İtaliyanın “Mondo Football” onlayn jurnalı: 22 il sürgün
olunmuş futbol klubu, “Qarabağ”
İtaliyanın “Mondo Football” onlayn jurnalında Ağdamın “Qarabağ” futbol klubunun tarixindən bəhs olunan məqalə yerləşdirilib.
“Qarabağ”ın nümayiş etdirdiyi yüksək səviyyəli oyuna görə İspaniyanın “Barselona” klubu ilə müqayisə olunduğu yazıda bildirilir ki, bu komanda 22 ildir işğal altında qalan, hər şeyini - insanlarını, evlərini itirən və dünyada ruhlar şəhəri kimi tanınan Ağdamın futbol klubudur.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumatın verildiyi məqalədə qeyd edilir ki, münaqişə nəticəsində 20 mindən çox insan həyatını itirib, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində ermənilər tərəfindən həyata keçirilmiş soyqırımı “Qarabağ”ın futbolçularını Ağdamdakı silahlı qüvvələrə qoşulmağa vadar edib.
Yazıda klubun nümayəndələrinin fikirlərinə də yer verilib. Klubun təsisçilərindən biri, tanınmış futbol mütəxəssisi Adil Nadirov deyib: “Ermənilər komandamızın təkcə tarixi yaddaşını bombardman etmədilər, eləcə də klubumuzun yerləşdiyi binanı yerlə-yeksan edib, götürdükləri inşaat materiallarından istifadə edərək daha sonra özlərinə evlər tikiblər. “Qarabağ” klubu bizə Ağdamdan qalan yeganə xatirədir”.
Müəllif oxucuların diqqətinə çatdırır ki, “Qarabağ”ın Azərbaycan çempionu olmasından bir həftə sonra – 1993-cü il iyulun 23-də Ağdam işğal edilib. Bununla bağlı “Qarabağ”ın keçmiş futbolçusu Aslan Kərimov deyib: “Oyunun final fitindən sonra futbolçularda sevinc hiss olunmurdu. Komandanın futbolçularının bir hissəsi tələsik Ağdama geri dönərək dostlarını və qohumlarını axtarmağa başladılar”.
Məqalədə bildirilir ki, 2009-cu ilədək Azərbaycan Futbol Federasiyası Assosiasiyası “Qarabağ” klubunun məşqlərini Ağdamın Quzanlı qəsəbəsindəki stadionda keçirməsini təşkil edirdi. Lakin bu çox az davam etdi. Çünki lazımi şərait yox idi. Buna görə də klub məşqlərini Bakıda keçirməyə məcbur oldu.
Yazı bu sözlərlə yekunlaşır: “Bu, Ağdamın klubudur. Başqa sözə ehtiyac yoxdur”.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
Azərbaycan.- 2015.- 29 avqust.- S. 8.