Fövqəladə halların idarə edilməsi sahəsində Azərbaycan-Türkiyə əməkdaşlığı yüksək səviyyədədir

 

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov avqustun 25-də Türkiyənin ölkəmizdəki səfiri İsmayıl Alper Coşkun ilə görüşüb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə nazir Kəmaləddin Heydərov Türkiyə Silahlı Qüvvələrinin Azərbaycanda fəaliyyətini başa vurmuş keçmiş hərbi attaşesi, general-leytenant Hasan Nevzat Taşdelerin iki qardaş ölkə arasında əlaqələrin daha da gücləndirilməsinə verdiyi töhfəni xüsusi vurğulayıb, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Səfir İsmayıl Alper Coşkun Türkiyə Silahlı Qüvvələrinin ölkəmizdəki yeni hərbi attaşesi, general-mayor İhsan Başbozkurtu təqdim edib.

Fövqəladə hallar naziri bildirib ki, fövqəladə halların idarə edilməsi sahəsində qardaş Türkiyənin müvafiq dövlət qurumları ilə əməkdaşlıq yüksək səviyyədədir bu əlaqələrin daha da gücləndirilməsi üçün geniş perspektivlər mövcuddur.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

 

Azərbaycan.- 2015.- 26 avqust.- S. 9.