Mədəniyyət və turizm
naziri Goranboyda vətəndaşları qəbul
edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşlarla görüşləri davam edir.
AZƏRTAC xəbər verir ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev avqustun 28-də Goranboy şəhərindəki Heydər Əliyev Mərkəzində Goranboy, Tərtər, Bərdə, Yevlax, Ağcabədi, Xocalı və Laçın rayonlarından olan vətəndaşları qəbul edib.
Görüşdən əvvəl nazir Goranboy şəhərində ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər gül dəstəsi qoyaraq xatirəsini ehtiramla anıb.
Nazirliyin məsul işçilərinin iştirak etdikləri qəbulda səslənən müraciətlər yerlərdə mədəniyyət müəssisələrinin, musiqi və incəsənət məktəblərinin fəaliyyətinin yaxşılaşdırılması, tarixi abidələrin təmir-bərpası, turizmin inkişaf etdirilməsi, mədəniyyət ocaqlarında ixtisaslı kadrlara tələbat, işlə təminat və digər məsələlərlə bağlı olub.
Goranboy rayonundan qəbula yazılan vətəndaşlar rayondakı mədəniyyət evləri və klub işçilərinə metodiki köməklik üçün qabaqcıl mədəniyyət mərkəzlərindən işçilərin ezam olunması, mədəniyyət müəssisələrinin işinin əlaqələndirilməsi, kitabxanaların fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə respublikanın tanınmış kitabxanaçıları ilə görüş və treninqlərin təşkili, eləcə də Şətəl qala ərazisində arxeoloji qazıntı işlərinin aparılması və Mirzə Adıgözəl bəyin türbə kompleksinin təmiri barədə xahişlərini diqqətə çatdırıblar.
Laçın rayonundan məcburi köçkün vətəndaşların müraciəti işlə təminat, rayon Mədəniyyət Mərkəzi işçilərinin peşə hazırlığının artırılması məqsədilə nazirliyin ixtisaslı mütəxəssislərinin ezam edilməsi və Bakı şəhəri Binəqədi rayonu Mehdiabad qəsəbəsində məcburi köçkünlər üçün salınmış şəhərcikdə Laçın şəhər 2 nömrəli musiqi məktəbinin fəaliyyətinin təşkili barədə olub.
Tərtər rayonundan qəbula gələnlər uşaq musiqi məktəbinin musiqi ədəbiyyatı və nəzəriyyə kitabları ilə təminat, rayon Mədəniyyət Mərkəzinin filiallarının işinin gücləndirilməsi üçün rəqs və aktyorlar üçün paltarlarının verilməsi, Cəmilli kəndi ərazisində yerləşən XIX əsrə aid "Buzxana" tarixi abidəsinin bərpa edilməsi ilə bağlı xahiş ediblər.
Ağcabədi rayon Tarix-Diyarşünaslıq Muzeyində aparılan əsaslı təmir işləri ilə əlaqədar kollektiv adından nazirliyə təşəkkür edilib və muzeyin ekspozisiyasının yenidən qurulmasına köməklik göstərilməsi xahiş olunub. Həmçinin Ağcabədi şəhəri ərazisində olan 3 klub müəssisəsinin Yaqub Məmmədov adına rayon Mədəniyyət Mərkəzinə birləşdirilməsi təşəbbüsü irəli sürülüb.
Bundan əlavə, qəbulda Yevlax şəhər Heydər Əliyev adına Saraya ixtisaslı xoreoqrafiya müəlliminin göndərilməsi, habelə bölgədə xoreoqrafiya mərkəzinin açılması, ali ixtisas təhsilli musiqi müəllimlərinə olan ehtiyacı, Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi tərəfindən yerlərdəki xalq teatrlarına səhnəyə qoyulması üçün birpərdəli pyes və əsərlərin göndərilməsi ilə bağlı müraciətlər edilib.
Bərdə rayonunda respublikanın tanınmış rəssamlarının əsərlərindən ibarət sərgilərin açılması və gənc rəssamlar üçün ustad dərslərinin keçirilməsi, rayonda turizmin inkişaf etdirilməsi, turizm turlarının təşkili məqsədilə tarixi tikililərdə (Bala bəyin evi və s.) bərpa-təmir işlərinin aparılması, Xocalı rayon Yaloba kənd tarix-diyarşünaslıq muzeyində tərtibat işlərinin görülməsi üçün metodiki köməklik ilə bağlı müraciətlər də olub.
Qəbula gələn bütün vətəndaşları diqqətlə dinləyən nazir Əbülfəs Qarayev müraciətlərdə yer alan məsələlərlə bağlı müvafiq göstərişlər verib.
Nazir jurnalistlərə müsahibəsində dövlət başçısının tapşırığı ilə yerlərdə mütəmadi olaraq keçirilən bu görüşlərin əhəmiyyətini qeyd edib.
Vurğulanıb ki, vətəndaşlarla birbaşa ünsiyyət bir çox məsələlərin operativ şəkildə həllinə kömək edir. Nazir yerlərdə əhalinin mədəniyyət və turizm sahələrinin inkişaf etdirilməsi ilə bağlı təşəbbüskarlığını, fəal vətəndaş mövqeyini müsbət qiymətləndirib.
Qəbuldan sonra Əbülfəs Qarayev əsaslı təmir edilmiş Goranboy rayon Tarix-Diyarşünaslıq Muzeyi və Kitabxana-İnformasiya Mərkəzi ilə tanış olub, hər iki mədəniyyət müəssisəsinin fəaliyyəti ilə bağlı tövsiyə və tapşırıqlar verib.
Azərbaycan.- 2015.- 29 avqust.- S. 4.