Daşkəsəndə “Ənənəvi İslam dəyərləri
və müasirlik” mövzusunda regional konfrans
keçirilib
Avqustun 25-də Daşkəsən Rayon İcra Hakimiyyətinin inzibati binasında “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda regional konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransın iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək düzüb, Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.
Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbir haqqında məlumat verərək, konfransın işinə uğurlar arzulayıb. Əhəd Abıyev xalqımızın əsrlər boyu formalaşmış milli mənəvi dəyərlərindən və onun qorunmasından, ölkəmizdə hökm sürən və bütün dünyaya nümunə olan tolerantlıq mühitindən danışıb. Qeyd olunub ki, Azərbaycan əsrlər boyu dinlərarası münasibətlərin inkişafında öz rolunu oynayıb. Azərbaycanda dini və milli dözümlülük, tolerantlıq çox yüksək səviyyədədir.
Əhəd Abıyev qeyd edib ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə din-dövlət münasibətlərinin yeni istiqaməti formalaşıb, respublikamızda tolerantlığın daha da inkişaf etdirilməsində hüquqi baza yaradılıb.
Diqqətə çatdırılıb ki, ulu öndər Heydər Əliyev başqa dinlərə qarşı dözümlülük və tolerantlıq münasibətlərini həmişə qoruyub saxlayıb, Azərbaycanda yaşayan dini icmalara həmişə hörmət və ehtiram göstərib, onların dini bayramlarını təbrik edib, adət-ənənələrinə qayğı ilə yanaşıb.
Bu gün bu ənənəni Prezident İlham Əliyev yüksək səviyyədə davam etdirir. İndi respublikamızın ayrı-ayrı bölgələrində yeni məscidlərin inşa edilməsi, kilsə və sinaqoqların təmiri, müxtəlif dinə mənsub nümayəndələrin iştirakı ilə beynəlxalq konfransların keçirilməsi buna əyani sübutdur.
Qeyd edilib ki, ölkəmizin hər yerində olduğu kimi, Daşkəsən rayonunda da dini durumun sabitliyi və dini etiqad azadlığı sahəsində Konstitusiya prinsiplərinin qorunması təmin edilib. Milli və dini ayrı-seçkiliyə, Azərbaycanda yad olan təriqətlərə qarşı iş aparılıb. Bildirilib ki, Daşkəsən rayonunda bir məscid və islam təmayüllü bir dini icma fəaliyyət göstərir. Eyni zamanda, rayonda 12 pir və 4 ziyarətgah var.
Rayon icra hakimiyyətinin başçısı deyib ki, Daşkəsəndə “Azərbaycan Respublikasının dini etiqad azadlığı haqqında” Qanunun tələblərinə zidd heç bir hərəkətə yol verilməyib, qeyri-ənənəvi islam təriqətləri və cərəyanlarının fəaliyyəti müşahidə olunmayıb. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə tikilən Daşkəsən şəhər “Cümə” məscidi 2006-cı ilin sentyabrında istifadəyə verilib.
Daşkəsən rayon dindarlarının dini icması 2006-cı il mayın 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatdan keçərək fəaliyyətə başlayıb, rayon icra hakimiyyətinin başçısı yanında dini məsələlər üzrə komissiya yaradılıb. Bu komissiya rayonda dini mərasimlərin keçirilməsinə nəzarət funksiyasını təmin edir.
Konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək xalqımızın milli mənəvi dəyərlərindən, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan azərbaycançılıq ideologiyasından, ölkəmizdə ayrı-ayrı dinlər və etiqadlar arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətlərindən danışıb.
Azərbaycanın dinamik inkişaf yolunda olduğunu vurğulayan Mübariz Qurbanlı deyib ki, ölkəmiz sosial-iqtisadi və siyasi sahələrdə ciddi uğurlara imza atıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan nailiyyətlər həm Azərbaycan cəmiyyətində, həm də beynəlxalq müstəvidə qəbul və təqdir edilir. Azərbaycan müsəlman ölkəsi olaraq dövlət-din münasibətləri baxımından nümunə olacaq bir ölkədir. Bu gün Azərbaycan dünya dövlətləri tərəfindən tolerantlıq məkanı kimi qəbul olunur. Ölkəmizə gələn xarici qonaqlar Azərbaycanın bu sahədə çox böyük uğurlar əldə etdiyini vurğulayırlar. Bir məsələ də xüsusi vurğulanır ki, ölkəmizin sosial-iqtisadi sahədə qazandığı yüksək göstəricilər dövlətin digər sahələrdəki uğurları ilə tamamlanır. Komitə sədri deyib: “Biz çox sürətlə irəliyə getməkdəyik və əldə olunan sosial-iqtisadi, diplomatik-siyasi uğurlar milli mənəvi dəyərlərimizə də öz təsirini göstərməkdədir. Yəni, cəmiyyətin sosial-siyasi həyatında baş verən dəyişikliklər istər-istəməz digər sahələrə də öz təsirini göstərir. Biz iqtisadi sahədə keçid dövrünü arxada qoymuşuq. Azərbaycan dünyəvi dövlətdir və müstəqilliyinin dönməzliyini tam təmin edib. Ancaq xalqımız milli mənəvi sahədə yeni mərhələyə qədəm qoyur. Yəni, biz zamanında siyasi-iqtisadi sahədə sovet totalitar sisteminin qalıqlarını ləğv etməklə bərabər, həmin dövrdən milli mənəvi dəyərlərimizə hopmuş olan bir sıra zərərli adətləri də aradan qaldırmalıyıq. Ona görə də bu proseslər paralel getməlidir. Milli mənəvi dəyərlər sistemində müəyyən dəyişikliklərə zərurət yaranıb”.
Mübariz Qurbanlı diqqətə çatdırıb ki, dövlət-din münasibətləri dedikdə, biz ilk növbədə Azərbaycanda dini dəyərlərə dövlətin diqqət və qayğısını göz önünə gətiririk. Bu gün ölkədə 2050-dən çox məscid fəaliyyət göstərir. Eyni zamanda, xristian kilsələri, yəhudi sinaqoqları, digər dinlərin ibadət yerləri də açıq şəkildə fəaliyyət göstərir. Bu gün Azərbaycanda dini zəmində hər hansı qarşıdurma ehtimalı yoxdur. Prezident İlham Əliyev çıxışlarında bu məsələni xüsusilə vurğulayıb. Ümumiyyətlə, Azərbaycan dövlət-din münasibətləri baxımından, sözün həqiqi mənasında, nümunə olacaq ölkədir.
Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu uğurlu dövlət-din siyasətinin bu gün yüksək səviyyədə davam etdirildiyini söyləyən Mübariz Qurbanlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı müvafiq Sərəncamın önəmindən də danışıb.
Komitə sədri bu gün dünyada din pərdəsi altında aparılan münaqişələrdən bəhs edərkən bildirib ki, əgər orta əsrlərdə müxtəlif dinlər arasında müharibələr aparılırdısa, bu gün İslam dini içərisində münaqişələr gedir. İslam dininin genişlənməsindən narahat olan qüvvələr onun bütövlüyünü pozmağa, parçalamağa çalışırlar. Müxtəlif ölkələrdə İslamı parçalamaq üçün dini cərəyanlar, radikal qruplar yaradılıb. İslam pərdəsi altında fəaliyyət göstərən bu radikal qruplar əslində İslama qarşı yönəldilib.
Ölkəmizdə belə qüvvələrin heç zaman məqsədlərinə çata bilməyəcəklərini vurğulayan komitə sədri onların qarşısının qətiyyətlə alındığını, dini radikalizmə qarşı qanun çərçivəsində mübarizə aparıldığını deyib. Bildirib ki, bu mübarizədə ən səmərəli vasitə maarifləndirmə işidir. Bu işdə hüquq mühafizə orqanları ilə yanaşı, din xadimləri, müəllimlər də fəal olmalıdırlar. İslam dini gənclərə olduğu kimi izah edilməli, ənənəvi islami dəyərlər qorunmalıdır.
Konfransda Milli Məclisin deputatı Rövşən Rzayev çıxış edərək ölkəmizdə son vaxtlar dini maarifləndirmə sahəsində mühüm tədbirlərin həyata keçirildiyini qeyd edib, bu cür tədbirlərin böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıb.
İki gün davam edəcək konfransda “Sosial mediada dini təbliğat”, “Qeyri-ənənəvi dini cərəyanların təbliğat metodları” və “Azərbaycanda missionerlik fəaliyyəti” mövzularında məruzələr dinlənəcək.
Azərbaycan.- 2015.- 26 avqust.- S. 9.