Avropa Şurası Parlament
Assambleyasının məruzəçisi
Tərtər rayonunda olub
“Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” üzrə AŞPA məruzəçisi xanım Miliça Markoviçin rəhbərliyi ilə nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində cəbhə bölgəsində yerləşən Tərtər rayonunda olub.
AZƏRTAC xəbər verir ki, Tərtər Rayon İcra Hakimiyyətində keçirilən görüşdə xanım Milisa Markoviçə Sərsəng və Madagiz su anbarlarının Ermənistan silahlı qüvvələrinin işğalı altında olmasının rayonun kənd təsərrüfatına vurduğu ziyan və cəbhə bölgəsində yaşayan əhali üçün yaratdığı problemlər barədə geniş məlumat verilib.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov qonaqların Sərsəng su anbarı, Tərtər çayı, təsərrüfat suyundan əziyyət çəkən əhalinin problemləri barədə suallarını cavablandırıb. Görüş zamanı Milisa Markoviçin Sərsəng Su anbarı və onun ətrafındakı bölgələrdə su çatışmazlığının yaratdığı vəziyyət barədə hazırlayacağı məruzə ətrafında fikir mübadiləsi aparılıb.
M.Məmmədov qeyd edib ki, ermənilər Sərsəng su anbarından düşünülmüş şəkildə, əsasən də payız, qış aylarında gecə vaxtları suyu artıq həcmdə buraxmaqla bu rayonların kəndləri üçün subasma təhlükəsi yaradır, yerli əhalini daim qorxu və təşviş içində saxlayırlar. Suvarma dövründə isə sutka ərzində 2-4 saat su buraxılır və sahələrə çatmadan mənbədən kəsilir.
Səmimi qəbula görə təşəkkürünü bildirən Milisa Markoviç Tərtər rayonuna ikinci dəfə səfər etdiyini, sakinlərin su təminatında qarşılaşdıqları çətinliklərdən xəbərdar olduğunu diqqətə çatdırıb.
Azərbaycan.- 2015.- 28 avqust.- S. 2.