Parlamentə seçkilərin təyin edilməsi qaydası, namizədə dair tələblər və onların irəli sürülməsinin əsasları

 

Seçki hüququ vətəndaşların dövlət hakimiyyətinin təşkilinə birbaşa təsirini ifadə edən və Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş əsas hüquqlarından biridir. Konstitusiyanın 56-cı maddəsində Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ təsbit olunmuşdur. Vətəndaşların seçki hüququ birbaşa seçkilər vasitəsilə realizə olunur ki, bu da onların dövlətin idarə edilməsində iştirakının kütləvi formasıdır. Azərbaycan Respublikasının vətəndaşları seçkilərdə ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli və şəxsi səsvermə yolu ilə iştirak edirlər.

Dövlət hakimiyyətinin əsas qollarından biri olan qanunverici hakimiyyətin səlahiyyətlərini ölkəmizdə Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir. Milli Məclisin hər çağırışının səlahiyyət müddəti beş il müəyyən olunmuşdur. Konstitusiyanın 84-cü maddəsinin tələbinə görə, Milli Məclisə seçkilər hər beş ildən bir noyabr ayının birinci bazar günü keçirilir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinə uyğun olaraq Milli Məclisə seçkiləri Azərbaycan Respublikasının Prezidenti təyin edir. Seçkilərin təyin edilməsi barədə qərar kütləvi informasiya vasitələrində rəsmi dərc edildikdən sonra seçki prosesinin çox önəmli bir mərhələsinə - deputatlığa namizədliyin irəli sürülməsinə start verilir.

Konstitusiyanın 85-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının yaşı 25-dən aşağı olmayan hər bir vətəndaşı qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilə bilər. İkili vətəndaşlığı olan, başqa dövlətlər qarşısında öhdəliyi olan, icra və ya məhkəmə hakimiyyəti sistemlərində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər, din xadimləri, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən, ağır cinayətlərə görə məhkum olunmuş şəxslər, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxslər Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilə bilməzlər.

Konstitusiyanın və Seçki Məcəlləsinin tələblərinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxslər, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.4-15.5-ci maddələrində nəzərdə tutulan cinayətlərə görə (ağır və xüsusi ilə ağır) məhkum olunmuş şəxslər, ikili vətəndaşlığı olan Azərbaycan Respublikasının vətəndaşları ikili vətəndaşlığı olan müddət ərzində dövlət hakimiyyət və yerli özünüidarə orqanlarına seçilmək hüququndan məhrumdurlar. İkili vətəndaşlıq şəxsin eyni zamanda iki və daha artıq dövlətin vətəndaşı olmasını ifadə edir. Həmin vətəndaşlar eyni anda bir neçə dövlət qarşısında hüquq və vəzifələrə malik olurlar. Belə olan halda vətəndaş ikili vətəndaşlığı olan müddət ərzində passiv seçki hüququndan məhrum olur.

Eyni zamanda, xarici dövlətdə yaşamaqla bağlı əmələ gələn davamlı, möhkəm və sabit münasibətlərin mövcudluğuna səbəb olan qeydiyyat, vergi, ölkə ərazisini müəyyən müddətdən artıq tərk etməmək və s. kimi amillər vətəndaşın xarici dövlət qarşısında öhdəliklərinin yaranmasına səbəb ola bilər. Vətəndaşın xarici ölkə qarşısında yaranmış siyasi və hüquqi öhdəlikləri onun seçkili orqanlarda təmsil olunmaq imkanını əlindən almış olur. Belə statuslu vətəndaşlar başqa ölkə qarşısındakı öhdəliklərinə xitam verilənədək seçkili orqanlara seçilmək hüququndan istifadə edə bilməzlər.

Bundan əlavə, Konstitusiyanın 56-cı maddəsi və Seçki Məcəlləsinin müddəaları vəzifələrin uzlaşmaması hallarını müəyyən etməklə bəzi vətəndaşların seçkili orqanlara, o cümlədən Milli Məclisə seçilmək hüququnu məhdudlaşdırmışdır. Belə olan halda vətəndaşın tutduğu vəzifəyə və ya qulluq mövqeyinə görə həmin vəzifədə və ya qulluq mövqeyində olduğu müddət ərzində passiv seçki hüququ olmur. Məsələn, vətəndaş Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldığı, könüllü qaydada və ya müqavilə (kontrakt) üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduğu, toplanışlara çağırıldığı, hərbi təhsil müəssisələrinə daxil olduğu gündən hərbi qulluqçu statusu əldə edirlər. Bu status Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldığı, hərbi hissənin siyahılarından çıxarıldığı, hərbi təhsil müəssisələrindən çıxarıldığı və ya kənar edildiyi, toplanışı başa çatdırdığı gündən itirilir. Vətəndaş bu statusa malik olduğu andan onun qurtardığı anadək, yəni hərbi qulluqda olduğu müddətdə seçilmək hüququndan məhrumdur.

Bundan başqa, hakimlər - hakim olduqları, dövlət qulluqçuları isə - dövlət qulluğunda olduqları müddət ərzində tutduqları vəzifəyə görə Milli Məclisin üzvü ola bilməzlər. Konstitusiyanın 126-cı və “Məhkəmələr və hakimlər haqqında” qanunun 104-cü maddəsinə görə hakimlər heç bir seçkili vəzifə tuta bilməzlər. Hakimlərin passiv seçki hüququ onların bu vəzifəyə təyin olunmaları ilə məhdudlaşır və bu məhdudiyyət onun səlahiyyətlərinə qanunla müəyyən edilmiş qaydada xitam verildiyi anadək davam edir. Eyni zamanda, qanunla müəyyən edilmiş qaydada dövlət qulluğuna qəbul edilmiş vətəndaşlar da seçkili vəzifə tuta bilməzlər. Vətəndaşın dövlət qulluğuna qəbul edildiyi andan seçkili orqanlarda təmsil olunmaq hüququ itirilir və seçilmək hüququ dövlət qulluğunda fəaliyyətinə xitam verildiyi andan başlayır.

Din xadimləri, yəni peşəkar dini fəaliyyətlə məşğul olan şəxslər peşəkar dini fəaliyyətlə məşğul olduqları müddət ərzində onların seçilmək hüququ məhdudlaşır. Peşəkar dini fəaliyyət dedikdə “Dini etiqad azadlığı haqqında” qanunda nəzərdə tutulmuş qaydada həyata keçirilən fəaliyyət başa düşülür.

Milli Məclisə seçkilərdə namizədlər seçkilərin təyin edilməsi haqqında qərar rəsmi dərc olunduqdan sonra passiv seçki hüququna malik olan və Azərbaycan Respublikası Konstitusiyasının 85-ci maddəsinin tələblərinə cavab verən vətəndaşların özləri, seçicilərin təşəbbüs qrupları, habelə siyasi partiyalar, siyasi partiyaların blokları tərəfindən irəli sürülə bilərlər.

Öz təşəbbüsü ilə deputatlığa namizədliyini irəli sürən vətəndaş (və ya onun səlahiyyətli nümayəndəsi) müvafiq dairə seçki komissiyasına deputatlığa namizədliyin irəli sürülməsinə dair bildiriş, Seçki Məcəlləsinin 53-cü maddəsinin tələblərinə uyğun tərtib edilmiş öhdəlik ərizəsi (ərizədə deputatlığa namizədliyi irəli sürülmüş şəxsin soyadı, adı, atasının adı, onun doğum tarixi, yaşayış yerinin ünvanı, təhsili, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriya və nömrəsi, əsas iş və ya xidmət yeri, tutduğu vəzifə (bu olmadıqda - fəaliyyət növü), məhkumluğu, vətəndaşlığı və başqa dövlətlər qarşısında öhdəliyinə dair məlumatlar, habelə deputat seçiləcəyi halda, həmin vəzifə ilə uzlaşmayan fəaliyyətə xitam verəcəyi barədə öhdəliyi göstərilməlidir), namizəd tərəfindən səlahiyyətli nümayəndə təyin edilibsə, həmin səlahiyyətli nümayəndənin notariat qaydasında təsdiq edilmiş vəkalətnaməsi, namizəd öz ərizəsində siyasi mənsubiyyətinə dair məlumat daxil edibsə, bu barədə təsdiqedici sənəd təqdim etməlidir.

Milli Məclisə seçkilərdə namizəd seçicilərin təşəbbüs qrupu tərəfindən irəli sürüldükdə müəyyən edilmiş müvafiq qaydalara əməl edilməlidir. Belə ki, seçicilərin təşəbbüs qrupunu seçki hüququ olan hər bir vətəndaş, yaxud vətəndaşlar 50 nəfərdən az olmayan tərkibdə yarada bilərlər. Bunun üçün onlar öz yığıncağını keçirməlidirlər. Təşəbbüs qrupu yaratmaq istəyən seçicilərin müvafiq seçki dairəsinin ərazi vahidlərində yaşaması faktı əsas götürülür. Təşəbbüs qrupu yaratmaq istəyən vətəndaş və ya vətəndaşlar tərəfindən bələdiyyə və icra hakimiyyətinin yerli nümayəndəsinə yığıncaq keçirmək üçün yer ayrılması barədə yazılı müraciət edilə bilər. Həmçinin seçicilərin təşəbbüs qrupunun yığıncağı seçicilərin yaşayış yeri üzrə, icra və bələdiyyə qurumları, o cümlədən digər hüquqi şəxslərin ərazi və binalarında keçirilə bilər. Müvafiq yer müəyyənləşdirildikdən sonra təşəbbüs qrupu yaratmaq istəyən seçicilərə yığıncağın keçirilməsi üçün ayrılmış yer və vaxt barədə məlumat verilir.

Həmin yığıncaqda seçicilərin təşəbbüs qrupunun yaradılması və adlandırılması, təşəbbüs qrupunu təmsil edəcək şəxsin (təşəbbüs qrupunun nümayəndəsi) müəyyən edilməsi, deputatlığa namizədliyin irəli sürülməsi və namizədliyin irəli sürülməsinin təsdiq edilməsi üçün dairə seçki komissiyasına bildirişlə müraciət edilməsi məsələsi həll edilir. Təşəbbüs qrupunun iclası müvafiq qaydada protokollaşdırılır.

Deputatlığa namizəd seçicilərin təşəbbüs qrupu tərəfindən irəli sürüldükdə müvafiq dairə seçki komissiyasına seçicilərin təşəbbüs qrupunun yaradılması və namizədliyin irəli sürülməsi barədə yığıncağın protokolu, namizədin irəli sürülməsinə təşəbbüs edilməsi barədə bildiriş, Seçki Məcəlləsinin 53-cü maddəsinin tələblərinə uyğun tərtib edilmiş öhdəlik ərizəsi (ərizədə deputatlığa namizədliyi irəli sürülmüş şəxsin soyadı, adı, atasının adı, onun doğum tarixi, yaşayış yerinin ünvanı, təhsili, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriya və nömrəsi, əsas iş və ya xidmət yeri, tutduğu vəzifə (bu olmadıqda - fəaliyyət növü), məhkumluğu, vətəndaşlığı və başqa dövlətlər qarşısında öhdəliyinə dair məlumatlar, habelə deputat seçiləcəyi halda, həmin vəzifə ilə uzlaşmayan fəaliyyətə xitam verəcəyi barədə) öhdəliyi göstərilməlidir. Namizəd tərəfindən səlahiyyətli nümayəndə təyin edilibsə, səlahiyyətli nümayəndənin notariat qaydasında təsdiq edilmiş vəkalətnaməsi, namizəd öz ərizəsində siyasi mənsubiyyətinə dair məlumat daxil edibsə, bu barədə təsdiqedici sənəd təqdim etməlidir.

Seçki təcrübəsi göstərir ki, digər seçkilərdə olduğu kimi, Milli Məclisə seçkilərdə də siyasi partiyalar və ya onların blokları fəal iştirak edirlər. Onların seçkilərdə iştirakı ilə bağlı qanunvericilikdə heç bir məhdudiyyət nəzərdə tutulmamışdır. Ancaq digər subyektlərlə yanaşı, siyasi partiyalar və ya onların blokları Seçki Məcəlləsinin 2.6, 49, 50, 52 və 54-cü maddələrində nəzərdə tutulan şərtlərə əməl etməlidirlər.

Siyasi partiya tərəfindən namizədin irəli sürülməsi barədə qərar onun nizamnaməsinə uyğun olaraq qəbul edilir. Siyasi partiyaların bloku tərəfindən irəli sürülən namizəd bloka daxil olan hər bir siyasi partiya tərəfindən təsdiq edilməlidir. Siyasi partiyaların blokları tərəfindən namizədin irəli sürülməsi haqqında qərar siyasi partiyaların nümayəndələrinin iclasında (qurultayında, konfransında, rəhbər orqanının iclasında) qəbul edilir. Namizədin irəli sürülməsi barədə siyasi partiyanın, siyasi partiyalar blokunun qərarı protokolla rəsmiləşdirilir. Siyasi partiya, siyasi partiya blokları həmin siyasi partiyanın, habelə bloka daxil olan partiyaların üzvü olmayan şəxsləri də namizəd kimi irəli sürə bilərlər.

Deputatlığa namizədliyin irəli sürülməsinin təsdiqi üçün siyasi partiyaların səlahiyyətli nümayəndələri tərəfindən namizədin adı ilə birlikdə müvafiq dairə seçki komissiyasına zəruri olan sənədlər (siyasi partiyanın qeydə alınması barədə şəhadətnamənin notariat qaydasında təsdiqlənmiş surəti; siyasi partiyanın qüvvədə olan nizamnaməsinin notariat qaydasında təsdiqlənmiş surəti; namizədin irəli sürülməsi barədə siyasi partiyanın qurultayının (konfransının, rəhbər orqanının iclasının) qərarı və müvafiq iclasın protokolu; hər bir namizədin irəli sürülməsi barədə ayrı-ayrılıqda tərtib edilmiş bildiriş; deputatlığa namizədliyi irəli sürülən şəxslərin tərcümeyi-halına, məhkumluğuna, vətəndaşlığına və başqa dövlətlər qarşısında öhdəliyinin olub-olmamasına dair məlumatları əks etdirən, habelə deputat seçiləcəyi halda, həmin vəzifə ilə uzlaşmayan fəaliyyətə xitam verəcəyi barədə öhdəliyi göstərilmiş razılıq ərizəsi, səlahiyyətli nümayəndələrin təyin edilməsi barədə siyasi partiyanın qurultayının (konfransının, rəhbər orqanının iclasının) qərarı; siyasi partiyanın səlahiyyətli nümayəndələrinin Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada rəsmiləşdirilmiş vəkalətnamələri, siyasi partiyaların səlahiyyətli nümayəndələrinin siyahısı) təqdim etməlidirlər.

Siyasi partiyalar blokunun təqdim etməli olduğu sənədlər isə siyasi partiyaların blokuna daxil olan siyasi partiyaların qurultaylarının (konfranslarının, rəhbər orqanının iclasının) namizəd irəli sürmək barədə qərarları ilə birlikdə müvafiq iclasların protokolları; siyasi partiyaların blokuna daxil olan siyasi partiya nümayəndələri iclasının (qurultaylarının, konfranslarının) siyasi partiyaların bloku adından namizəd irəli sürülməsi haqqında qərarı və müvafiq iclasın protokolu; hər bir namizədin irəli sürülməsinə dair ayrı-ayrılıqda tərtib edilmiş bildiriş; siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinin notariat qaydasında və ya Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada rəsmiləşdirilmiş vəkalətnamələri və siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinin siyahısı və deputatlığa namizədliyi irəli sürülən şəxslərin tərcümeyi-halına, məhkumluğuna, vətəndaşlığına və başqa dövlətlər qarşısında öhdəliyinin olub-olmamasına dair məlumatları əks etdirən, habelə deputat seçiləcəyi halda, həmin vəzifə ilə uzlaşmayan fəaliyyətə xitam verəcəyi barədə öhdəliyi göstərilmiş razılıq ərizəsidir.

Dairə seçki komissiyasına namizədliyin irəli sürülməsi ilə əlaqədar təqdim edilmiş sənədlərə 5 gün müddətində baxılır, namizədliyin irəli sürülməsinin təsdiq olunub-olunmaması barədə müvafiq qərar qəbul edilir və həmin qərar namizədə və ya onun səlahiyyətli nümayəndəsinə, siyasi partiya və ya siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinə verilir.

Hazırda beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər ərəfəsindəyik. İnamla demək olar ki, indiyədək ölkəmizdə keçirilən digər seçkilər kimi, qarşıdan gələn seçkilər də azad, ədalətli və şəffaf şəkildə keçirilməklə ölkəmizin tarixində özünəməxsus yer tutacaq.

 

Arifə MUXTAROVA,

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının katibi

 

Azərbaycan.- 2015.- 28 avqust.- S. 3.