General
Cəmşid xan Naxçıvanski
Korkla saxlanılan bu əlaqə Azərbaycanda üsyanın hazırlanmasının gedişi haqqında məlumatlandırmaqdan, üsyanın hazırlanmasının gedişinə və əgər bu, həyata keçirilə bilərsə, üsyanın özünə Hərbi Mərkəz tərəfindən rəhbərlik edilməsindən ibarət olmalı idi. Bu məlumatları mən Qarayevdən almalı və Korkun vasitəsi ilə Tuxaçevskini məlumatlandırmalı idim.
Sual: Siz Korkla əlaqəyə girdiniz?
Cavab: Bəli, əlaqəyə girdim. İki həftə sonra mən Korkun yanına getdim. Bu söhbət onun Moskva hərbi dairəsinin qərargahındakı kabinetində baş verdi. Kork məni olduqca lütfkarlıqla qarşıladı və dedi ki, ona mənim gəlişimin məqsədi barədə Qarayev məlumat verib.
Sual: Korkla olan söhbətinizdən daha ətraflı danışın və o, sizin qarşınızda hansı məqsədlər qoydu?
Cavab: Bu əlaqənin hansı yolla həyata keçirilməli olduğunu mən yuxarıda göstərdim.
Sonra Kork Tuxaçevski ilə onun, AMM-lə nə barədə razılaşdıqlarını, yəni, üsyanın həmsərhəd dövlətlərdən biri ilə başlanacaq müharibə ilə eyni vaxtda, əgər lazım gələrsə, Hərbi Mərkəzin göstərəcəyi tarixdə başlamalı olduğunu mənə təkrar etdi. O həmçinin Hərbi Mərkəzin silahlı üsyanın ayrı-ayrı rayonlarda müxtəlif vaxtlarda yox, eyni vaxtda başlaya bilməsi üçün müvafiq direktivlər verdi.
Sual: Sağtrotskiçi mərkəzin və Tuxaçevskinin direktivlərinin icrasında “Azərbaycan Milli Mərkəzi” hansı işi yerinə yetirmişdi?
Cavab: 1935-ci ildə elə onun öz mənzilində növbəti görüş zamanı Qarayev Azərbaycandakı vəziyyət barəsində məni ətraflı məlumatlandırdı. Qarayev göstərdi ki, işlər çox gözəl gedir, “Azərbaycan Milli Mərkəzi”nə Musabəyov, Rəhmanov, Ruhulla Axundov, Əfəndiyev kimi nüfuzlu şəxslərin və digərlərinin daxil olması hesabına cəlbetmə olduqca uğurla keçir. O göstərdi ki, rayon komitələrinin katibləri və rayon icra komitələrinin sədrlərinin əksəriyyəti bu işə cəlb ediliblər.
Onu da bildirdi ki, orduda böyük iş görülməsinə nail olunmuşdur. “Azərbaycan Milli Mərkəzi”nə Azdiviziyanın yüksək və orta rəis heyəti ilə yanaşı, siyasi rəhbər heyətinin böyük faizi də cəlb edilmişdir.
Diviziya üzrə cəlb edilmiş şəxslərdən o, diviziya komandiri Qambay Vəzirovu, diviziya qərargahı rəisi İbrahimovu, diviziyanın hərbi komissarı Cabir Əliyevi, Azdiviziyanın tribunalının sədri Tağıyevi göstərdi. O, soyadlarına görə hamını tanımırdı. Qarayevin məlumatlarına görə, cəlbedilmə davam edir və diviziyanın ali və baş rəis heyətini deyil, həm də orta rəis heyətini də əhatə etməyə ümid var. Mənim Qarayevə verdiyim - “diviziyanın rəhbərliyi ilə əlaqə yaratmalı və işə nəzarət etməliyəmmi” - sualıma Qarayev cavab verdi ki, bunu etmək lazım deyil. Çünki bu, diviziya komandiri Vəzirov tərəfindən narazılıqla qarşılanacaq.
Sual: Siz Korku Əliheydər Qarayevlə olan söhbətləriniz barədə məlumatlandırdınız?
Cavab: Bəli, həmin vaxt akademiyanın rəisi olan Korkun kabinetində görüşdükdə mən bütün bu məlumatları ona ötürdüm. Kork dedi ki, bütün bunlar düzdürsə, onda hesab etmək olar ki, böyük iş görülmüşdür. Ancaq rəis heyətinin böyük faizlə cəlb edilməsinin iflasa gətirib çıxaracağından ehtiyatlandığını bildirdi. Buna görə də rəis heyətindən olan şəxslərin dar çərçivəsini əhatə etmək və qalanların da arasında bacarıqlı iş aparılması (təşviqat, rəis heyətinin və qırmızı ordu əsgərlərinin müvafiq seçimi) təklif olundu.
Sual: Silahlı üsyan planı haqqında sizə nə məlum olduğunu ətraflı danışın.
Cavab: Azərbaycandakı üsyanın planı mənə Qarayevin sözlərindən məlum olmuşdu. Göstərdiyim kimi, üsyan zamanı “Azərbaycan Milli Mərkəzi”nin arxalanmalı olduğu qüvvə Azdiviziya, qismən də Azərbaycanın bütün rayonları üzrə hazırlaşdırılması üçün gücləndirilmiş iş gedən - milis və yerli əhali olmalı idi.
Rayon üsyançı dəstələrinə təşkilatın iştirakçıları - rayon icra komitələrinin sədrləri və rayon komitələrinin katibləri başçılıq etməli idilər. Dəstə qərargahlarının rəisləri rayon hərbi komissarları və ya rayon hərbi komissarlıqları olmalı idilər. Tərxis olmuş Qızıl Ordu əsgərləri, milis və bu rayonlarda yaşayan tərxis olunmuş rəis heyəti həmin dəstələrin özəyi və komandir heyəti olmalı idilər.
Üsyan bütün rayonlarda eyni zamanda başlamalı idi.
Rayon dəstələri rayonlarda öz işlərini tezliklə bitirərək sonrakı təyinatlarını olacaqları yerlərdə - yaxınlıqdakı dəmir yol stansiyalarında toplanmalı idilər. Bu sonrakı təyinat, şəraitdən asılı olaraq ya Bakı (əgər hakimiyyətin tutulmasında gecikmə baş versəydi), ya da RSFSR-dən Qızıl Ordu hissələrinin hücuma keçəcəyi halda, müqavimətin təşkili üçün RSFSR-in sərhədi olmalı idi. Dəstələrin bir hissəsi isə sərhədçi dəstələri ilə mübarizəyə yollanırdı. Bakıda və ətraf rayonlarda hakimiyyətin Azdiviziyanın, milisin və yerli əhalinin köməyi ilə ələ keçirilməsi nəzərdə tutulurdu.
Azdiviziyanın Bakıdan kənarda yerləşdirilmiş olan hissələri gecikmədən Bakıya yola düşməli idilər.
Bakıda hakimiyyətin ələ keçirilməsi planı və Azərbaycan üzrə ümumi plan Azdiviziyanın komandiri Qambay Vəzirov tərəfindən tərtib olunmuşdu.
Sual: Siz Korku Azərbaycandakı silahlı üsyanın bu planı barədə məlumatlandırdınız?
Cavab: Bəli, məlumatlandırdım. Mənim bu planın Korka, sonuncunun isə Tuxaçevskiyə etdiyi məruzəsindən sonra aşağıdakı düzəlişlər daxil edilmişdi:
1. Üsyançı dəstələr və Azdiviziya ancaq sərhəddə toplanmalı deyil, həm də Dağıstan üsyançılarına kömək etməyə hazır olmalıdırlar;
2. Azdiviziyanın Bakıdan kənarda yerləşmiş hissələri Bakıda hakimiyyətin ələ keçirilməsini etibarlı şəkildə və tez bir zamanda həyata keçirmək üçün üsyandan qabaq istənilən bəhanələrlə Bakıya yaxınlaşdırılmalı idi.
Hərbi Mərkəzin bu göstərişlərini mən Qarayevə ötürdüm. Bu cür planlar isə Ermənistan və Gürcüstanda da var idi. Bu respublikaların hərbi təşkilatlarına müvafiq diviziyaların komandirləri başçılıq edirdilər. Bu respublikaların silahlı üsyan planlarının Qarayevə məlum olub-olmadığını bilmirəm. Hər halda, o mənə bu haqda danışmırdı.
Sual: 1930-cu ildə “Azərbaycan Milli Mərkəzi”nin darmadağın edilməsindən sonra yenidən yaradılmış mərkəz tərəfindən kapitalist ölkələri ilə əlaqə yaradılmışdımı?
Cavab: 1937-ci ildə Qarayevlə olan söhbətim zamanı öyrəndim ki, Bakıda “Azərbaycan Milli Mərkəzi” tərəfindən konsullar vasitəsilə Türkiyə və İran hökumətləri ilə müvafiq danışıqlar aparılır. Kömək bəzi kompensasiya hesabına silahlı yardımdan ibarət olmalı idi. “Azərbaycan Milli Mərkəzi”ndən bu danışıqları aparmaq üçün konkret olaraq kimə səlahiyyət verildiyini Qarayev mənə deməmişdi və mən bu haqda ondan heç nə soruşmadım.
Türkiyə və İran hökumətlərinə veriləcək kompensasiya ərazi güzəştindən (Naxçıvan Respublikasının - Türkiyəyə və Lənkəran qəzasının İrana), material kompensasiyadan - başlıca olaraq neftlə və sonralar ticarət razılaşmalarının bağlanması zamanı müvafiq imtiyazlardan ibarət olmalı idi. Qarayev bu söhbətin böyük məxfiliyi barədə məni xəbərdar etdi və Korku bu barədə məlumatlandırmamağı xahiş etdi.
Sual: Moskvada olduğunuz müddətdə siz “Azərbaycan Milli Mərkəzi”nin iştirakçılarından daha kimlə görüşmüsünüz?
Cavab: “Azərbaycan Milli Mərkəzi”nin Azərbaycandan gələn iştirakçılarından Xəzər donanmasının (mülki) rəisi, Azdiviziyanın keçmiş hərbi komissarı Həsən Rəhmanovla və Bakı şəhər komendantı Məhərrəmovla Azərbaycandakı vəziyyət haqqında söhbətlərim olmuşdu.
Mən Həsən Rəhmanovla “Azərbaycan Milli Mərkəzi” tərəfindən aparılan cəlbetmədən və silahlı üsyanın hazırlanması haqqında danışırdım. Rəhmanov mənə “Azərbaycan Milli Mərkəzi”nə daxil olan şəxslərin adlarını çəkdi, soyadları Qarayevin mənə dedikləri ilə uyğun gəlir. Bütün soyadları mən xatırlamıram, yadımda qalan soyadlarını ifadəmdə sadalamışam. Rəhmanov məni həmçinin silahlı üsyana hazırlığın gedişi haqqında da məlumatlandırdı. O göstərdi ki, “Azərbaycan Milli Mərkəzi”nin olduqca nüfuzlu heyəti hesabına cəlbetmə uğurla gedir. Bu iş rayonlarda xüsusilə yaxşıdır. Rəhmanov həmçinin göstərdi ki, hazırlanan üsyanla Azərbaycanda əvvəllər baş vermiş üsyanlar arasında əsas fərq ondan ibarət olacaqdır ki, gələcək üsyana rayonların məsul şəxsləri başçılıq edəcəklər.
Rəhmanov tam əminliklə bildirdi ki, üsyan uğurla nəticələnəcək. Mən Məhərrəmovla başlıca olaraq cəlbetmə ilə bağlı vəziyyət və Azdiviziyada aparılan iş haqqında danışmışdım. Məhərrəmov göstərdi ki, diviziya komandiri Vəzirovla diviziyanın hərbi komissarı Cabir Əliyev arasında baş tutan barışıqdan sonra iş uğurla getməyə başladı. Daha sonra diviziya komandiri Vəzirovun, hərbi komissar Cabir Əliyevin, Azdiviziyanın siyasi şöbəsinin rəis müavini Yusifovun, diviziyanın qərargah rəisi Sursal İbrahimovun (onun diviziya qərargahı rəisi və ya qərargahın 1-ci hissəsinin rəisi olub-olmadığını xatırlaya bilmirəm), Azdiviziyanın tribunalının sədri Tağıyevin, diviziya qərargahı rəisinin köməkçisinin (soyadını yaxşı xatırlamıram, deyəsən, Məmmədovdur) adlarını çəkdi. O həmçinin baş və orta rəis heyətindən olan şəxslərin də soyadlarını dedi. Bütün soyadları xatırlamıram. Mənim yadımda bu şəxslərin soyadları qalıb: Bakı alayının komandiri Seyfulla Mehdiyevin, alay komandiri Murtuz Talıbzadənin, artilleriya alayının komandirinin (soyadını unutmuşam). O, həmçinin bir sıra alay qərargahları rəislərinin və alay komandirləri köməkçilərinin də soyadlarını dedi, ancaq mən indi o soyadları xatırlamıram. Məhərrəmov göstərdi ki, cəlbetmə davam edir və güman etmək olar ki, diviziyanın rəis heyətinin çox böyük faizini əhatə edəcək.
Mən Məhərrəmova məlumat verdim ki, bu cür kütləvi cəlbetmə moskvalı işçiləri (mən Hərbi Mərkəzi nəzərdə tuturdum) ehtiyatlandırır, bu, konspirasiya prinsiplərini pozur və bütün işin iflasına gətirib çıxara bilər. Məhərrəmov göstərdi ki, bu məsələ Azərbaycanda heç kəsdə qorxu yaratmır, çünki etibarlı adamlar cəlb edilirlər. Ancaq o, cəlbetmənin ən etibarlı və lazımlı adamları əhatə etməsi və ağırlıq mərkəzinin rəis heyətinin və əsgərlərin müvafiq seçiminə keçirilməsi, həmçinin diviziyanın şəxsi heyətinin şovinist ruhunda tərbiyələndirilməsi göstərişi haqqında xəbərdar idi.
Sual: Siz göstərdiniz ki, İranda yaşayan mühacir qardaşınız Kəlbəli xanla əlaqəniz olub. Deyin, siz Kəlbəli xanla ancaq antisovet işi ilə bağlı olaraq əlaqədə idiniz?
Cavab: Xeyr, antisovet işi üzrə əlaqədən başqa, mən Kəlbəli xanla həm də casus fəaliyyəti ilə bağlı əlaqədə idim. Mənim casus fəaliyyətim 1921-ci ilin sonundan başlandı.
1921-ci ilin sonunda soyadını xatırlamadığım Naxçıvanın bir sakini yanıma gəldi və xəbər verdi ki, o, tez-tez qeyri-leqal şəkildə İranda olur. Həmçinin mənim valideynlərim haqqında bəzi məlumatları da xəbər verdi və qardaşım Kəlbəli xandan məktub çatdırdı. Qardaşım özü və yaxınlarımız haqqında xəbər verir və məktubu çatdıran şəxsin vasitəsilə Azərbaycandakı vəziyyət, həmçinin qoşunların yerləşməsi haqqında ona məlumat verməyi xahiş edirdi.
Mən məktubu çatdıran şəxsin vasitəsilə qardaşım üçün Qafqaz ordusu hissələrinin dislokasiyası və sayı haqqında məlumatı ötürdüm.
1924-cü ildə mən casusluq işi ilə bağlı olaraq “Azərpambıq”ın rəisi Məmməd Hacıyevlə əlaqə yaratdım. Məmməd Hacıyev xidməti işləri ilə əlaqədar tez-tez İranda olur və orada mənim qardaşım Kəlbəli xanla görüşürdü. Hacıyev bir dəfə mənim yanıma gəldi, qardaşımdan salam çatdırdı və danışdı ki, İranda mənim qardaşımı görüb və qardaşım xahiş etmişdi ki, İrana növbəti səfəri zamanı mən onun vasitəsilə Qızıl Ordu hissələrinin Azərbaycandakı dislokasiyası və say tərkibi haqqında məlumatları qardaşıma ötürüm.
Müəyyən müddətdən sonra Hacıyev mənimlə görüşdüyü zaman yaxın günlərdə İrana yola düşəcəyi haqda məni xəbərdar etdi və qardaşımın dilədiyi məlumatları tərtib edərək ona ötürməyi xahiş etdi, mən də bunu yerinə yetirdim.
Analoji məlumatları mən Kəlbəli xan üçün elə həmin Hacıyevin vasitəsilə 1926-cı ilə qədər ötürürdüm. 1926-cı ildə Məmməd Hacıyev İrana getdi və qayıtmaz oldu. Həmin vaxtdan həbs gününə qədər casus işi ilə əlaqədar heç kəs mənimlə əlaqə yaratmamışdı və mən öz casus fəaliyyətimi bərpa etmədim.
Protokol mənim tərəfimdən oxunub və sözlərim düzgün qeydə alınıb.
İmza (Naxçıvanski)
* * *
Azərbaycanın hərb tarixinə qızıl səhifələr yazmış Cəmşid xan 1895-ci il avqustun 15-də dünyaya göz açmışdı. O, yeddi yaşına çatanda anası Fərəntac xanımdan Azərbaycan dilində yazmağı, dayəsi Anna İvanovna Nikolayevadan isə rus və fransız dillərində danışmağı öyrənmişdi. Rus ordusunun zabiti olan atası Cəfərqulu xan səkkiz yaşlı Cəmşidi Tiflisdəki yunkerlər məktəbinə qoydu. 1914-cü il noyabrın 8-də onu Qərbi Ukraynadakı Yelizavetqrad (indiki Kirovqrad - Ş.N.) qvardiya məktəbinə göndərdilər. 1914-cü ildə praporşik rütbəsi ilə həmin məktəbi bitirdi. Birinci Dünya müharibəsi başlananda imperiyanın müsəlman əhalisindən təşkil olunmuş tatar süvari eskadronunun komandiri təyin olundu. Cəmşid xan Naxçıvanski öz hərbi məharəti ilə ilk dəfə Birinci Dünya müharibəsində ad-san qazanmışdı. “Brusilov cəbhəsi”nin yarılmasında iştirak etmiş, “Müqəddəs Georgi” ordeninin dördüncü dərəcəsi ilə təltif olunmuşdu. Avstriya və Rumıniyanın cəbhələrində üç dəfə yaralanan Naxçıvanski igid bir süvari zabit kimi 1916-cı ilin fevralından 1917-ci ilin yanvarınadək xidməti müddətində gümüş silahla təltif edilmiş, ikinci, üçüncü və dördüncü dərəcəli “Müqəddəs Anna”, ikinci, üçüncü dərəcəli “Müqəddəs Stanislav” ordenləri ilə mükafatlandırılmışdır.
Cənub-qərb cəbhəsi dağıdıldı. Ştab-rotmistri Naxçıvanski başçılıq etdiyi süvari alayı ilə birgə doğma Azərbaycana qayıtdı.
1918-ci il sentyabrın 15-də türk qoşunları Azərbaycan Əlahiddə Korpusu ilə birgə Bakını düşmənlərdən təmizlədi. Əlahiddə Korpusun sıralarında Azərbaycanın müstəqilliyi uğrunda Cəmşid xan da inamla vuruşurdu. Füsunkar Qarabağın Şuşa şəhərində yerləşən Cəmşid xan Naxçıvanskinin alayı 1920-ci ilin martında daşnak tör-töküntülərinə və daxili düşmənlərə qarşı döyüş əməliyyatlarında fəal iştirak etdi.
Azərbaycanda sovet hakimiyyəti qurulandan bir neçə gün sonra Respublika Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanov Şuşaya təcili teleqram göndərdi ki, Milli Ordu hissələrinin təşkilinə başlansın. Cəmşid Naxçıvanskinin komandirlik etdiyi ikinci Qarabağ süvari alayı könüllü olaraq birinci fəhlə-kəndli alayı adı ilə XI Ordunun tərkibinə keçdi. Podpolkovnik Cəmşid xan Naxçıvanskinin özü isə ilk Azərbaycan Birləşmiş Komanda Məktəbinin rəis müavini, az sonra isə rəisi təyin olundu.
Milli diviziya yaratmaq işindəki fəallığına görə Cəmşid xan Naxçıvanskiyə 1921-ci il dekabrın 19-da Azərbaycan Hərbi-Dəniz Xalq Komissarlığı təşəkkür elan etmiş və mükafat olaraq ona gümüş dəstəkli qılınc hədiyyə vermişdi. O, yeni yaradılan Azərbaycan Dağ-Atıcı diviziyasına komandir təyin olundu.
1923-cü ildə Moskvadakı qısamüddətli Ali Hərbi Akademiya kursuna göndərilən Cəmşid xan Naxçıvanski 1924-cü ilə qədər orada hərbi təhsil almışdı. Azərbaycana qayıdandan sonra yenidən diviziya komandiri təyin edilmişdi. Üç il sonra o, ikinci dəfə hərbi akademiyaya oxumağa göndərilmiş və 1928-ci ildən 1929-cu ilədək məşhur hərbçi-general Əliağa Şıxlinskinin təşəbbüsü ilə Azərbaycan dilində nəşr olunan “Hərbi bilik” jurnalının redaktorlarından biri olmuşdur.
Cəmşid xan Naxçıvanski hərtərəfli mütəxəssis, siyasi cəhətdən hazırlıqlı, hərb işinə sədaqətli zabit idi. Məhz bu yüksək keyfiyyətlərinə görə 1923-cü ildə Hərbi İnqilab Şurasının əmri ilə Cəmşid xan Qızıl Ordunun Ali Komanda Heyəti kursuna dinləyici qəbul olundu. Bu kursu müvəffəqiyyətlə bitirən Naxçıvanski 1931-ci ildən M.V.Frunze adına Ali Hərbi Siyasi Akademiyanın xüsusi qrupunda təhsilini davam etdirdi. Buranı da fərqlənmə diplomu ilə başa vuran Cəmşid Naxçıvanski xalq müdafiə komissarının əmri ilə akademiyada müəllim saxlanıldı.
Toxum münbit yerə düşmüşdü. Lakin bəzi nadanlar, şər və iftira düşkünləri bu toxumun cücərməsinə imkan vermədilər. Onun tərbiyə edib yetirdiyi müdavimlər - S.Biryuzov, A.A.Qreçko, P.F.Batistki marşal rütbəsinə çatdılar. Özü isə günahsız məhv edildi. Onun fəaliyyətinə verilən xasiyyətnamələrlə, rəylərlə tanış olandan sonra Cəmşid Naxçıvanskinin “xalq düşməni” olmasına inanmaq çox çətindir.
* * *
O müdhiş günlərdən illər keçib. Başqaları kimi, sonralar ona da bəraət verilib. Vaxtilə haqqında ürək dolusu ilə danışa bilmədiyimiz bu görkəmli komandir haqqında gənc nəslə məlumat vermək imkanı yaranıb. İndi onun adına Bakıda ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış hərbi lisey var. Boya-başa çatdığı qədim Naxçıvanda isə ev-muzeyi açılmışdır.
Xan nəsilli generalın Naxçıvandakı ev-muzeyində 1898-ci ildə çəkilmiş bir şəkli var. Tən ortada oturmuş ana - Fərəntac xanım körpə qızını bağrına basıb. Yanında şux qamətli üç oğlu - Ehsan xan, Kəlbəli xan və Cəmşid xan əyləşib. Çərkəzi geyimdə olan üç qardaşın duruşunda yaşlarına uyuşmayan ciddilik, mərdanəlik və vüqar oxunur. Həyatın hələ dinclik və rahatlıq dövrüdür. Yastığın üstündə oturan iki yaşlı Cəmşid uşaqlara məxsus heyranlıqla obyektivə baxır. Dünyaya uşaq marağı ilə baxan, iki ildən sonra başlanacaq yeni əsrdə onu nələr gözlədiyindən hələ bixəbərdir. Dünyanın inqilab tufanı, həyat qasırğası və müharibənin alovları balaca Cəmşidi on altı il sonra polad kimi bərkitdi... Hələ qarşıdakı həyat faciəsinə bir qərinədən çox qalırdı. Elə bir faciə ki, orada Cəmşid xan yox, onun qardaşları Ehsan xan, Kəlbəli xan və hansı səbəbdənsə bu fotoşəklə düşməyən Davud xan da məkr və böhtanın qurbanı olacaq.
1920-ci ilin iyununda Cəmşid xanın xidmət etdiyi ikinci Qarabağ süvari alayı Şuşada yerləşirdi. Podpolkovnik Naxçıvanski nizami hissə üzrə müavin idi. Ondan iki yaş böyük olan Ehsan xan da peşəkar hərbçi idi.
O, Moskvada zadəgan balalarına məxsus kadet korpusu məktəbini bitirmişdi. Ehsan xanın da, çoxsaylı gənc Naxçıvanski zabitlərinin də tam süvari generalı Hüseyn xan Naxçıvanski kimi örnək əmiləri vardı. Hüseyn xanın şöhrəti Rusiyaya yayılmışdı. Onlar belə igid əmiləri ilə fəxr edir, onun hərb sənətinin davamçısı kimi orduda şərəflə xidmət edirdilər.
Elə əlahəzrət imperator adına şöhrətli on yeddinci Nijeqorodsk Draqun alayında ştabs-rotmistr Murad xan, qvardiya rotmistri Kəlbəli xan (nəvə), poruçik İsgəndər xan Naxçıvanskilər göstərdikləri şücaətlərə görə cəbhədə ad-san qazanmışdılar.
1914-cü ildə bölüyü ilə düşmən qüvvələrini pərən-pərən salan Murad xanın döyüş xidmətləri “Müqəddəs Anna” ordeninin dördüncü dərəcəsinə, 1915-ci ildə “Müqəddəs Stanislav” ordeninin üçüncü dərəcəsinə (qılınc və bantla birgə), “Müqəddəs Anna” ordeninin üçüncü dərəcəsinə (qılınc və bantla birgə), “Müqəddəs Stanislav” ordeninin ikinci dərəcəsinə (qılıncla birgə) və 1916-cı ildə “Müqəddəs Anna” ordeninin ikinci dərəcəsinə (qılıncla birgə) layiq görülmüşdür.
Birinci Dünya müharibəsindən sonra Vətənə qayıdan rotmistr Murad xan Naxçıvanski Milli Ordunun üçüncü Şəki alayında birinci bölüyün komandiri oldu.
Döyüşlərdə igidliklə vuruşan poruçik İsgəndər xan Naxçıvanskinin xidmətləri isə “Müqəddəs Anna” ordeninin üçüncü dərəcəsinə (qılınc və bantla birgə), “Müqəddəs Anna” ordeninin dördüncü dərəcəsinə (İgidliyə görə yazısı ilə) və “Müqəddəs Stanislav” ordeninin üçüncü dərəcəsinə (qılınc və bantla birgə) layiq görülmüşdür.
1916-cı il aprelin 1-də “Kaspi” qəzeti yazırdı: “Ulan Leyb - qvardiya alayının rotmistri Kəlbəli xan Naxçıvanski 1914-cü il avqustun 15-də Sokokov kəndini düşməndən geri aldığına görə “Georgi silahı” ilə təltif olunmuşdur. Onun komandir olduğu vzvod heyəti alayın sol cinahında döyüşlər apararkən qəflətən avstraliyalıların bir eskadronunun basqısına məruz qalmışlar. Özünü itirməyən rotmistr Kəlbəli xan azsaylı qüvvə ilə hücuma keçərək düşməni qaçmağa məcbur etmiş, qaranlıq düşənə qədər onları təqib edərək döyüş ərazisindən çıxarmışlar. Ötən döyüşlərdə də uğurlu qələbələr qazanan rotmistr Kəlbəli xanın xidmətləri üçüncü dərəcəli “Müqəddəs Anna” (qılınc və bantla) və ikinci dərəcəli “Müqəddəs Anna” ordenləri ilə (qılıncla birgə) qiymətləndirilmişdir”.
1918-1920-ci illərdə Azərbaycan Milli Ordusunda xidmətini davam etdirən Kəlbəli xan Naxçıvanski və Kərim xan İrəvanski haqqında respublika Nazirlər Soveti sədrinin adına 1919-cu ilin mart ayında yazılmış raport saxlanılır. Həmin sənədi hərbiyyə naziri, tam artilleriya generalı Səməd bəy Mehmandarov və Baş Qərargah rəisi general-mayor Həbib bəy Səlimov imzalamışlar. Sənəddə oxuyuruq: “Qvardiya ştab-rotmistrləri Kəlbəli xan Naxçıvanskinin və Kərim xan İrəvanskinin keçmiş Rusiya hərbi nizamnaməsinə görə rütbələri ştab-rotmistr idi. Bugünkü orduya dəyişdirildikdə isə həmin rütbə podpolkovnik olmalıdır. Şərur və Naxçıvan qəzalarının erməni daşnaklarından azad olunmasında fərqləndiklərinə görə onlar polkovnik rütbəsi almağa tam mənada layiqdirlər”.
Naxçıvan və Şərur qəza qoşunlarının komandanı olan Kəlbəli xanın polkovnik rütbəsi alması barədə fakta təəssüf ki, sonrakı arxiv sənədlərdə rast gəlmədik. Dörd qardaşdan ikisi - Ehsan xanın və Cəmşid xanın doğma qardaşı Davud xan və Kəlbəli xan 1920-ci ildə bolşevik istilasından sonra İrana mühacirətə getməyə məcbur oldular.
Birinci Dünya müharibəsi illərində ştab-rotmistr Ehsan xan da leyb-qvardiya Varşava Ulan alayında şöhrətli döyüş yolu keçmişdir. 1914-1916-cı illərdə üstü “İgidliyə görə” yazılı dördüncü dərəcəli “Müqəddəs Anna”, yenə həmin il üçüncü dərəcəli “Müqəddəs Stanislav” (qılınc və bantla birgə), 1915-ci ildə “Müqəddəs Anna” (qılınc və bantla birgə), 1916-cı ildə ikinci dərəcəli “Müqəddəs Anna” (qılıncla birgə) ordenləri ilə təltif olunmuşdur.
Polkovnik Tuqanov 1918-ci il avqustun 20-də Tiflisdə Ehsan xana verdiyi xasiyyətnamədə yazırdı ki, alayın bütün yürüş və döyüşlərində, xüsusilə 1916-cı il aprelin 3-də apardığı kəşfiyyat işlərində bacarıqlı komandir kimi fərqlənmişdir.
İmperiya ordusu dağılandan sonra vətənə qayıdan ştab-rotmistr Ehsan xan 1919-cu il mayın 6-dək dördüncü Borçalı süvari alayında bölük komandiri kimi Lori nahiyəsində və Qarayazı ərazisində daşnak ermənilərə qarşı döyüşlər aparmışdır. Həmin ildən üçüncü süvari alayında, üçüncü bölüyün komandiri olan Ehsan xanın Qarabağda göstərdiyi qəhrəmanlığa görə rütbəsi polkovnikə çatmışdı.
Cəmşid xan kiçik qardaş kimi onun şücaətinə, döyüşlərdə aldığı ordenə və rütbədə sürətlə irəliləməsinə çox sevinirdi. Podpolkovnik Ehsan xan yenə Qarabağı daşnaklardan qorumağa gəlmişdi. 1920-ci ilin aprelində Azərbaycana soxulan silahlı bolşeviklər hər şeyi tar-mar eləmişdi. Azərbaycan hökuməti buraxılmış, ordusu dağıdılmışdı. Bolşeviklər Bakıda və Gəncədə talan həftəsini yenicə qurtarmışdılar. Amma Müsavat əsgər və zabitlərinin sorğu-sualsız güllələnməyi hələ də davam edirdi. Gecə yarısı qapı döyüləndə Ehsan xan hamıdan tez ayıldı. Qardaşı Cəmşidin oyanmasına qıymayıb durub qapını açdı. Bolşevik-daşnak əsgərlərinin tüfənglərindəki süngülər ay işığında parıldadı. Taxta qoburlu mauzeri olan daşnak zabiti soruşdu: “Cəmşid xan Naxçıvanski sizsiniz?”
Ehsan xan dərhal məsələni anladı. Bir anlığa ləngidi, kandarı o tərəfə adlayıb qapını bağladı. “Bəli, Cəmşid xan mənəm” - dedi.
Onu şəhərin kənarına aparıb Müsavat zabiti olduğuna görə sorğusuz-sualsız güllələdilər...
1920-ci il iyunun 11-də isə Fövqəladə Komissiya 1108 saylı “Həbs sənədi” tərtib etdi.
- “Nəyə görə həbs olunub güllələnmişdir” - sualının qarşısında: “On birinci orduda xidmət etmək istəmədiyinə görə Müsavat zabiti kimi güllələnmişdir” - cavabını yazdılar. İyirmi yeddi yaşı yenicə tamam olan Ehsan xan Naxçıvanskinin ömrünə namərdlər beləcə nöqtə qoydular.
Otuzuncu illərin axırlarında isə İran ordusunda xidmət edib yüksək rütbələrə çatan Davud xanı və Kəlbəli xanı şah 1934-cü ildə qvardiyaçılarına güllələtdi. Çünki bu taydan gedən bolşevik-daşnak donoslarına əsaslanan şah, igid Kəngərli qardaşlarına inamını itirmişdi.
Dörd qardaşdan heç biri otuzuncu illərin tufanlarından salamat çıxmadı...
əvvəli
var
Şəmistan
NƏZİRLİ,
istefada olan polkovnik-leytenant
Azərbaycan.- 2015.- 27 avqust.- S. 7.