Sevməsən,
sevilməzsən...
“Çox vaxt məndən soruşurlar ki, niyə səni uşaq da, cavan da, qoca da, qadın da, kişi də - bir sözlə, hamı belə çox istəyir? Mən uzun müddət bu cür sorğulara cavab vermirdim, ancaq bu sualları verənlərin çox olduğunu görüb indi deyirəm: çünki mən bütün insanları, sizin hamınızı ülvi, təmannasız bir məhəbbətlə sevirəm; çünki mən sevənlə sevmişəm, ölənlə ölmüşəm, ac qalanla ac, susuz qalanla susuz qalmışam; ona görə siz məni belə çox sevirsiniz, sevməyə bilməzsiniz; çünki yazılmamış bir qanundu: sevməsən, sevilməzsən”.
Bu sətirlərin müəllifi görkəmli yazıçı, ədəbiyyatşünas, Azərbaycan oxucularının sevimlisi Əlibala Hacızadədir. O, ötən əsrin yetmişinci illərinin ən populyar yazıçısı idi. Təkcə əsərlərinin geniş oxucu auditoriyası əldə etməsinə görə deyil, həm də bu yazıçının bir insan və sənətkar kimi sevilməsindəydi bu populyarlıq. “Mən çətin, əzablı, sıxıntılı bir ömür yaşamışam. Həyatım boyu gördüklərim, yaşadıqlarım, çəkdiklərim bəlkə də iki-üç insan ömrünə bəs edər” - bu sözləri Əlibala Hacızadə 70 yaşı olanda - on il əvvəl söyləmişdi. Təbii ki, əsl yazıçı ömrü başlanğıcdan sonadək belə əzablı, sıxıntılı keçir, dünyada fiziki ömrü “xoşbəxtlik” sözü ilə uyğunlaşan yazıçılara nadir hallarda təsadüf edilir. Amma bu əzablı, sıxıntılı ömür yazıçının istedadı və şəxsiyyətinə heç bir xələl gətirməyib. “Ümumiyyətlə, həyatda nə istəmişəmsə, Tanrım verib, gec verib, amma verib. Əvvəl sınayıb, sıxıb, imtahana çəkib, dözdüyümü, naşükür, asi olmadığımı görüb, istədiklərimin ən yaxşısını əta edib mənə” - bu etirafın müəllifi də Əlibala Hacızadədir.
Yazıçı bir neçə ildir ki, haqq dünyasına qovuşub. Amma nə özü unudulur, nə də onu unudulmağa qoymayan əsərləri, onunla bağlı ən şirin xatirələr.
Bir insan kimi çox mədəni, əsl Azərbaycan ziyalısıydı. Elə bir insan idi ki, qalmaqalı, kiminləsə çəkişməni, münaqişəni sevmirdi, lap elə incik düşdüyü (ya haqlı, ya haqsız) adamlarla da tezliklə dil tapa bilirdi. Bütün ömrü boyu bir iş yeri olub - Şərqşünaslıq İnstitutunda çalışıb (elmlər namizədi idi), yalnız beş il (1966-1970) Əfqanıstanda mütərcimlik edib. Bütün tanınmış yazıçılarla, alimlərlə dost idi, xasiyyətində elə cəhətlər vardı ki, heç kəs bu ürəyi açıq, sözü-söhbəti duzlu insanla ünsiyyətdən çəkinmirdi. Amma ən çox oturub-durduğu, yol yoldaşı, süfrə yoldaşı olduğu, həqiqi dost deyə bildiyi beş-altı adam var idi: böyük alim Əkrəm Cəfər, şair Fikrət Qoca, Oqtay Rza, yazıçılardan - Nahid Hacızadə və Əlövsət Bəşirli. Hər bir yazıçı üçün hansı dövlət məmurundan, vəzifəli şəxsdən, nəşriyyat rəhbərindən, ya mesenatdan qayğı görmək heç vaxt unudulmur, çünki bu dünyada sözün sahibi olan insanlar o sözə qiymət verə biləcək adamların qayğısına ehtiyac duyurlar. Əlibala Hacızadəyə də qayğı göstərən insanlar olub. O, belələrini ehtiramla xatırlayırdı. 1980-ci ildə, yayın qızmar günlərinin birində ulu öndər Heydər Əliyev Saatlı rayonunda pambıqçı qızlar işləyən bir briqadaya gəlir, qızları başına yığıb onlara bu ağır zəhmətləri üçün təşəkkür edir və sonra soruşur ki, nəyə ehtiyacınız var, deyin, utanmayın. Qızlardan biri çəkinə-çəkinə qabağa çıxıb deyir ki, sağ olun, Heydər müəllim, bizim heç nəyə ehtiyacımız yoxdur, Amma bir xahişimiz var. Bu yaxınlarda bir “İtkin gəlin” kitabı çıxıb, ondan bizim kəndə cəmi bircə nüsxə gəlib çıxıb, qızlarımız onu oxumaq üçün növbəyə durublar, mən 23-cü adamam. Əgər mümkünsə, deyin, o kitabdan bir az çox buraxsınlar.
Ulu öndərin göstərişilə “İtkin gəlin” hərəsi 100 min tirajla iki dəfə nəşr edilir. Bu, sovet dönəmində bir Azərbaycan yazıçısı üçün ən yüksək tiraj idi. Əlibala müəllim “Gənclik” nəşriyyatının direktoru Əzizə xanım Əhmədovadan da razılıq edirdi ki, “İtkin gəlin”in birinci cildini 50 min tirajla nəşr etmişdi. 2000-ci illərdə isə Moskvada yaşayan bir xeyirxah insan - Gülağa Qənbərov Əlibala müəllimin əsərlərinin on cildliyini oxuculara ərməğan etdi.
Əlibala Hacızadənin ilk mətbu əsəri - “Mənim müəlliməm” hekayəsi 1956-cı ildə “Uşaqgəncnəşr”in buraxdığı “Gəncliyin səsi” almanaxında çap edilmişdi. İlk kitabı - “Heykəl gülür” hekayələr kitabı isə 1961-ci ildə işıq üzü gördü. Əlli beş illik yaradıcılığı ərzində o, bir naşir kimi tanındı da, sevildi də. Yaradıcılığa hekayə ilə başladı, sonra bir-birinin ardınca povestlər qələmə aldı, yetmişinci illərdə isə ilk romanı - “Təyyarə kölgəsi” çap olundu. Sonra isə onu məşhurlaşdıran digər romanlar yazıldı. O, müasir Azərbaycan nəsrinə öz dəyərli töhfələrini verdi.
Onu qeydsiz-şərtsiz “altmışıncılar” ədəbi nəslinin nümayəndəsi saymaq olar. Y.Səmədoğlu, Anar, Elçin, İ.Məlikzadə, M.İbrahimbəyov, S.Azəri, F.Kərimzadə ilə yanaşı, Ə.Hacızadə də bu ədəbi nəslin etiraf olunan, “yeni nəsr”in parlaq nümunələrini yaradan görkəmli simalarına çevrildilər. Onların əsərlərində həyata realist baxış qüvvətləndi, adi insanların qeyri-adi dünyası ədəbiyyata yol tapdı, insanı bütün mürəkkəbliyi, “boyaların qatışığında” təsvir etmək prinsipi ön plana keçdi, şəxsiyyət başlanğıcına diqqət artdı, “qum dənəsində kainatı” görmək, zəhmətkeş insanın təkcə əməyini deyil, ürəyini, mənəvi çırpıntılarını əks etdirmək bu ədəbi nəslin bədii düşüncəsinin əsasını təşkil edirdi. Əlibala Hacızadəni istedadlı bir nasir kimi tanıdan ilk əsər onun “İnam” povesti oldu. Bu povestin qəhrəmanı Bəhruz adi bir tikinti fəhləsiydi, yolda öz maşını ilə gedəndə bir sürücünün qəza törətdiyini, bir adamı vurub qaçdığını görür, amma Bəhruz vurulan adamı xəstəxanaya çatdırır. Ondan şübhələnirlər, Bəhruz isə inamını itirmir. Povestdə aydın, səliqəli yazı texnikası, səlis, rəvan nəsr dili, obrazların xarakterinə uyğun danışıq tərzi ədəbiyyata istedadlı bir yazarın gəlişindən soraq verirdi və təsadüfi deyil ki, görkəmli tənqidçi Məmməd Arif Dadaşzadə məqalələrinin birində Ə.Hacızadənin bu əsəri haqqında rəğbətlə söz açmışdı.
Ə.Hacızadənin hekayə və povestlərinin mövzusu müasir həyatdan götürülürdü, yazıçı həm də uşaqlığının ən çətin və məşəqqətli keçən dövründən - müharibə illərinin acı həqiqətlərindən söz açırdı. O, təkcə hadisələri təsvir etmək, təqdim etdiyi obrazların səciyyəvi xüsusiyyətlərini canlandırmaqla işini bitmiş hesab etmirdi, cəmiyyətdə baş verən mənəvi-əxlaqi prosesləri də bu əsərlərin süjetinə hopdururdu. Yəni onun təsvir etdiyi insanlar və hadisələr yaşadığı zamanın sosial-mənəvi atmosferini əks etdirirdi. “Həsrət” povestindəki Xəlil kişi vətənindən uzaq düşmüş bir azərbaycanlının qürbət ağrılarını əks etdirirdi və bu problem müharibədən sonrakı illərin gerçəkliyi üçün səciyyəvi idi. “Mərdlik” povestində isə müəllif Azərbaycan kişisinə xas olan müsbət bir keyfiyyəti simvollaşdırırdı, insan hansı mühitə düşürsə düşsün, mərdlik qanununa əməl etməlidir. “Məhəbbət olmayan evdə” povesti isə adından da göründüyü kimi, bu ali və müqəddəs hissin toxunulmazlığını bədii tədqiq obyektinə çevirdi. İnsan o zaman xoşbəxtdir ki, o, ailəsini sevir, uşaqlarını sevir, kəndini, torpağını, Vətənini sevir! Ümumiyyətlə, Əlibala Hacızadə Azərbaycan nəsrində mənəvi-əxlaqi problemlərin bədii həllini canlandıran, müasir Leyli və Məcnunların hekayətlərini qələmə alan nasirlərdən biri olmuşdur. Onun “Təyyarə kölgəsi” və “Vəfalım mənim” romanlarında üç məkan təsvir olunur - biri elmi - tədqiqat institutudur, burada elmi məsələlər müzakirə edilir, ədəbi problemlərdən söz açılır, elmdə xaltura məsələləri pislənilir, təşkilatçılıq metodunda nəzərə çarpan karyerizm kəskin tənqid atəşinə tutulur. İkinci məkan ailədir: cəmiyyətə layiq insan necə tərbiyə olunmalıdır, kişi ilə qadın, valideynlə övlad arasında münasibətlər necə qurulmalıdır - bu məsələlər ailə və cəmiyyət müstəvisində öz həllini tapır. Ailədə pis tərbiyə almış oğul əsl vətəndaş ola bilərmi? Üçüncü məkanın ünvanı isə sevən ürəklərdir. Hər iki romanda məhz bu xətt diqqəti daha çox cəlb edir. Gülmirə-Orxan xətti, onların qarşılıqlı sevgi dastanı fiziki mənada uğursuzluqla başa çatır, Orxan - istedadlı alim qəflətən dünyasını dəyişir, amma bu məhəbbət onun ölümündən sonra da davam edir, Orxan hər gecə Gülmirənin yuxusuna girir, fiziki ölüm mənəvi ölümsüzlüyə çevrilir.
Əlibala Hacızadənin “İtkin gəlin”, “Əfsanəsiz illər”, “Ayrılığın sonu yoxmuş” roman-trilogiyası da Əfqanıstanda baş verən ictimai-siyasi hadisələrdən daha çox lirik-sentimental məhəbbət macəralarını əks etdirir. Hər üç roman təsvir olunan hadisələrin dramatizmi, psixoloji məqamları ilə oxucuları cəlb edirdi və elə bu səbəbdən Azərbaycan oxucusu üçün həmin romanlar stolüstü əsərlərə çevrilmişdi. Romanlarda əfqanların yaşayış tərzi, milli əxlaqi səviyyələri, etnoqrafik aləmi dərin müşahidələrlə qələmə alınmışdı, hiss olunurdu ki, Ə.Hacızadə Əfqanıstanda beş il müddətində təkcə tərcüməçi kimi fəaliyyət göstərməmiş, həm də bu xalqın həyat tərzini, məişətini, adət-ənənələrini, dini baxışlarını diqqətlə müşahidə etmişdir.
Əlibala Hacızadəni bir romançı kimi səciyyələndirən özəl xüsusiyyətlər vardır. Onu çox vaxt Məmməd Səid Ordubadi ilə də müqayisə edirlər. O da Ordubadi kimi romanlarında maraqlı hadisələr qurmağı, xüsusilə macəraçılığa meyil etməyi, əsas hadisələri sevgi xətti ilə əlaqələndirməyi çox sevirdi. Ancaq fərq burasında idi ki, Ordubadi epik nəsrin, Əlibala Hacızadə isə lirik nəsrin yaradıcılarından idi. Lirika onun sonralar qələmə aldığı “Dünyanı tanı”, “Möcüzə”, “Xoş gəlmisən, Nərgizim”, “Ölüm yoxdur” romanlarında da başlıca üslubu təşkil edir. Adını çəkdiyimiz bu son əsərlər isə müasir həyatda baş verən hadisələri əks etdirirdi. Bu əsərlərdə də insanın yüksək mənəvi keyfiyyətləri təbliğ olunur, mənfiliklər isə tənqid hədəfinə çevrilirdi.
Əlibala Hacızadə həm də şərqşünas alim və ədəbiyyatşünas idi. Onun “Fərruzi Yəzdinin poeziyası”, “İran romanının tarixi”, “Mirzadə Eşqi-vaxtsız söndürülmüş məşəl”, “Sadiq Hidayət - hekayə ustası kimi” monoqrafiyaları, çoxlu sayda elmi-tənqidi məqalələri (bu yazıların əksəriyyəti müasir ədəbiyyatımızın tədqiqinə həsr olunub) var. Haçansa onun bu sahədəki fəaliyyəti də tədqiq olunmalıdır.
Və nəhayət, onun şeirləri haqqında. O, heç vaxt özünü şair adlandırmırdı. Ancaq yazdığı şeirləri də onun yaradıcılığından təcrid oluna bilməz, çünki bunlar, sözün həqiqi mənasında, şeirdir. Lirik, kövrək və həzin qəlb çırpıntılarını, romantik sevgi duyğularını əks etdirən şeirlər və heç də təsadüfi deyil ki, o şeirlərin bir çoxu xanəndələrin, müğənnilərin repertuarına da yol tapıb. Qoy bu yazını da ruhu bizimlə olan, xatirəsi ürəyimizdən silinməyən o gözəl insanın bir şeiri ilə sona yetirək:
Ölüm bu dünyanın o üzündədi,
Bu üzü dünyanın güldü, çiçəkdi.
Ölməzlik - məhəbbət zirvəsindədi,
Məhəbbət - əbədi ömür deməkdi.
Hicranın yolları bitməz-tükənməz,
Vüsal yollarına qar ələnibdi.
Ömrünü eşqinə qurban deyən kəs,
Xəyanət əliylə güllələnibdi.
Sızlama, ürəyim, sən dözümlü ol,
Dünya gah acıdı, gah da şirindi.
Bir gözünlə ağla, bir gözünlə gül,
Dünya əzabına dözənlərindi.
Vaqif
YUSİFLİ,
filologiya elmləri doktoru
Azərbaycan.- 2015.- 28 avqust.- S. 8.