası, onların maddi-texniki təchizatının yaxşılaşdırılmasıdır. Fondun rəhbərliyi haqlı olaraq bildirir ki, müasir tələblərə cavab verən yeni məktəblərin inşasına nail olmadan, təlim-tədris prosesinə lazımi şərait yaratmadan, dünya ölkələrinin mütərəqqi ənənələrini mənimsəmədən təhsil sistemini müasirləşdirmək, bu sahədə uğurlu nəticələr əldə etmək mümkün deyildir. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilmiş “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində təkcə 2005-ci ildə Azərbaycanın müxtəlif regionlarında 132 məktəb binası inşa olunaraq lazımi avadanlıqlarla təchiz edilmişdir. Keçmiş ittifaqın iqtisadi cəhətdən ən qüdrətli dövründə belə Azərbaycanda bir ildə bu qədər məktəb tikilməmişdir. Sovet dövrünün rekordu ildə 110 məktəb olmuş, bunların da əksəriyyəti şəhərlərdə tikilmişdir. Fəqət, Heydər Əliyev Fondu bu fantastik göstəriciyə nail olmaqla sübut etdi ki, yüksək əzm və iradə, ən əsası, vətənpərvərlik milli inkişafda son dərəcə vacib amildir.

Son illər Fondun xəttilə inşa edilmiş 300-dən çox müasir tipli məktəb lazımi avadanlıq, istilik sistemi, zəngin kitabxana və kompüterlə təchiz olunmuşdur. Xüsusi vurğulamaq lazımdır ki, fond bu xeyirxah ənənəni ölkə hüdudlarından kənarda da davam etdirərək Pakistan, Rusiya və Gürcüstanda da müasir tipli yeni məktəb binalarının inşasını öz üzərinə götürmüşdür.

Müasir dövrdə sivilizasiyalararası dialoq, fərqli mədəniyyətlər arasında ortaq təmas nöqtələrinin tapılması, dünya iqtisadiyyatının təmərküzləşməsi, informasiya texnologiyalarının inkişafı prosesi bəzi hallarda mütərəqqi mahiyyətindən uzaqlaşaraq milli mədəniyyətə, mənəvi dəyərlər sisteminə təhlükəyə çevrilir. Belə bir şəraitdə xalqın milli “mən”inin, mənəvi dəyərlərinin qorunması məsələsi də vacib və aktual problem kimi önə çıxır. Ötən 11 ildə Azərbaycanın görkəmli alimlərinin, yazıçı və bəstəkarlarının yubileyinin keçirilməsi, “Kitabi-Dədə Qorqud” dastanının 1300 illiyinin beynəlxalq miqyasda qeyd olunması, UNESCO-nun “Dünya irs siyahısı”na İçərişəhərin Şirvanşahlar Saray Kompleksinin, Qobustan Qoruq Muzeyinin və Atəşgahın da daxil edilməsi Azərbaycanın birinci xanımının milli mədəniyyətin dünya miqyasında təbliği sahəsindəki fəaliyyətinin çüzi qismidir. Bu sahəyə qayğını fəaliyyətində daim üstün istiqamətlərdən biri kimi nəzərdən keçirən Heydər Əliyev Fondunun prezidenti xalqın varlığını özündə yaşadan mənəvi-intellektual irsə yüksək həssaslıqla yanaşır, onun dünya arenasında təbliğində fəal iştirak edir.

Tarixi mədəniyyət abidələrinin təmiri və bərpasına göstərdiyi kömək də Heydər Əliyev Fondunun həyata keçirdiyi qlobal layihələr sırasındadır. Son 10 ildə Gəncə şəhərindəki Cavadxan türbəsi, habelə Comərd Qəssab məqbərəsi, Bakının Şüvəlan qəsəbəsindəki Pirhəsən ziyarətgahı, Abdulla Şaiqin ev-muzeyi əsaslı təmir edilmişdir. Məşhur messenat Hacı Zeynalabdin Tağıyevin Mərdəkandakı ev-muzeyinin müasir tələblər səviyyəsində təmir olunması da Fondun həyata keçirdiyi mütərəqqi layihələrdəndir.

Fondun prezidenti Mehriban xanım Əliyevanın birbaşa himayəsi ilə son illər Azərbaycanda muğam sənətinin qorunması, inkişafı və təbliği sahəsində də böyük işlər görülmüşdür. Azərbaycan muğamının UNESCO-nun bəşəriyyətin qeyri-maddi irsinin şah əsərləri siyahısına daxil olunması bilavasitə bu fəaliyyətin nəticəsidir. Fondun bu sahədə həyata keçirdiyi ən uğurlu layihələrdən biri də “Qarabağ xanəndələri” albomunun hazırlanması olmuşdur. UNESCO xətti ilə hazırlanmış alboma “Qarabağ xanəndələri” adının seçilməsi ilə bütün dünyaya Qarabağın əzəli və əbədi Azərbaycan torpağı, muğamın isə bu torpağa məxsus nadir sənət nümunəsi olduğu nümayiş etdirilmişdir.

Fondun dəstəyi ilə həyata keçirilən mədəniyyət layihələri həm də Azərbaycanın dünyada daha dolğun tanıdılmasına xidmət edir. 2011-ci ilin may ayında Azərbaycanın gənc ifaçılarının Almaniyada keçirilən “Eurovision-2011” musiqi yarışmasındakı parlaq qələbəsində də Fondun müstəsna xidmətləri olmuşdur. Heydər Əliyev Fondunun prezidentinin “Eurovision-2012”-nin Bakıda keçirilməsi ilə bağlı yaradılmış Təşkilat Komitəsinin sədri təyin edilməsi də, bu mənada, təsadüfi deyildi. Azərbaycanın birinci xanımının rəhbərliyi altında musiqi festivalı yüksək səviyyədə keçirilmiş, ölkəmizin beynəlxalq nüfuzu daha da yüksəlmişdir. Azərbaycan bir daha öz mədəniyyəti ilə sivil dəyərlərə yaxın olduğunu göstərmək imkanı qazanmışdır. “Eurovision-2012”-nin Azərbaycanda keçirilməsi milli-mənəvi dəyərlərimizin bəşəri dəyərlər müstəvisində özünəməxsus yer tutmasında mühüm hadisə olmuşdur.

Heydər Əliyev Fondunun milli mədəniyyətin qorunması ilə yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya miqyasında təbliği məqsədilə müxtəlif dillərdə nəşr etdirdiyi kitabların əhəmiyyəti də xüsusi qeyd olunmalıdır. Son illər beynəlxalq ictimaiyyətə ünvanlanan “Qarabağ həqiqətləri” toplusu “Qarabağın tarixi haqqında məlumat”, “Qarabağ münaqişəsinin başlanması”, “Xocalı soyqırımı”, “Azərbaycana qarşı erməni təcavüzünün nəticələri”, “Erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti” kitabçalarından ibarətdir. Bu topluların elektron variantları 2007-ci ildə - qanlı soyqırımının 15 illiyində Avropanın 15 dövlətində keçirilən soyqırımı qurbanlarının xatirəsini anma mərasimlərində xarici ölkələrin diplomatik korpuslarına, beynəlxalq təşkilatlara, kütləvi informasiya vasitələrinə, tanınmış siyasi-ictimai xadimlərə paylanmışdır. Real faktlara, dəlil-sübutlu foto-sənədlərə istinadla aparılan bu təbliğat kampaniyası on minlərlə avropalıya Qarabağ həqiqətləri, Xocalı soyqırımı, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi təcavüzkar işğalçılıq siyasəti haqqında əsl həqiqətləri çatdırmışdır.

Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətinin mühüm istiqamətlərindən biri də ölkədə insan hüquq və azadlıqlarının qorunması prosesində yaxından iştirakıdır. Bu gün on minlərlə insanın pənah apararaq probleminin həllinə kömək istəməsi Fond rəhbərliyinin fəaliyyətinə dərin inamın ifadəsidir. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Milli Məclisin deputatı kimi də bu istiqamətdə fəallıq nümayiş etdirir. Azərbaycanın birinci xanımının ulu öndər Heydər Əliyevin anadan olmasının ildönümləri münasibəti ilə amnistiya təşəbbüsü ilə çıxış etməsi də təmənnasızlığa və səmimiyyətə söykənən xeyirxahlığın təcəssümüdür. Yekdilliklə qəbul olunaraq ölkə rəhbəri tərəfindən imzalanan bu amnistiya aktları Heydər Əliyev Fondunun insanpərvərlik, humanizm və ədalət kimi ali dəyərlərə sadiqliyini, insan və vətəndaş hüquq və azadlıqlarına həssas münasibətini əks etdirmişdir.

Heydər Əliyev Fondunun prezidenti Milli Məclisin deputatı kimi seçicilərini qayğılandıran problemlərin həllində yaxından iştirak edir, ona ünvanlanan bütün müraciətlər böyük həssaslıqla qarşılanır. Məhz onun təşəbbüsü ilə “Xəzər rayonunun İnkişaf Fondu”nun yaradılması və Ədliyyə Nazirliyində qeydiyyatdan keçərək əməli fəaliyyətə başlaması rayonun inkişafında tamamilə yeni mərhələnin əsasını qoymuşdur. Fondun məqsədi rayonun potensialından səmərəli istifadə etməklə iqtisadiyyatın davamlı inkişafı, əhalinin məşğulluğunun artırılması, gənclərin ictimai fəaliyyətə cəlb edilməsi, burada investisiya qoyuluşunun sürətləndirilməsi, mövcud turizm resurslarından daha səmərəli istifadə edilməsidir.

Heydər Əliyev Fondunun humanizmə və insanpərvərliyə əsaslanan fəaliyyəti səhiyyə sahəsində həyata keçirilən layihələrdə bir daha parlaq təcəssümünü tapır. Bu layihələr səhhətindəki problemlər üzündən əziyyət çəkən minlərlə insanı yenidən sağlam həyata qaytarmış, onlara həyat eşqi vermişdir. Bu baxımdan “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə” layihələri cəmiyyətdə daha böyük diqqət və rəğbətlə qarşılanmışdır. “Diabetli uşaqlara ən yüksək qayğı” layihəsi Azərbaycan Diabet Cəmiyyəti və Danimarkanın “Novo Nordisk” şirkəti ilə birgə əməkdaşlıq nəticəsində həyata keçirilmişdir.

Fond uşaqların müayinə və müalicəsi üçün geniş mərkəzin zəruriliyini nəzərə alaraq, 2009-cu ildə Bakı şəhərində Psixo-nevroloji Uşaq Mərkəzinin inşasını da təmin etmişdir. Ümumiyyətlə, Heydər Əliyev Fondu səhiyyə məsələləri ilə bağlı hər bir müraciəti diqqətlə araşdırır, onlara kömək göstərilməsi üçün tibb müəssisələri ilə sıx əlaqə qurur.

“Tibb işçisi kimi gözəl başa düşürəm ki, psixi və fiziki qüsurları olan uşaqlar yalnız nəticədir, çox mürəkkəb ictimai proseslər zəncirində axırıncı halqadır. Bunun arxasında yoxsulluq, zərərli adətlər və bəzən də sadəcə, müəyyən zəruri tibbi biliklərin yoxluğu dayanır. Bütün bunlar uzunmüddətli proqramların gerçəkləşdirilməsini tələb edir. Biz reallaşdırılması illərlə çəkəcək layihələrdən qorxmuruq, lakin eyni zamanda gözəl anlayırıq ki, bizdən ani tezliklə yardım və fayda gözləyirlər. Bütün bunları vəhdət halında birləşdirmək mürəkkəb vəzifədir, lakin necə deyərlər, yolun öhdəsindən yolçu gələr” - deyə Mehriban xanım Əliyeva vurğulayır.

Hər bir millətin mənəvi-fiziki sağlamlığının və kamilliyinin təmin olunması eyni zamanda idmanın, bədən tərbiyəsinin dinamik inkişafından keçir. Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın Milli Gimnastika Federasiyasının prezidenti kimi bu yöndəki fəaliyyəti gənc nəslin fiziki-mənəvi sağlamlığının təmin olunmasına xidmət edir. Qısa müddətdə Azərbaycanın həmin idman növünün inkişafı istiqamətində atdığı əhəmiyyətli addımlar, habelə Bakıda bədii gimnastika üzrə mötəbər çempionatların keçirilməsi onun bu sahədə də yaxşı təşkilatçı və qayğıkeş rəhbər olmasının əyani göstəricisidir.

2015-ci ilin iyun ayında Bakıda keçirilən I Avropa Oyunları zamanı xalqımız bu yüksək təşkilatçılığın bir daha əyani şahidi olmuşdur. Respublikamız bu mötəbər idman tədbirini sülh, sabitlik və yüksək bayram əhval-ruhiyyəsi şəraitində keçirməklə malik olduğu iqtisadi, siyasi, mədəni-intellektual potensialı bir daha bütün dünyaya nümayiş etdirmişdir. Beynəlxalq ictimaiyyət həmin günlərdə bir daha Azərbaycanın iqtisadi qüdrətinin, müasir şəhər infrastrukturunun, turizm imkanlarının, qlobal tədbirləri yüksək səviyyədə təşkil etmək əzminin, ən nəhayət, yüksək tolerantlığının və qonaqpərvərliyinin əyani şahidi olmuşdur. Bu qlobal idman tədbiri, ümumən, müasir Azərbaycanın dünyaya dolğun şəkildə təqdimatı, qazandığımız uğurların, habelə üzləşdiyimiz münaqişə ilə bağlı əsl gerçəkliklərin dünyaya çatdırılması baxımından unikal təbliğat platforması olmuşdur.

İlk Avropa Oyunlarının keçiriləcəyi məkan seçilərkən, respublikamızın belə bir mötəbər yarışa evsahibliyi etmək üçün zəruri siyasi sabitliyə, iqtisadi potensiala, müasir şəhər infrastrukturuna, gözəl təbiətə və turizm imkanlarına malik olması, habelə qlobal beynəlxalq tədbirlərin keçirilməsi sahəsində formalaşmış uğurlu təcrübəsi də nəzərə alınmışdır. Bu həm də Azərbaycanın ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş iqtisadi inkişaf strategiyasının səmərəliliyinin beynəlxalq səviyyədə etirafı olmuşdur.

Ölkəmizin ilk Avropa Oyunlarına hazırlığı, xüsusən də Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın yüksək səviyyəli təşkilatçılığı müxtəlif səviyyələrdə təqdir olunmuş, alqışlanmışdır. Standartları olmayan mötəbər idman tədbirinə belə yüksək təşkilatçılıqla hazırlaşmaq, infrastrukturdan tutmuş texniki məsələlərə, viza rejiminə qədər bütün hazırlıqları yüksək səviyyədə həyata keçirmək təkcə layiqli təşkilatçılığın yox, həm də həqiqi vətənpərvərliyin, Azərbaycan sevgisinin təcəssümü idi. Bəli, möhtərəm Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva I Avropa Oyunlarına hazırlığı yüksək vətənpərvərliklə, xalqa və dövlətə sonsuz sevgi hissi ilə həyata keçirdilər. Qısa müddətdə “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) yaradıldı, genişmiqyaslı hazırlıq prosesinə təcrübəli yerli və əcnəbi mütəxəssislər cəlb olundular. 2 ildə Azərbaycanda yeni idman qurğuları inşa edildi, mövcud idman mərkəzləri əsaslı təmir edildi. Bakı Olimpiya Stadionu, Milli Gimnastika Arenası, Voterpol Arenası, Dağ Velosipedi Parkı, Bakı Atıcılıq Mərkəzi, Bakı Kristal Zalı, Heydər Əliyev adına İdman-Konsert Kompleksi və digər idman obyektləri mötəbər yarış üçün hazır vəziyyətə gətirildi.

Təşkilat Komitəsi Avropanın Roma, Paris, London, Berlin, Moskva və digər şəhərlərində, habelə Avropa Parlamentində ilk Avropa Oyunlarının təqdimatlarını keçirdi. Ötən müddətdə nümayəndə heyətlərinin, jurnalistlərin məskunlaşması üçün Bakıda Atletlər və Media Kəndinin yaradılması, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, viza rejiminin sadələşdirilməsi və digər tədbirlər görülən işlərin yalnız bir qismi idi.

Məlum qərar həm də Azərbaycanın dünyanın aparıcı idman ölkələrindən biri kimi tanınması ilə şərtlənirdi. Bu müsbət imicin əsasında Azərbaycanda gənclərin dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunması, həmçinin gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam böyüməsi üçün atılan addımlar dayanırdı. İdmançılarımızın nailiyyətləri, dövlətin idmanın inkişafına ardıcıl dəstəyi, mövcud idman infrastrukturu da nəzərə alınaraq ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi qərara alındı. Təsadüfi deyildir ki, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki Avropa Oyunlarının Bakıda keçirilməsini həm də ölkəmizin müasir idman infrastrukturuna malik olması ilə izah etmişdi. Azərbaycanın ümumu komanda hesabında ikinci yeri tutması onun idman ölkəsi olduğunu bir daha bütün dünyaya sübut etdi.

Azərbaycanın birinci xanımı, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın ilk Avropa Oyunlarından dərhal sonra - 2015-ci il iyunun 29-da ölkə başçısı tərəfindən “Heydər Əliyev ordeni” ilə təltif olunması da bu əzmkar və vətənpərvər fəaliyyətə verilən layiqli qiymətdir.

Ümumilikdə, ilk Avropa Oyunları zamanı bir daha təsdiqləndi ki, Heydər Əliyev Fondu ulu öndərin ideyalarına tapınaraq Azərbaycanın dünyada tanıdılması istiqamətində fəal, ardıcıl, sistemli iş aparır. Fondun müxtəlif ölkələrdə filiallarının açılması isə bir tərəfdən təşkilatın qlobal miqyasda artan nüfuzunun ifadəsidirsə, digər tərəfdən Azərbaycanı daha yaxından təbliğ etmək, ölkə həqiqətlərini dünya arenasına çıxarmaq, habelə diaspor hərəkatının genişlənməsinə yardımçı olmaq niyyətinin təzahürüdür. Son illər Fondun Rusiyada, Rumıniyada, Türkiyədə, Böyük Britaniyada, ABŞ-da filiallarının açılması qarşıya qoyulmuş bu məqsədlərin gerçəkləşdirilməsi baxımından geniş imkanlar açır.

Fondun Moskva filialının fəaliyyəti bu baxımdan daha qabarıq hiss olunur. Fondun vitse-prezidenti Leyla xanım Əliyeva Azərbaycanın müasir gəncliyinin ən layiqli, vətənpərvər təmsilçisi kimi Fondun Moskva filialına yüksək səviyyədə rəhbərlik edir. Onun təşəbbüsü ilə son illər Azərbaycanın milli-mənəvi dəyərlərinin, mədəniyyətinin, incəsənətinin təbliği, diaspor hərəkatının genişləndirilməsi istiqamətində tədbirlər həyata keçirilmişdir. Rusiya ilə Azərbaycan arasında mədəni dialoqun genişləndirilməsi istiqamətində atılan addımlar da bu baxımdan təqdirəlayiqdir.

Xeyirxahlıq, mərhəmət və humanizm insanı daxilən saflaşdıraraq başqalarının gözündə ucaldan, insanlığın zinətinə çevirən ali dəyərlərdən sayılır. Yıxılanı ayağa qaldırmaq, kimsəsizə əl tutmaq, ehtiyacı olana yardım etmək eyni zamanda Azərbaycan xalqının tapındığı yüksək milli-mənəvi, dini dəyərlərdən irəli gəlir. Cəmiyyətdə nəcibliyin, mərhəmət və xeyirxahlığın ali ünvanına çevrilməklə, ümumxalq mənafeləri baxımından bir sıra strateji layihələri qısa müddətdə uğurla gerçəkləşdirən Heydər Əliyev Fondunun 11 illik çoxşaxəli fəaliyyəti də məhz bu nəcib dəyərlərə söykənir. İnanırıq ki, Fond Azərbaycan cəmiyyətinin tərəqqi və inkişafına xidmət edən xoşməramlı layihələrini bundan sonra da inamla davam etdirəcəkdir.

 

Qüdrət KƏRİMOV,

“Xəzər” ASC-nin sədri, iqtisad elmləri doktoru

 

Azərbaycan.- 2015.- 26 avqust.- S. 3.