Azərbaycanın xarici işlər naziri Avropa Şurası Parlament Assambleyasının məruzəçisi ilə görüşüb

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov avqustun 25-də Avropa Şurası Parlament AssambleyasınınAzərbaycanın sərhəd rayonlarının əhalisinin sudan məhrum edilməsimövzusunda məruzəçisi Militsa Markoviçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Elmar Məmmədyarov Cənubi Qafqaz regionunda Azərbaycanda su təminatı məsələsinin mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Nazir beynəlxalq sənədlərdə təsbit edildiyi kimi, sudan istifadənin azad xarakter daşımalı olduğunu bildirib.

Suyun humanitar mahiyyət kəsb etdiyini deyən Elmar Məmmədyarov vaxtilə tikilmiş Sərsəng su anbarının ətrafda yaşayan insanların kənd təsərrüfatının su ilə təmin olunması üçün nəzərdə tutulduğu barədə məlumat verib. Nazir Ermənistanın Azərbaycana qarşı təcavüzü işğalı nəticəsində insanların Sərsəng su anbarından istifadədən məhrum olduqlarını vurğulayıb. O əlavə edib ki, Ermənistan tərəfi Sərsəng su anbarından təhdid məqsədilə istifadə edir, yaz aylarında anbarı açaraq ətraf ərazilərin su altında qalmasına şərait yaradır, suya ehtiyac duyulan isti aylarda isə onun istifadəsinə imkan vermir.

Militsa Markoviç bütün xalqların dilində deyildiyi kimi, insanın çörəksiz yaşaya bildiyi halda, susuz yaşaya bilmədiyini söyləyib. Ona görə bu layihənin sırf humanitar məqsəd daşıdığını qeyd edən Militsa Markoviç siyasi məqamların da istisna olunmadığını bildirib.

Münaqişənin həlli prosesi haqqında məlumat verən nazir Azərbaycanın ATƏT-in Minsk qrupunun fəaliyyətindən narazı olduğunu vurğulayıb. Biz o zaman razı qalardıq ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılsın.

Elmar Məmmədyarov ümidvar olduğunu bildirib ki, bu hesabat hazırlandıqdan sonra AŞPA üzvləri geniş beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı təcavüzünün humanitar fəsadlarından olan su problemi ilə yaxından tanış olmaq imkanı əldə edəcək.

 

Azərbaycan.- 2015.- 26 avqust.- S. 9.